“Qara qızıl”ın yeni dastanı

post-img

Ümummilli lider Heydər Əliyevin 16 avqust 2001-ci il fərmanı ilə “Neftçilər günü” peşə bayramının təsis olunması və hər il sentyabrın 20-də bu peşə bayramının qeyd edilməsinin rəsmiləşdirilməsi Azərbaycanın tarixində, onun iqtisadiyyatının inkişafında, xüsusilə müstəqilliyinin möhkəmləndirilməsində neft sənayesinin önəminin dəyərləndirilməsi, neftçilərin əməyinin yüksək qiymətləndirilməsi məqsədi daşıyıb. 

Adıçəkilən fərmanda qeyd olunur ki, zəngin neft və qaz sərvətlərinə malik olan Azərbaycan bütün dünyada “Neft diyarı”, “Odlar diyarı” kimi tanınıb. 1848-ci ildə Bakıda, Bibiheybət yatağında qazılmış qu­yudan neft fontan vurub və bu hadisə dün­yada neftin sənaye üsulu ilə çıxarılmasının başlanması kimi tarixə həkk olunub. XX əsrdə Azərbaycanın neft sənayesi sürətlə inkişaf edib, güclü istehsal bazaları və elmi mərkəzlər yaradılıb. Ölkəmiz İkinci dünya müharibəsi illərində Sovet İttifaqında çıxa­rılan neftin 75 faizini verməklə cəbhəni yanacaqla təmin edərək alman faşizminin məğlubiyyətə uğradılmasında böyük rol oynayıb. 

Respublikamızın neft sənayesinin in­kişafı tarixində ən böyük uğurlarından biri də dəniz neft-qaz yataqlarının kəşfi və işlənməsi olub. Belə ki, 1949-cu ildə sahildən 100 kilometr məsafədə, o zaman üçün unikal yataq sayılan Neft Daşlarında dünya təcrübəsində ilk dəfə olaraq açıq də­nizdə neft hasilatına başlanılıb. Ötən əsrin 70- 80-ci illəri isə Azərbaycan neftçilərinin dənizin daha dərin sahələrinin mənimsə­nilməsi ilə səciyyələnib. Məhz bu dövrdə görülən məqsədyönlü tədbirlər nəticəsində neft sənayesi möhkəmlənib və onun geniş infrastrukturu yaradılıb. Azərbaycanda dəniz yataqlarının işlənilməsi üçün qaz­ma qurğuları, dənizdə tikinti işlərini ger­çəkləşdirmək üçün ölkəyə xüsusi gəmilər, texnika və avadanlıq gətirilib, Bakı Dərin Özüllər Zavodu tikilib. Bununla yanaşı, neft emalı, neft-kimya sənayesi və neft maşınqayırmasının inkişafında yeni inki­şaf mərhələsinə başlanıb. 

Nəhayət, 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalanması ilə yeni neft strategiyası və doktrinası əsasın­da dünyanın bir çox şirkətləri Xəzər dəni­zində ilk dəfə olaraq neft və qaz yataqları­nın birgə istismarına başlayıb. Bununla da Azərbaycan Xəzər hövzəsində neft və qaz yataqlarının birgə işlənilməsi sahəsində 14 ölkənin 30 iri neft şirkəti ilə ümumi dəyə­ri 60 milyard ABŞ dollarına yaxın olan 21 beynəlxalq saziş imzalanıb.

“Əsrin müqaviləsi”nin ilk günlərindən başlayaraq Azərbaycan Beynəlxalq Əmə­liyyat şirkəti yaradılıb və təsdiq olunmuş vahid proqram üzrə Dövlət Neft Şirkəti ilə birgə işlərə başlanıb. Bu saziş sonradan dünyanın 19 ölkəsinin 41 neft şirkəti ilə 30-dək sazişin imzalanması üçün yol açıb. “Əsrin müqaviləsi” həm karbohidrogen ehtiyatlarının miqdarına, həm də qoyulan sərmayələrin həcminə görə dünyada bağ­lanan ən iri sazişlər siyahısına daxil olub.

Bu müqavilə haqlı olaraq Ümummilli lider Heydər Əliyevin banisi olduğu Azər­baycanın energetika strategiyasının əsas tendensiyasını müəyyənləşdirən və res­publikamızı dünyanın neft ixracatçıların­dan birinə çevirən özül hesab edilir. 

Ümummilli liderimiz respublikamızın neft–qaz sənayesinin inkişafında xalqımı­zın dəyərli insanlarının – böyük alimlərin, mühəndislərin, geoloqların və neftçilərin yorulmaz fəaliyyətini, zəngin neft və qaz sərvətlərinin Vətən, xalq naminə istifa­də edilməsi üçün gördükləri böyük işləri nəzərə alaraq neftçilərin əməyini yüksək qiymətləndirib, hər il sentyabrın 20-nin Azərbaycan Respublikasında “Neftçilər günü” peşə bayramı kimi qeyd olunmasını 16 avqust 2001-ci il tarixli fərmanla rəs­miləşdirib.

İqtisadiyyat