AÇG yatağından isə indiyədək 579 milyon ton neft çıxarılıb
“Qərbi Azəri” platformasından bir milyardıncı barel neft hasil edilib. Bu barədə məlumatı “Azəri–Çıraq–Günəşli” (AÇG) yataqlar blokunun operatoru olan BP şirkəti AÇG layihəsindəki tərəfdaşları – “SOCAR”, “MOL”, “İNPEX”, “Equinor”, “ExxonMobil”, “TPAO”, “ITOCHU”, “ONGC Videsh Limited (OVL)” adından bəyan edib.
Xatırladaq ki, “Qərbi Azəri” Xəzər dənizində AÇG yatağının 7 hasilat platformasından biridir. 1997-ci ilin noyabrında AÇG-dən ilk neft əldə olunandan bəri, ümumilikdə, çıxarılmış 4,3 milyard barel neft hasilatına bu platformanın əhəmiyyətli töhfəsi var.
AÇG neft yatağı Xəzər dənizinin Azərbaycan sektorunda, Bakıdan təxminən 100 kilometr şərqdə dənizdə yerləşir. AÇG meqastrukturu Xəzər dənizinin altında 2 – 3,5 min metr dərinlikdə yerləşən Balaxanı VIII və X, həmçinin yuxarı və aşağı Fasilə lay dəstələrini əhatə edir.
Yatağın işlənməsi bir neçə mərhələdə həyata keçirilib: “Çıraq” yatağından hasilat İlkin Neft Layihəsi (İNL) çərçivəsində 1997-ci ildən başlanıb. Bunun ardınca “Azəri” layihəsi “Mərhələ 1” – “Mərkəzi Azəri”dən hasilat 2005-ci ilin əvvəlində başlanıb. Sonrakı ikinci faza “Qərbi Azəri” və “Şərqi Azəri” platformalarını əhatə edib. Orada hasilat müvafiq olaraq 2005-ci ilin dekabrında və 2006-cı ilin axırlarında reallaşıb. AÇG yatağının işlənməsinin növbəti 3-cü fazası çərçivəsində “Dərinsulu Günəşli” platformasından hasilat 2008-ci ilin aprelində başlanıb.
Həmin fazalardan sonra “Qərbi Çıraq” platformasını əhatə edən “Çıraq” neft layihəsi davam edib. Həmin platformadan ilk neft 2014-cü il yanvarın 28-də əldə olunub. AÇG yatağının işlənməsi ilə əlaqədar ən sonuncu layihə “Mərkəzi-Şərqi Azəri” layihəsidir. Bu layihəyə 2019-cu ildə sanksiya verilib və o, bir hasilat platformasının tikintisindən ibarətdir. Bu layihə hazırda icra mərhələsindədir və orada ilk neft hasilatı 2023-cü ildə gözlənilir.
AÇG yatağının işlənməsinin uğurunu nəzərə alaraq, Azərbaycan hökuməti və AÇG tərəfdaşları düzəliş edilmiş və yenidən təsdiq edilmiş sazişi 2017-ci il sentyabrın 14-də imzalayaraq AÇG sazişinin müddətini əsrin ortalarına qədər uzadıblar.
Yeni saziş hökumətə və investorlara AÇG-nin Azərbaycan və şirkətlər üçün iqtisadi səmərəliliyini növbəti 30 il ərzində maksimum dərəcədə artırmağa və bu beynəlxalq səviyyəli yatağa 40 milyard ABŞ dollardan çox kapital qoymağa imkan verir. Beynəlxalq Əməliyyat Şirkəti tərəfindən təqdim edilən məlumata əsasən,1995-2023-cü illər ərzində (2023-cü ilin II rübü daxil olmaqla) AÇG-yə yatırılan kapital vəsaitlərinin (CAPEX) həcmi 43 milyard ABŞ dolları təşkil edib.
AÇG sayəsində Azərbaycan strateji enerji təchizatçısı kimi daha mühüm rol oynamağa başlayıb. Energetika Nazirliyinin məlumatlarına görə, AÇG yataqları istismara veriləndən bu il sentyabrın 1-dək 579 milyon ton neft çıxarılıb və 212 milyard kubmetrdən çox qaz hasil edilib. 2001-ci ildən etibarən bu ilin sentyabrın 1-nə kimi AÇG yatağından mənfəət neftinin satışından əldə edilən gəlirlərin həcmi 168,6 milyard dollar olub. Cari ilin 9 ayında isə AÇG yatağından 4 milyard 728 milyon ABŞ dolları gəlir əldə edilib. Beynəlxalq Əməliyyat Şirkəti tərəfindən indiyədək ARDNF-yə ödənilən bonusların ümumi həcmi 2,8 milyard dollar təşkil edib.
Yeri gəlmişkən, AÇG sovet dövründə kəşf edilsə də, tam dərinliklərində iş aparılmamışdı. Ölkəmiz müstəqil olandan sonra isə yataqların birgə işlənilməsi ilə bağlı xarici mütəxəssisləri dəvət etmək məsələsi qarşıya çıxmışdı. Lakin həmin vaxt bu təşəbbüsün əleyhinə çıxanlar Azərbaycanın sovet dövründən neft sənayesində təcrübəsinin olduğunu deyənlər idi. Əlbəttə, bu məqamı heç kim danmırdı. Amma dünyada belə bir təşəbbüsdən, yəni xarici mütəxəssislərin təcrübəsindən yararlanmaq kimi zəruri fəaliyyət də hamıya bəlli idi. Şübhəsiz ki, belə bir məsul vaxtda son qərar dahi rəhbər Heydər Əliyev tərəfindən verildi və xarici şirkətlər respublikamıza dəvət olundu. Tez bir zamanda tender elan edildi, əsasən ABŞ, İngiltərə, Türkiyə şirkətlərinin ölkəmizə gəlmələri gerçəkləşdirildi. Danışıqlar Bakıda, İstanbulda, ABŞ-ın Hyuston şəhərində aparıldı və müsbət nəticələr əldə olundu.
Beləliklə, Azərbaycan Dövlət Neft Şirkəti ilə dünyanın tanınmış neft şirkətləri arasında 1994-cü ildə “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının işlənilməsi üzrə Hasilatın pay bölgüsü sazişinin imzalanması yenicə müstəqillik qazanmış ölkəmiz üçün tarixi hadisə idi. Bu müqavilə ümummilli lider Heydər Əliyevin gərgin zəhməti hesabına gerçəkləşdi. Ulu öndər həmin sazişə təkcə Azərbaycana firavanlıq, sosial rifah gətirəcək iqtisadi sənəd kimi baxmırdı. O, “Əsrin müqaviləsi”ni, həm də Azərbaycanın istiqlalını qoruyacaq saziş kimi dəyərləndirirdi.
BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionunda hasilat üzrə vitse-prezidenti Elxan Məmmədov bildirib ki, bu, ikinci AÇG platformasıdır ki, ümumi neft hasilatında 1 milyard barel xəttini adlayıb ikinci milyard barelin yoluna çıxır. Onun sözlərinə görə, bu əlamətdar mərhələyə çatan ilk platforma isə “Mərkəzi Azəri” olub. “İndi isə 1 milyard barel neft hasil etmiş daha bir platformamız var – “Qərbi Azəri”. Ümid edirik ki, AÇG-də bu möhtəşəm uğur silsiləsi davam edəcək”, – deyə o, əlavə edib.
Yeri gəlmişkən, “Qərbi Azəri” platformasından ilk neft 2005-ci ilin dekabr ayında əldə olunub. Ötən müddətdə platformadan 40 quyu və çox sayda yan lülə qazılıb. Hazırda istismarda olan 35 quyudan 26-sı hasilat quyusu, 9-u isə suvurma quyusudur. Platformadan gün ərzində hasilat 85 min barel neft çıxarılır.
Vaqif BAYRAMOV
XQ