“Torpaq Vətən olur igidləriylə”

post-img

Vətən müharibəsində rəşadətli ordumuz möhtəşəm qələbə qazansa da, Qarabağda qalan erməni silahlı birləşmələri dinc oturmur, tez-tez silahlı təxribatlar törədirdilər. Nəhayət, 2023-cü il sentyabrın 18-də məğlub düşmənin Ağdam rayonu istiqamətində yerləşən mövqelərimizi intensiv atəşə tutması, ertəsi gün Xocavənddə baş verən mina partlayışı kapitulyasiya aktını görməzdən gələn müxənnətlərə qarşı lokal xarakterli antiterror tədbirlərinin başlanmasına zəmin yaratdı.

Bildiyimiz kimi, əməliyyatlardan bir neçə saat əvvəl mina partlayışları olmuş və nəticədə Azərbay­can Respublikası Daxili İşlər Nazirliyinin polisləri də daxil, 9 soydaşımız həyatını itirmişdi. Özü də həmin minalar müharibədən sonrakı dövrə – 2021-ci ilə aid sursatlar idi. Deməli, 44 günlük Zəfər Yürüşü nəti­cəsində qolu-qanadı qırılaraq, pərən-pərən salınmış erməni separatçı hərbi dəstələri 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın əksinə olaraq, nəinki suveren ərazilərimizi tərk etməmiş, əksinə, silahlı təxribatlar törətməkdən belə çəkinməmişdilər. 

Cəmi 23 saat 43 dəqiqə çəkən antiterror təd­birləri ilə ermənilərin 90-dan çox döyüş mövqeyi, həmçinin strateji əhəmiyyətli nöqtələri nəzarət altı­na alındı, xeyli hərbi təyinatlı avtomobil, artilleriya qurğusu, minaatan digər vasitələr zərərsizləşdirildi. Qarabağda yerləşən qanunsuz erməni silahlı dəstələri döyüş mövqelərindən və hərbi postlardan çıxmalı, an­ti-konstitusion separatçı rejim olan “Artsax” buraxıl­malı oldu. Beləliklə, Azərbaycanın tam suverenliyi təmin edildi. 

Təəssüf ki, antiterror tədbirləri zamanı 204 hərbi qulluqçumuz həyatını itirdi. 

Amma şair doğru deyib:

Toplum millət olur hünərləriylə,
Torpaq Vətən olur igidləriylə! 

Bu səhifədə 1 il əvvəl son zəfər yolçuluğuna çıxa­raq, canları bahasına torpağı Vətən edən igidlərimizin bir qrupu haqqında yazılar toplanıb. 

XQ

Sosial həyat