COP29 ölkəmizin qlobal iqlim təşəbbüslərinə önəmli töhfəsi olacaq
Dünya birliyinin BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının Bakıda keçirilməsi ilə bağlı yekdil qərarı Azərbaycana olan etimadın göstəricisidir. Bu, həm də dünyamızın getdikcə daha çox qloballaşdığı bir şəraitdə Cənubi Qafqazda yaranan yeni reallığın beynəlxalq birlik tərəfindən etirafı deməkdir.
Ötən müddətdə qlobal enerji və nəqliyyat-logistika layihələrinin təşəbbüskarı və əsas iştirakçısı kimi tanınan Azərbaycan hazırda dünyanın prioritet elan etdiyi “yaşıl keçid” platformasına da mühüm töhfələr verir. Bu baxımdan beynəlxalq birlik cari ilin noyabr ayında Bakıda keçiriləcək COP29-dan çox şey gözləyir. Hətta karbon emissiyalarının azaldılması, “yaşıl enerji”yə keçidlə bağlı tədbirlərin maliyyələşdirilməsi ilə bağlı məsələlərin də məhz Bakı konfransında həllinə ümidlər böyükdür.
Təsadüfi deyil ki, Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində ABŞ Prezidentinin iqlim üzrə xüsusi nümayəndəsi Con Kerri ilə görüşündə iqlim maliyyələşdirilməsinin COP29-un əsas mövzusu olacağını vurğulayaraq bildirib ki, Azərbaycan da bu xüsusda qlobal həmrəyliyə, xüsusilə də qlobal Şimal və qlobal Cənub arasında həmrəyliyə nail olmaq istiqamətində səylərini davam etdirəcək.
Yeri gəlmişkən, ötən həftənin sonlarında keçirilmiş Münxen Təhlükəsizlik Konfransında ən çox müzakirə olunan məsələlərdən biri də COP29-la bağlı olub. Prezident İlham Əliyev konfrans çərçivəsində keçirdiyi görüşlər zamanı Azərbaycanın COP29-la əlaqədar bir daha özünün iqlim dəyişikliyi sahəsində beynəlxalq səyləri dəstəkləmək əzmini nümayiş etdirdiyini diqqətə çatdırıb. Dövlətimizin başçısı fevralın 17-də ABŞ Prezidentinin iqlim üzrə xüsusi nümayəndəsi Con Kerri ilə görüşündə Azərbaycanın milli səviyyədə bərpaolunan enerji və “yaşıl keçid” prosesi sahəsində ciddi tədbirlər həyata keçirdiyini, bu istiqamətdə region səviyyəsində və qlobal miqyasda olan tədbirləri yaxından dəstəklədiyini vurğulayıb.
Dövlətimizin başçısına prezident seçkilərində qələbə və Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının Bakıda keçirilməsi münasibətilə təbriklərini çatdıran Con Kerri iqlim maliyyələşdirilməsi mövzusunun gündəlikdə duran əsas məsələlərdən biri olduğunu vurğulayaraq hazırda “yaşıl” keçidlə əlaqədar texnoloji inkişafın çox sürətlə getdiyini və bu istiqamətdə yaxşı nəticələrin əldə olunduğunu, Bakıda da qəbul ediləcək qərarların iqlim dəyişikliyi prosesində beynəlxalq səylərə ciddi təkan verəcəyinə ümidvar olduğunu bildirib.
Həmin gün dövlətimizin başçısı ilə görüşən ABŞ-ın Dövlət katibi Antoni Blinken indiki dövrün Azərbaycanın COP rəhbərliyini öz üzərinə götürməsi baxımından çox vacib olduğunu vurğulayıb. O, COP29-un Azərbaycanda keçirilməsi münasibətilə təbriklərini çatdıraraq konfrans çərçivəsində ABŞ-ın da Azərbaycanla əməkdaşlığa və ölkəmizi bu istiqamətdə dəstəkləməyə hazır olduğunu qeyd edib.
Prezident İlham Əliyev isə ABŞ Dövlət katibinə təşəkkürünü bildirərək COP29-un ölkələrimiz arasında ikitərəfli gündəliyin önəmli bir hissəsi olduğunu vurğulayıb, Azərbaycanın bütün təşəbbüslərində ABŞ hökumətinin dəstəyinə ümid etdiyini diqqətə çatdırıb. Dövlətimizin başçısı, həmçinin COP29-un Azərbaycanla ABŞ arasında əməkdaşlığın genişləndirilməsi və bu istiqamətdə birgə işin aparılması üçün çox yaxşı imkanlar yaratdığını vurğulayıb.
Bununla yanaşı, Prezident İlham Əliyevin Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Avropa Komissiyasının Avropa Yaşıl Saziş Təşəbbüsü, təsisatlararası əlaqələr və planlaşdırma üzrə icraçı vitse-prezidenti Maroş Şevçoviç, Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl-Cabir, ATƏT-in Baş katibi, Münxen Təhlükəsizlik Konfransı Fondu Şurasının vitse-prezidenti xanım Helqa-Mariya Şmid, Münxen Təhlükəsizlik Konfransının sədri Kriştof Xoysqen və başqaları ilə görüşləri zamanı da COP29-la bağlı ətraflı müzakirələr aparılıb, bu beynəlxalq platformanın iqlim dəyişiklikləri məsələlərinə mühüm töhfə verəcəyi diqqətə çatdırılıb.
Bugünlərdə Fransanın paytaxtı Parisdə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının “COP28-dən sonra: birləşmək, hərəkət etmək və Birləşmiş Ərəb Əmirliklərində əldə olunmuş konsensusu həyata keçirmək vaxtıdır” adlı sessiyalar üzrə yüksək səviyyəli dəyirmi masada çıxış edən Azərbaycan xarici işlər nazirinin müavini Yalçın Rəfiyev isə deyib ki, COP29-da əsas vəzifələrdən biri maliyyələşdirmə mexanizmlərini inkişaf etdirmək olacaq. Onun sözlərinə görə, ölkələrin, beynəlxalq təşkilatların və özəl sektorun səylərinin birləşdirilməsini tələb edən zərərin azaldılması, uyğunlaşdırılması və ödənilməsi üçün maliyyənin səfərbər edilməsi mühüm əhəmiyyət kəsb edəcək.
COP29-la bağlı məsələlər Azərbaycanın energetika naziri Pərviz Şahbazovun bugünlərdə ABŞ Dövlət Departamentində keçirdiyi görüşlərin də əsas müzakirə mövzusu olub. Energetika Nazirliyinin məlumatına görə, Vaşinqtonda ABŞ Prezidentinin iqlim üzrə xüsusi nümayəndəsinin müavini Rik Dyuk ilə görüşdə COP29 tədbirinə sədrliyi dövründə Azərbaycanın “yaşıl enerji” keçidini sürətləndirən kursu, Milli Səviyyədə Müəyyən Olunmuş Töhfələr, “yaşıl enerji” dəhlizi üzrə ABŞ ilə əməkdaşlığa dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Azərbaycanın “yaşıl inkişaf”ına nail olmaq məqsədilə qısa müddətdə enerji sahəsində yeni qanunvericilik bazasının yaradıldığı, elektrik enerjisində bərpaolunan enerjinin payının artırılması və neft-qaz əməliyyatlarının, o cümlədən Səngəçal terminalının karbonsuzlaşdırılması üçün 2027-ci ilədək 8 sənaye miqyaslı elektrik stansiyasının istismara veriləcəyi bildirilib.
Görüş zamanı, həmçinin Xəzər dənizinin 157 qiqavat külək enerjisi potensialı əsasında “yaşıl” elektrik enerjisi və “yaşıl qaz”ların ixracı məqsədilə Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanın iştirakı ilə “yaşıl enerji dəhlizi”nin icra olunduğu qeyd edilib. Eyni zamanda, ABŞ ilə bu enerji dəhlizi üzrə əməkdaşlıq imkanları nəzərdən keçirilib, SOCAR-ın “Neft və Qazın Dekarbonizasiyası Xartiyası”na qoşulması, məşəldə yandırmaları sıfıra endirmək, sıfır metana çatmaqla bağlı hədəfləri ölkəmizin iqlim dəyişikliyinə qarşı mübarizə tədbirlərinə sadiqliyinin göstəricisi kimi dəyərləndirilib.
Energetika nazirinin ABŞ Enerji Departamentinin katibi Cennifer Qranholm ilə görüşündə ikitərəfli enerji əməkdaşlığının yeni mərhələdə inkişafı, təbii qaz və “yaşıl enerji”nin tədarükü, həmçinin COP29-la bağlı məsələlər müzakirə edilib. Nazirliyin məlumatına görə, görüş zamanı Azərbaycanın ənənəvi enerji təchizatçısı kimi həyata keçirdiyi enerji təhlükəsizliyi layihələri, eləcə də “Xəzər–Qara dəniz–Avropa” və “Mərkəzi Asiya–Azərbaycan–Avropa” “yaşıl enerji” dəhlizlərinin inkişafına dair fikir mübadiləsi aparılıb. Bu dəhlizlərin əhəmiyyəti regionlararası inteqrasiya, enerji təhlükəsizliyi və enerji keçidi aspektində dəyərləndirilib.
Söhbət zamanı COP29-a sədrlik edən ölkə kimi Azərbaycanın bərpaolunan enerji və enerji keçidi istiqamətlərində gördüyü tədbirlərdən, qlobal iqlim məqsədlərinə nail olmaq üçün göstərdiyi səylərdən ətraflı bəhs edilib. Qeyd olunub ki, 2027-ci ilədək 2 qiqavat “yaşıl enerji” istehsalı güclərinin enerji sisteminə inteqrasiyası nəticəsində qoyuluş gücündə bərpaolunan enerji mənbələrinin payı 33 faizə çatacaq. Bununla yanaşı, ölkəmizin sosial-iqtisadi inkişaf strategiyası, işğaldan azad edilmiş ərazilər və Naxçıvanın “yaşıl enerji zonası”na çevrilməsinin “yaşıl enerji” keçidini təşviq etdiyi vurğulanıb.
Görüşdə, həmçinin enerji saxlanc sistemləri, emissiyaların azaldılması və Azərbaycanın COP çərçivəsində təşəbbüslərinə dair fikir mübadiləsi aparılıb, mümkün tərəfdaşlıq formaları nəzərdən keçirilib.
M.YAQUBZADƏ
XQ