2025-ci ilin yanvar-iyul aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 169 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 111 ölkəyə məhsul ixrac olunmuş, 162 ölkədən idxal olunmuşdur.
XQ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2025-ci ilin yanvar-iyul aylarında ölkənin xarici ticarət dövriyyəsi 28187,3 milyon ABŞ dolları təşkil etmişdir. Ticarət dövriyyəsinin 14572,5 milyon dollarını və ya 51,7 faizini ölkədən ixrac olunmuş məhsulların, 13614,8 milyon dollarını (48,3 faizini) isə idxal məhsullarının dəyəri təşkil etmiş, nəticədə 957,7 milyon dollar məbləğində müsbət saldo yaranmışdır. 2024-cü ilin yanvar-iyul ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 7,4 faiz artmış, real ifadədə isə 5,1 faiz azalmışdır. İdxal real ifadədə 1,2 faiz artmış, ixrac isə 9,6 faiz azalmışdır.2025-ci ilin yanvar-iyul aylarında qeyri neft-qaz məhsullarının ixracı 2088,0 milyon dollar təşkil etmiş və 2024-cü ilin yanvar-iyul aylarına nisbətən faktiki qiymətlərlə 11,4 faiz artmış, real ifadədə isə 11,8 faiz azalmışdır.
Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlara əsasən ölkənin xarici ticarət dövriyyəsinin 26,0 faizi İtaliya, 11,7 faizi Türkiyə, 10,6 faizi Rusiya, 8,7 faizi Çin, hər biri 3,1 faiz olmaqla Almaniya və Birləşmiş Krallıq, 2,6 faizi ABŞ, 2,1 faizi Çexiya, 1,8 faizi Qazaxıstan, hər biri 1,6 faiz olmaqla Gürcüstan, Bolqarıstan və Xorvatiya, hər biri 1,5 faiz olmaqla Yunanıstan, Rumıniya və İsveçrə, 1,4 faizi Portuqaliya, 1,3 faizi Avstraliya, 1,2 faizi İran, hər biri 1,0 faiz olmaqla Ukrayna, Meksika və Cənubi Afrika Respublikası, 0,9 faizi Özbəkistan, 13,2 faizi isə digər ölkələr ilə aparılmış ticarət əməliyyatlarının payına düşmüşdür.
İxracın 47,3 faizini İtaliyaya, 13,2 faizini Türkiyəyə, 4,7 faizini Rusiyaya, 3,6 faizini Çexiyaya, hər biri 3,0 faiz olmaqla Xorvatiya və Bolqarıstana, 2,7 faizini Yunanıstana, hər biri 2,5 faiz olmaqla Rumıniya, Portuqaliya, Gürcüstan və Almaniyaya, 1,6 faizini İsveçrəyə, 1,4 faizini Birləşmiş Krallığa, 1,1 faizini İrlandiyaya, 0,9 faizini Niderlanda, 0,8 faizini Ukraynaya, 0,7 faizini Serbiyaya, hər biri 0,5 faiz olmaqla Tailand və İndoneziyaya, hər biri 0,4 faiz olmaqla Tunis, Birləşmiş Ərəb Əmirlikləri, Qazaxıstan, Danimarka və Çinə, 3,0 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil etmişdir.