Şəhid şairin könül yadigarı

post-img

Aydın Nəriman oğlu Əliyev 9 yanvar 1991-ci il Sumqayıt şəhərində anadan olub. Əslən Tovuz rayonunun Aşağı Quşçu kəndindəndir. 1998-ci ildə Sumqayıtdakı 9 nömrəli məktəbdə 1-ci sinfə gedib, sonra 4 saylı Texniki Peşə Liseyində təhsilini elektrik peşəsinə yiyələnməklə başa vurub. Arabir xalq yaradıcılığı üslubunda şeirlər yazıb, duyğularını misralara çevirib. 2010–2011-ci illərdə ordu sıralarında həqiqi hərbi xidmətdə olmuş Aydın II Qarabağ müharibəsi başlananda ilk könüllülər dəstəsinin tərkibində döyüşə yollanıb. 

Müharibənin 3-cü günü Şuşa uğrunda gedən döyüşlərdə qolundan ağır yara­lanaraq, komaya düşüb. Həkimlər 2 ay ərzində onu sağlamlığına qovuşdurmağa çalışsalar da, 27 noyabr 2020-ci ildə sevgi dolu gözlərini dünyaya əbədi yumub. 

Şəhid Arif Nəriman oğlu Əliyev ölü­mündən sonra Füzulinin, Zəngilanın, Cəbrayılın və Xocavəndin azad olunma­sına görə medallarla təltif olunub. 

Onun özündən sonra Salman və Nə­riman adında iki oğlu, bir də yazdığı şeir­ləri yadigar qalıb. Həmin şeirlərdən birini təqdim edirik: 

Ata

Bilməmişəm mən qədrini bəlkə də, 

Mən əsgərəm, sən qürurlu atasan. 

Elə bir ad qoyacam ki həyatda, 

Sən başını daima dik tutasan. 

 

Çox sözünü dinləmədim bəlkə də, 

Kövrəlirəm, ay ömrümün bəzəyi. 

Səhvlərimi ağ saçlara bağışla, 

Kövrək olur, axı, ata ürəyi. 

 

Qardaşsız saymıram özümü, ata, 

Bir qardaş qeyrətli bacım var mənim. 

Onun varlığıyla fəxr eləyirəm, 

Deyirəm, başımda tacım var mənim. 

 

Böyük qardaşımsan sən də, elə bil, 

Canımda, qanımda, varlığımdasan! 

Həm ata, həm qardaş, həm də dost olan 

Zirvəsi göylərdə bir dağım da – sən!

 

Əli ƏLİYEV
XQ

Sosial həyat