Azərbaycan qədim neft ölkəsidir

post-img

Odlar yurdu əsrlərdən bəri dünyaya nur paylayır

Zəngin neft ölkəsi kimi tanınan Azərbaycanın mədəni-tarixi, sosial-iqtisadi həyatının ayrı-ayrı sahələrinə tədqiqatçılar hər zaman böyük maraq göstəriblər. Bir çox ölkələrin səyyahları, coğrafiyaşünasları, tarixçiləri Bakının nefti, alovlu torpaqları, neft quyusu və mədənləri, neftdən istifadə və onun ticarəti barədə gördüklərini qələmə alaraq Azərbaycan neftinin tarixi barədə qiymətli məlumatlar verib, Abşeron yarımadasını istər qərb, istərsə də şərq dövlətləri üçün cazibədar ərazi hesab ediblər. 

Respublikamızın dövlət arxivlərində mühafizə olunan sənədlər neft sənaye­mizin inkişafı tarixinin öyrənilməsində əvəzsiz mənbə hesab edilir. Bu sənədlər əsasında Azərbaycanın tarixin müxtəlif mərhələlərində ümumdünya neft sənaye­si sahəsində oynadığı rol, Bakıda fəaliy­yət göstərmiş neft konsorsiumları, neft sahibkarları, Azərbaycan neftçilərinin bey­nəlxalq əlaqələri haqqında qiymətli məlu­matlar əldə etmək mümkündür. Bu yazıda da Azərbaycan Respublikası Dövlət Elm və Texnika Sənədləri Arxivində mühafizə olunan arxiv sənədlərinə istinad edilmək­lə XX yüzilliyin əvvəllərində ölkəmizdə fəaliyyət göstərmiş neft sənayesi və ma­şınqayırma müəssisələrində, elmi-tədqiqat institutlarında, təcrubə-sınaq və konstruk­tor bürolarında çalışmış neftçi mütəxəssis­lərin, alimlərin, ustaların dünya ölkələrinin eyni məzmunlu müəssisələri və instituları ilə əməkdaşlıq tarixi haqqında qısa məlu­mat verilir. 

Arxivin fondlarında mühafizə olunan həmin müəssisə və institutlarda aparılan nəhəng elmi işlərin nəticələrinə dair hesa­batlar, mütəxəssis rəyləri, texnoloji sxem­lər, layihələr və digər sənədlər ölkəmizin neft sektorunun dünyanın qabacıl ölkələ­rinin diqqət mərkəzində olduğunu və san­ballı tədqiqat materialları kimi istehsalat­da geniş tətbiq edildiyini söyləməyə əsas verir. 

Tədqiqatçılar tərəfindən az işlənilmiş bu arxiv fondlarında saxlanılan ötən əsrin 20-30-cu illərində Azərbaycanın və ABŞ-nin qabaqcıl neft inistitutları arasındakı əlaqələrini, yerli mütəxəssislərin xarici ölkələrə ezamiyyələrini, Azərbaycanın neft maşınqayırması sahəsində tətbiq edilən xa­rici avadanlıqların xarakteristikasını, neft sənayesi müəssisələrində çalışmış əcnəbi mütəxəssislərin elmi rəylərini əks etdirən qiymətli materiallar neft sənayemizin inki­şaf tarixinin öyrənilməsində zəngin məlu­mat bazası olmaqla yanaşı, həm də hazırda respublikamızda uğurla həyata keçirilən yeni neft strategiyasının daha dərin köklərə əsaslandığını təsdiqləyir. 

Məlum olduğu kimi, tədqiqatçı alim­lərimiz Azərbaycanda neft sənayesinin inkişaf tarixini bir necə mərhələyə ayır­mış və neft sənayemizin milliləşdirilməsi dövrünü həmin mərhələlərdən biri hesab etmişlər. Sənədlərə əsasən, məhz həmin illərdə respublikamızda neft yataqlarının istismarı, təcrübə-sınaq işlərinin həyata keçirilməsi daha geniş vüsət almış, neft üzrə elmi-tədqiqat işlərinə start verilmiş, yeni neft yataqlarının mənimsənilməsi, yerli texniki avadanlıqların yaradılması, neft emalı müəssisələrinin qurulması və ötürücü kəmərlərin inşası işlərinın həcmi genişlənmişdir.

O dövrdə Azərbaycanın sənaye bazası­nın genişləndirilməsi üçün xarici ölkələrin təcrübəsinin öyrənilməsinə, həmçinin xa­rici dövlətlərin mütəxəssislərinin respub­likamızın sənaye obyektlərinin bərpası və quruculuğu işlərinə cəlb eilməsinə başla­nılmışdır. Arxiv sənədlərinə əsaslanaraq deyə bilərik ki, 1933-cü ildə ölkəmizin sənaye müəssisələrində (keçmiş L.Şmidt adına neft–maşınqayırma zavodu, Paris Kommunası, L.Krasin adına İstilik elekt­rik müəssisələri, “Bakıtikinti” Tresti və s.) əsasən amerikalılardan ibarət 70-dən yuxa­rı xarici mütəxəssis çalışmışdır. Həmin il­lərdə neft sahəsində Azərbaycan–Amerika iqtisadi–ticarət və elmi–texniki əlaqələri­nin inkişafında 1924-cü ildə Nyu-Yorkda yaradılan və əsas nümayəndəliyi Moskva şəhərində yerləşən Sovet-Amerika “AM­TORQ” aksioner cəmiyyətinin xüsusi rolu olmuşdur. 

“AMTORQ” ölkəmiz üçün vacib olan qurğu və avadanlıqların, maşın və tex­nikanın alınmasında bilavasitə xidmət göstərmiş, eyni zamanda, elmi–tədqiqat və sənaye müəssisələrinin qarşılıqlı olaraq elmi-texniki yeniliklərlə məlumatlandıril­masında iştirak etmişdir. 

Bu məqamda “Azneft”in fəaliyyəti ilə bağlı qısaca bəhs etmək yerinə düşər­di. Belə ki, adı çəkilən qurum ölkəmizdə neft sənayesi milliləşdirildkdən sonra bu sahəyə rəhbərliyi həyata keçirmək, neft və neft məhsullarının istehsalını artırmaq üçün yaradılmışdı. Keçmiş İttifaq rəhbər­liyi neft sənayesini bütövlükdə öz himayə­sində saxlamasına baxmayaraq, “Azneft”ə xarici şirkətlərlə əlaqə qurmaq səlahiyyəti vermişdi. Bu imkandan istifadə edən “Az­neft” neft sənayesini yeni texnika ilə təmin etmək məqsədilə Moskva, Petroqrad, Xar­kov, Daşkəndlə yanaşı, Nyu-York, Ber­lin, London, Marsel, Paris, Rəşt və digər şəhərlərdə də nümayəndəliklər yaratmış, texniki avadanlıq və başqa məhsullar al­maq məqsədilə ABŞ və İngiltərənin neft şirkətləri ilə müqavilələr imzalamışdı. 

Arxiv sənədlərində Amerikaya ezam edilmiş “Azneft” mütəxssislərinin hesa­batları saxlanılır və həmin hesabatlarda Nyu-Yorkda asfalt zavoduna baxış, neft masınqayırması sahəsində əldə edilmiş nə­ticələr, neft məhsulunun asfaltın istehsalın­da tətbiqi və digər məsələlərə dair qiymətli materiallar var. 

XX əsrin 20-30-cu illərində Azərbay­can–Amerika mütəxəssislərinin qarşılıqlı əməkdaşlığı ölkəmizin neft sənayesində qabaqcıl texnologiyanın tətbiqinə, yeni neft–qaz yataqlarının kəşfinə, elmi–tə­dqiqat işlərinin genişlənməsinə böyük töhfələr vermiş, neft emalı və neftayırma sahələrinin inkişafına təkan verməklə, həm də ölkə iqtisadiyyatının digər sahələrinin inkişafına əhəmiyyətli təsir göstərmişdir. 

Xarici ölkələrin mütəxəssisləri tərə­findən aparılmış elmi-tədqiqatlar bir daha göstərmişdir ki, Bakı nefti yüksək keyfiy­yətə malikdir və ondan çeşidli neft məhsul­larının istehsalı məqsədilə istifadə etmək mümkündür. Keçmiş İttifaqın “Başneft” idarəsində çalışmış amerika mütəxəssisi Ç.Qolland öz təkliflərində qeyd etmişdir ki, “Bakı sənaye üsulu ilə neft istehsalı və neftdən sürtgü yağlarının alınmasında pi­onerdir. Lakin Amerika son 10-15 ildə bu sahədə yüksək texniki inkişaf əldə edib, bu sahədə birgə elmi-texniki əməkdaşlığı ge­nişləndirməklə daha irəliyə getmək olar”. 

Qeyd olunan illərdə bir çox ölkələrin, xüsusilə ABŞ-nin firma və şirkətləri Azər­baycana neft sahəsində əməkdaşlıq və tex­niki dəstək göstərməyi təklif etmiş, hətta 1922-ci ildə “Azneft”lə Amerika şirkəti (“İnterneyşin Korporeyşin”) arasında Ba­laxanıda 100 neft quyusunun istismarına dair müqavilə imzalanmış, lakin qarşı tərə­fin günahı üzündən icra edilməmişdir. 

Neft sənayesində elmi-texniki tərəqqi­nin ən yüksək zirvəsi 1949-cu ildə dün­yada ilk dəfə Bakıda açıq dənizdə nəhəng Neft daşlarının əsasının qoyulması oldu. Neft daşları bütün dünyanın həsəd apardığı insan düşüncəsinin möcuzəsi idi. Bundan sonra Azərbaycanın neft sahəsindəki təc­rübəsinin öyrənilməsinə maraq artdı və bu sahədə çalışan alimlərimizin xaricə dəvət olunması gerçəkləşdi. Sonrakı illərdə də Azərbaycan öz neft-qaz məhsulu ilə dünya miqyasında tanınmaqla yeni-yeni uğurlar əldə etdi. 

Sonda mühüm bir məqamı da qeyd et­mək istərdim. 30 il bundan əvvəl “Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yata­ğının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında” Dövlət Neft Şirkəti ilə dünyanın aparıcı neft şirkətləri arasında imzalanan, təxminən, 400 səhifə həcmində və 4 dildə tərtib olunmuş müqavilə öz tarixi, siyasi və beynəlxalq əhəmiyyətinə görə “Əsrin müqaviləsi” adını aldı. Müqavilədə 7 ölkə­nin 11 ən məşhur neft şirkəti iştirak etdi. Bununla da müstəqil dövlətimizin neft strategiyasının və doktrinasının əsası qo­yuldu. Bu qlobal layihə Azərbaycanın su­veren dövlət kimi öz təbii sərvətlərinə sa­hib çıxmaq, milli mənafelərini, iqtisadi və strateji maraqlarını müdafiə etmək əzmini bütün dünyaya göstərdi, dövlət müstəqilli­yinin mühüm təminatına çevrildi.

Ümummilli lider Heydər Əliyevin rəh­bərliyi ilə hazırlanmış “Əsrin müqaviləsi” respublikamızın salnaməsinə yeni neft strategiyasının şanlı səhifəsi kimi yazılıb. Bu müqavilə həm karbohidrogen ehtiyat­larının miqdarına, həm də qoyulan sər­mayələrin həcminə görə dünyada bağlanan ən iri sazişlər siyahısına daxil edilib. 

 

“Əsrin müqaviləsi” – 30: ümummilli xəzinə 

• 1997-ci ilin noyabr ayında ilk hasilat başlanandan 2024-cü ilin ilk yarısının sonunadək AÇG-dən 593 milyon ton neft hasil edilib.

• Bakı-Tbilisi-Ceyhan boru xətti vasitəsilə dünya bazarlarına 576 mil­yon ton neft daşınıb. 

• 2006-cı ildən bəri ACG nefti ilə yüklənmiş 5707 tanker Ceyhan ter­minalından yola salınıb.

• Hasilatın başlanğıcından 2024-cü ilin birinci yarısının sonunadək Azərbaycana, təqribən, 57 milyard kubmetr AÇG səmt qazı təhvil veri­lib. 

• AÇG layihəsinin əsaslı xərcləri 2024-cü ilin ilk yarısının sonunadək 45 milyard dollar təşkil edib. 

• 1994-cü ildə AÇG layihəsi baş­lanandan 2024-cü ilin birinci yarısı­nın sonunadək BP və onun layihədəki tərəfdaşları Azərbaycanda sosial la­yihələrə, təqribən, 111 milyon dollar xərcləyiblər. 

• 2017-ci il sentyabr ayının 14-də AÇG sazişi 2050-ci ilin sonunadək uzadılıb. 

• 2019-cu il aprel ayının 19-da AÇG-nin işlənməsinin növbəti addı­mı olan 6 milyard dollarlıq yeni la­yihəyə – Azəri-Mərkəzi-Şərqi layihə­si həyata vəsiqə alıb.

• 2024-cü il aprel ayının 16-da ACE platformasından ilk neft əldə olunub. 

• Ümumilikdə, AÇG layihəsi çər­çivəsində “Çıraq” platforması yeni­dən qurulub, 8 yeni platforma tikilib, dünyanın ən böyük neft və qaz termi­nallarından biri inşa edilib, Xəzər də­nizinin dibində mürəkkəb sualtı boru xətləri şəbəkəsi yaradılıb. 

• Hazırda AÇG-də 144 hasilat qu­yusundan neft çıxarılır, 45 suvurma və 8 qaz injektor quyusundan isə tex­niki məqsədlər üçün istifadə olunur.

 

Həsən HƏSƏNOV,
Dövlət Elm və Texnika Sənədləri Arxivinin rəis müavini



İqtisadiyyat