Cənub Qaz Dəhlizi öz imkanları ilə fəaliyyət göstərəcək

post-img

“Fitch Ratings” beynəlxalq reytinq agentliyi “Cənub Qaz Dəhlizi” (SGC) Qapalı Səhmdar Cəmiyyətinin yüksək səviyyəli təminatsız avrobondlarının xarici valyutada uzunmüddətli reytinqini “BB+” səviyyəsində təsdiqləyib.

Bu barədə beynəlxalq reytinq agent­liyi açıqlama yayıb. Bildirilib ki, bu, “Fit­ch”in müddəti 2026-cı ildə başa çatan, Azərbaycan ("BB+"/Pozitiv) tərəfindən tam təminat verilən 2 milyard ABŞ dolla­rı həcmində avrobondlara dair dəyişməz mövqeyini əks etdirir. Yeri gəlmişkən, rey­tinq dövlət tərəfindən Cənub Qaz Dəhlizi sahiblərinə tam və vaxtında ödəmə ilə bağlı qeyd-şərtsiz, geri alınmaz təmina­tını əhatə edir. Nəticədə, “Fitch” avro­bondların reytinqini Azərbaycanın uzun­müddətli xarici valyuta İDR ilə bərabər olduğunu hesab edir.

Bu arada, “Cənub Qaz Dəhlizi” Qa­palı Səhmdar Cəmiyyətinin builki ehti­yaclarının maliyyələşdirmə mənbələri müəyyənləşib. Belə ki, 2024-cü ildə SGC ümumi nağd pula olan ehtiyaclarını “Şahdəniz”, “Cənubi Qafqaz Boru Kəmə­ri”, Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) və Trans-Adriatik Boru Kəməri (TAP) layihələrindən əldə olunan vəsa­itlər və yığılmış pul vəsaitləri hesabına təmin edəcəyi proqnozlaşdırır. 

“Fitch Ratings” beynəlxalq reytinq agentliyinin məsələ ilə bağlı yaydığı mə­lumata görə, buna səbəb Cənub Qaz Dəhlizi ilə bağlı bütün layihələrin artıq is­tismara verilməsidir. “2023-cü ilin sonuna SGC-nin maliyyələşməsi dövlət tərəfin­dən təmin edilən borc (6,4 milyard ABŞ dolları) və kapital (2,4 milyard ABŞ dolla­rı) kombinasiyasından ibarət olub. SGC 2020-2023-cü illərdə yeni borc götürmə­yib, ancaq ötən ilin sonuna onun ümumi borc ehtiyatının təxminən 72 faizi Dövlət Neft Fondunun buraxdığı istiqrazlar və avrobondlar, 28 faizi isə beynəlxalq ma­liyyə institutlarının kreditləri və onlar tərə­findən dəstəklənən kreditlər təşkil edib”, – deyə agentlik bəyan edib.

Xatırladaq ki, “Cənub Qaz Dəhlizi” Qapalı Səhmdar Cəmiyyəti Azərbaycan Respublikasının Prezidenti İlham Əliye­vin “Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsi və Cənub Qaz Dəhlizinin yaradılmasına dair digər layihələrlə bağlı bəzi tədbirlər haqqında” 2014-cü il 25 fevral tarixli sərəncamı ilə “Şahdəniz” qaz-kondensat yatağının tammiqyaslı istismarı, Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) genişləndirilmə­si, TANAP və TAP layihələrində dövlətin iştirak paylarının birləşdirilməsi, idarə edilməsi və maliyyələşdirilməsi məqsə­dilə yaradılıb. Cəmiyyətin səhmlərinin 51 faizi dövlət mülkiyyəti olmaqla İqtisadiy­yat Nazirliyinə, 49 faizi isə Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus­dur. Qurumun nizamnamə kapitalı 2 mil­yard 415,8 milyon ABŞ dolları təşkil edir. 

Yeri gəlmişkən, Avropanın enerji xə­ritəsini zənginləşdirən Cənub Qaz Dəhlizi layihəsi uzun illər aparılan səmərəli da­nışıqların, bu sahədə imzalanan sənəd­lərin nəticəsi olaraq ərsəyə gəlib. Məlum olduğu kimi, 2011-ci ildə Avropa Komissi­yası və Azərbaycan Xəzərdən Avropaya birbaşa qaz nəql edən marşrutların yara­dılmasını dəstəkləyən Birgə Bəyanat im­zalayıblar. Sözügedən sənəd TANAP və TAP-la bağlı hökumətlərarası sazişlərlə birlikdə uzunmüddətli qaz satış müqa­vilələri üçün zəmin yaradıb. Bir il sonra Azərbaycan və Türkiyənin dövlət başçı­ları Trans-Anadolu Qaz Boru Kəməri ilə bağlı müqaviləyə imza atıblar. 2013-cü ildə isə Trans-Adritik Qaz Boru kəməri layihəsi həyata vəsiqə alıb. Beləliklə, Cə­nub Qaz Dəhlizinin bütün seqmentlərinin reallaşdırılması üçün hüquqi baza forma­laşdırıldıqdan sonra konkret işlərə start verilib. 

SGC-nin ilk seqmenti olan “Şahdə­niz-2” layihəsi Azərbaycan qazını Avropa və Türkiyəyə çatdıran nəhəng enerji la­yihəsidir. Sözügedən layihə “Şahdəniz” yatağının birinci işlənmə mərhələsi çərçi­vəsində hasil olunan illik 10 milyard kub­metrdən əlavə daha 16 milyard kubmetr qaz hasilatını nəzərdə tutur. 2006-cı ilin sonlarında istismara verilmiş “Şahdəniz” yatağının ilkin balans ehtiyatı 1 trilyon kubmetrdən artıq təbii qaz və 2 milyard bareldən çox kondensat həcmində qiy­mətləndirilib. 

Uzunluğu 3 min 500 kilometr olan Cənub Qaz Dəhlizinin təməli 2014-cü il sentyabrın 20-də Bakıda Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə qo­yulub. Cənub Qaz Dəhlizinin yaradılma­sı, ilk növbədə, 2006-cı ilin sonlarında istifadəyə verilmiş Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi zərurətini yaradıb. Bu məqsədlə marşrutun Azər­baycan ərazisindən keçən hissəsində yeni boru kəməri inşa olunub. Bununla da, illik ötürmə qabiliyyəti 7,4 milyard ku­bmetr təşkil edən Cənubi Qafqaz Boru Kəmərinin gücü 24 milyard kubmetrə çatdırılıb. Gələcəkdə isə lazım gəldiyi təqdirdə kəmərin illik ötürmə qabiliyyəti 34 milyard kubmetrə çatdırıla bilər. 

“Şahdəniz” qazını Türkiyənin də­rinliklərinə nəqlini həyata keçirən TA­NAP-ın təməlqoyma mərasimi 2015-ci il martın 17-də Türkiyənin Qars şəhərin­də keçirilib. Bununla da, boru kəmərinin inşasına start verilib. 12 iyun 2018-ci il tarixində Əskişəhərdə Cənub Qaz Dəhli­zinin mühüm hissəsi olan Trans-Anadolu Boru Kəmərinin açılışı olub. Həmin ayın 30-da ilk kommersiya qazının bu kəmər­lə Türkiyəyə nəqlinə başlanılıb. Noyabrın 30-da isə TANAP-ın Avropa ilə birləşən hissəsinin açılış mərasimi keçirilib. Uzun­luğu 1850 kilometr olan TANAP-ın illik ötürmə gücü hazırda 16,2 milyard ku­bmetr təşkil edir. Azərbaycanın zəngin qaz ehtiyatları, eləcə də Avropada “mavi yanacağa” tələbatın artması ilə əlaqədar gələcəkdə sözügedən kəmərin illik ötür­mə qabiliyyətinin 30,7 milyard kubmetrə­dək artırılması gözlənilir.

Cənub Qaz Dəhlizinin son seqmenti olan Trans-Adriatik Boru Kəməri Xəzər regionunun qazını Avropaya nəql et­mək məqsədilə inşa edilib. Adı çəkilən kəmərin təməlqoyma mərasimi 2016-cı il mayın 17-də Yunanıstanın Saloniki şəhərində keçirilib və tikinti işlərinə baş­lanılıb. TAP kəməri 2020-ci il noyabrın 15-də istismara verilib və kommersiya fəaliyyətinə başlamağa hazır vəziyyətə gətirilib. Həmin il dekabrın 31-də isə Azərbaycan kommersiya qazının TAP vasitəsilə Avropaya tədarükünə başlanı­lıb. Bununla da, ölkəmiz “köhnə qitə”nin əsas qaz tədarükçülərindən birinə çev­rilib. Qeyd edək ki, uzunluğu 880,8 kilo­metr olan kəmərlə il ərzində 10 milyard kubmetrdən artıq qaz nəql olunur. Lakin yaxın illərdə Avropaya qaz tədarükünün artması ilə əlaqədar olaraq bu həcmin 20 milyard kubmetrədək artırılması nəzərdə tutulur.

Mirbağır YAQUBZADƏ
XQ

İqtisadiyyat