Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunan ərazilərdə bərpa-quruculuq layihələri uğurla həyata keçirilir. Keçmiş məcburi köçkünlərin dayanıqlı məskunlaşdırılması Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında planlaşdırılan zəruri ilkin şərtlərin yaradılması ilə dəstəklənir, yeni şəhərsalma prinsipləri nəzərə alınmaqla yaşayış və qeyri-yaşayış komplekslərinin inşası sürətlə reallaşdırılır. Bu prosesdə isə, əsasən, “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının gerçəkləşdirilməsi önə çəkilir.
Bölgədə iqtisadiyyatın sürətli bərpası və dayanıqlı inkişafı, o cümlədən, rəqabətli istehsal sahələrinin səmərəli fəaliyyəti müasir infrastrukturun qurulması ilə şərtləndirilir. Prioritet istiqamətlərdə sahibkarlara geniş çeşidli stimullar verilir, vergi-gömrük azadolmaları və güzəştli maliyyələşmə prinsipləri geniş tətbiq olunur, kreditlərin və investisiyaların sığortalanması mexanizmi yaradılır.
Ekoloji təmiz və iqtisadi cəhətdən səmərəli bərpaolunan enerji mənbələrindən istifadə də diqqət mərkəzində saxlanılır, bu məsələdə “yaşıl enerji zonası” konsepsiyasına xüsusi əhəmiyyət verilir. Elə bunun nəticəsidir ki, Qarabağ və Şərqi Zəngəzurun ümumi məhsul buraxılışında, ixracda və məşğulluqda payı davamlı şəkildə artır. Bir sözlə, bu prioritetlər dövlət başçısının müvafiq göstərişləri və “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdış” Dövlət Proqramı çərçivəsində reallaşdırılır.
Bərpa-quruculuq layihələrinin icrasına başlanan vaxtdan indiyədək birinci və ikinci mərhələlər üzrə bir sıra genişmiqyaslı tədbirlər həyata keçirilib və bu, hazırda da intensiv davam etdirilir. Əsas məqsəd isə işğaldan azad olunan ərazilərdə yenidənqurma işlərinin qısa zamanda tamamlanması və soydaşlarımızın öz torpaqlarına geri dönüşü üzrə yüksək səviyyəli həyat tərzinin yaradılmasıdır.
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında Vətən müharibəsindən sonra genişmiqyaslı enerji layihələrinin icrasına başlanılıb, işğal dövründə dağıdılan kiçik su elektrik stansiyalarının bərpası ilə bərabər, ekoloji normalar daxilində yeniləri tikilib.
Yeri gəlmişkən, dövlət başçısının regionun dayanıqlı elektrik təchizatı infrastrukturunun yaradılması və hidroenerji ehtiyatlarından səmərəli istifadə istiqamətində tapşırıqlarına uyğun olaraq, regionun sərt, keçilməz iqlim və relyef şəraitinə rəğmən qısa bir müddətdə ümumi gücü 226 MVt olan 28 SES yenidən qurulub və ya yeni tikilib. Ümumi gücü 44 MVt olan 4 SES-də isə avadanlıqların quraşdırılması və sazlama işlərinə başlanılıb. Nəticədə bütün region üzrə dayanıqlı elektrik təchizatı sxemi yaradılıb və “Yaşıl dünya naminə həmrəylik ili” elan edilən 2024-cü ilin birinci yarısında ümumi gücü 270 MVt olan 32 SES-in istismara veriləcəyi nəzərdə tutulub.
Qarabağ və ətraf rayonlar işğaldan azad ediləndən sonra bölgədə abadlıq-quruculuq işlərinə başlandı. Burada, ilk növbədə, nəqliyyat-logistika layihələrinin gerçəkləşməsinə xüsusi önəm verildi, yol tikintisi, aeroportların salınması məsələləri prioritet vəzifə kimi qarşıya qoyuldu. Məhz bu diqqətin nəticəsi idi ki, Vətən müharibəsindən ötən bir il ərzində Qarabağ və Şərqi Zəngəzurda uzunluğu 700 kilometrə yaxın 10 yol infrastrukturu layihəsinin–“Zəfər”, Əhmədbəyli–Füzuli–Şuşa, Toğanalı–Kəlbəcər–İstisu, Kəlbəcər–Laçın, Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd, Talış–Tapqaraqoyunlu–Qaşaltı, Xudafərin–Qubadlı–Laçın, Şükürbəyli–Cəbrayıl–Hadrut, Füzuli–Hadrut, Bərdə–Ağdam avtomobil yollarının sürətlə reallaşdırılması istiqamətində mühüm nəticələr əldə edildi.
Bərpa çərçivəsində gerçəkləşdirilən layihələr sırasında Qarabağın hava qapısı olan Füzuli və Zəngilan hava limanlarının işə salınması ilə yanaşı, Laçında da aeroportun tikintisi həm sosial-iqtisadi, həm də strateji cəhətdən olduqca böyük önəm daşıyır. Bütün bunlar bölgənin canlanmasına, həm yük, həm sərnişin daşımasına, həm də Azərbaycanın öz hərbi gücünü artırmağa, hərbi infrastrukturu yaratmağa böyük töhfə verəcək.
Nəzrin SULTANOVA,
Toğrul İBRAHİMOV,
BDU-nun jurnalistika fakültəsinin tələbələri