Dost və müttəfiq ölkələr olan Azərbaycanla Özbəkistan arasında iqtisadi sahədə əməkdaşlıq əlaqələri getdikcə güclənir. Yaxın vaxtlarda iki ölkə ayrıca nəqliyyat-logistika dəhlizləri sistemini formalaşdırmaq niyyətindədir. Bu məqsədlə Özbəkistan Bakı Dəniz Ticarəti Limanının ərazisində terminal tikməyi planlaşdırır.
Bu barədə Özbəkistan Prezidenti yanında Strateji və Regionlararası Araşdırmalar İnstitutunun şöbə müdiri Bəhrom Sotiboldiyev mətbuata açıqlamasında məlumat verib. O deyib ki, Özbəkistan Azərbaycanın mövcud infrastrukturu vasitəsilə daşımaları fəal şəkildə artırır. “Hazırda ölkələrimiz bu vəzifəni öz iqtisadiyyatlarının inkişafı üçün mühüm amil kimi qiymətləndirirlər. Bunu nəzərə alaraq nəqliyyat kommunikasiyalarının inkişafı sahəsində praktiki əməkdaşlığın genişləndirilməsi Özbəkistan–Azərbaycan qarşılıqlı fəaliyyətinin gündəliyində getdikcə daha prioritet yer tutmağa başlayır, – deyə şöbə müdiri əlavə edib.
Ölkəsinin İnvestisiya, Sənaye və Ticarət Nazirliyinin bununla bağlı proqnozlarını xatırladan B.Sotiboldiyev bildirib ki, 2024-cü ildə bu istiqamətdə 1 milyon tondan çox Özbəkistan yükü daşınacaq. Özbəkistanın Bakı–Tbilisi–Qars (BTQ) dəmir yolunun imkanlarından dinamik şəkildə istifadə etdiyini xatırladan şöbə müdirinin sözlərinə görə, hazırda ölkəsi sözügedən nəqliyyat marşrutunun hərtərəfli modernləşdirilməsinin bu yaxınlarda yekunlaşmasını və ötürmə qabiliyyətinin ildə 5 milyon tona çatdırılmasını nəzərə alaraq tədarükün artırılmasını gözləyir.
Yaxın gələcəkdə Bakı Beynəlxalq Dəniz Ticarət Limanı vasitəsilə yükdaşımalarının artırılmasının perspektivli göründüyünü vurğulayan şöbə müdiri deyib ki, Özbəkistan burada anbar infrastrukturu yaratmaq və ayrıca terminal tikmək niyyətindədir. Bununla yanaşı, Azərbaycan tərəfi ilə gəmiqayırma və gəmiçilik sahəsində birgə layihələrin həyata keçirilməsinə dair danışıqlar da aparılır. “Asiyadan Avropaya ən qısa quru yolunun təmin edilməsi məqsədlərinə nail olmaq baxımından Özbəkistan və Azərbaycan öz tranzit potensialından qarşılıqlı faydalı istifadəyə yönəlib. Daşkənd öz logistik imkanlarını genişləndirdikcə Azərbaycanın infrastrukturu vasitəsilə yükdaşımaları artırmağa çalışır. Öz növbəsində, Bakı da planlaşdırılan Çin–Qırğızıstan–Özbəkistan dəmir yolu xəttinin Xəzər dənizinə qədər uzadılmasında maraqlıdır”, – deyə B.Sotiboldiyev bildirib.
Yeri gəlmişkən, Çin–Qırğızıstan–Özbəkistan dəmir yolunun çəkilməsi ilə bağlı layihə 2022-ci ilin sentyabr ayında həyata vəsiqə alıb. Həmin vaxt Şanxay Əməkdaşlıq Təşkilatının Səmərqənd şəhərində keçirilən zirvə görüşündə Çin, Qırğızıstan və Özbəkistan arasında dəmir yolunun çəkilməsi haqqında saziş imzalanıb. Ümumi uzunluğu 454 kilometr olan yolun 18 stansiya, 81 körpü və 41 tuneldən ibarət olması nəzərdə tutulub. Ekspertlərin fikrincə, Çin–Qırğızıstan–Özbəkistan dəmir yolu layihəsinin uğurlu sonluğu həm də bu infrastrukturun Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinə qoşulması ilə bağlı olacaq. Başqa sözlə, bu layihə “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində yükdaşımaların həyata keçirilməsi üçün nəzərdə tutulan Orta Dəhliz marşrutlarından biri kimi fəaliyyət göstərəcək.
Qeyd edək ki, son illər səmərəli fəaliyyəti ilə diqqət çəkən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutuna (Orta Dəhliz) maraq getdikcə artır. Orta Dəhlizin funksionallığının artmasında yeni platformada birləşən Özbəkistan da artıq Orta Dəhlizin fəaliyyətindən yararlanmaq niyyətindədir. Bu məqsədlə yaxın illərdə Çin–Qırğızıstan–Özbəkistan dəmir yolunun bu dəhlizə birləşdirilməsi nəzərdə tutulur. Bununla da, Özbəkistanın Azərbaycanla, eləcə də Avropa ölkələri ilə iqtisadi əlaqələri xeyli güclənəcək.
Hazırda Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun fəal iştirakçısına çevrilmiş Azərbaycan Orta Dəhlizin funksionallığının artırılmasına mühüm töhfələr verir. Təkcə onu qeyd etmək kifayətdir ki, son 20 ildən artıq bir müddətdə ölkəmiz nəqliyyat sektoruna böyük həcmlərdə investisiyalar yönəldərək öz ərazisində müasir yol-logistika infrastrukturu qurmağa nail olub. Bu baxımdan Özbəkistanın da xüsusi maraq göstərdiyi Bakı Dəniz Ticarəti Limanı müstəsna rol oynayır. Hazırda Ələt qəsəbəsində yerləşən bu limanın ötürücülük imkanlarının ildə 15 milyon tondan 25 milyon tona və 100 min konteynerdən 1 milyon konteynerə qədər artırılması ilə bağlı layihə icra olunur. Bununla yanaşı, Azərbaycan Xəzərdə ən böyük dəniz donanmasına malikdir. Ölkəmizin dünyanın gəmi istehsal edən dövlətinə çevrilməsi isə bu imkanları qat-qat artırır.
Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2024-cü ilin yanvar-iyun aylarında Azərbaycanda dəniz nəqliyyatı ilə 1 milyon 435 min 665 ton yük daşınıb. Bu da ötən ilin eyni dövrünə nisbətən bir qədər çoxdur. Altı ayda dəniz nəqliyyatı ilə ixrac olunan yüklərin həcmi 41 min 626 ton (əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 8,4 faiz çox), idxal yüklərinin həcmi isə 1 milyon 394 min 39 ton (0,1 faiz az) təşkil edib.
Bununla yanaşı, hazırda Özbəkistan BTQ dəmir yolundan istifadəni də diqqətdə saxlayır. Orta Dəhlizin əsas seqmentlərindən olan beynəlxalq əhəmiyyətli polad magistral dost ölkənin məhsullarının dünya bazarına çıxarılmasında əhəmiyyətli rol oynayır. Bu məsələ Dünya İqtisadiyyatı və Diplomatiya Universitetinin Qabaqcıl Beynəlxalq Araşdırmalar İnstitutunun elmi işçisi, “Bilim Karvoni” qeyri-hökumət elmi müəssisəsinin eksperti Nərgiz Umarovanın “Nəqliyyat kommunikasiyaları sahəsində türk tərəfdaşlığının gücləndirilməsində Özbəkistanın rolu” adlı məqaləsində də geniş əksini tapıb.
Ölkələrimiz arasında nəqliyyat və beynəlxalq yükdaşımalar sahəsində uğurlu əməkdaşlığa yer ayıran ekspert bildirir ki, ötən illər ərzində Özbəkistan iki strateji əhəmiyyətli nəqliyyat arteriyası – Transxəzər və Transqafqaz dəhlizləri arasında birləşdirici halqa rolunu oynayan Cənubi Qafqaz regionunun ən böyük iqtisadiyyatı olan Azərbaycanla sıx dialoq qurub. Məqalədə Azərbaycanla ikitərəfli dialoqda yerli məhsulların dünya bazarlarına çıxışını təmin edən Bakı–Tbilisi–Qars dəmir yolundan səmərəli istifadəyə xüsusi maraq göstərildiyi vurğulanır.
Müəllif onu da qeyd edir ki, Azərbaycan Mərkəzi Asiya ilə Qafqazı birləşdirən nəqliyyat marşrutlarının əsas halqasına çevrilən Bakı Beynəlxalq Ticarət Limanının imkanlarını da artırır. Ələt limanı vasitəsilə yükdaşımaların müsbət dinamikasını qismən Özbəkistan və Azərbaycan arasında ticarətin intensivləşməsi ilə əlaqələndirən məqalə müəllifi 2016-cı ildən bəri iki ölkə arasında ticarət dövriyyəsinin 10 dəfədən çox artdığına diqqət çəkir. Onun sözlərinə görə, qarşıdakı beş il ərzində bu rəqəmin 1 milyard dollara çatdırılması nəzərdə tutulur.