20 Sentyabr Neftçilər Günü münasibətilə “Xalq qəzeti” redaksiyasında akademik Xoşbəxt Yusifzadəyə həsr olunan “Neft salnaməmizin şanlı əfsanəsi” xüsusi buraxılışının təqdimatı keçirildi.
Mərasimdə qəzetin baş redaktoru Əflatun Amaşov görkəmli geoloq Xoşbəxt Yusifzadənin elmi-praktik fəaliyyətindən bəhs edərək onun ölkəmizin neft sənayesinin inkişafında önəmli xidmətlər göstərdiyini, Bakı neftinin taleyini özünün həyat amalına çevirdiyini və ömrünün 70 ilinin bu sahə ilə bağlı olduğunu bildirdi. Baş redaktor görkəmli geoloqun Azərbaycanda həm milyardıncı, həm də 2 milyardıncı ton neftin hasil olunmasında fəal iştirak etdiyini, onun rəhbərliyi ilə Xəzər dənizi hövzəsinin Azərbaycan, Türkmənistan və Rusiya sektorlarında 20-dən çox neft və qaz yatağı, o cümlədən dünyada məşhur olan “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının kəşf olunduğunu söylədi.
Xüsusi buraxılışın tərtibçisi şair-publisist Akif Əhmədgil qeyd etdi ki, xarici şirkətlərlə birgə bütün layihələrin işlənməsində, “Əşrəfi”, “Qarabağ”, nəhəng “Şahdəniz” qaz-kondensat, iri “Abşeron” kimi yataqların, eləcə də 2010-cu ildə ölkəmizin öz gücü ilə açdığı “Ümid” yatağının kəşf edilməsində, habelə respublikamızın siyasi-iqtisadi həyatında xüsusi önəm daşıyan “Əsrin müqaviləsi”nin həyata vəsiqə almasında əfsanəvi geoloqun xidmətləri onun adını milli neft sənayemizin tarixinə qızıl hərflərlə həkk edib.
Çıxış edənlər ulu öndər Heydər Əliyevin Xoşbəxt Yusifzadənin əməyinə hər zaman yüksək dəyər verdiyini, onu 1970-ci ildə “Xəzərdənizneft” İstehsalat Birliyinin rəis müavini, baş geoloq vəzifəsinə təyin etdiyini, dahi şəxsiyyətin onun bir alim kimi biliyinə, təcrübəsinə həmişə inamla yanaşdığını, “Azərbaycanda bizim çox hörmətli geoloqumuz Yusifzadə kimi Xəzər dənizini bilən ikinci adam yoxdur”, – deməsini minnətdarlıqla xatırladılar.
Təqdimatda bildirildi ki, Xoşbəxt Yusifzadə keçmiş SSRİ-də, eləcə də beynəlxalq aləmdə böyük alim və istehsalat rəhbəri, eləcə də Rusiya Beynəlxalq Mühəndislər Akademiyasının fəxri akademiki, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının akademiki, Gürcüstan Milli Elmlər Akademiyasının xarici üzvü kimi nüfuz qazanıb. Onun alimlər qrupu ilə işləyib hazırladığı qaz kondensat yataqları ehtiyatlarının qiymətləndirilməsinin və yataqların işlənilməsinin nəzəri və təcrübi əsasları işi 1982-ci ildə Azərbaycanın Dövlət Mükafatını alıb, ölkəmizdə neft və qazçıxarmanın inkişafına verdiyi böyük töhfələr bir sıra yüksək dövlət mükafatlarına və fəxri adlara layiq görülüb.
Mərasimdə neft salnaməmizin şanlı əfsanəsinin keçmiş SSRİ dövlətinin 2 dəfə “Qırmızı əmək bayrağı”, “Şərəf nişanı” ordenləri, bir sıra medalları və fəxri mükafatları, müstəqillik illərində isə Azərbaycanın “Şöhrət”, “Şərəf”, I dərəcəli “Əmək”, “İstiqlal”, “Heydər Əliyev” ordenləri ilə təltif edildiyi, müstəqilliyimizin memarı olan Ulu öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin neft sənayesinin inkişafı naminə həyata keçirdiyi layihələrdə də səmərəli əməyinin yüksək dəyərləndirildiyi qədirbilənliklə yad edildi.
Xatırladaq ki, xüsusi buraxılışa Xoşbəxt Yusifzadənin “Azərbaycanın neft təsərrüfatı” jurnalında 1957-ci ildə çap olunmuş ilk elmi məqaləsi, ömrünün son illərində “Xalq qəzeti”nə verdiyi müsahibə və digər materiallar daxil edilib.