İki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları qvardiya general-mayoru Həzi Aslanovun Lənkərandakı ev-muzeyi 9 may 1969-cu ildə açılıb. Muzeyin binası yerli memarlıq üslubunda çiy kərpicdən tikilmiş birmərtəbəli açıq eyvanlı evdir. İndiyədək buranı 10 minlərlə adam ziyarət edib.
Yubilyar muzey fəaliyyətə başlayanda 2 otaqlı olub. 1983-cü ildə otaqların sayı 5-dək artırılıb. Birinci otaq qəhrəmanın doğulub boya-başa çatdığı mühiti əks edir. Buradakı eksponatlar arasında anasının işlətdiyi ev əşyaları da var, bacısı Asiya Aslanova tərəfindən muzeyə hədiyyə edilib. Növbəti otaqda yerləşən eksponatlar Həzinin 1924–1940-cı illərdə Bakıda və Leninqradda hərbi məktəblərdə təhsil aldığı dövrdən, eləcə də Finlandiya döyüşlərindən soraq verir. Moskva və Stalinqrad uğrunda (1941–1943) gedən döyüşlərə həsr olunmuş 3-cü otaqda qəhrəmanın şəxsi əşyaları yerləşir. Sonrakı otağın eksponatları general-mayorun 1944–1945-ci illərdə göstərdiyi misilsiz hünərdən danışır. Xatirə zalı adlanan 5-ci otaqda isə muzeyə verilən müxtəlif hədiyyələr, qəhrəmanın həlak olduğu gün əynində olan hərbi paltarları, xatirə əşyaları, albom və kitabları qorunur. Ümumiyyətlə, muzeyin 2 mindən artıq eksponatı var. Bunların 302-si əsas, 1710-u isə köməkçi fondda yerləşir.
Onu da bildirək ki, muzeyə dünyanın çox yerindən – Amerika, Kanada, Fransa,Bolqarıstan, Norveç, Latviya, Litva, Kuba, Rusiya, Polşa, Türkiyə, Ukraynadan qonaqlar ziyarətə gəlib və xatirə kitabına təəssüratlarını yazıblar.
Bugünlərdə əfsanəvi qəhrəmanın ev-muzeyinin 55 yaşı qeyd olunub. Rayon rəsmiləri, Müdafiə Nazirliyinin nümayəndələri, rəşadətli Azərbaycan Ordusunun tankçı qəhrəmanları, veteranlar, ictimaiyyət nümayəndələri, Həzi Aslanovun ailə üzvləri əvvəlcə qəhrəmanın Xatirə Parkına baş çəkib, abidəsi önünə əklil qoyub, təzə qərənfillər düzüblər.
Mərasim Həzi Aslanovun dünyaya göz açdığı ocaqda davam etdirilib. Dövlət himnimiz oxunub, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Ardınca Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, polkovnik Abdulla Qurbani II Dünya müharibəsinin igid sərkərdəsi, ölümü ilə ölümsüzlüyə qovuşan Həzi Aslanovun mənalı həyatı, şərəfli döyüş yolu və qəhrəmanlığı barədə qürurla söhbət açıb. Xatirə şəkilləri çəkdirilib.
Zəfər ORUCOĞLU