Milli təhsil sistemimizdə dəyərlərə yanaşmada böyük uğurlar maddiləşib. Əsas məsələ bu uğurları yeniliklərlə cilalayaraq növbəti epoxa və nəsillərə daşımaqdır. Sumqayıt şəhəri Tofiq İsmayılov adına 29 saylı tam orta məktəbin müəllimi Natiqə Məmmədova yeni nəsillərin milli və bəşəri dəyərlərə sadiq ruhda formalaşmasına böyük önəm verən pedaqoqlardandır. Milli yaddaşın hər əhəmiyyətli faktı ilə bağlı daim şagirdləri ilə apardığı söhbətlər, onları maarifləndirmək yönündə səyləri təqdirəlayiqdir.
Natiqə müəllimin fikrincə, təhsil sisteminin müvəffəqiyyətinin bünövrəsi ibtidai siniflərdən qoyulur. Elm və təhsil yollarında titrək addımlarla yeriməyə başlayan hər uşağın qəlbində zəka çırağını yandırmağı bacarmaq böyük hünər tələb edir. O, ayrı-ayrı fənlərin tədrisi zamanı elmiliyə, həyatiliyə xüsusi diqqət yetirir. Şagirdlərin müstəqil idrakını və praktik fəaliyyətini düzgün istiqamətləndirmək, formalaşdırmaq və düzgün dəyərləndirməklə şagirdlərini daha çox düşündürməyə, özünənəzarətə alışdırmağa çalışır.
Natiqə Məmmədova 1959-cu ildə Tovuz rayonunun Aşağı Quşçu kəndində anadan olub. Orta məktəbi orada başa vurub. Sonra Məhsəti Gəncəvi adına Pedaqoji məktəbi bitirib və Sumqayıtdakı 19 nömrəli tam orta məktəbdə fəaliyyətə başlayıb. Gənc müəllim 1987–1991-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin ibtidai təhsil pedaqogikası və metodikası fakültəsində ali təhsil də alıb. 1986-cı ildən Sumqayıt şəhər Tofiq İsmayılov adına 29 saylı orta məktəbdə pedaqoji fəaliyyətini davam etdirir, ibtidai siniflər üzrə metodbirləşmə rəhbəridir. Natiqə Məmmədova nümunəvi pedaqoji fəaliyyətinə görə “Məktəb və təhsil” şöbəsinin fəxri fərmanı ilə təltif edilib. O, şagirdlərinin dünyagörüşünün zənginləşməsinə də ciddi fikir verir. Vətənə, torpağa məhəbbət hissi aşılayır. Bir sinif miqyasında keçirdiyi tədbirlər genişliyi ilə ümumşəhər tədbirlərini xatırladır.
41 illik nümunəvi pedaqoji fəaliyyəti dövründə Natiqə Məmmədova təcrübəli müəllim, sadə və səmimi insan, vətənpərvər şəxsiyyət olmaqla bərabər, eyni zamanda, qayğıkeş anadır. 2 övladı və 5 nəvəsi var. Rəmzi mənada isə minlərlə övladın mənəvi anasıdır.
Aydın məsələdir ki, bu gün struktur, elmi-pedaqoji təfəkkür, kadrlar, proqram və dərs vəsaiti – hər biri özünü yenidən yaratmış məfkurə, ideologiya, məzmun və forma işığında idrak edilməlidir. Xüsusilə, Zəfər tariximizdən sonra daha kamil, müasir təhsil konsepsiyası və proqramına ehtiyac var. Tədris və təlimdəki yenilənmə, ilk növbədə, bu amili nəzərə alaraq aparılmalı, təşkilati iş, elmi-pedaqoji fəaliyyət bu strategiyanı hədəf almaqla qurulmalıdır. Natiqə müəllimin Zəfər dönəmindən sonra iş prinsipi də elə bu mötəbər hadisənin şagird təfəkküründə layiqincə yer alması təəssübkeşliyindən qaynaqlanır.
Natiqə müəllim yeniliklərə açıqlığı ilə seçilən müəllim kimi tanınır. Hələ ötən əsrin 80-ci illərindən – mənə dərs dediyi unudulmaz vaxtdan duyduğum bir məqamı qeyd etməliyəm. Natiqə Məmmədovaya görə, təhsil şagirdlərə əzbərləməyi deyil, düşünməyi və anlamağı öyrətməlidir. Əks təqdirdə, səylər bilgili cahillər yetişdirməkdən başqa, bir işə yaramayacaq. Mark Tvenin dediyi kimi, beyni inkişaf etdirməyə yox, yaddaşı doldurmağa xidmət edən təhsil mənfi rolunu oynayacaq.
Natiqə müəllim şagirdlərdən bitkin insan formalaşdırmağı, milli-mənəvi, bəşəri dəyərlərə sahib vətəndaş yetişdirməyi əsas zəmin sayan bir pedaqoqdur. Bu gün dəyərlərin salamat qalması və mənəvi ekologiyanın gələcəyə bütöv şəkildə adlaması üçün Natiqə Məmmədova kimi müəllimlərin böyük əməyi var. Türk mütəfəkkiri Əbdülfəttah Şahin deyirdi ki, məktəblərdə, ən azı, digər dərslər qədər tərbiyə və vətənpərvərlik üzərində də dayanılmalıdır ki, Vətəni cənnətə çevirəcək sağlam ruh və sağlam xarakterli nəsillər yetişə bilsin. Tanınmış tarixçi alim, milli kimlik şüurunun formalaşmasında mühüm xidmətləri olan İlbər Ortaylının isə belə bir fikri var: “Uşaqlarınıza yaxşı təhsil verməzdən əvvəl onları yaxşı insan kimi yetişdirin”. Uğurlu təhsilin də insan həyatında rolu müstəsnadır və sabahın mütərəqqi gənci kimi yetişmək bu amilin səviyyə və gücündən çox asılıdır. Natiqə Məmmədova bunu özünə prioritet seçən müəllimlərdəndir. Onun iş prinsipi hər zaman uşaqları sağlam mənəviyyatlı yetişdirmək amilinə hesablanıb. Bəlkə buna görə şagirdlərini sənətə, sözə aşırı bir sevgi ilə istiqamətləndirir. Ədəbiyyat, şeirə maraq, mütaliə həvəsi yaradır onlarda. Ən azı, xəyal qurmağı öyrədir. Bilir ki, xəyal qurursansa, demək, arzun, istəyin var və bütün əzm və bacarığın arzularını reallaşdırmağa yönələcək.
Əlbəttə, bu yaxınlarda 65 yaşı tamam olan Natiqə Məmmədova bundan sonra da ölkəmizə, təhsilimizə şərəflə xidmət edəcək, uşaqlarımızın mənəvi-əxlaqi dəyərlərinin qorunmasında, milli vətənpərvərlik ruhunda böyüməsində öz yorulmaz və gərəkli fəaliyyətini davam etdirəcəkdir. Çünki ömür məramı uşaqların sevgisini qazanaraq irəliləmək olan bir insanın mənəvi-ictimai həyatımızdakı missiyası ancaq yola davam etmək olmalıdır.
Elnarə AKİMOVA,
AMEA Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru