Düz bir il əvvəl, soyuq bir dekabr günü Qusara ezamiyyətə getmişdim. Qəzet üçün bu bölgədən bir neçə mövzuda yazı hazırlamalı idim. Orada məni çox mehriban qarşıladılar. “Bizdən az yazırsınız” deyə giley də etdilər. Haqlı idilər.
Qusarda görüb-tanış olduğum insanların hər birinin qəlbində Azərbaycanın parlaq gələcəyinə dərin inamın olduğunu hiss etdim. İkinci Qarabağ müharibəsində fərqlənmiş qusarlılar barədə söz düşəndə isə hər dəfə yerli sakinlərin bundan necə qürur duyduqlarının şahidi olurdum. “Bu Vətən hər birimizindir. Onu göz bəbəyi kimi qorumalıyıq!” deyirdilər.
Qayıdanda yolboyu düşünürdüm ki, nə yaxşı ki, ölkəmizdə yaşayan bütün xalqların nümayəndələri, ziyalılar, sadə insanlar bir-birlərinə qarşı bu qədər səmimi və mehribandırlar. Həqiqətən, biz birlikdə güclüyük!
Azərbaycanın regionda qüdrətli dövlətə çevrilməsini istəməyən qara qüvvələr zaman-zaman ölkəmizdəki xalqlar, milli azlıqlar arasında nifaq, düşmənçilik toxumları səpməyə çalışıblar. Amma niyyətlərinə çata bilməyiblər. Qusarlı ziyalı, ağsaqqal Mayıl Bağırov bu barədə söz düşəndə dedi ki, ət ilə dırnağın arasına girmək olmaz, bu vaxta qədər dostluğumuza heç bir qüvvə xələl gətirə bilməyib və bundan sonra bunu heç kim edə bilməz!
Yeri gəlmişkən, Mayıl müəllim uzun illər bu rayonda partiya, sovet, təsərrüfat işlərində çalışıb, “ispalkom”un sədri vəzifəsinə qədər yüksəlib. Barəsində mərd, vətənpərvər, halal insan kimi hər zaman xoş sözlər danışırlar.
Dünən günorta çağı Mayıl müəllim redaksiyamıza zəng etmişdi. Dedi ki, bir neçə dəqiqə əvvəl möhtərəm Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin işğaldan azad edilmiş Xankəndidəki stadionda “Qarabağ” və MOİK komandaları arasında matçın keçirilməsi münasibətilə söylədiyi parlaq çıxışını televiziyada diqqətlə izləyib və buna görə dünyalar qədər sevinib.
Təkcə Qusarda deyil, ölkəmizin hər bir bölgəsində, eləcə də cənubda dəfələrlə qonaq olmuşam və hər dəfə də yerli sakinlərin ümumi Vətənimiz olan Azərbaycana sonsuz sevgi və sədaqət bəslədiklərini müşahidə etmişəm.
Bir müddət əvvəl, bir payız günü yolum yenə Astara rayonuna düşmüşdü. Astara şəhərində, rayonun ən böyük kəndi olan Ərçivanda və digər yaşayış məntəqələrində oldum. Yolboyu düzülmüş iri stendlərə səliqə ilə Birinci və İkinci Qarabağ müharibələri şəhidlərinin portretləri vurulmuşdu.
Hər növbəti şəhid portretinə yaxınlaşanda avtomobillər bir qayda olaraq sürətlərini azaldır, sərnişinlər igidlərin müqəddəs ruhlarına dua oxuyurdular. Hər kəsin qəlbindən belə bir nida qopurdu: Allah rəhmət eləsin!
Astarada diqqətimi burada son illər böyük vüsət alan geniş miqyaslı abadlıq-quruculuq işləri də cəlb etdi. Rayonun bütün yolları çox rahat və gözəl idi. Təcrübəli diplomat, uzun illər Azərbaycanın İndoneziya və Hindistanda səfiri olmuş İbrahim Hacıyev fəxrlə dedi ki, Astarada son 20 ildə elə gözəl yollar çəkilib ki, hətta dünyanın ən zəngin dövlətlərində belə rahat şosselər yoxdur.
İbrahim müəllim həmin an ürəyindən dilinə sızan bu sözləri xüsusi bir qürurla dedi: Azərbaycan bu gün regionda inkişaf və tərəqqi rəmzinə çevrilib. Bu, ulu öndər Heydər Əliyevin başladığı, müzəffər Ali Baş Komandan İlham Əliyevin böyük uğurla davam etdirdiyi müdrik daxili və xarici siyasətin bəhrəsidir. Azərbaycanın vətəndaşı olmaq böyük fəxarətdir!
M.HACIXANLI
XQ