ABŞ Konqresində hayların “özfəaliyyət dərnəyi”

post-img

Bəzi konqresmen və senatorlar Menendezin aqibətini təkrarlamağa namizəddirlər

Həm Ermənistanda, həm də okeanın o tayında keçmiş Qarabağ separatçılarının fəaliyyəti gündəmdən düşmür. Hayastan paytaxtında tarixin arxivinə göndərilmiş “artsax”ın “nümayəndəliyi” hələ də fəaliyyət göstərir. Bütün bunlar ondan xəbər verir ki, Paşinyan hakimiyyəti revanşist ideyalarından, işğalçı siyasətindən əl çəkmək niyyətində deyil. 

Hər şeyin səbəbi olduğu kimi, bu “özfəa­liyyətin” də təşkilatçıları, dəstəkçiləri, ilham­verici qüvvələri var. Kollektiv Qərbin şirin vədlərinə inanan, başı sığallanan İrəvanın Avropa Sülh Fondundan aldığı 10 milyon av­rodan, ABŞ-la birgə hərbi təlimlərdən şirnik­ləndiyi göz qabağındadır. 

ABŞ-nin və Avropa İttifaqının fəaliyyətinin ermənipərəst xarakter daşıdığını, onların sülhə dəstək pərdəsi altında atdıqları hərbi-siyasi addımların regionda bölücü xətlər yaratmaq si­yasətinə xidmət etdiyini yaxşı bilirik. 2020-ci ildə 44 günlük müharibədə qazanılan Zəfərə, 2023-cü ildə Qarabağda həyata keçirilən 23 saatlıq antiterror tədbirinə görə BMT-də Azər­baycana qarşı sanksiya tətbiq etmək planları iflasa uğrayandan sonra indi ABŞ Konqresində ölkəmizin ünvanına ittihamlar səslənməkdədir. Qeyd edək ki, ABŞ Konqresinin bəzi üzvləri­nin erməni lobbisinin tapşırığı ilə Azərbaycana qarşı başladıqları kampaniyada Dina Titusun “fəallığı” xüsusilə diqqət çəkir.

Erməni mediasının dünən tirajladığı xəbər okeanın o tayında yeni anti-Azərbaycan kam­paniyasına start verildiyinə işarədir. “Artsax” ermənilərinə “hücumdan” sonra Azərbaycan 90 hərbi əsir, o cümlədən bir çox yüksək rüt­bəli erməni məmurunu həbsdə saxlayıb iş­gəncə verməkdə davam edir”. Bu diplomatik “intibahnaməni” ABŞ Konqresinin Nümayən­dələr Palatasının üzvü Dina Titus özünün so­sial şəbəkə hesabında yazıb. Titus bəyan edir ki, Konqres beynəlxalq hüququ pozduğuna görə Azərbaycanın məsuliyyətə cəlb edilməsi, ölkəmizə qarşı sanksiyalara yenidən baxılması üçün qanun layihəsi qəbul etməlidir.

Müdriklər belə məqamda deyiblər: Adımı sənə qoyum, səni yana-yana qoyum. Bakının çoxdan bildiyi həqiqət odur ki, vaxtilə Qarabağ ermənilərinin tamhüquqlu vətəndaş kimi Azərbaycana reinteqrasiya­sına qarşı çıxan, regionda monoetnikliyi dəstəkləyən təkcə Ermənistan hökuməti deyil, həm də Konqresin məlum üzvləri idi. İndi Bakıdakı müvəqqəti təcridxana­da məhkəmələrini və cəzalarını gözləyən Xankəndidəki keçmiş separatçı-xunta rejiminin “məmurlarını”, əlləri vətəndaş­larımıza qarşı törətdikləri hərbi və mülki cinayətlərə bulaşmış quldurlarını “hərbi əsir” sayan konqresmen Titus köhnə ha­vaya oynamaqda davam edir. Azərbaycan özünün ərazi bütövlüyünü və suverenli­yini tam bərpa edərkən bir dinc sakinin burnunun qanamadığı, bir evin aynasının belə qırılmadığı, yalnız hərbi obyektlərə zərbələr endirildiyi bölgəyə dəvət olunmuş BMT mütəxəssislərindən ibarət iki qrupun hesabatında aydınca göstərilib. Bu, ermə­nipərəst konqresmen və senatorların xoşu­na gəlməmişdi. Ona görə səkkiz ay bundan əvvəl 66 konqresmen Nümayəndələr Pa­latasının Təxsisatlar Komitəsini Qarabağ­dan köçən ermənilərə 200 milyon dollar yardım ayırmağa, ABŞ-nin Ermənistana hərbi dəstəyini artırmağa, Azərbaycana bütün hərbi və təhlükəsizlik təsisatlarını dayandırmağa və azərbaycanlı “hərbi ci­nayətkarlara” qarşı sanksiyaların tətbiqinə baxmağa çağırmışdı. O vaxt ANKA-nın yaydığı məlumata görə, həmin məktub Nümayəndələr Palatasının alt komitəsinin sədri Mario Diaz-Ballarta və konqresmen Barbara Liyə göndərilmişdi.

* * * 

Məsələnin maraq doğuran tərəfi də var. Qısa araşdırmadan sonra məlum oldu ki, anti-Azərbaycan sənədini hazırlayan Konqresin Tom Lantos İnsan Hüquqları Komitəsi, habelə Tom Lantos Fondu 32 il bundan əvvəl – 1992-ci ildə “Azadlığı dəstəkləmə Aktı”na 907-ci düzəlişin təşəb­büskarı və müəllifləridir. Yəni, təsəvvür edin ki, üstündən otuz ildən çox keçmə­sinə baxmayaraq, həmin Lantoslar ailəsi­nin “xidmətlərindən” yararlanan erməni diasporu Azərbaycana qarşı açıq-aydın siyasi şantaja əl atır. O da üzə çıxdı ki, Ar­gentinanın zəngin iş adamı, “aviamaqnat” kimi tanınan Eduardo Ernekyanın başçılıq etdiyi Raul Vallenberq adına İnsan Hüquq­ları İnstitutu, eləcə də eyni adlı fond vahid şəbəkə halında hərəkət edərək, Azərbay­cana qarşı sanksiyaları təşviq edir, bey­nəlxalq hüquq və məhkəmə strukturlarında mütəşəkkil cinayətkar dəstə, “beynəlxalq hüquq mafiyası” kimi durmadan əleyhi­mizə işləyirlər. 

Deməli, erməni əsilli maqnat Ernekya­nın “sonsorluğundan” gen-bol yararlanan konqresmen və senator “çete”si ABŞ qa­nunverici orqanında hayların lobbiçiliyini həyata keçirir. Bu “özfəaliyyət dərnəyi”nin də ifşa ediləcəyi, üzvlərinin layiqli cəzala­rını alacaqları gün uzaqda deyil.

Diqqətimizi cəlb edən başqa bir fakt hay “züytutan”ı Dina Titusun yeddi ay əv­vəl 41 azərbaycanlı zabit, məmur və haki­min adını “sanksiya siyahısına” təklif edə­cəyi barədə açıqlamasıdır. Azərbaycanafob konqresmen bir qədər fikirləşib, siyahıya “44 azərbaycanlı məmurun” adını yazmış­dı. Bu isə təsadüfi deyildi. Yəqin, konqres­men 44 rəqəmi ilə 44 günlük müharibədə Azərbaycanın qələbəsinə işarə vururdu. O, bununla həm də erməni lobbisinin pulun­dan asılı olduğunu və nə yolla olursa-ol­sun, Azərbaycanı öz ərazi bütövlüyünü təmin etdiyi üçün “cəzalandırmağa” çalış­dığını ortaya qoyub.

Oxucuların yadına salaq ki, ermə­nipərəst konqresmenlərin atdığı addımlar İrəvandakı revanşist -separatçı ünsürlər və “artsax parlamenti” tərəfindən “min­nətdarlıq hissi” ilə qarşılanmışdı. Hər şeydən göründüyü kimi, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini təmin etməsi, bölgədə söz sahibinə çevrilməsi, sülh platformasında dominant tərəf olması Ermənistanın ABŞ-dakı havadarlarına heç cür rahatlıq vermir. Əgər belə olmasaydı, özünü “demokratiyanın beşiyi” sayan ABŞ bir ovuc erməninin əlində əsir-yesir olmaz, Kapitolidə qanun yazanların beynəlxalq hüquqa zidd addımlarının qarşısını alardı. 

* * *

Bu, ABŞ-dakı ermənipərpəst konq­resmen və senatorların ölkəmizə qarşı nə birinci, nə də axırınıcı qərəzli davranışıdır. Bundan əvvəl də hayların yalanlarla və pulla zombiləşdirdiyi qaragüruh Konq­resdə Azərbaycanın əleyhinə müxtəlif layihələrin qəbul edilməsinə çalışıb. Bir müddət bundan öncə konqresmen Adam Şiffin 47 tərəfdarı ilə Dövlət katibi Antoni Blinkenə məktubla müraciətinu unutma­mışıq. Onlar müraciətlərində “Qarabağda kökü kəsilməkdə olan erməni irsi” ilə bağlı “narahatlıqlarını” bölüşmüşdülər. 

Erməni lobbisinin puluna satılmış ABŞ qanunverici orqanındakı 26 nəfərlik heyə­tin (3 senator, 23 konqresmen) sonuncu anti-Azərbaycan təxribatı mayın 13-də Dövlət katibi Antoni Blinkenə və ABŞ Prezidentinin baş müşaviri Jon Podesta­ya ünvanladığı məktub oldu. Bu adamlar Azərbaycanın COP29-a sədrliyini əsassız və absurd ittihamlarla qaralamağa cəhd edirdilər. Məktubları cavabsız qalan ermə­nipərəst “çete” ardınca ABŞ liderini hədəfə aldı. 

Amma artıq okeanın o tayında da er­mənilərin zatına bələd olublar. Elə bu il aprelin 24-də ABŞ Prezidenti Cozef Bay­denin “artsax” sözünü işlətməməsi ermə­nipərəst konqresmenlərin ona ünvanladıq­ları müraciətə cavab sayıla bilər. Bayden “Xankəndidə “etnik təmizləmə” iddiasını da diqqətdən çox uzaqda saxladı. Siz ri­yakarlığın miqyasına fikir verin ki, erməni lobbisinin və hay zövcəsinin güdazına ge­dən senator Bob Menendezin korrupsiya və vətənə xəyanətə görə qolları qandal­lanandan sonra Dina Titus kimi konqres­menlər Azərbaycanın ünvanına hədyanlar yağdırmağa cürət edirlər. Onlar üçün də “divarın qurtaracağı gün”ün gələcəyinə heç kəsin şübhəsi olmasın. 

İmran BƏDİRXANLI
XQ





Siyasət