Rusiyanın mövqeyi və üçtərəfli bəyanatın məntiqi
Prezident Vladimir Putinin ölkəmizə səfəri əsnasında Moskva bəyan etdi ki, Bakı-İrəvan münasibətlərinin nizamlanması baxımından əsas mənbə Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli bəyanatlarıdır. Bu barədə Putin özü də söz açdı. Bu bəyanatlarda isə Qarabağın erməni əhalisi barədə heç nə yoxdur. Yəni, sənədlərdəki hansısa müddəa onları ayrıca təbəqə kimi görməyə imkan vermir.
Ancaq neçə vaxtdır Ermənistan hakimiyyəti və ona yaxın dairələr Qarabağ erməniləri və “Azərbaycan tərəfindən həyata keçirilən etnik təmizləmə” mövzularını tirajlayırlar. Bu məsələdə Moskvaya qarşı ittihamlara gəldikdə, onlar əvvəl də olub və indi də var. İttihamla üzləşən Rusiyanın dövlət təmsilçilərindən biri də ölkənin Xarici İşlər Naziriliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovadır.
Əvvəlcə onu bildirək ki, Ermənistan iqtidarının üçtərəfli bəyanat məntiqindən uzaqlaşdığına şübhə yoxdur. Bununla bağlı ona, yumşaq desək, müxtəlif iradlar bildirilib. O cümlədən, Rusiya da narazılığını dəfələrlə ifadə edib. Ancaq iki maraqlı məqam var. Birincisi, İrəvan rəsmi şəkildə üçtərəfli bəyanatlardan imtina etməyib. İkincisi, Moskva hələ də ümidlidir ki, erməni iqtidarı həmin sənədlər üzərinə qayıdacaq.
Mariya Zaxarovanın ənənəvi brifinq zamanı mövzuya dair bildirdiklərində də iki mühüm məqam var. Əvvəla, hiss olunur ki, Kreml üçtərəfli bəyanat məsələsində İrəvanı sıxır və ondan müsbət, yaxud mənfi yönümlü hansısa cavab almaq istəyir. Digər tərəfdən, Moskvada ermənilərin nazı ilə oynamaq limitinin tükəndiyi də görünür. Vəziyyət qarışıqdır. Yəni, həm ümid var, həm də limit tükənib, habelə əsəblər tarıma çəkilib.
M.Zaxarova üçtərəfli bəyanatlardan uzaqlaşmağın təhlükəliliyi amilini qabardır. Deməli, Kreml öz egidasından kənar heç bir həll variantını qəbul etməyəcək. Bu məqamda erməni jurnalistin xanım sözçüyə sualı təxminən belədir: “Siz öz danışdığınıza inanırsınız? Başqa sözlə desək, Rusiya hələ də üçtərəfli bəyanatların etibarlılığı qənaətindədir?”
Zaxarovanın cavabı: “Bəli, biz Rusiya, Ermənistan və Azərbaycan liderlərinin həmin dövrdə əldə olunmuş üçtərəfli razılaşmalarından çıxış edirik. 2020-ci ildən 2022-ci ilə qədər olan bu bəyanatlar Ermənistan–Azərbaycan barışığının əsasını təşkil edəcək. İnanırıq ki, bunun alternativi yoxdur”.
Ümumən, diqqətə çatdırdıqlarımız həm də Zaxarova ilə erməni jurnalistlər arasında gərginləşən epizodlardır. Yeri gəlmişkən, son aylar belə epizodların sayı çoxalıb. Hiss olunur ki, erməni jurnalistlər həm üçtərəfli bəyanat məntiqini, həm də ümumən əsl mahiyyəti anlamır, yaxud anlamaq istəmir və sualları ilə Zaxarovanın timsalında Rusiyanın Ermənistana qarşı haqsız davrandığı təəssüratı formalaşdırmaq məqsədi güdürlər.
Əvvəldə də vurğuladığımız kimi, Moskva Qarabağ erməniləri və “Azərbaycan tərəfindən həyata keçirilən etnik təmizləmə” mövzuları üzrə də haqsız davranmaqda ittiham olunur. Məsələn, erməni media təmsilçiləri Zaxarovadan Moskvanın “Azərbaycanın Qarabağda apardığı etnik təmizləmədən” sonra 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatı etibarlı hesab edib-etmədiyini soruşurlar. Nəzərə alsaq ki, Ermənistan hakimiyyəti və onun Qərbdəki havadarları haqqında bəhs etdiyimiz “etnik təmizləmə” şousu ətrafında ajiotajı artırıblar, əslində, Zaxarovaya da mövcud xüsusda qıcıqlandırıcı sualın ünvanlanacağını proqnozlaşdırmaq mümkün idi.
M.Zaxarovanın cavabları erməni ictimai rəyini əməlli-başlı əsəbləşdirib. Rusiya rəsmisi məsələnin artıq neçənci dəfədir gündəmə gəldiyini xatırladıb. O deyib ki, etnik təmizləmə xüsusunda heç bir fakt yoxdur: “Yaxşı, bilirsiniz, etnik təmizləmə ilə bağlı mövzunu artıq müzakirə etmişik. Hörmətli beynəlxalq təşkilatlar bu məsələyə dair hansısa nəticəyə gəliblər? Altı ay əvvəl biz bunu müzakirə edəndə belə, etnik təmizləmə ilə bağlı beynəlxalq təşkilatların və ya beynəlxalq təşkilatda çalışan ekspertlərin qələmindən çıxan bir qərar və ya bir qiymət mənə verə bilmədiniz. Əgər varsa, mənimlə paylaşın”.
Bəli, Zaxarovanın cavabları onu da deməyə əsas verir ki, Qarabağ ermənilərinin qayıdışını istəməyən Ermənistan hakimiyyətidir. Xatırladaq ki, bir müddət əvvəl baş nazir Nikol Paşinyan məsələ ilə bağlı söz açarkən, indiki durumda geri dönüşün mümkünsüzlüyünü vurğulamışdı. Axı rəsmi İrəvanın tələbi var: Qarabağ ermənilərinə beynəlxalq təhlükəsizlik təminatı verilsin. Elə bir təminat ki, onları imtiyazlı təbəqə kimi göstərsin, beləliklə Azərbaycan yurisdiksiyası heçə sayılsın və gələcəkdə bölgə ilə əlaqədar iddialar irəli sürmək üçün tutacaq yer olsun.
M.Zaxarova bunları bildirməsə də, onun məsələ ilə əlaqədar N.Paşinyanın mövqeyi üzərində dayandığı aydındır: “Nikol Paşinyan bunu necə görür? Bunun üçün ətraflı proqram varmı? Məsələn, mən Azərbaycanın əhalinin qaytarılması təklifi ilə yayımladığı proqramı görmüşəm. Siz bunu başqa cür adlandıra bilərsiniz. Belə bir proqramı Azərbaycan tərəfi təqdim etdi. Əgər Ermənistanın baş nazirinin tərtib etdiyi hansısa proqram varsa, mən də ona baxıb, sonra şərh verməkdən məmnun olaram. Niyə başqa dövlətin nümayəndəsindən soruşursunuz ki, biz bunu necə görəcəyik?”
M.Zaxarova bir yandan başqa dövlətin təmsilçisi kimi, Qarabağın erməni əhalisinin bölgəyə qayıdışı məsələsində ona sual ünvanlanmasının düzgün olmadığını bildirir, digər tərəfdən isə bütün problemlərin üçtərəfli bəyanatlar xüsusunda həllinin mümkünlüyü üzərinə qayıdır. Düşünülə bilər ki, yanaşmada təzad var. Əslində isə Rusiya XİN-in təmsilçisi detalları deyil, ümumilikdə, prosesi əsas götürmənin tərəfdarıdır. Dolayısı ilə o, erməni jurnalistləri boş-boş danışıqlardan uzaq durmağa, vəziyyəti düzgün qiymətləndirməyə çağırır. Necə də çağırmasın. Axı, vaxtilə həmin Rusiyanın Qarabağdakı sülhməramlıları idi bölgə erməniləri üçün hər şeyi edən. Hələ separatçılara silah-sursat daşınmasına göz yumulmasını bir kənara qoyuruq. Ermənistanda buna qiymət verildimi? Xeyr! Deməli, indi Qarabağın erməni əhalisi ilə bağlı Moskvaya yönələn mənəvi məsələlərin qabardılması mənasızdır. Həmin əhalinin bölgəyə qayıtmaması kimi, ərazidən çıxmasını da istəyən Ermənistan hakimiyyəti olub. Paşinyan iqtidarı Qarabağ avantürasının davamını Rusiyada deyil, Qərbdə görməyi üstün tutmuşdu və yenə eyni mövqeyindədir. Zaxarova bunu diplomatik tərzdə bildirir və bütün məsələlərin bir-biri ilə bağlılığı amilini qabardır: “Biz tərəfləri bu problemin həllinə təşviq edirik. Lakin başa düşdüyünüz kimi, aktual məsələlər üzrə əldə edilmiş razılaşmaları həyata keçirmədən bunu etmək, yəqin ki, kifayət qədər çətindir”.
Ə.RÜSTƏMOV
XQ