Naxçıvanda istehsalçı və investorlarla görüş

post-img

Xarici və yerli istehsalçıların, eləcə də investorların muxtar respublikaya səfəri çərçivəsində keçirilən tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası İqtisadiyyat nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Abbas İsmayılov qədim diyarın ötən ilin yekunlarına dair iqtisadi inkişaf göstəricilərini açıqlayıb. Vurğulanıb ki, 2023-cü ildə muxtar respublikada 1 milyard 552 milyon manat dəyərində ümumi daxili məhsul (ÜDM) istehsal olunub. Ötən il bölgədə 594 milyon manatlıq sənaye, 358 milyon manatlıq kənd təsərrüfatı məhsulları istehsal edilib, əhaliyə 34 milyon manatlıq informasiya və rabitə, 178 milyon manatlıq ödənişli xidmətlər göstərilib. 

Qəzetimizin muxtar respublika üzrə bölgə müxbiri Səbuhi Həsənovun bildir­diyinə görə, tədbirdə qeyd edilib ki, Nax­çıvan iqtisadiyyatında şəffaflaşmanın art­ması, “kölgə iqtisadiyyatı”nın miqyasının azaldılması, biznes fəaliyyətinin leqallaş­dırılması vergi daxilolmalarının dinamik artımı ilə nəticələnib. Belə ki, 2023-cü ildə büdcə gəlirlərində qeyri-dövlət sekto­runun payı 55,7 faiz, vergi daxilolmala­rında isə 62,4 faiz təşkil edib. 

Sahibkarlığın sürətli inkişafında ən önəmli amillərdən biri maliyyə əlçatan­lığıdır. 2023-cü ildə Naxçıvan Muxtar Respublikası Sahibkarlığın İnkişafı Fon­du tərəfindən 40 investisiya layihəsinin maliyyələşdirilməsinə 6,2 milyon manat güzəştli şərtlərlə dövlət maliyyə dəstə­yi göstərilib ki, bunun 84,8 faizi səna­ye məhsullarının istehsalına, 11,7 faizi kənd təsərrüfatına və 3,5 faizi isə xidmət sahələrinə yönəldilib.

Naxçıvan Muxtar Respublikası Kənd təsərrüfatı nazirinin müavini, nazir və­zifələrini müvəqqəti icra edən Xəyalə Da­daşova, Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Rahid Ələkbərli, “Azərbaycan Fran­çayzinq Assosiasiyası”nın idarə heyəti­nin sədri Camid Mövsümov, “İhlas Hol­dinq”in direktor müavini Cemil Ceyhan Aral və “Özgün İnşaat”ın direktor müavini Mehmet Can Seyman çıxışlarında “Nax­çıvan Muxtar Respublikasının sosial-iq­tisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” barədə məlumat verərək, bu sənədin əsas qayələrindən birinin sahibkarlar üçün əlverişli investi­siya mühiti formalaşdırmaq, azad iqtisadi zona yaratmaqla qədim diyarı əsas sər­mayə mərkəzinə çevirmək olduğunu vur­ğulayıblar.

Tədbirdə şirkətlərin gördükləri işlərə aid videoçarxlar nümayiş etdirilib, inves­tisiyalarla bağlı məlumatlandırma olub.

XQ

İqtisadiyyat