Masallı Tarix-Diyarşünaslıq Muzeyində “Qəhrəmanlarımızı tanıyaq” layihəsi çərçivəsində şəhid Famil Əlizadənin 25 illik yubileyinə həsr olunmuş “Əbədiləşən ömürlər” adlı tarix dərsi keçirilib.
Nəriman Nərimanov adına 2 nömrəli Masallı şəhər tam orta məktəbin müəllim və şagirdlərinin qatıldığı tədbirdə muzeyin direktoru Əntiqə Tağıyeva 30 illik mübarizəyə söykənən Böyük Qələbənin özəllikləri barədə ətraflı məlumat verib.
Muzeyin əməkdaşı Sevinc Əliyeva isə Vətən müharibəsinin qəhrəman şəhidi Famil Əlizadənin həyat və döyüş yolu haqqında geniş məruzə edib. Həmçinin şagirdlərlə şəhidlər barəsində sual-cavab aparılıb. Tədbirdən sonra Famil Əlizadənin məzarı ziyarət edilib, üzərinə gül dəstələri qoyulub.
...Famil Əlizadə Masallının Ərkivan qəsəbəsində dünyaya gəlib. 2016-cı ildə orta məktəbi bitirib, təhsilini 2 saylı Bakı Peşə Liseyində davam etdirib. Əsgərliyi cəbhə bölgəsinə düşən Famil Vətəni göz bəbəyi kimi qoruyub, Qarabağımızın azadlığı uğrunda düşmənlə döyüşə həmişə hazır olub.
Buna görə də İkinci Qarabağ müharibəsi başlananda könüllü olaraq döyüşlərə atılıb. Vətən sevdalısı ilk gündən yağılara qan qusdurub. Füzuli rayonunun Yuxarı Əbdürrəhmanlı kəndinin alınmasında, sözün əsl mənasında, tarix yazıb. 2020-ci il oktyabrın 21-də onun Vətənlə bir döyünən ürəyi düşmən gülləsinə tuş gəlib. Məzarı doğma Ərkivan qəsəbəsində özünə əbədi məkan tapıb. Ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeninə, “Cəsur döyüşçü”, “Vətən uğrunda” və digər medallara layiq görülmüş Familin vaxtilə yaşadığı küçə indi onun adını daşıyır.
Əli ƏLİYEV
XQ