Dünya Bankı və Azərbaycanın milli prioritetləri

post-img

Beynəlxalq maliyyə qurumu ölkəmizdə 52 layihəyə 4 milyard dollardan çox kredit ayırıb

Dünən Bakıda Azərbaycan Çevik Texniki Yardım Alətinin (AZTAF) ikinci illik hesabat toplantısı keçirilib. Tədbirdə çıxış edən Dünya Bankının Azərbaycan üzrə meneceri Steffi Stallmeister bildirib ki, AZTAF Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və Dünya Bankı tərəfindən idarə olunan ümumi büdcəsi 5,25 milyon avro olan üçillik proqramdır. Proqramın məqsədinin Azərbaycanın 2030-cu ilə Milli Prioritetləri və 2022–2026-cı illər üzrə Milli Sosial-İqtisadi İnkişaf Strategiyasına uyğun olaraq hökumətə məsləhət və analitik dəstək göstərmək, onun potensialını gücləndirməkdən ibarət olduğunu diqqətə çatdıran ölkə me­necerinin dediyinə görə, artıq AZTAF üzrə 9 texniki yardımdan 4-ü tamamlan­maq üzrədir. 

İqtisadiyyat nazirinin müşaviri Rauf Nəcəfli çıxışında bildirib ki, Dünya Ban­kı tərəfindən indiyədək Azərbaycana 49 başa çatmış və 3 icrada olan layihə üzrə ümumi məbləği 4 milyard dollardan çox olan dövlət zəmanətli kredit, 115-dən artıq texniki yardım və bir çox istiqamət­lərdə qrant layihələrinə, təxminən, 30 mil­yon dollardan artıq vəsait ayrılıb. Bankın Azərbaycanın müstəqillik illərində apar­dığı islahatlarda uğurlu tərəfdaşlarından biri olduğunu vurğulayan R. Nəcəfli qeyd edib ki, adı çəkilən qurumun maliyyə dəstəyi ilə nəqliyyat, sosial, su təchizatı və irriqasiya, kənd təsərrüfatı, ətraf mü­hit, ədliyyə və digər sahələrdə həyata keçirilən layihələr ölkə iqtisadiyyatının inkişafına mühüm töhfələr verib.

İqtisadiyyat nazirinin müşaviri, həm­çinin son 12 ildə Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığından bəhs edib. Qeyd olunub ki, 2012–2023-cü illər ər­zində Avropa İttifaqı tərəfindən ölkəmizə yatırılan investisiyaların ümumi həcmi 24,7 milyard ABŞ dolları təşkil edib. O bildirib ki, Avropa İttifaqı və Dünya Ban­kı ilə müxtəlif proqram və layihələr çər­çivəsində əməkdaşlıq iqtisadi inkişafın təmin edilməsində, innovativ yanaşma­ların uyğunlaşdırılmasında mühüm rol oynayır. Avropa İttifaqı ilə əməkdaşlığın ölkəmizin xarici siyasətində mühüm is­tiqamətlərdən olduğunu vurğulayan R. Nəcəflinin sözlərinə görə, tərəflər arasın­da münasibətlərin artan dinamikasında ticarət ikitərəfli əməkdaşlığımızın əsas sahələrindən biridir. Diqqətə çatdırılıb ki, Azərbaycan avropalı investorlar üçün cəlbedici bazar olduğundan 2023-cü ildə Avropa İttifaqının ölkəmizin xarici ticarə­tində payı 24,82 milyard dollar, cari ilin yanvar-aprel ayları üzrə isə 5,31 milyard dollar təşkil edib. Bu sahədə həyata keçi­rilən tədbirlərin davamı olaraq Prezident İlham Əliyevin 2022-ci il 22 iyul tarixli sərəncamı ilə “Azərbaycan Respublika­sının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın təsdiq edildiyini xatırladan Rauf Nəcəfli onu da qeyd edib ki, sözügedən sənəd çərçivəsində biznes üçün investisiya mühitinin yaxşılaşdırıl­ması, enerji səmərəliliyinin təmin edil­məsi, innovasiyaların dəstəklənməsi və stimullaşdırılması, məşğulluğun səmərə­liliyinin artırılması və bir sıra əsas fəaliy­yətlər müəyyənləşdirilib. 

Dünya Bankının su təchizatı üzrə baş mütəxəssisi Smita Misra isə çıxışında bil­dirib ki, Azərbaycanda suvarma səmərə­liliyi ölkə səviyyəsində 37 faiz təşkil edir ki, bu da çox aşağı göstəricidir. O deyib ki, ölkənin ayrı-ayrı regionlarında suvar­ma səmərəliliyi çox dəyişkəndir, hətta əksər regionlarda 20-50 faiz arasında dəyişir. Bütövlükdə isə, Azərbaycanın suvarma suyunun çatışmazlığından əziy­yət çəkdiyini vurğulayan bank mütəxəs­sisinin sözlərinə görə, hazırda ölkə üzrə əkinə yararlı 1,5 milyon hektar torpaq sahələrindən faktiki olaraq 1 milyon hek­tarı suvarılır. 

O bildirib ki, həddindən artıq istifadə olunan suvarma suyunu azaltmaq üçün tədbirlər geniş miqyasda tətbiq olunarsa, ölkə miqyasında xalis suvarma suyu is­tehlakını 40 faizə qədər azaltmaq poten­sialı var. “Suvarma intensivliyi olan əkin­lərin əvəz edilməsi suya qənaət etməyə kömək edə bilər. Məsələn, taxıl bitkiləri ilə əvəz olunan hər hektar yem və ya pambıq sahəsi üçün əlavə bir hektar tor­pağı suvarmaq olar”,– deyə Smita Misra qeyd edib. 

Dünya Bankının energetika üzrə baş mütəxəssisi Florian Kitt isə deyib ki, təmsil etdiyi qurum Azərbaycan hö­kuməti ilə karbon qazı emissiyalarının kvotalarının monetizasiyası imkanlarını müzakirə etməyi planlaşdırır. O bildirib ki, enerji keçidini daha əlçatan etmək üçün karbon vergiləri və karbon bazar­ları kimi bir çox vasitələr var. “Biz hö­kumətlə birlikdə Azərbaycan üçün opti­mal həll yolu tapmağa çalışırıq. Bərpa olunan enerji mənbələrinin şəbəkəyə inteqrasiyasının təmin edilməsi məqsə­dilə ötürücü şəbəkənin gücləndirilməsi (AZURE) layihəsi çərçivəsində Azər­baycan iqtisadiyyatı üçün təsirli bir ya­naşma inkişaf etdirməyi planlaşdırırıq. Layihənin uğurla həyata keçirilməsini təmin etmək üçün Azərbaycanın möv­cud qanunvericiliyini nəzərə alacağıq”,– deyə o əlavə edib. 

Yeri gəlmişkən, AZURE layihəsinin ilkin hesablamalara görə, ümumi dəyə­ri 250 milyon ABŞ dolları təşkil edəcək. Layihə çərçivəsində birinci mərhələdə Dünya Bankı Neftçala rayonunda (315 meqavatlıq) və Biləsuvarda (445 meqa­vatlıqlıq) ümumi gücü 760 meqavat olan günəş elektrik stansiyalarının elektrik şə­bəkəsinə inteqrasiyası üçün ötürücü inf­rastrukturu maliyyələşdirəcək.

Dünyada binaların enerji istehlakında 30 faiz paya malik olduğunu vurğulayan Florian Kitt Azərbaycanda bu rəqəmin 38 faizini təşkil etdiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, sənaye və digər sahələr də daxil ediləcəyi təqdirdə bu rəqəm 50 faizə çatacaq. Qeyd olunub ki, sovet dövründən qalan istilik sistemi ol­duqca səmərəsizdir və bu istiqamətdə iş­lərin görülməsinə ciddi ehtiyac var. Dün­ya Bankının bu istiqamətdə Azərbaycana lazımi dəstəyi göstərməyə hazır olduğu­nu bildirən mütəxəssis deyib ki, sözüge­dən məsələnin həlli ilə bağlı yol xəritəsi də hazırlanır. 

Xatırladaq ki, 2022-ci ilin fevral ayın­da Avropa İttifaqı və Dünya Bankı Azər­baycan üçün Çevik Texniki Yardım Aləti üzrə İnzibati Saziş imzalayıblar. AZTAF proqramı hökumətin təxirəsalınmaz prio­ritetlərinə cavab verən konkret fəaliyyət­ləri əhatə edir. Bu fəaliyyətlər hökumətin dövlət müəssisələrinin idarəçiliyi, dövlət satınalmaları, su ehtiyatlarının idarə edil­məsi, “ağıllı kəndlər”, rəqəmsal inkişaf, enerji səmərəliliyi, qadınların sahibkarlıq fəaliyyəti, əlillik və inkluzivlik kimi geniş spektrli prioritetlərini dəstəkləyəcək.

Mirbağır YAQUBZADƏ
XQ

İqtisadiyyat