Özəl bölmə maliyyə əlçatanlığından güc alır

post-img

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) son bir ildə biznes mühitinin yaxşılaşdırılması, bu sektorda qanunvericiliyin və biznesə dövlət xidmətlərinin təkmilləşdirilməsi prosesində fəal iştirak edib, yeni kiçik və orta biznes (KOB) subyektlərinin yaradılmasına və mövcud KOB-ların inkişafına, sahibkarların qa­nuni maraqlarının müdafiəsinə, satış bazarlarına, bilik və innovasiyalara, maliy­yə resurslarına çıxışına dəstəyini gerçəkləşdirib.

KOBİA-dan redaksiyamıza verilən məlumata əsasən, agentlik tərəfindən hazırda da biznesə başlamaq və sahib­karlıq fəaliyyətini genişləndirmək istəyən biznes subyektlərinə müxtəlif dəstək və xidmətlər göstərilir. Bu dəstək və xidmət­lər biznesin müxtəlif mərhələlərini əhatə edir.

Ötən il Prezident İlham Əliyevin iştira­kı ilə açılışı reallaşan “Bakı KOB evi”nin fəaliyyətə başlaması nəticəsində biznesə vahid məkanda xidmət mərkəzi olan “KOB evləri”nin sayı 3-ə çatıb. Hazırda Bakı, Yevlax və Xaçmaz şəhərlərində olmaqla ölkə üzrə 3 “KOB evi” fəaliyyət göstərir. Həmin mərkəzlərdə 50-yə yaxın dövlət və özəl qurum tərəfindən sahib­karlara 300-dən çox adda xidmət təqdim olunur. 

“KOB evləri”nin əsas məqsədi sahib­karlara operativ, şəffaf, məsuliyyət və ra­hatlıq prinsipləri əsasında dövlət və özəl qurumların xidmətlərinin vahid məkanda təqdim edilməsidir. Yeri gəlmişkən, “KOB evləri”nin xidmətlərindən yararlanan sa­hibkarların sayı getdikcə artır. Belə ki, 2023-cü ildə 371 mindən çox, cari ilin I rübündə isə 99 mindən çox sahibkara KOB evlərində xidmət göstərilib. Xidmət­lərdən məmnunluq səviyyəsi isə 98 faizə yüksəlib. Ölkənin digər şəhər və rayon­larında, o cümlədən işğaldan azad olun­muş bölgələrimizdə “KOB evləri”nin yara­dılması nəzərdə tutulur və bu istiqamətdə zəruri tədbirlər görülür.

Ötən il KOB-ların təhsil, elm-tədqiqat və digər layihələrinin maliyyələşdirilmə­sinə 550 min manatdan çox qrant vəsa­iti verilib. Ümumilikdə isə indiyədək bu məqsədlə 58 layihəyə 1 milyon manat­dan çox qrant vəsaiti ayrılıb.

Bütün bunlarla yanaşı, keçən il 42, ümumilikdə isə bugünədək 145 mikro və kiçik sahibkara innovasiya fəaliyyəti üzrə əldə etdikləri gəlirlərə 3 il müddətinə vergi güzəştlərini nəzərdə tutan “Star­tap” şəhadətnaməsi verilib. Sahibkarla­ra vergi güzəştlərini nəzərdə tutan digər dəstək mexanizmi olan KOB klasterlərin yaradılması istiqamətində də işlər davam etdirilib. 

Xatırladaq ki, qanunvericilikdə “KOB klaster” şirkəti və onun iştirakçısı üçün bir sıra vergi güzəştləri nəzərdə tutulur. Belə ki, adıçəkilən qurum müvafiq reyestrə daxil edildiyi tarixdən 7 il müddətinə mən­fəət, “KOB klaster” fəaliyyətində istifadə olunan torpaqlara görə torpaq və əmlak vergisindən, texnoloji avadanlıqların və qurğuların idxalı üçün isə ƏDV-dən azad olunur. 

“KOB klaster”in iştirakçısı olan şəxs 7 il müddətində “KOB klaster” şirkəti ilə bağlanmış müqavilə əsasında təqdim etdiyi mal üzrə qazandığı mənfəət və ya gəlirin kapital xarakterli xərclərinin çəkil­məsinə yönəldilən hissəsinin mənfəət və ya gəlir vergisindən azad olunur. “KOB klaster” üçün nəzərdə tutulan güzəşt­lərdən yararlanmaq istəyən kommersi­ya hüquqi şəxs “KOB klaster” şirkətinin şəhadətnaməsini almalıdır. Bunun üçün kommersiya hüquqi şəxs KOBİA-ya mü­raciət edə bilər.

KOB subyektlərinin rəqabətqabi­liyyətli istehsalının stimullaşdırılması məqsədilə daxili bazar araşdırmasının aparılmasına dövlət dəstəyi KOBİA tərə­findən təmin edilir. Mikro sahibkarlıq sub­yektinin müraciəti əsasında reallaşdırılan hər bir daxili bazar araşdırmasına çəkilən xərcin 80 faizi, kiçik sahibkarlıq subyek­tinin müraciəti ilə həyata keçirilən araş­dırmaya çəkilən xərcin isə 50 faizi dövlət tərəfindən ödənilir. Hər bir daxili bazar araşdırmasının aparılmasına görə ödə­nilən dəstək məbləği maksimum 20 min manatdır. İndiyədək sahibkarların müra­ciəti və KOBİA-nın təşəbbüsü ilə 50-dən çox daxili bazar araşdırması aparılıb.

Onu da qeyd edək ki, 2023-cü ildə 10 sərgi çərçivəsində 79 KOB subyekti­nin məhsullarının ödənişsiz olaraq sər­gilənməsinə, agentlik tərəfindən ticarət şəbəkələrində yaradılmış 8 satış nöqtə­sində 25-dən çox sahibkarlıq subyektinin məhsullarının satışına dəstək göstərilib.

Sahibkarların maarifləndirilməsi, bilik və bacarıqlarının artırılması məqsədilə KOBİA-nın ödənişsiz təlim və məsləhət xidmətlərindən 2023-cü ildə 14 minə yaxın KOB subyekti, startap və biznesə başlamaq istəyən şəxs yararlanıb. Kənd təsərrüfatı, istehsal, xidmət və s. üzrə 697 biznes planın hazırlanmasında KOB subyektlərinə dəstək göstərilib. Ötən il agentliyin ödənişsiz video təlimlərin­dən 424 sahibkar və biznesə başlamaq istəyən şəxs faydalanıb, 37 sahibkar və menecer beynəlxalq təcrübəyə yiyələn­mək üçün Almaniyada ixtisasartırma kursu keçib. Bu ilin mart ayında Azər­baycan Texniki Universitetində fəaliyyətə başlamış “KOB Model Müəssisəsi”nin imkanlarından artıq 20-dən çox sahibkar faydalanıb.

Model müəssisə kiçik və orta sənaye müəssisələrinin səmərəli və rəqabətqa­biliyyətli olmasına imkan verən, qənaətli idarəetmə üsullarına əsaslanan tədris və təcrübə mərkəzidir. Bu müəssisənin im­kanlarından faydalanan KOB subyektləri­nin mühəndisləri və texniki heyəti qənaət üsullarını təcrübə əsnasında öyrənir və bu metodları öz şirkətlərində tətbiq edir­lər. Bu isə həm işçilərin, həm də şirkətin məhsuldarlığını və rəqabətqabiliyyətliliyi­ni artırır.

Son bir ildə də KOB-lara yerində dəstək və xidmətləri təmin edən, döv­lət-sahibkar əməkdaşlığına töhfə verən “KOB dostu” şəbəkəsinin genişlənməsi davam etdirilib. Sahibkarlara daha yaxın olmaq, onların müraciətlərinin yerində həllinə dəstək göstərmək üçün hazırda ölkənin 50-yə yaxın şəhər və rayonunda “KOB dostları” fəaliyyət göstərir.

Hazırda biznes üçün aktual məsələlərdən biri də işğaldan azad edil­miş ərazilərə investisiya yatırmaq və Qa­rabağ və Şərqi Zəngəzurda biznes qur­maqdır. Cari ilin yanvar-aprel aylarında bu istiqamətdə KOBİA-ya 1950-dən çox müraciət daxil olub. Onlardan 500-dən çoxu xarici müraciətdir. Ümumi müraciət­lərin 980-dən çoxu investisiya layihəsidir ki, onun da 48 faizi ticarət və xidmət, 22 faizi sənaye, 22 faizi kənd təsərrüfatı, 8 faizi isə tikinti, turizm, səhiyyə, təhsil və mədəniyyət sahələrini əhatə edir.

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında öz biznesini quran sahib­karlar agentliyin müxtəlif dəstək və xid­mətlərindən istifadə edirlər. Zəngilan ra­yonunun Ağalı kəndində yerləşən Dövlət Xidmətləri Mərkəzində KOBİA-nın kiçik və orta bizneslə bağlı xidmətləri həyata keçirilir. Eyni zamanda, işğaldan azad edilmiş ərazilərdə “KOB dostu” ofislə­ri yerləşir. Bu, bölgədə biznesin qurul­masına və inkişafına dəstək məqsədilə KOBİA-nı sahibkara daha yaxın edir.

Vaqif BAYRAMOV
XQ

İqtisadiyyat