Təbiətin yaraları və qlobal həmrəylik

post-img

Bu gün müxtəlif problemlərin tüğyan etdiyi mürəkkəb bir dünyada yaşayırıq. Gözləmədiyimiz bir halda elə təbii fəlakətlərlə üzləşirik ki, bu, geniş miqyasda dağıntıya və çoxlu insan tələfatına səbəb olur. Zəlzələlər, torpaq sürüşmələri, daşqınlar, qasırğa və digər təbii fəlakətlər bütün dünyanı öz cənginə alıb. 

Təbii ki, bütün bunların ilkin səbəbi planetimizin qeyri-humanist münasibət­lərin real hədəfinə çevrilməsidir. Əgər dünyamız həddindən artıq nüvə, döyüş sursatı ilə yüklənirsə, dağıdıcı, viranedici müharibələrin meydanına çevrilirsə, han­sı normal həyat tərzindən söhbət gedə bilər?

Bir çox mənfi amillər də dünya­nın ekosisteminə ziyan vurmaqdadır. Yaşadığımız elmi-texniki inqilab əsrin­də əhalinin sürətlə artması, yeni təbii ehtiyatların istifadəyə verilməsi, kənd təsərrüfatının sənayeləşdirilməsi, texniki tərəqqinin sürətləndirilməsi ətraf mühitə öz təsirini göstərməyə bilməz. Texniki tərəqqinin nailiyyətləri bir tərəfdən əha­linin təbiətdən asıllığını azaldırsa, təbii ehtiyatlardan səmərəli istifadəni asan­laşdırırsa, digər tərəfdən də bu nailiy­yətlərdən düzgün istifadə olunmaması ekoloji tarazlığın pozulmasına gətirib çıxarır. Belə ki, hava, dəniz, şirin su hövzələri çirklənir, meşələr məhv olur, torpaq örtüyü sıradan çıxır, nadir bitki və heyvan növlərinin sayı azalır.

Ekologiya və Təbii Sərvətlər Nazir­liyinin əməkdaşı Bəxtiyar Hüseynov yuxarıda vurğuladığı fikirlərini davam etdirərək bildirib ki, təbiətlə harmonik münasibət qurulmadıqda bu cür cid­di problemlər yaranır. Məsələn, yerdə həyatın yaranması və inkişafını təmin edən amillərdən biri olan atmosferə diqqət çəkək. Atmosfer hər şeydən öncə tənəffüs almaqdan ötrü canlı orqanizmlər üçün həyati əhəmiyyət kəsb edir. Əgər insan qidasız 60 gün, susuz 6-7 gün qala bilərsə, havasız 4 dəqiqə­dən artıq yaşaya bilməz. Yerdə ener­ji və maddələr mübadiləsinin həyata keçirilməsində mühüm rol oynayan atmosferin çirklənməsi bu gün əsas ekoloji problem kimi qarşıda durur. 

Qeyd edək ki, bu çirklənmə səna­ye, nəqliyyat və s. sahələrdə çox bö­yük həcmdə müxtəlif yanacaq növlə­rindən səmərəsiz istifadə ilə bilavasitə bağlıdır. Bu sahələrdən hər il havaya 20 milyard tondan artıq bərk və qaz halında hissəciklər daxil olur. Mineral yanacağın və müxtəlif növ tullantıların yandırılmasından əmələ gələn karbon turşusu və sulfidli qaz atmosferin tem­peratur rejiminə, optik xassələrinə, ay­rı-ayrı regionların hava şəraitinə mənfi təsir göstərir. 

Tədqiqatçıların sözlərinə görə, sul­fidli qazlar turş yağışlar əmələ gətirir. Avropada və Şimali Amerikada geniş yayılan bu yağışlar meşələri, şirin su hövzələrindəki canlı aləmi məhv edir, kənd təsərrüfatı məhsullarının keyfiyyə­tini və məhsuldarlığını aşağı salır. Ha­vaya zərərli maddələrin daxil olması­nın qarşısını almaq bu gün istehsal texnologiyasının daha da təkmilləşdi­rilməsini və müasir avadanlıqlardan düz­gün istifadə olunmasını ön plana çəkir. Qeyd edək ki, yaşıllıqlar da atmosferin tənzimlənməsində mühüm rol oynayır. Təkcə bunu demək kifayətdir ki, bir hektar meşə sahəsi bir ildə 18 min kubmetr havanı zəhərli maddələrdən təmizləyir və 10-20 tona yaxın karbon qazı udur.

B.Hüseynovun sözlərinə görə, atmos­fer canlı orqanizm, tənəffüs üçün nə qədər mühüm əhəmiyyət kəsb edirsə, su da həyat üçün bir o qədər böyük önəm daşıyır. Bu baxımdan Xəzər dənizi neft, qaz və başqa xammal ehtiyatları ilə yanaşı, canlı aləmlə də çox zəngin bir hövzədir. Nadir balıqlar, quşlar, su bitkiləri, onurğasız heyvanlar bu hövzə­nin əvəzolunmaz sərvətidir. Dünyada ağ balığın 70 faizi, qara kürünün demək olar ki, hamısı Xəzəryanı dövlətlərin, o cümlədən Azərbaycan, Rusiya Fe­derasiyası, Qazaxıstan, Türkmənistan və İran İslam Respublikasının hesabına istehsal olunur.

Lakin çox təəssüf ki, Xəzərin eko­loji vəziyyəti heç də qənaətbəxş de­yil. Ümumiyyətlə, dəniz və okeanların suyu ən çox neft və neft tullantıları ilə çirklənir. Suyun üzərində əmələ gələn neft pərdəsi oksigenin sərbəst hövzəyə daxil olmasına mane olur, bu da can­lı aləmi, bioresursların həyatını təhlükə qarşısında qoyur. Xəzərin məişət tul­lantıları ilə çirklənməsi oradakı can­lı aləmin tükənməsinə, qiymətli balıq növlərinin azalmasına və nəticədə yox olmasına səbəb olur.

Ekologiya və Təbii Sərvətlər Nazir­liyinin əməkdaşı bildirir ki, yeni əsrin başlanğıcında bəşəriyyət artıq iqlim dəyişmələri və onun fəsadları, bioloji müxtəlifliyin getdikcə azalması, ozon qatının dağılması, hidrosferin çirklən­məsi, turş yağışlar və s. bu kimi qlo­bal ekoloji problemlərlə üz-üzədir. Tə­sadüfi deyil ki, müasir ekoloji vəziyyət həyəcan siqnalı çalaraq bütün dünyada haqlı olaraq narahatlıq doğurur. Bey­nəlxalq birlik iqlim dəyişmələri və onun fəsadlarına qarşı mübarizədə həmrəylik nümayiş etdirərək keçən il dekabrın 9-də Birləşmiş Ərəb Əmirliklərinin Du­bay şəhərində keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyasında – COP28 sammitində bir araya gəlməsi də bunun bariz ifadəsidir. 

Yeri gəlmişkən, sammitin dekabrın 11-də keçirilən plenar iclasında isə növbəti COP29-un məhz Azərbaycanın evsahibliyi etməsi haqqında yekdillik­lə qərar qəbul olunub. Tədbirdə çıxış edən Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev bu qərara görə, COP-un Şərqi Avropa Qrupu Dövlətlərinə minnətdarlığını bildirərək ölkəmizin bu uğurunu respublikamızda iqlim dəyişikli­yi ilə bağlı həyata keçirilən genişmiqyas­lı mübarizə tədbirlərinin daim diqqətdə saxlanılması, Prezident İlham Əliyevin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələri­nin qarşısının alınması istiqamətində nümayiş etdirdiyi güclü siyasi iradə ilə əlaqələndirib. 

Ümumiyyətlə, COP29 kimi mötə­bər bir tədbirin ölkəmizdə keçirilmə­si ilə bağlı yekdil qərarın verilməsi beynəlxalq ictimaiyyətin Azərbaycana böyük hörmət və etimadın, eləcə də milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə verdiyi töhfə­nin mühüm göstəricisidir. Bu, COP29 çərçivəsində bütün dünyada gedən proseslərə, o cümlədən iqlim, “yaşıl ideya”lar və “yaşıl proqram”larla bağlı məsələlərə Azərbaycan platformasın­dan baxılacağı və onun təcrübəsinin öy­rəniləcəyi deməkdir. 

COP29-un Şərqi Avropa Qrupunun üzvü olan dövlətlərin COP29-a ev sa­hibliyi etmək üçün ölkəmizi dəstək­lədiyini böyük uğur kimi səciyyələn­dirən dövlətimizin başçısının sözlərinə görə, Azərbaycan neft-qaz ölkəsi kimi bu sahədə də özünü göstərəcək və dünyada hər kəs bir daha bizim gün­dəliyimizin “yaşıl enerji” ilə bağlı oldu­ğunu görəcək. “Yaşıl enerji” növlərinin yaradılması və “yaşıl enerji”nin dünya bazarlarına nəqlinin dövlətimizin enerji siyasətində prioritet istiqamətə çevrildi­yinə əmin olacaq. 

Qeyd edək ki, hazırda Azərbaycanın ümumi elektrik enerjisi istehsalında bər­paolunan enerji mənbələrindən istehsal edilən güc 1688 meqavat təşkil edir ki, bu da ümumi gücün təqribən 20 faizinə bərabərdir. Bununla belə, regionun al­ternativ və bərpaolunan enerji potensia­lının zənginliyi ilə seçilən ölkəmizdə bu göstəricinin artırılması üçün imkanlar çox yüksəkdir. Belə ki, təsdiqlənmiş proqnoz­lara görə, Azərbaycanın quru ərazisində 37 qiqavatlıq külək və günəş enerjisi, Xəzər dənizinin Azərbaycan sektorunda isə 157 qiqavatlıq külək enerjisi imkanla­rı mövcuddur. Bütövlükdə isə, ölkəmizin bərpaolunan enerji sahəsində potensialı 200 qiqavata yaxın qiymətləndirilir. 

Prezidenti İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən enerji təhlükə­sizliyi siyasətinin əsas hədəflərindən biri də məhz ölkəmizdə bərpaolunan enerji mənbələrinin potensialından səmərəli istifadənin gücləndirilməsindən ibarət­dir. Təkcə onu qeyd etmək kifayətdir ki, Azərbaycanda 2030-cu ilə qədər elektrik enerjisi istehsalında bərpaolunan enerji mənbələrinin payının hazırkı göstərici ilə müqayisədə daha 50 faiz artırılması, eləcə də istixana qazı emissiyalarının 2050-ci ilə qədər 40 faizədək azaldılma­sı nəzərdə tutulur. Eyni zamanda, yaxın illərdə Azərbaycanda istehsal ediləcək bərpaolunan enerjinin 80 faizinin ixracı planlaşdırılır. 

Azərbaycanın energetika nazirinin müavini Samir Vəliyevin sözlərinə görə, 2030-cu ilə qədər ölkəmizdə ümumi elektrik enerjisi istehsalında bərpaolunan enerjinin payının 30 faizədək artırılması planlaşdırılır. Bununla belə, nazir müavi­ni hesab edir ki, 2027-ci ilin sonunadək 1870 meqavat həcmində “yaşıl güc”lə­rin ölkənin enerji sisteminə inteqrasiyası nəticəsində bərpaolunan enerjinin payı proqnozlaşdırılmış hədəfdən daha çox, yəni 33 faizə çatdırıla bilər. Bu məqsəd­lərə nail olmaq üçün isə ölkəmizin ener­getika sektorunda islahatlar davam etdi­rilir. 

V. BAYRAMOV
XQ



Ekologiya