Cəmi bir gündən sonra müharibə bitəcəkdi. Qələbə xəbərinə bürünəcəkdi ölkəmiz. Almayacaqdıq daha şəhid xəbərlərini. Oğulsuz qalmayacaqdı analar, atalar. Atasız qalmayacaqdı körpə balalar... Boynu bükülməyəcəkdi qız-gəlinlərin. Amma bu bircə günün içində dünyaya sığmadı nur üzlü şəhidim...
Rabitə rəisi mayor Əlövsət Əli oğlu Məmmədov 1988-ci ildə Goranboy rayonunun Muzdurlar kəndində anadan olub. Orta təhsildən sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub, 2009-cu ildə həmin məktəbi leytenant rütbəsi ilə bitirərək bir sıra hərbi hissələrdə xidmət edib. 2013-cü ildə ailəsi ilə birgə cəbhə bölgəsində yaşamağa yollanıb. Ta şəhid olanadək Ağcabədidə xidmət edib. 2016-cı ilin 4 günlük aprel döyüşlərinin iştirakçısı olub. Azərbaycan dili ilə yanaşı rus, ingilis, alman dillərini də mükəmməl bilirdi Əlövsət.
Sentyabr ayının 27-dən Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatına cavab olaraq başlanan Vətən müharibəsində mayor Məmmədov torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərə atıldı.
– Əslində, cəbhə zonasına gedən gündən həmişə onu itirmək qorxusu olub içimdə. Çünki asan deyil hər an ölüm riski olan birini sevmək, yolunu gözləmək, – ömür-gün yoldaşı Rahinə xanım deyir bu sözləri. – Qohum olduğumuz üçün bir-birimizi uşaqlıqdan tanımışıq. Mən orta məktəbin son sinfində oxuyanda o artıq hərbi kursant idi. Sonra ailə qurduq. Əgər yenidən dünyaya gəlsəydim, ömrünün yarımçıq qalacağını bilsəydim belə, yenə onu seçərdim. O mənim cümlələrə sığdıra bilmədiyim acım və qürur mənbəyimdir.
Rahinə xanım Əlövsətdən sonra yarımçıq qalan evi tamamlayıb. Bir otaq ayıraraq şəhidin adına-sanına uyğun muzey yaradıb. Hər iki oğlunun gələcəkdə hərbçi olmasını, atalarının yolunu davam etdirməsini arzulayır.
Əlövsətin cəbhə dostu, mayor Tural Quliyevin dedikləri:
– Biz təkcə döyüş yoldaşı deyil, qardaş, sirdaş idik. İlk növbədə, bir insan kimi vicdanlı, ləyaqətli oğul idi. Heç bir çətinlik onu qarşısına qoyduğu məqsəddən vaz keçirə bilməzdi. Əlövsət tabeçiliyində olan hərbi qulluqçulara daim böyük qardaş münasibəti bəsləyirdi, şəxsi problemlərinə də kömək edirdi. Onun üçün hər şeydən öncə bir zabit kimi üzərinə düşən vəzifələri icra etmək önəmli idi.
Şəhid olduğu gün həyatımın ən çətin günü oldu. Gecə idi. Hərəmiz bir istiqamətdə döyüşmüşdük. Yatıb, dincəlib növbəti döyüşə girməmiz üçün 3 saat vaxtımız vardı. Əlövsət zəng elədi, ordan-burdan danışdıq, zarafatlaşdıq. Dedim, imkan ver, yataq, səhər yenə döyüşə girəcəyik. Dedi ki, nə yatmaq, bəlkə son danışığımızdı... Bəlkə şəhid olduq... Düzü, bu sözdən üşəndim.
Həmin gün daha ağır döyüşlər başlandı. Əlövsət əsgərləri ilə birgə strateji əhəmiyyəti böyük olan bir yüksəklik uğrunda döyüşə girdi. Onun döyüş ruhu yaradan səs tonu ilə verdiyi komanda əsgərləri daha da ruhlandırırdı, qələbəyə inamı artırırdı. Maksimum səviyyədə şəxsi heyəti qoruyaraq irəliləyirdi. Və döyüş tapşırığı uğurla başa çatdı, yüksəklik götürüldü. Amma həmin gün... müharibənin 43-cü günü... Döyüş tapşırıgını yerinə yetirərkən şəhid oldu Əlövsət.
Şəhidliyi ilə yalnız atası Əli kişinin, anası Xalidə xanımın, qardaşı Sübhanın, bacısı Lalənin, ömür-gün dostu Rahinənin, oglanları Mətin və Sənanın deyil, bütün Goranboyun, bütün Azərbaycanın doğması, əzizi oldu...
Əlövsət Məmmədov xidmət müddətində komandanlığın çoxlu sayda təltiflərinə layiq görülüb. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 və 100 illikləri, “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medallarla təltif olunub. II Qarabağ müharibəsindəki igidliyi isə ölümündən sonra “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” medalları ilə qiymətləndirilib.
Bəli, ölümlə qələbə arasındakı məsafə cəmi bircə gün oldu. Noyabrın 8-i Zəfər Günündə şəhidlik zirvəsinə ucaldı nur üzlü şəhidim. Uğrunda canını qurban verdiyi üçrəngli Vətən bayrağına sarılaraq elə Bayraq Günündə, noyabrın 9-da nəhəng bir izdihamla doğulduğu Muzdurlar kəndində Şəhidlər xiyabanında dəfn edildi.
44 günlük Vətən müharibəsinin 43-cü günündə şəhidlik zirvəsinə ucalan mayor Əlövsət Məmmədov, haqqın ödənməz! Nur içində yat!
Xuraman ABBASOVA,
Goranboy rayonunda çıxan “Mübariz” qəzetinin baş redaktoru