Oğuzda selə qarşı elliklə mübarizə

post-img

Oğuzda daşqınlar zamanı əhalinin problemlə qarşılaşmaması üçün qabaqlayıcı tədbirlər görülür, eyni zamanda, rayon ərazisində olan əkin sahələrinin suvarılması da diqqətdə saxlanılır. 

Suvarılmanın mütəşəkkil aparılması üçün torpaq məcralı kanallar daimi olaraq lildən təmizlənir, su itkisinin qarşısının alınması məqsədilə kanallar beton üzlüyə salınır. Bundan başqa əhalinin suvarma və içməli suya olan tələbatını ödəmək üçün artezian və subartezian quyularının qazı­laraq istifadəyə verilməsinə xüsusi önəm verilir. 

Rayondakı su meliorasiya sistemlə­rinin istismarı idarəsi hər il olduğu kimi, bu il də mövcud əkin sahələrinin vaxt­lı-vaxtında suvarılmasını, o cümlədən selə qarşı qabaqlayıcı tədbirləri davam etdirir. Oğuzda bu il 13 min 427 hektar sahədə kənd təsərrüfatı bitkilərinin suvarılması planlaşdırılıb. Suvarılan sahələrin 4 min 39 hektarını dənli, 115 hektarını texniki bitkilər, 596 hektarını yonca, 199 hektarını bostan-tərəvəz, 6 min 392 hektarını çoxil­lik əkmələr və 1828 hektarını həyətyanı əkmələr təşkil edib. Bu sahələrin suvarıl­ması üçün suayırıcıdan su istifadəçilərinə 39 min kubmetr su verilməsi planlaşdırılıb. Cari ilin 7 ayı ərzində su istifadəçilərinə 21 min kubmetr su verilib. Hesabat döv­ründə rayon ərazisində iqlim şəraitinin yağıntılı olması ilə əlaqədar əvvəlki illərə nisbətən suvarma suyuna ehtiyac az olub. 

İdarənin rəisi Nizami Əhmədov deyir: – Rayon ərazisində idarəyə məxsus 79 su­bartezian və 14 artezian quyusu var. Həmin quyular 284 hektar əkin sahəsini suvarma suyu ilə, 4 kəndi bütünlüklə və 13 yaşayış məntəqəsini isə qismən içməli su ilə təmin edir. Cari ilin 7 ayı ərzində subartezian quyuları vasitəsi ilə 998 min kubmetr su çıxarılıb və 659 min kubmetr suvarma suyu, 274 min kubmetr içməli su istifadə­çilərə verilib. 

Oğuz Rayon Su Meliorasiya Sistemləri İstismarı İdarəsinin xidmət göstərdiyi əra­zidə su istifadəçilərinə “Fətənburun” və “ Türyançay” sudan istifadəedənlər birlikləri xidmət göstərir. Hesabat dövründə həmin birliklər tərəfindən istifadəçilərə 20 min kubmetrdən çox su verilib və 15 min 478 hektar sahədə rejimlə suvarma aparılıb. 

Suvarma suyu təsərrüfatlara idarənin balansında olan 74 suvarma kanalının öz axını ilə verilir. Bu kanalların su mənbəyi Daşağıl, Oğuz, Xal-xal, Qala çayları və Qarasu sistemləridir. Leysan yağışlar nəti­cəsində həmin dağ çaylarında əmələ gələn daşqınlar yol infrastrukturuna və şəxsi təsərrüfatlara ciddi ziyan vurur. Ümumiy­yətlə, çaylar yaz və payız aylarında güclü yağışlar nəticəsində sel suları ilə diqqət çə­kir, yay fəslində isə onlarda su qıtlığı mü­şahidə olunur. 

Sel suları zamanı çayların daşması ka­nalların qum-çınqılla dolmasına və lillən­məsinə gətirib çıxarır. Ona görə də bəzən bir kanal il ərzində bir neçə dəfə lildən təmizlənir. Bir başa çaylardan su götürən kanalların müəyyən hissələri isə çay ya­tağında yerləşdiyindən onlar da il ərzində bir neçə dəfə təmizlənir və bərpa olunur. Həmçinin kanalların 200 kilometrdən artıq hissəsi meşə fondunun ərazisindən keç­diyindən həmin sahələrdə təbii proseslər nəticəsində su itkisi yaranır. Buna görə də həmin hissələrdə təmizləmə işləri hər il aparılır.

Kanallarda suyun maneəsiz və itkisiz axması üçün idarənin istismar tədbirlə­ri planına uyğun olaraq lildən təmizləmə işləri aparılır. Hesabat dövründə bu plana əsaslanaraq 25 kanalda 156 min kubmetr ekskavatorla və 62 min kubmetr buldozer­lə 112 kilometr lildən təmizlənib. 

Cari il güclü yağışlar səbəbindən çay­larda su sərfi orta illik göstəricidən 10-15 dəfə çox olub. Bu da ətraf ərazilər üçün sel və daşqın təhlükəsi yaranmasını şərtləndi­rib. Qala çayda tez-tez su sərfi kəskin artıb. Nəticədə çay yatağı güclü suların gətirdiyi daş-qum və digər kütlələrlə dolub. Xaçmaz kəndinin cənub-qərbi hissəsində həyətya­nı sahələrin, bağların və kənd ərazisində yerləşən “Aqroinkişaf 2017” MMC-yə məxsus qoz bağının su basması təhlükəsi yaranıb. Çayın sol qolu olan Sincançayda su sərfi orta illik göstəricidən bir neçə dəfə artıb. Bu da Sincan kəndinin Orta məhəllə adlanan hissəsindəki həyətyanı sahələri su basması təhlükəsi ilə üzləşdirib. Buna görə də həmin ərazilərdə mexanizmlər vasitəsi ilə çay məcrasının tənzimlənməsi və sahil bərkitmə işləri görülüb. 

İdarə suvarma ilə yanaşı, rayon əra­zisindəki yaşayış məntəqələrini və əkin sahələrinin sel və daşqın sularından müha­fizəsini də təşkil edir. Bu məqsədlə istismar tədbirləri planına uyğun olaraq çaylarda mexanizmlərlə çay məcrasının tənzimlən­məsi, daş-beton bəndlərinin təmiri işlərini həyata keçirir.

Xal-xalçayda Xal-xal, Xal-xal ışlaq, Ərmənət kəndlərinin mühafizəsi məqsədi ilə mexanizmlərlə çay məcrasının tənzim­lənməsi işləri hazırda da davam etdirilir. 

Türyan çayda yatağın dolması və bu səbəbdən də Mollalı kəndinin mühafizəsi üçün keçən ilin sentyabr-dekabr aylarında görülmüş məcra tənzimlənməsi işləri za­manı qurulmuş torpaq dambaların bir his­səsi çay suları tərəfindən yuyulub aparılıb. Təhlükənin qarşısının alınması məqsədilə ərazidə mexanizimlərlə məcra tənzimlən­məsi işləri görülüb. 

Bundan başqa, yerli əhalinin Ağçay adlandırdığı Nazar çayının kənd ərazisin­dən keçən ayrı-ayrı hissələrində kənd sa­kinlərinə məxsus olan çayətrafı həyətyanı və bağ sahələrinin daşqın təhlükəsindən mühafizəsi məqsədilə mexanizimlərlə çay məcrasının tənzimlənməsi işləri görülüb.

Oğuz çayında yaranmış daşqın Oğuz şəhərinin şimal hissəsindəki istirahət mərkəzlərini sel basması təhlükəsi ilə üz­ləşdirib, bəzi yerlərdə yollar yuyularaq da­ğılıb, bir necə ağac yıxılıb. Mexanizmlər vasitəsilə çayda məcratənzimlənmə işləri aparılaraq yaranmış təhlükəli vəziyyət ara­dan qaldırılıb. Daşağıl çayda da su sərfinin kəskin artması nəticəsində yataq dolub. Muxas kəndinin əkin sahələrinin mühafizə­si məqsədilə 2023-cü ilin oktyabr-dekabr aylarında görülmüş məcra tənzimlənməsi işləri zamanı qurulmuş torpaq dambaların bir hissəsini çay suları yuyub aparıb. Əkin sahələri üçün sel və daşqın təhlükəsi yara­nıb. Bunun qarşısının alınması məqsədilə ərazidə tez bir vaxtda mexanizimlərlə məc­ra tənzimlənməsi işləri görülüb və bu işlər hazırda da davam etdirilir. 

Bu il idarənin əsaslı təmir planına əsasən, 2 subartezian quyusunun əsaslı təmiri üçün layihə-smeta sənədlərinin ha­zırlanması, 3-nün əsaslı təmiri planlaşdırı­lıb. Bunlardan biri artıq əsaslı təmir edilib. Bundan əlavə, Həsənbəy kanalının 1660 metr hissəsinin beton üzlüyə alınması işi planlaşdırılıb. 

İlqar HƏSƏNOV,
XQ-nin bölgə müxbiri



İqtisadiyyat