Şəhid komandirlər

post-img

Antiterror tədbirlərinin önündə gedən yüksək rütbəli zabitlər tabeliklərində olan əsgərlərə şəxsi igidlik nümunəsi göstəriblər. Onlardan biri polkovnik-leytenant Rəşad Rəhim oğlu Hüseynov idi. 

Şəhid komandir 10 mart 1980-ci ildə Şirvan şəhərində doğulub. Evli idi, 2 öv­ladı var. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini (AAHM) bitirmişdi. 

Daxili Qoşunların Xüsusi Dəstəsində hərbi hissənin komandiri olan Rəşad Hü­seynov qulluq illəri ərzində “Hərbi xid­mətdə fərqlənməyə görə” 3-cü dərəcəli medala, “Qüsursuz xidmətə görə” hər 3 dərəcədən olan medallara və digər təltif­lərə layıq görülmüşdü. Vətən müharibəsin­də özünü cəsur komandir kimi tanıtmışdı.Suverenliyimizin bərpası uğrunda başla­nan sentyabr tədbirləri zamanı o, Kəlbəcər istiqamətində yaralanaraq, tanrı dərgahına yol alıb. Rəşad Hüseynov Şirvan şəhərin­dəki Şəhidlər Xiyabanında dəfn olunub. Ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda” medalı ilə təltif edilib.

Haqqında deyilənlər: Dövlətini və xalqını canından artıq sevirdi. Hərbi peşə­nin sirlərini mükəmməl bilirdi. Tabeliyin­də olan hərbi qulluqçulara tək komandir deyil, həm də böyük qardaş olub, onların hər bir problemini öz müşkülü bilərək, daim dəstək göstərib. 

Rəşadla eyni rütbəni daşıyan zabit Vüsal Rüstəm oğlu Rüstəmov isə 1984-cü il may ayının 11-də Xaçmaz şəhərin­də dünyaya göz açıb. Oradakı 3 saylı orta məktəbi bitirdikdən sonra hərbi ali təhsilli­ni AAHM-də alıb. 

Vüsal 2006-ci ildə hərbi təhsilini başa vuraraq, ordu sıralarına daxil olub. Düz 17 il Azərbaycanın bir çox bölgələrində xid­mət aparıb. Yüksək peşə hazırlığına, zabit bacarıqlarına görə qiymətləndirilən Vüsal polkovnik-leytenantlığa qədər yüksəlmiş­di. 2016-cı ildə Aprel döyüşlərində, 2020-ci ildə isə 44 günlük Vətən müharibəsində fəal iştirak edib. Qarabağ uğrunda bir sıra hərbi əməliyyatlarda fərqlənib. Cəbrayılın, Xocavəndin və Füzulinin azad olunması­na görə medalları ilə təltif edilib. 2023-cü ilin antiterror tədbirləri zamanı Komando Briqadasının igid zabiti Vüsal Rüstəmov məxsusi vətənpərvərlik nümunəsi göstərib. Onun qəhrəmanlığının ən ali məqamı isə şəhidlik zirvəsinə yüksəlmək olub. Ruhuna böyük ehtiramla nəşi doğma Xaçmaza apa­rılaraq, Qobuqırağı kənd qəbiristanlığında torpağa tapşırılıb. Onun şücaəti ölümün­dən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda” medalı ilə qeyd edilib. Evli olub, 2 övlad atası idi.

Şəhid mayor Aqil Fayəddin oğlu Əkbərov Lənkəran rayonunun Xolmili kəndinin igid yetirməsidir. 14.09.1985-ci ildə Xəzərin sahilindəki həmin kənddə anadan olub. 

Bir gün Aqil evlərinin yanından ötən qatara minərək, atası kimi hərbçi olmaq arzusu ilə Bakıya yollanıb. Heydər Əliyev adına Ali Hərbi Məktəbə qəbul olub. Sonra zabit kimi layiqli xidmət edib. İkinci Qara­bağ müharibəsində iştirakına görə “Vətən uğrunda” medalı ilə təltif olunub. Aqil Əkbərov 2021-ci ilin sonlarında yaradılan Azərbaycan Komando Briqadasına yazılıb. 25 iyun 2023-cü ildə o, “Cəsur döyüşçü” medalına layiq görülmüş, antiterror təd­birlərindən 7 gün əvvəl isə 38 yaşını zabit dostları ilə qeyd etmişdi. Onu təbrik edib cansağlığı arzulayan həmkarları nə biləy­dilər ki, bircə həftə ömrü qalıb? 

Uğurlu lokal antiterror tədbirləri tabor komandiri Aqil Əkbərovun son döyüşləri olub. O, ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib. Məzarı doğma kəndlərindəki qəbiristalıqdadır, üstündən tər çiçəklər əskik olmur. Həmrüt­bələri – “Silahsız döyüşçü” adı ilə tanınan igid Sənan Fərman oğlu Qasımov, dəqiq koordinatlar ustası olan artilleriyaçı Elxan Şükür oğlu Nəcəfi, qartal vüqarlı hərbi təyyarəçi Xəyyam Mirazim oğlu Səmədov kimi, o da yaddaşlarda qorxmaz, öndə ge­dən zabit kimi qalıb.

Sosial həyat