Azərbaycan regionda “yaşıl enerji” lideridir

post-img

Son illər bu sahəyə yönəldilən sərmayələrin həcmi 1 milyard dollardan çoxdur

İqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında Azərbaycanla Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) arasında COP29 tədbirinə hazırlıq məsələlərinin müzakirə edildiyini bildirib. Nazir, eyni zaman­da, adıçəkilən beynəlxalq maliyyə qurumunun nümayəndələri ilə respublika­mızda keçiriləcək COP29 konfransının yüksək səviyyədə reallaşması üçün görülən işlərin nəzərdən keçirildiyini, enerji səmərəliliyinin təmin edilməsi üçün resursların effektiv tənzimlənməsi istiqamətində müzakirələr aparıldığını da vurğulayıb. 

Xatırladaq ki, BMT-nin İqlim Dəyi­şikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı 29-cu sessiyasının– COP29-un bu il ölkəmizdə keçiriləcəyi ilə bağlı qərar ötən il dekabrın 11–də COP28-in 150-dən çox dövlət və hö­kumət başçılarının iştirakı ilə Dubayda reallaşan plenar iclasında qəbul olunub. Qeyd edək ki, bu, təsadüfi olmayıb. Çünki indiyədək COP-un konfransları qazıntı yanacağı ixracatçıları olan, lakin “yaşıl enerji”yə də fəal şəkildə sərmayə qoyan ölkələrdə keçirilib. Azərbaycanın da fəaliyyəti bu baxımdan yüksək dəyər­ləndirilib. Başqa sözlə, dünya ölkələri­nin СОР29-un Bakıda reallaşdırılacağı barədə yekdil qərarı respublikamızın iqlim dəyişikliklərinin qarşısının alınma­sı sahəsində həyata keçirdiyi layihələrə verilən yüksək qiymətlə bağlı olub. 

Beləliklə, COP29-un Azərbaycanda keçirilməsi ilə bağlı qərarın qəbul edil­məsi bir daha təsdiq edir ki, ölkəmizin bu sahədəki fəaliyyəti BMT daxil olmaq­la, beynəlxalq və qlobal təşkilatlar tərə­findən yüksək qiymətləndirilib. Məhz bu səbəbdən də Azərbaycanın namizədli­yi dəstək olunub və təsdiqlənib. Qeyd edək ki, Azərbaycan regionda “yaşıl enerji”nin inkişafına ən çox investisi­ya edən ölkələrdən biridir. Son illər bu sahəyə yönəlmiş sərmayələrin həcmi 1 milyard dollardan artıqdır. 

Bu məqamda onu bildirək ki, Azər­baycanın enerji siyasətinin əsas is­tiqamətlərindən biri dekarbonizasiya tədbirlərinin tətbiqi ilə “yaşıl” inkişafı və neft-qaz layihələrinin icrasını özündə birləşdirən enerji keçidinin təmin edil­məsinə balanslaşdırılmış yanaşmadır. Ekspertlərin sözlərinə görə, külək və günəş enerjisi sahəsində yeni irimiqyas­lı layihələrin həyata keçirilməsi yüksək texnologiyalı enerji saxlama sistemləri­nin tətbiq edilməsi ilə müşayiət olunur. Ümumilikdə, ölkədə 2030-cu ilə qədər bərpaolunan enerji mənbələri sahəsin­də 7 GVt istehsal gücünün yaradılma­sı planlaşdırılır ki, bu da Azərbaycana Avropaya “yaşıl enerji”nin aparıcı ixra­catçılarından biri olmaq imkanı vermək deməkdir. 

Bu məqsədə nail olmaq üçün hazır­da müvafiq ixracat infrastrukturu – “Bla­ck Sea Energy” Qara Dəniz sualtı kabe­linin yaradılması üzrə işlər aparılır. Bu xətt vasitəsilə Azərbaycanın ən böyük külək və günəş elektrik stansiyalarının Gürcüstan üzərindən Avropa ölkələrinin enerji sistemi ilə birləşdiriləcəyi planlaş­dırılır. Eyni zamanda, respublikamızda gerçəkləşdirilən neft-qaz layihələrinin uğurlu icrası nəticəsində karbontutma, onun istifadəsi, həmçinin saxlanması, habelə hidrogen və ammonyak isteh­salı üzrə təşəbbüslərin reallaşdırılması nəzərdə tutulur. 

Yeri gəlmişkən, Prezident İlham Əliyev enerji siyasətinin əsas prioritet­ləri qismində bərpaolunan enerjinin is­tehsalı və nəqlini xüsusi vurğulayaraq 2024-cü ili Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edib. Bu za­man şübhəsiz ki, dövlət başçısının “ya­şıl enerji” zonası konsepsiyasına uyğun olaraq Qarabağ və Şərqi Zəngəzur iq­tisadi rayonlarının inkişafı barədə qərarı da diqqət çəkib. 

Qeyd edək ki, Azərbaycan “yaşıl enerji” iqtisadiyyatına verdiyi önəmi qısa müddət ərzində əməli fəaliyyəti ilə təsdiqləyib. Məsələn, Azərbaycan 1990-cı illə müqayisədə 2030-cu ilə qədər istixana qazlarının miqdarının 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaldıl­masını hədəfləyib.

Respublikamız bərpaolunan enerji mənbələri üzrə zəngin potensiala malik olan ölkələrdəndir. Energetika Nazirli­yinin məlumatına əsasən, Azərbayca­nın bərpaolunan enerji mənbələrinin texniki potensialı quruda 135, dənizdə 157 qiqavatdır. Bərpaolunan ener­ji mənbələrinin iqtisadi potensialı 27 qiqavat, o cümlədən külək enerjisi üzrə 3 min meqavat, günəş enerjisi üzrə 23 min meqavat, bioenerji potensialı 380 meqavatdır. Dağ çaylarının potensialı, təqribən, 520 meqavat həcmindədir.

Ölkəmizdə bərpaolunan enerji is­tehsalı siyasətinin strateji təməli isə Prezident İlham Əliyevin 2021-ci il fevralın 2-də imzaladığı sərəncamla təsdiqlənən “Azərbaycan 2030: Sosi­al-iqtisadi inkişafın Milli Prioritetləri” ilə qoyulub. Sənəddə diqqətə çatdırılan 5 milli prioritetdən biri “təmiz ətraf mühit” və “yaşıl artım”la bağlı olub. Bununla da respublikada “yaşıl iqtisadiyyat”a ke­çid mərhələsi başlanılıb. Bu prioritetlər qəbul edilənə qədər isə Azərbaycanın Energetika Nazirliyi ilə Səudiyyə Ərə­bistanı Krallığının “ACWA Power” və Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətləri arasında bərpaolunan enerji üzrə pilot layihələrin reallaşdırılmasını şərtləndirən müqavilə (9 yanvar 2020-ci il) əsasında 2022-ci il yanvarın 13-də “Xızı-Abşeron” Külək Elektrik Stansiya­sının Gülüstan sarayında təməlqoyma mərasimi keçirilib. Həmin il martın 15-də isə Bakıda “Qaradağ” Günəş Elekt­rik Stansiyasının təməlqoyma mərasimi çərçivəsində “Masdar” şirkəti ilə 4 an­laşma memorandumu imzalanıb.

“Masdar” şirkəti hazırda ölkəmizdə 230 MVt gücündə “Qaradağ” Günəş Elektrik Stansiyası (GES) layihəsini re­allaşdırır. Stansiyanın hər il yarım mil­yard kilovat/saat elektrik enerjisi istehsal etməyə və atmosferə atılan tullantıların ildə 200 min tondan çox azaldılmasına imkan yaradacağı nəzərdə tutulur.

Yeri gəlmişkən, artıq ötən il “Qara­dağ” GES-də ilk günəş paneli quraşdı­rılıb. 2023-cü ildə karbon emissiyasının azaldılması məqsədilə SOCAR ilə Ya­poniya Beynəlxalq Əməkdaşlıq Ban­kı (JBIC) arasında “Dekarbonizasiya sahəsində əməkdaşlığın təşviqinə dair Anlaşma Memorandumu” da imzalanıb.

Bütün bunlarla bərabər, 2022-ci il dekabrın 15-də Azərbaycanın Energeti­ka Nazirliyi və Avstraliyanın “Fortescue Future Industries” (FFI) şirkəti arasında ölkəmizdə bərpaolunan enerji layihələ­ri, həmçinin “yaşıl hidrogen”in potensi­alının öyrənilməsi və inkişafı üzrə birgə əməkdaşlığa dair Çərçivə Müqaviləsi imzalanıb. Müqavilədə Azərbaycanda bərpaolunan enerji və “yaşıl hidrogen”in istehsalı üzrə ümumi gücü 12 qiqavata­dək layihələrin araşdırılması və reallaş­dırılması nəzərdə tutulub.

Beləliklə, Azərbaycan 3 əsas enerji şirkəti ilə imzaladığı anlaşma memoran­dumu və müvafiq müqavilələrə əsasən, həm quruda, həm də dənizdə 25 qiqa­vat bərpaolunan günəş və külək enerjisi istehsal edəcək. Bu həcmin, təqribən, 12 qiqavatı FFI, 10 qiqavatı “Masdar”, bir hissəsi isə “ACWA Power” şirkətləri tərəfindən istehsal olunacaq.

Vaqif BAYRAMOV
XQ

İqtisadiyyat