Yeni təxribatlar İrəvana baha başa gələcək

post-img

Azərbaycan torpaqlarının işğal altında olduğu dövrdə burada mövcud olmuş separatçı xunta rejiminin yaranmasının “ildönümü” (sentyabr ayının 2-si) yaxınlaşdıqca, İrəvandan ölkəmizə qarşı ərazi iddiaları ilə bağlı cəfəng fikirlər səslənməkdədir. Hiss olunur ki, rejimin Ermənistan paytaxtına sığınmış tör-töküntüləri, eləcə də onlara “züy tutanlar” bu hadisəni geniş qeyd etmək istəyirlər.

Hazırda separatçı çıxışçıla­rın başında erməni apostol kil­səsinin Tavuş yeparxiyasının rəhbəri, arxiyepiskop Baqrat Qalstanyan dayanır. Onun canfə­şanlığı dərhal nəzərə çarpır. Hələ bir müddət öncə sentyabrdan genişmiqyaslı etiraz aksiyaları­na başlayacaqlarını bəyan edən “Müqəddəs mübarizə” adlı hərə­katın rəhbəri, deyəsən, keçmiş qondarma rejimin “ildönümü”n­dən yenidən siyasi meydana atıl­maq üçün tramplin kimi istifadə etmək istəyir.

Hər halda, revanşist hərəkatın lideri in­sanları mifik “Artsaxın müstəqillik günü”­nü qeyd etmək üçün Qarabağdakı keçmiş qeyri-qanuni separatçı xuntanın İrəvandakı “nümayəndəliyi” önünə toplaşmağa çağır­maqla öz varlığını ortaya qoyub. Görünür, hakimiyyət dəyişikliyinə gətirib çıxarma­yan etirazlar silsiləsi qalmaqallı “din xa­dimi”ni Ermənistan əhalisi arasında yeni narazılıq dalğası yaratmaq istəyindən çə­kindirməyib.

Qeyd edək ki, B.Qalstanyan Nikol Pa­şinyan iqtidarının 2024-cü il aprelin 19-da Qazax rayonunun işğal altında olan 4 kəndinin qaytarılmasına razılaşmasından sonra etirazlara başlamış və mayın 4-9-da revanşistlərin Tavuşdan İrəvana yürüşünə rəhbərlik etmişdi. Mayın 9-da keçirdikləri mitinqdə öz gücünü düzgün qiymətləndir­məyən Baqrat Hayastan baş nazirinə istefa vermək üçün bir saat vaxt vermiş və nəti­cədə gülüş obyektinə çevrilmişdi. İndi isə cizgi filmi personajına bənzəyən bu varlıq özünü “erməni milli kimliyinin xilaskarı” kimi qələmə verərək, cəmiyyətin diqqətini öz şəxsiyyətinə cəlb etməyə çalışır.

İrəvandakı İnsan inkişafı üzrə bey­nəlxalq mərkəzin icraçı direktoru Tevan Poqosyan isə bütün hayları “Artsax res­publikası”nın Hayastan nümayəndəliyinə axın etməyə çağırıb. O, ümid etdiyini bil­dirib ki, həmin gün ora minlərlə erməni axın edəcək və “Artsax” bir daha ermə­nilərin milli birliyini möhkəmləndirməsi­nin başlanğıcı olacaq.

Əlbəttə, istər Qalstanyanla, istər Poqosyanla, istərsə də digər revanşistlərlə bağlı məsələ aydındır. Aydın olmayan bir tərəfdən, Azərbaycanla sülh və dövlətlə­rarası münasibətlərin qurulması haqqın­da ikitərəfli saziş layihəsi üzrə danışıqlar aparan, digər tərəfdən separatçılara, necə deyərlər, qucaq açan Ermənistan hakimiy­yətinin ikibaşlı mövqeyidir. Təbii suallar yaranır: Qarabağdakı keçmiş separatçı reji­min “ofisi” İrəvanda niyə hələ də fəaliyyət göstərir? Əgər Paşinyan iqtidarı, həqiqətən də, Azərbaycanın ərazi bütövlüyünü və su­verenliyini tanıyırsa, o zaman bu “ofis”in fəaliyyətini davam etdirməsinin anlamı nədir?

Əlbəttə, suallar ritorikdir. Biz onların cavabını çox yaxşı bilirik. Faktlar açıq şəkildə göstərir ki, Ermənistan Azərbay­canın ərazi bütövlüyünü sözdə tanıyır. Reallıqda isə Hayastan hələ də torpaqla­rımıza iddialıdır. Bu, Ermənistanın Azər­baycana qarşı ərazi iddialarına əsas verən müstəqillik bəyannaməsinə istinadın yer aldığı konstitusiyasına yenidən baxılması­na təşəbbüs göstərməyə cəhd etməyən baş nazir Paşinyanın hərəkətlərinin məntiqinə də uyğundur. Rəsmi İrəvan konstitusiya­ya düzəliş etməyə tələsmir və bunun sırf daxili məsələ olduğunu vurğulayır. Bu ya­naşma göstərir ki, Ermənistan rəhbərliyi Azərbaycanla sülh və dövlətlərarası mü­nasibətlərin qurulması haqqında ikitərəfli sazişi imzalamaqda maraqlı deyil. Yəqin ki, danışıqları tam dalana dirənənə qədər uzatmaq niyyətindədir. Halbuki, İrəvan­dakı separatçı tör-töküntülərin “ofisinin” bağlanması Cənubi Qafqazda sülh gündə­liyinin təşviqində mühüm addım ola bilər. Ancaq göründüyü kimi, bu, rəsmi İrəvanın planlarına daxil deyil.

Əksinə, Ermənistan aktiv şəkildə Fran­sa və Hindistandan silah-sursat alır. Məlu­mata görə, bu yaxınlarda ölkəyə xaricdə istehsal olunmuş xeyli miqdarda silahlar daxil olub. Bu isə hərbiləşdirmənin və Azərbaycanla yeni potensial münaqişəyə hazırlığın Ermənistanın dövlət siyasətinin prioritetləri olaraq qaldığını açıq şəkildə göstərir. Digər tərəfdən, bədnam Amerika Erməni Milli Komitəsinin (ANCA) təşəb­büsü ilə sentyabrın 19-da erməni lobbiçilə­rin çoxluq təşkil etdiyi ABŞ Konqresində lokal xarakterli antiterror tədbirlərinin bi­rinci ildönümü ilə bağlı tədbir keçiriləcək. ANCA-nın icraçı direktoru Aram Ambar­yanın sözlərinə görə, onlar Amerikanın hər yerindən Vaşinqtona ona görə toplaşırlar ki, Azərbaycana hərbi yardıma qanunveri­cilik yolu ilə qadağa qoyulsun və ölkəmizə sanksiyalar tətbiq etməklə bizi məsuliyyətə cəlb etsinlər. O qeyd etmişdi ki, Vaşinqton BMT Təhlükəsizlik Şurasının “Artsax”ın yerli ermənilərinin beynəlxalq himayəyə alınmasını tələb edən qətnaməsinin icrası­na rəhbərlik etməklə bu prosesi geri qayta­ra bilər və qaytarmalıdır.

Ermənistanda revanşistlərin və xa­ricdəki erməni diasporunun fəallaşması, ölkənin sürətlə hərbiləşdirilməsi, Fransa və ABŞ-nin təhrikedici addımları, Paşinyan iqtidarının separatçı rejimin ofisini bağla­maqdan imtina etməsi və konstitusiyaya dəyişiklik etmək istəməməsi kimi faktlar İrəvanın qisas ideyasına möhkəm qapıldı­ğından xəbər verir.

Ancaq qarşı tərəf anlamalıdır ki, bu mənfur ideya Ermənistanı indiyədək üzləş­mədiyi ən böyük fəlakətə sürükləyə bilər. Ermənistan tərəfinin düşünməyə vaxtı get­dikcə azalır. Onlar bilməlidirlər ki, hətta, sutkanın qaranlıq vaxtında belə gördükləri heç bir iş gizli qalmır. Yüksək texnologiya­ların mövcud olduğu, peyklə hər şeyə nə­zarət edildiyi müasir dünyada bütün gizli işlər çox tez aşkara çıxır.

Prezident İlham Əliyevin avqustun 30-da Azərbaycan–Türkiyə parlament­lərarası dostluq qrupunun rəhbəri Şamil Ayrımın başçılıq etdiyi Türkiyə Böyük Millət Məclisinin üzvlərindən ibarət nü­mayəndə heyətini qəbul edərkən səslən­dirdiyi fikirlər Ermənistan tərəfinə ciddi xəbərdarlıq olmalıdır. Regional vəziyyətə toxunan Prezident İlham Əliyev deyib ki, Azərbaycan bölgədə davamlı sülhün təmin olunmasının tərəfdarıdır. Dövləti­mizin başçısı vurğulayıb ki, bunun üçün özünün artıq dəfələrlə qeyd etdiyi kimi, Ermənistan konstitusiyasında Azərbay­cana qarşı ərazi iddiaları aradan qaldırıl­malıdır və konstitusiya dəyişdirilməlidir. Azərbaycan Prezidenti qeyd edib ki, ar­tıq keçmişin qalığı olan ATƏT-in Minsk qrupu və onunla əlaqədar olan təsisatlar tamamilə ləğv edilməlidir. Cənab İlham Əliyev Minsk qrupunun ləğv edilməmə­si ilə bağlı Ermənistanın mövqeyinin heç bir halda başadüşülən olmadığını deyib. Çünki əgər münaqişə keçmişdə qalıbsa və Ermənistan baş naziri Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini ifadə edirsə, onda keçmişin qalığı olan Minsk qrupunun saxlanmasına nə ehtiyac var?! Dövlətimizin başçısı deyib ki, görünür, Ermənistan sülh müqaviləsində və region­da davamlı sülhün əldə edilməsində ma­raqlı deyil. Ermənistan qəsdən vaxt uza­dır, Fransadan, digər Qərb ölkələrindən və başqa tərəflərdən yeni silahlar alır, öz ərazisində üçüncü tərəflərlə hərbi təlimlər keçirir.

Zənnimizcə, Ermənistan, nəhayət, əsl niyyətini ortaya qoymalıdır. Ya Azər­baycanla sülh istiqamətində ciddi hərəkət etməli, ya da danışıqların imitasiya ilə məşğul olmamalıdır. Onu da bildirək ki, qondarma “dqr” 1991-ci il sentyabrın 2-də keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti və ona bitişik Şaumyan rayonunun sərhədləri daxilində yaradılmışdı. Daha sonra ölkə­mizin keçmiş DQMV-yə heç bir aidiyyəti olmayan 7 rayonu (Ağdam, Füzuli, Cəbra­yıl, Zəngilan, Qubadlı, Laçın və Kəlbəcər) Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunaraq qondarma “respublika”ya birləşdirilmişdi. Ermənistanın hərtərəfli dəstəklədiyi rejim ətraf 7 rayondan bufer zonası, təhlükəsizlik zolağı kimi istifadə edirdi. 2023-cü il sentyabrın 19-20-də ke­çirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində ərazilərimizdə 32 il mövcud olmuş qanunsuz rejim süqut etdi. Onun sonuncu başçısı Samvel Şahramanyan sentyabrın 28-də rejimin 2024-cü il yanva­rın 1-dək mövcudluğuna xitam verilməsi haqqında “fərman” imzaladı.

Elə antiterror tədbirlərinin keçirilmə­sinə əsas yaradan hallardan biri də Ermə­nistanın atdığı bəzi addımlar idi. N.Pa­şinyan 2022-ci il oktyabrın 6-da Praqada “Avropa Siyasi Birliyi” zirvə toplantısı çərçivəsində keçirilmiş dördtərəfli görüşdə Azərbaycanın ərazi bütövlüyünü və suve­renliyini tanıdığını bəyan etsə də, 2023-cü il sentyabrın 2-də qondarma “Dağlıq Qarabağın müstəqillik bəyannaməsi”nin ildönümü ilə əlaqədar rejimə təbrik mək­tubu ünvanlamışdı. 2023-cü il sentyabrın 9-da isə Qarabağ iqtisadi rayonunun həmin hissəsində qondarma “prezident seçkiləri” keçirilmişdi. Bütün bunlar Azərbaycanın səbrini daşırdı və nəticədə lokal xarakterli antiterror tədbirləri baş verdi. Bu baxım­dan Ermənistan məsələnin ölkəmiz üçün həssaslıq dərəcəsini anlamalı və növbəti təxribatlardan çəkinməlidir. Çünki bu təx­ribatlar ona baha başa gələ bilər. İrəvan ötən illərdə yol verdiyi təxribatların acı nə­ticəsini unutmamalıdır...

Səxavət HƏMİD
XQ



Siyasət