Bu beynəlxalq layihə 30 ildir ki, Azərbaycanın hərtərəfli yüksəlişinə xidmət edir
Ötən əsrin sonlarında yenidən müstəqillik əldə edən Azərbaycan özünün yeraltı və yerüstü sərvətlərinə sahib çıxmaq imkanı qazandı. Buna baxmayaraq, dövlət idarəçiliyində təmsil olunan səriştəsiz, naşı adamlar bu sərvətləri ölkənin davamlı inkişafına, xalqın gələcək firavanlığı naminə səfərbər etmək iqtidarında deyildilər. Eyni zamanda, gənc dövlətin vahid inkişaf strategiyasının olmaması, idarəçilkdə buraxılan kobud səhvlər ölkədə siyasi anarxiyanı və iqtisadi tənəzzülü getdikcə dərinləşdirirdi.
Həmin o ağır günlərdə xalqımız müdrik qərar qəbul edərək dünya şöhrətli siyasətçi, dövlət idarəçiliyinin bütün sirlərinə yaxından bələd olan Heydər Əliyevi Bakıya dəvət etdi. Xalqın təkidli xahişini qəbul edən Ümummilli lider paytaxta gələrək müstəqilliyini itirmək təhlükəsi ilə üzləşən Azərbaycana rəhbərlik etməyə başladı. Ölkənin iqtisadi müstəqilliyinin onun yeraltı və yerüstü sərvətlərindən asılı olduğunu yaxşı bilən Heydər Əliyev qısa müddətdə bitkin bir inkişaf konsepsiyası işləyib hazırladı. Həmin konsepsiyanın əsasını isə Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən neft-qaz ehtiyatlarının işlənməsi təşkil edirdi. Buna baxmayaraq, gənc dövlətin məhdud maliyyə imkanları, eləcə də dənizin dərinliklərində işləyə biləcək qabaqcıl texnika və texnologiyaların olmaması buna imkan vermirdi. Hər cür çətin situasiyalarda çevik qərarlar qəbul etməyi bacaran ümummilli lider Heydər Əliyev dünyanın transmilli neft şirkətlərini Azərbaycana dəvət etməyi qərara aldı.
Ölkəmizdə siyasi sabitliyə və əlverişli sərmayə mühitinə əmin olan əcnəbi şirkətlər tərəddüd etmədən danışıq masası ətrafına toplaşdılar. Beləliklə, gənc Azərbaycan dövləti özünün gələcək inkişafının maliyyələşdirilməsi üçün neft sənayesini xarici investisiyalar üçün açıq elan etdi. Hökumətin hazırladığı milli strategiya 1994-cü il sentyabrın 20-də Bakıda, Gülüstan sarayında “Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yataığının dərinlikdə yerləşən hissəsinin kəşfiyyatı, birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş”inin imzalanması ilə nəticələndi.
Bütün dünyaya səs salan belə bir sazişin imzalanması ölkəmiz, xalqımız üçün mühüm tarixi hadisə, yüksək nailiyyət idi. Çünki gənc Azərbaycan dövləti ilk dəfə idi ki, müstəqil siyasət yürütmək iqtidarında olmasını, özünün yeraltı sərvətlərinə sahib çıxmasını bütün dünyaya bəyan edə bilirdi. Təsadüfi deyil ki, təntənəli imzalanma mərasimində çıxış edən ümummilli lider Heydər Əliyev demişdir: “Biz müqaviləni imzalamaqla Azərbaycan Respublikası ilə dünyanın inkişaf etmiş dövlətləri, onların ən böyük şirkətləri arasında əlaqələr yaradır, Azərbaycan iqtisadiyyatının dünya iqtisadiyyatına, azad bazar iqtisadiyyatına qoşulması üçün əsas yaradırıq. Bu müqavilənin imzalanması bazar iqtisadiyyatının Azərbaycanda həyata keçirilməsi üçün ilk böyük addımdır. Biz bu müqaviləni imzalamaqla xarici ölkələrdən Azərbaycana investisiya qoyulması üçün böyük yol açırıq, digər sahələrdə çalışan şirkətlərin də Azərbaycanda fəaliyyət göstərməsi üçün zəmin yaradırıq, müstəqil Azərbaycan Respublikasının iqtisadiyyatında və ictimai-siyasi həyatında hökm sürən sabitliyi dünyaya bir daha nümayiş etdiririk”. Bu, Azərbaycanın gələcək sosial-iqtisadi inkişafı üçün yeni perspektivlər açan, ölkənin maliyyə imkanlarını xeyli dərəcədə artıran tarixi sazişə verilən əsl qiymət idi.
Dünya neft sənayesinin tanınmış 11 ən böyük transmilli şirkəti ilə imzalanmış bu tarixi saziş iqtisadi və siyasi əhəmiyyətinə görə sonradan “Əsrin müqaviləsi” adını aldı. Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsi olan “Əsrin müqaviləsi” Xəzər regionunu beynəlxalq əməkdaşlıq məkanına çevirdi. Gənc, suveren Azərbaycan Respublikası az müddətdə qlobal enerji layihələrinin təşəbbüskarı və əsas iştirakçısı kimi tanındı, ölkəmizin beynəlxalq nüfuzu xeyli artdı. “Əsrin müqaviləsi”nin uğurla icra olunması ölkəmizi iqtisadi tənəzzüldən sürətli inkişaf yoluna çıxardı. İlk növbədə, Azərbaycana güclü xarici investisiya axını başladı. Ötən müddətdə təkcə AÇG layihəsinə 45 milyard dollar məbləğində xarici sərmayə qoyulması da bunun bariz nümunəsidir.
1997-ci il noyabrın 7-də “Çıraq” platformasından ilk hasilat quyusunun istismara verilməsi Azərbaycanın yeni neft strategiyasının uğurlarının başlanğıcı idi. Beş gün sonra, noyabrın 12-də ölkəmizin rəsmi dövlət və hökumət üzvlərinin, Azərbaycan Beynəlxal Əməliyyat Şirkətinin nümayəndələrinin, eləcə də xarici ölkələrdən gəlmiş qonaqların iştirakı ilə “Çıraq” platformasında təntənəli mərasim keçirildi. Tədbirdə bu möhtəşəm tarixin yaradıcısı Heydər Əliyevin şəxsən iştirak etməsi isə olduqca qürurverici idi. Azərbaycanın yeni neft strategiyasının məhtəşəm uğurunun müjdəsini xalqımıza çatdıran ümummilli lider Heydər Əliyev həmin təntənəli mərasimdə çıxış edərək bu təntənənin, əldə edilən nailiyyətlərin Azərbaycanın dövlət müstəqilliyinin qazanılmasından sonra mümkün olduğunu söyləyərək demişdir: “1994-cü ilin sentyabr ayında biz ilk böyük neft müqaviləsini imzalayarkən dünyaya nümayiş etdirdik ki, Azərbaycan müstəqil dövlətdir və müstəqil dövlət kimi öz təbii sərvətlərinin sahibi olaraq onlardan istifadə edilməsi haqqında qərarlar qəbul edir. Üç il keçəndən sonra biz bir daha təsdiq edirik ki, Azərbaycan müstəqil dövlətdir, Azərbaycanın dövlət müstəqilliyi dönməzdir, əbədidir və biz artıq bu müstəqilliyimizin gözəl bəhrələrini görürük”.
Həmin tarixi nailiyyət, “Əsrin müqaviləsi”nin həyata keçirilməsi sahəsində qazanılmış zəngin təcrübə sonralar “Azəri” və “Dərinsulu Günəşli” yataqlarının da mərhələli şəkildə işlənməsinə imkan yaratdı. 2001-ci ilin avqust ayında “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun tammiqyaslı işlənməsi ilə bağlı qərar qəbul olundu. Bu mərhələ çərçivəsində “Azəri” yatağında və “Günəşli” yatağının dərinlikdə yerləşən unikal hasilat və texniki təchizat platformaları inşa olundu, neftin Səngəçal terminalına nəqli üçün yeni sualtı boru kəmərləri çəkildi. Xam nefi qəbul etmək üçün terminalın ərazisində əlavə genişləndirmə işləri aparıldı. Bu işlər nəticəsində Səngəçal terminalı dünyanın ən nəhəng neft obyektlərindən birinə çevrildi.
2005-ci ilin əvvəllərində “Azəri” yatağının mərkəzi hissəsində quraşdırılmış platformadan neft hasilatına başlanıldı. Bununla da, Azərbaycanda böyük neft hasilatının əsası qoyuldu. Sonrakı illərdə “Azəri” yatağnın şərq və qərb hissələrinin”, eləcə də “Dərinsulu Günəşli” yatağının istismara verilməsi ilə Azərbaycanda neft hasilatı kəskin şəkildə artaraq 2010-cu ildə rekord səviyyəyə – 51 milyon tona çatdırıldı. Ötən müddətdə Xəzərin Azərbaycan sektorunda quraşdırılmış unikal neft platformalarından hasilat ahəngdar şəkildə davam etdirildi. Məhz bunun nəticəsidir ki, ötən illər ərzində “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan 593 milyon ton neft (4,4 milyard barel) çıxarılıb.
Ulu öndər Heydər Əliyevin işləyib hazırladığı mükəmməl neft strategiyası Azərbaycana özünün zəngin neft ehtiyatlarını dünya bazarlarına müstəqil şəkildə çıxarmaq imkanı yaratdı. Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan şaxələndirilmiş ixrac boru kəməri marşrutlarına sahib oldu. 1997-ci ilin sonlarından etibarən Azərbaycan nefti Bakı-Novorossiysk boru kəməri ilə Şimal istiqamətinə axmağa başladı. 1999-cu ilin aprel ayından isə xam neft yenicə istifadəyə verilmiş Bakı-Supsa boru kəməri ilə Qərb istiqamətinə, Qara dənizin sahilində yerləşən Supsa limanına axmağa başladı.
Bununla belə, Azərbaycanın artan neft həcmlərini dünya bazarına çıxarmaq üçün daha geniş imkanlara malik boru kəmərinə ehtiyac var idi. Ümummilli liderimizin bununla bağlı da öz ideyası, öz planı vardı. Belə ki, “Əsrin müqaviləsi”nin imzalanması mərasimində ulu öndər bu barədə fikrini bildirərkən həmin kəmərin keçəcəyi marşrutu və onun son ünvanını da zərgər dəqiqliyi ilə nişan verdi. Bu, Bakı-Tbilisi-Ceyhan marşrutu idi. Bütün siyasi təzyiqlərə rəğmən, bu ideya da gerçəkliyə çevrildi. Zaman Heydər Əliyevin bu konsepsiyasının tamamilə real, həm də iqtisadi cəhətdən səmərəli olduğunu bir daha sübut etdi.
Hazırda AÇG yatağından hasil olunan həcmin böyük hissəsi dünya bazarlarına BTC boru kəməri vasitəsilə çatdırılır. Uzunluğu 1768 kilometr olan dünya səviyyəli boru kəməri Azərbaycandan Gürcüstana keçərək Aralıq dənizinə çatır. Türkiyənin Ceyhan şəhərində yeni bir dəniz terminalı inşa edilib. Boru kəməri tranzit ölkələrə xeyli gəlir gətirib, Azərbaycan, Gürcüstan, Türkiyə və Qərb arasında iqtisadi və siyasi əlaqələrin güclənməsinə kömək edib. BTC kəmərinin ötürücülük qabiliyyəti gündə bir milyon barel təşkil edən layihə gücündən hazırda gündə 1,2 milyon barelə qədər artırılıb. Bu günə qədər həmin boru kəməri vasitəsilə 4,3 milyard bareldən çox (təxminən 576 milyon ton) xam neft Xəzərdən Aralıq dənizinə təhlükəsiz və etibarlı şəkildə nəql olunub.
1999-cu ilin dekabr ayının son günlərində Azərbaycanın mənfəət nefti yüklənmiş ilk tanker Qara dənizdən dünya bazarına səmt götürüb. Bununla da, ölkəmiz tarixində ilk dəfə olaraq neftdən müstəqil şəkildə gəlir götürməyə başlayıb. Həmin gəlirlərdən səmərəli istifadə olunması, onun müəyyən hissəsinin gələcək nəsillərə çatmasını təmin etmək məqsədilə ümummilli lider Heydər Əliyevin 29 dekabr tarixli fərmanı ilə Azərbaycan Respublikasının Dövlət Neft Fondu yaradılıb. Ötən müddətdə fond “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun və “Şahdəniz” qaz yatağı layihələrinin işlənməsindən və digər daxilolmalardan 202 milyard ABŞ dolları məbləğində gəlir əldə edib.
Yeri gəlmişkən, “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun dərin qatlarında olan neft və qaz ehtiyatları 30 ilə nəzərdə tutulmuş sazişin müddətinin daha 25 il uzadılmasına səbəb olub. Azərbaycanın uzunmüddətli, bitkin neft strategiyasının müəllifi ulu öndər Heydər Əliyev isə bunun anonsunu çox-çox əvvəllər vermişdi. Belə ki, 1997-ci il noyabrın 12-də “Çıraq” platformasında ilkin nertin çıxarılmasına həsr olunmuş mərasimdə ümummilli lider demişdir: “Bizim imzaladığımız müqavilələrin hamısı təxminən 30 il müddətinə bağlanıbdır. Ancaq mən güman edirəm ki, bu müqavilələr 30 il yox, ondan da çox illər işləyəcəkdir. Mən hesab edirəm ki, Azərbaycan Respublikasının dünyanın böyük neft şirkətləri ilə imzaladığı müqavilələr XXI əsrdə həm Azərbaycan üçün, həm də Azərbaycanla müştərək iş görən şirkətlər, ölkələr üçün çox əhəmiyyətli sənədlərdir”.
Zaman ümummilli liderin bu uzaqgörən qənaətinin həqiqiliyini bir daha sübuta yetirdi. Məlum olduğu kimi, 2017-ci il sentyabrın 14-də Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Bakıda Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş sazişin imzalanması mərasimi keçirilib. Beləliklə, “Azəri-Çıraq-Günəşli” nəhəng neft yatağının işlənilməsində yeni dövr başlanıb. Yeni sazişin ölkəmiz üçün çox böyük əhəmiyyəti var. Əvvəla, “Azəri-Çıraq-Günəşli” neft yatağının işlənilməsi 2050-ci ilədək uzadılıb.
Digər tərəfdən, bu sazişin şərtləri Azərbaycan üçün daha əlverişlidir. Belə ki, yeni sazişə əsasən, SOCAR-ın layihədəki iştirak payı 11,65 faizdən 25 faizə qaldırılıb. Beynəlxalq tərəfdaş şirkətlər Azərbaycan Respublikasının Dövlət Neft Fonduna 3,6 milyard dollar bonus ödəyəcək. Azərbaycana çatacaq mənfəət neftinin səviyyəsi isə 75 faiz təşkil edəcək. Eyni zamanda, 2050-ci ilədək “Yeni Əsrin müqaviləsi” çərçivəsində həyata keçiriləcək əməliyyatlara 40 milyard dollardan çox sərmayə qoyulması gözlənilir.
Artıq bu möhtəşəm layihə real fəaliyyət sahəsinə çevrilib. Cari ilin aprel ayında “Azəri-Mərkəzi-Şərqi” adlandırılan platformadan ilkn neftin hasilatına başlanılıb. Hazırda burada 2 quyudan neft çıxarılır. Ötən müddətdə həmin quyulardan 815 min bareldən neft hasil edilib.
İlham ŞABAN,
Neft Araşdırmaları Mərkəzinin rəhbəri
“Əsrin müqaviləsi”nin imzalanmasından ötən 30 il bir daha təsdiqlədi ki, “Azəri”, “Çıraq” və “Dərinsulu Günəşli” (AÇG) layihəsi tarixdə, sadəcə, Azərbaycan hökuməti ilə bir qrup xarici neft şirkətinin birləşdiyi konsorsiumda həyata keçirilən hasilatın pay bölgüsü tipli sıradan bir saziş deyildi. AÇG-nin işlənilməsi üzrə saziş Azərbaycanın neft və qaz sənayesinin yeni erasının simvoludur. Bu müqavilənin reallaşması həm Azərbaycan, həm də müqavilənin iştirakçısı olan şirkətlər üçün əlamətdar hadisədir.
AÇG layihəsi müstəqil Azərbaycanın qarşıya qoyduğu bir uğur hədəfi idi. Bu hədəf insanlarda gələcəyə inam yaratdı. Müqavilənin reallaşması müxtəlif millət və ölkələrdən olan insanları bir araya gətirdi. Onlar platformalar inşa etdilər, boru kəmərləri çəkdilər, terminallar tikdilər. Onlar Xəzərin dərin qatlarındakı təbii ehtiyatları işlənməyə cəlb etmək üçn müasir texnologiyalar gətirdilər, neft çıxardılar. Bu təkcə enerjinin zəfəri deyildi, ölkənin qarşıdakı böyük uğurlarının başlanğıcı və ulu öndər Heydər Əliyevin müəllifi olduğu Azərbaycanın yeni neft strategiyasının təntənəsi idi.
Ötən 30 ildə “Əsrin müqaviləsi” Azərbaycana iqtisadi inkişaf, tərəqqi gətirməklə yanaşı, ölkəmizə, xalqımıza sosial rifah bəxş edib. Təkcə onu qeyd etmək kifayətdir ki, bu il iyulun 1-dək “Azəri-Çıraq-Günəşli”dən Azərbaycan Respublikasının Dövlət Neft Fonduna 202 milyard dollar vəsait daxil olub. Həmin vəsait hesabına ölkəmizin dinamik sosial-iqtisadi inkişafı təmin edilib. Neftdən əldə olunan gəlirlər ölkə iqtisadiyyatının şaxələndirilməsinə, qeyi-neft sektorunun sürətli inkişafına imkan yaradıb. Bunun da hesabına ölkədə çoxsaylı iş yerləri açılıb. Eyni zamanda, Prezident İlham Əliyevin düşünülmüş , məqsədyönlü fəaliyyəti nəticəsində “qara qızıl”ın insan kapitalına çevrilməsi istiqamətində mühüm addımlar atılıb.
Neft gəlirləri həm də, Azərbaycanın müdafiə qabiliyyətinin gücləndirilməsinə mühüm töhfələr verib. Məhz bunun nəticəsi idi ki, 30 il düşmən tapdağında olan torpaqlarımız cəmi 44 gün ərzində azad edildi. 2023-cü ilin sentyabr ayında həyata keçirilmiş lokal xarakterli anti-terror tədbirləri nəticəsində isə düşmən silahı yerə ataraq təslim oldu. Bununla da, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü tam təmin olundu.
İndi isə işğaldan azad olunmuş ərazilərimizdə geniş bərpa-quruculuq işləri aparılır, düşmənin viran qoyduğu, xarabazara çevirdiyi torpaqlarda yeni şəhər, kənd və qəsəbələr salınır. Bunun da hesabına Qarabağ və Şərqi Zəngəzurda həyat yenidən canlanır, insanlar doğma yurdlarına qayıdırlar. Sevindirici haldır ki, Azərbaycan bütün bu işləri heç bir beynəlxalq təşkilatdan, dünyanın hər hansı bir ölkəsindən yardım almadan öz gücü, maliyyə potensialı vasitəsilə həyata keçirir. Bu da, heç şübhəsiz, “Əsrin müqaviləsi”nin uğur hekayəsinin məntiqi nəticəsidir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “Əsrin müqaviləsi” Ulu öndərin Azərbaycan xalqı qarşısında misilsiz xidmətlərindən biridir. Bu gün bütün Azərbaycan xalqı bu kontraktın gözəl nəticələrini öz həyatında görür.
Xəzərdə neft əfsanəsinin tarixi səhifələri
• 20 sentyabr 1994-cü il. “Azəri-Çıraq-Günəşli” yataqlar bloku üzrə hasilatın pay bölgüsü sazişi imzalanıb.
• 7 noyabr 1997-ci il. “Çıraq” platformasından neft hasilatına start verilib.
• 12 noyabr 1997-ci il. Səngəçal terminalının təntənəli açılışı keçirilib.
• 12 yanvar 1998-ci il. “Çıraq” yatağından hasil edilən neftin Bakı–Novorossiysk boru kəmərinə vurulmasına başlanılıb.
• 24 mart 1998-ci il. AÇG-nin ilk ixrac tankeri Novorossiysk terminalından dünya bazarına yola salınıb.
• 10 dekabr 1998-ci il. Bakı–Supsa kəmərinin neftlə doldurulmasına başlanılıb.
• 8 aprel 1999-cu il. Supsa terminalında ilk tanker yüklənib.
• 18 aprel 1999-cu il. Qərb ixrac neft kəmərinin tikintisinin başa çatması və Supsa terminalının istifadəyə verilməsi mərasimi keçirilib.
• 30 avqust 2001-ci il. AÇG-nin tammiqyaslı işlənilməsi layihəsinin 1-ci mərhələsi (“Faza-1”) ilə bağlı hökumətlə icazə sazişi imzalanıb.
• 18 sentyabr 2002-ci il. Azərbaycan hökuməti AÇG-nin tammiqyaslı işlənilməsi layihəsinin 2-ci mərhələsinə (“Faza-2”) razılıq verilib və BTC-nin təməli qoyulub.
• 30 iyul 2003-cü il. Azərbaycanda BTC boru kəmərinin çəkilişinə start verilib.
• 20 sentyabr 2004-cü il. AÇG-nin tammiqyaslı işlənilməsi layihəsinin 3-cü mərhələsi (“Faza-3”) üzrə saziş imzalanıb.
• 13 fevral 2005-ci il. “Mərkəzi Azəri” platformasında ilk neftin hasilatına başlanılıb.
• 25 may 2005-ci il. Səngəçal terminalında BTC-nin Azərbaycan hissəsinin açılış mərasimi keçirilib.
• 12 oktyabr 2005-ci il. BTC-nin Gürcüstan hissəsinin açılış mərasimi keçirilib.
• 30 dekabr 2005-ci il. “Qərbi Azəri” platformasından ilk neftin hasilatı başlanıb.
• 4 iyun 2006-cı il. BTC boru kəməri ilə ixrac edilən ilk neft partiyası Ceyhan terminalından Böyük Britaniyanın “Hawthorne” tankerinə yüklənib.
• 13 iyul 2006-cı il. Ceyhanda BTC layihəsinin tam istismara verilməsi mərasimi keçirilib.
• 22 oktyabr 2006-cı il. “Şərqi Azəri” platformasından ilk neft hasil edilib.
• 22 aprel 2008-ci il. “Dərinsulu Günəşli” platformasından neft hasilatına start verilib.
• 28 yanvar 2014-cü il. “Qərbi Çıraq” platformasından hasilat başlayıb.
• 14 sentyabr 2017-ci il. Bakıda AÇG üzrə yenilənmiş hasilatın pay bölgüsü sazişi (“Yeni əsrin müqaviləsi”) imzalanıb. Bununla da, “Əsrin müqaviləsi”nin müddəti 2050-ci ilədək uzadılıb.