Ağdam rayonunun Çullu kəndində Allahverdiyevlər ailəsində 23 il əvvəl eyni gündə dünyaya gələn Nazir və Tacir Allahverdiyev qardaşlarının taleləri, həyat yolları da qoşa olub. Heç vaxt bir-birindən ayrılmayan əkizlər hərbi xidmətə də birlikdə yollanıblar. 44 günlük Vətən müharibəsində iştirak edərək bir yerdə döyüşüb, bu müqəddəs yolda eyni gündə – 24 oktyabrda şəhid olublar.
10 uşaqlı ailənin sonbeşikləri olan Nazirlə Tacir mahir topçular olaraq Füzuli–Cəbrayıl–Zəngilan, Xocavənd uğrunda gedən döyüşlərdə fərqləniblər. Şəhidliyə qovuşandan sonra Prezident İlham Əliyevin 2020-ci il 25 dekabr tarixli sərəncamına əsasən göstərdikləri igidliyə görə “Vətən uğrunda” medalı ilə təltif olunublar. Qardaşların xatirəsi anılan gün Ağdam Rayon İcra Hakimiyyətinin nümayəndələri, Çullu kənd tam orta məktəbin müəllim və şagird heyəti, şəhid ailələri onların yanbayan məzarlarını ziyarət edib, önünə gül dəstələri düzüblər. Əslində onlar hər gün yad olunur, xatirələri daim əziz tutulur.
Mərasimdə şəhid qardaşların döyüş yollarına nəzər salınıb. Çıxış edənlər Tacir və Nazir Allahverdiyevlərin Vətən sevgisindən, keçdikləri şərəfli döyüş yolundan danışıblar.
Şəhidlərin anası Nailə xanım isə deyib ki, əkizləri eyni gündə evləndirmək arzusunda olub: “Eşitmişdim ki, gözaltıları var. Onlar da iki bacıymışlar. Əhd eləmişdim, əsgərlikdən gələn kimi ikisini də eyni gündə evləndirim... Qismət olmadı. Amma Qələbə qazandığımıza görə nikbinəm. Şükür Allaha ki, torpaqlarımız işğaldan tamamilə azad olundu. Balalarımın qanı yerdə qalmadı. Müharibə yenidən başlasa, Vətən çağırsa, o biri oğullarımın da döyüşlərə qatılmasına mane olmaram. Tez-tez gedirəm məzarlarının üstünə və deyirəm: Ay Nazir, ay Tacir, gözünüz aydın olsun, azad görmək istədiyiniz, bu yolda canınızı qurban verdiyiniz yurdlarımız erməni dığalardan təmizlənib”.
Əkiz şəhidlərin qardaşı Cəfər də qardaşları haqqında xatirələrini danışıb: “Nazir idmanla məşğul olmağı hədsiz sevirdi. Tacir onun qədər idmana meyilli olmasa da, Nazirin təkidindən sonra o da Quzanlıya məşqlərə həvəslə gedib-gəlirdi. Bir gün gördüm ki, həyətdə turnik quraşdırırlar. Həvəslə yeri qazdılar, dəmir dirəyi basdırdılar. Dirək yerinə oturar-oturmaz məşqlərinə başladılar. Elə cəldliklə idman hərəkətləri edirdilər ki, yıxılacaqlar deyə, az qalırdı ürəyim qopsun. Allah, o turnikin başına nə oyun gətirirdilər... Qəribə uşaqlar idilər. Əsgər olmağa, hərbi paltar geyinməyə o qədər həvəsli idilər ki, əsgərlikdən bir qohum gələndə, gedib onun formasını alıb geyinib, yaraşıb-yaraşmadıqlarını öyrənirdilər. Mən əsgərlikdən gələndə hərbi formamı bircə gün əynimdə gördüm. Nazir geyindi, Tacirə verdi, Tacir geyindi, Nazirə verdi. Forma cırılana qədər əl çəkmədilər (gülümsəyir, susur) ... Onlar üçün o qədər darıxıram...”
Cəfər qardaşları ilə fəxr etdiyini hər zaman qürurla dilə gətirir: “Heç inana bilmirəm ki, onlar bir də bu darvazanı açıb gülə-gülə içəri girməyəcəklər, o, turnikdə sallanmayacaqlar. Elə bilirəm, hələ əsgərlikdədirlər... Yenə zəng gələcək, yenə bir-birinə aman vermədən sevinclə deyəcəklər ki, işimiz çoxdu, it qovuruq...Özümü ağır bir yuxunun içində hiss edirəm. Amma bütün ruhumla duyuram ki, Nazir də, Tacir də bizim yanımızdadırlar, ruhları şaddır, sevinclidirlər... Həm torpağımız işğaldan azad olub, həm silahdaşları onların qisasını alıb. Həm də bütün Azərbaycan onlarla fəxr edir. Vallah, ölümlərin ən gözəli şəhid olmaqdır. Yaranan bir gün öləcək... Amma şəhidlər – əsla!”
Əli ƏLİYEV
XQ