Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında uzun illər Zaqatala Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru vəzifəsində çalışmış Gülniyar Qurbanqızının Zaqatala şəhidlərinə və döyüşçülərinə həsr olunmuş “Vətən fədailəri” adlı 1-ci və 2-ci kitablarının təqdimat mərasimi keçirilib.
Mərasimdə Azərbaycan Ədəbiyyat Fondunun baş direktoru, Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin üzvü Varis Yolçuyev, tanınmış yazıçı, tarixi romanların müəllifi Yunus Oğuz, Vətən müharibəsi iştirakçıları, şəhid ailələri, Bakı Dövlət Universitetinin informasiya və sənəd menecmenti fakültəsinin tələbələri və kitabxana əməkdaşları iştirak ediblər.
Ulu öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilən toplantını açan kitabxananın direktoru Aslan Cəfərov Şanlı Zəfər tarixinə nəzər salaraq böyük sərkərdə, Ali Baş Komandan cənab Prezident İlham Əliyevin müdrik siyasəti, rəşadət göstərən əsgər və zabitlərimizin qəhrəmanlığı sayəsində düşmənə sarsıdıcı zərbələr endirildiyini və bununla da, tariximizə yeni bir səhifənin yazıldığını söyləyib. O, Vətən uğrunda canından keçmiş Azərbaycan oğullarının həyat hekayələrinin əsl örnək olduğunu bildirərək bu mövzuda qələmə alınan əsərlərin əhəmiyyətindən danışıb. Gülniyar Qurbanqızının “Vətən fədailəri” kitablarının bədii dəyərini açıqlayıb.
Tarixi romanlar müəllifi, yazıçı Yunus Oğuz, Azərbaycan Ədəbiyyat Fondunun Baş direktoru, Avrasiya Millətlər Assambleyası Ədəbiyyat Şurasının həmsədri Varis Yolçuyev, kitabxananın əməkdaşı Lamiə Sarıyeva, Vətən müharibəsi iştirakçıları – mayor Yusif Hümbətov, baş leytenant Pətərək Fərzəliyev, qazi Vüsal Səttarov döyüş xatirələrini tədbir iştirakçıları ilə bölüşərək, yüzlərlə poladların, mübarizlərin, xudayarların qisasının döyüş meydanında alındığını, şəhidlərimizin qanlarının yerdə qalmadığını böyük qürur hissi ilə dilə gətiriblər. Gülniyar xanımın zəhmətini yüksək dəyərləndiriblər.
Şəhid ailələrinin üzvləri oğullarının qəhrəmanlığı ilə qürur duyduqlarını, onların həyat hekayələrinin qələmə alınmasından razı qaldıqlarını bildiriblər. Gülniyar Qurbanqızı bir elin qəhrəman oğullarından bəhs edən bu kitabların yazılmasına kömək etmiş şəhid ailələrinə dərin hörmət və ehtiramını bildirərək təqdimatın təşkilatçılarına minnətdarlığını çatdırıb.
Əli ƏLİYEV
XQ