“Xocalı” gəmisi Kanadadan Çinə doğru səmt götürüb

post-img

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin (ASCO) “handysize” tipli “Xocalı” quru-yük gəmisi növbəti səfərinə çıxıb. ASCO-dan verilən məlumata görə, gəmi bu dəfə 30 min tona yaxın taxtanı Kanadadan Çinə və Yaponiyaya çatdıracaq. Gəminin 17 gün ərzində Çin limanına çatması gözlənilir.

Azərbaycan bayrağı altında üzən gəmi Kanadanın Nanaimo və Styuart limanla­rından yükünü qəbul edərək 113 kilometr­lik uzunluğu olan Böyük Ber çayından hərəkətə başlayıb. Daha sonra gəmi Sakit okeanı keçərək əvvəlcə Çinin Lanşan lima­nına, oradan isə Yaponiyanın Matsuyama limanına gedəcək.

Qeyd edək ki, ümumilikdə, 38 min 593 ton yükgötürmə imkanına malik olan “Xo­calı” gəmisinin uzunluğu 180 metr, eni 30 metr, bortunun hündürlüyü 15 metr, suya oturumu 10,47 metr, maksimum sürəti isə 15,7 knotdur. Gəminin suya oturum xüsu­siyyəti onun maksimum yük götürməklə bir çox dayaz limanlara da rahatlıqla daxil olmasına imkan verir.

İqtisadiyyat