Ermənistan tərəfi bölgədə sabitliyin pozulması istiqamətində əməllərindən əl çəkmir. Azərbaycan torpaqlarını uzun illər işğal altında saxlamış təcavüzkar dövlət son günlər yenə də təxribatçı addımlar atır. Əvvəlcə Basarkeçər rayonunun İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Kəlbəcər rayonunun İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini iriçaplı silahlardan atəşə tutan Hayastan ordusu bölmələrimizin adekvat cavab tədbirləri görməsi ilə yerlərində oturdulmuşlar.
Bundan bir neçə gün sonra isə Ermənistana məxsus kvadrokopter ordumuzun Tovuz rayonunun Ağdam yaşayış məntəqəsi istiqamətindəki mövqeləri üzərində kəşfiyyat uçuşları həyata keçirməyə cəhd göstərmişdi. Bu dəfə isə bölmələrimizin sayıqlığı nəticəsində aşkar olunan pilotsuz uçuş aparatının fəaliyyətinə xüsusi texniki vasitələrlə müdaxilə edilmiş və o, ərazidən uzaqlaşdırılmışdır.
Bütün bunlar Azərbaycanla sülhdən dəm vuran Ermənistan rəhbərlərinin əməllərinin sülh istəyi ilə bir araya sığmadığından xəbər verir. Bunun ən bariz göstəricisi baş nazir Nikol Paşinyanın Avropa Siyasi Birliyinin iyulun 18-də Oksfordda keçirilən dördüncü sammitində Azərbaycan Prezidenti ilə görüşməkdən imtina etməsi oldu. Qeyd edək ki, birliyin bundan öncə Çexiyanın paytaxtı Praqa, Moldovanın paytaxtı Kişineu və İspaniyanın Qranada şəhərlərində keçirilən üç sammitindən ikisində Prezident İlham Əliyev iştirak etmişdi. Hər iki sammitdə Azərbaycan və Ermənistan liderləri arasında görüş keçirilmişdi. İndi isə Paşinyanın Londonda qeyri-adekvat hərəkət edərək görüşdən imtina etməsi təəccüb doğurdu. İyulun 20-də II Şuşa Qlobal Media Forumunun açılış mərasimində çıxışı zamanı bir çox məsələlərə dair fikirlərini bölüşən Prezident İlham Əliyev bu məqama da münasibət bildirdi. Dövlətimizin başçısı sülh sazişinin mətni üzərində danışıqların davam etdiyini dedi: “Bu gün mən daha az nikbinəm. Çünki bildiyiniz kimi, baş nazir Paşinyan mənimlə Britaniyada görüşməkdən imtina etdi. Bu, Britaniya hökumətinin təşəbbüsü idi. Təklif o idi ki, bizim aramızda belə bir görüş keçirilsin, həmin Oksford tədbiri çərçivəsində. Ermənistan tərəfi bu təklifi rədd etdi. Biz buna çox təəccübləndik, çünki dörd ay bundan əvvəl Kansler Şolts Münxen şəhərində bənzər görüş təşkil etmişdi. O, görüşdə iştirak edirdi, 5-6 dəqiqə ərzində bizimlə bir yerdə oldu, sonra otağı tərk etdi. Detallar bu idi. Belə bir format düşünülmüşdü ki, o, giriş sözündən sonra otağı tərk etsin. Beləliklə, görüşümüz ikitərəfli qaydada davam etdi. Britaniya hökuməti də eyni təklifi verdi. Görüşdə Britaniyanın Baş naziri iştirak edəcəkdi və sonra çıxacaqdı. Baş nazir Paşinyan bundan imtina etdi. Yəni, o, mənimlə danışmaq istəmirsə, hansı sülh sazişindən söhbət gedə bilər. O, Britaniyanın Baş naziri ilə danışmaq istəmirsə, Londona və Oksforda niyə səfər edirdi? Yəni, bir sıra məsələlərdə çox ciddi ziddiyyət var. Ancaq biz baxacağıq, dediyim kimi, mən Londondan dünən qayıtmışam. Bir istiqamət mətndir – sülh sazişinin mətni, digəri isə əlbəttə ki, dediyim kimi, Ermənistan konstitusiyasıdır”.
Ölkəmizin Müdafiə Nazirliyi isə bir neçə gün öncə Ermənistanın təxribatçı addımları səbəbindən bəyanat yaymaq məcburiyyətində qaldı. Nazirlik bildirdi ki, Ermənistan tərəfindən bu kimi təxribatların törədilməsi birinci hal deyil və davamlı xarakter daşıyır. ABŞ-nin Ermənistanda keçirdiyi hərbi təlimlər, Fransanın Ermənistanı öldürücü silahlarla təchiz etməsi və Avropa İttifaqı tərəfindən “Avropa Sülh Fondu” adı altında Ermənistana ilkin mərhələdə 10 milyon avro dəyərində hərbi yardımın göstərilməsi işğalçı Ermənistanı bu kimi təxribatlar törətməyə həvəsləndirir və Azərbaycana qarşı növbəti müharibəyə hazırlaşdırılmasına dəlalət edir. Müdafiə Nazirliyi bir daha xəbərdarlıq etdi ki, Ermənistan və onun havadarları Cənubi Qafqaz regionunda yeni müharibə ocağı yaratmaq kimi niyyətlərindən çəkinməlidirlər. Ölkəmizə qarşı bu kimi təxribat əməlləri dayandırılmadığı təqdirdə, Azərbaycan Silahlı Qüvvələrinin arsenalında olan bütün vasitələrdən istifadə etməklə özünümüdafiə məqsədilə lazımi cavab tədbirləri görüləcək. Eyni zamanda, regionda vəziyyətin gərginləşməsinə görə bütün məsuliyyətin Ermənistanın hərbi-siyasi rəhbərliyinin və onun havadarlarının üzərinə düşəcəyi qeyd edildi.
Rəsmi İrəvanın baş verənlərə dair yaydığı açıqlama isə əvvəlkindən fərqlənmədi. Hökumətin yaydığı məlumatda yenə də əvvəl səsləndirilən fikirlər təkrarlandı: “Ermənistan baş nazirinin aparatı atəşkəs rejiminin pozulması hallarının və ya onlar haqqında məlumatların araşdırılması üçün Ermənistan–Azərbaycan birgə mexanizminin yaradılması təklifini bir daha təsdiqləyir. Biz Ermənistan Respublikası hökumətinin artıq əldə edilmiş ictimai razılaşmalar çərçivəsində sülh gündəliyinə sadiqliyini bir daha təsdiqləyirik”.
Ermənistan xarici işlər nazirliyi isə yaydığı açıqlamada yalanlar seriyasını davam etdirməyə çalışıb. Qeyd edilib ki, Azərbaycan Müdafiə Nazirliyinin Ermənistanın növbəti müharibəyə hazırlaşdırılmasına dair fikirləri doğru deyil. Hayastanın xarici siyasət idarəsi öz əməllərini bizim adımıza çıxaraq ölkəmizi vəziyyəti gərginləşdirməkdə (?) ittiham edib. Onlar, həmçinin aldıqları yeni silah-sursatların müdafiə məqsədi daşıdığını bildiriblər. Bundan başqa “Azərbaycanın cavab vermədiyi” (?) atəşkəsin pozulması hallarının araşdırılması üçün ikitərəfli mexanizmin yaradılması təklifi xatırladılıb.
Bu arada nüfuzlu “Fitch Ratings” reytinq agentliyi Ermənistan və Azərbaycan arasında genişmiqyaslı eskalasiya riskinin gözlənilmədiyini bildirib. Məlumat agentliyin iki ölkənin iqtisadi inkişafı ilə bağlı proqnozlarında əksini tapıb. Lakin ekspertlər sülh sazişinin əldə edilməsinin çətin olacağını düşündüklərini vurğulayıblar. Agentliyin baza ssenarisinə görə, iki ölkə arasında, hətta, vaxtaşırı atışmaların olması nəzərə alınsa belə, ciddi eskalasiya gözlənilmir. Onu da qeyd edək ki, Ermənistanla bağlı hesabatda, həmçinin qeyd olunur ki, Rusiya ilə siyasi münasibətlərin pisləşməsinə baxmayaraq, ölkələr arasında iqtisadi əlaqələr güclü olaraq qalır və Ermənistanın Rusiya Federasiyasından enerji asılılığı çox yüksəkdir.
Diqqəti Ermənistanın regionda sülh və sabitlikdə, təhlükəsizliyin təmin olunmasında və əməkdaşlıqda maraqlı olmadığını göstərən daha bir nüansa yönəltmək istərdik. İrəvan xarici işlər nazirlərinin “3+3” formatında Türkiyədə keçiriləcək görüşündə iştirakla bağlı hələ qərar verməyib. Ararat Mirzoyanın başçılıq etdiyi nazirliyin “Sputnik Ermənistan”ın yazılı sorğusuna verdiyi cavab əsasında bu qənaətə gəlmək olar.
Qeyd edək ki, bundan əvvəl İranın Ermənistandakı səfiri Mehdi Sübhani “3+3” formatında xarici işlər nazirlərinin növbəti görüşünün yaxın vaxtlarda Türkiyədə keçiriləcəyini bildirmişdi. “3+3” regional platformasının üçüncü iclasında Ermənistanın mümkün iştirakı ilə bağlı konkret razılaşmalar olarsa, bu barədə ictimaiyyətə məlumat veriləcək” – deyə Ermənistan XİN-dən bildiriblər.
Xatırladaq ki, “3+3” qrupunun, əslində, Gürcüstan platformanın işində iştirak etmədiyi üçün “beşliy”in (Azərbaycan, Türkiyə, Rusiya, İran və Ermənistan) ilk iclası 2021-ci ilin dekabrında Moskvada xarici işlər nazirlərinin müavinləri səviyyəsində keçirilmişdi. İkinci görüş isə beş ölkənin nazirlərinin iştirakı ilə 2023-cü ilin oktyabrında İranda baş tutmuşdu. Azərbaycanla sülhün əldə olunmasında maraqlı olmayan rəsmi İrəvanın “3+3” formatından boyun qaçırması Ermənistan rəhbərliyinin əsl xislətini üzə çıxaran məqamdır. Onlar bir daha öz mahiyyətlərinə sadiq qalaraq, bütövlükdə, bölgədə sabitlikdə, əmin-amanlıqda və əməkdaşlıqda maraqlı olmadıqlarını ortaya qoyurlar.
Situasiyanı şərh edən tanınmış gürcü politoloq Gela Vasadze deyib ki, Ermənistanın nəyə can atdığı tam aydındır. İrəvanın son adımlarını şərh edən politoloq deyib: “Ermənistan 44 günlük müharibədə hərbi potensialının çox böyük hissəsini itirib və indi bunu bərpa etməyə çalışır. Burada digər sual ondan ibarətdir ki, onlar bunun üçün düzgün vaxtı seçiblərmi? Mən buna şübhə edirəm”.
Politoloq qeyd edib ki, söhbət sülh müqaviləsinin imzalanması ərəfəsindən gedir. Cənubi Qafqazın iki ölkəsi sülhə heç vaxt bu qədər yaxın olmayıb. Amma Ermənistan həm də güclü orduya sahib olmaq istəyir. Bu isə sülh müqaviləsinin ziddinədir.
Səxavət HƏMİD
XQ