...Onun haqqında çox eşitsəm də, qəribədir ki, indiyədək üz-üzə gəlməmişdim. Hər şey təsadüfən alındı. Balakənli dostum, yerli qəzetin fotomüxbiri işləyən Ramazan Avarovla söhbət zamanı ondan söz düşdü və qərara aldıq ki, Mahamalar kəndinə gedək. Ramazanın özü də bu kənddəndir. Təbii ki, burada yaşayanların hamısını yaxşı tanıyır. Düzdür, qəhrəmanımız bu kənddən deyil, Qullarda doğulub. Mahamalara ərə gəlib.
Söhbət Zümrüd Dibirovadan gedir. Əslində, onu həmkar da adlandırmaq olar. Bakı Dövlət Universitetinin filologiya fakültəsində oxuyub. Uzun illər Azərbaycan radiosunun Balakən üzrə müxbiri işləyib. SSRİ Jurnalistlər ittifaqının üzvü olub.
Ramazan zəng vurub, məqsədimizi deyib. Deyəsən, bizi ləngitmək istəyir. Səbəb aydındır. İlk dəfə qonaq gedirik. Hazırlıq görülməlidir axı. Ramazan üzünü mənə çevirib gülə-gülə: –Biz avarlar qonağı təmtəraqla qarşılamağı sevirik,–deyib.
Mahamalar rayon mərkəzinə bitişikdir. Fürsətdən istifadə edib rayon icra hakimiyyətinin əməkdaşı Aynurə Ələkbərovaya zəng vururam. Bəzi statistik məlumatları dəqiqləşdirmək istəyirəm. Sualıma Aynurə xanım dərhal cavab verir. Mahamalarda 4600 nəfər əhali yaşayır, onlardan 1750 nəfəri avardır.
Bizi Zümrüd xanım özü qarşılayır. Stolun üstünə şirniyyatdan tutmuş mürəbbəyə qədər çox nemət düzülüb.
– Bu nə əziyyətdir çəkirsiniz?
Ramazan dillənir:
– Nə danışırsınız, qonaq evin yaraşığıdır!
Bəlkə bir az da yaxından tanış olaq.
– Nə deyirəm söyləyir – üzünə təbəssüm qonur:
– 1950-ci ildə Qullar kəndində doğulmuşam. Məktəbi bitirib sənədlərimi indiki Tusi adına Azərbaycan Dövlət Pedaqoji İnstitutuna vermişəm. Nə gizlədim, müsabiqədən keçə bilmədim. İnanırsınızmı, cəmi 1 balım çatmadı. Heç özümə gələ bilmirdim. Gözəl şairimiz Rüfət Əhmədzadə bizim yerlimiz idi. Məni o, sakitləşdirdi. Hətta mənim dilimdən zarafatyana bir şeir də yazdı. İki misrasını deyim, siz də gülün:
Anacan, ağrın alım,
Bal mənə göndər,
Yoxdursa, çıx bazara,
Al mənə göndər.
Beləcə, rayona qayıdıb sənədlərimi Zaqatala Pedaqoji Məktəbinə verdim və qəbul olundum. Gözəl diksiyam olduğuna görə, məni yarımştat Zaqatala radiosuna işə götürdülər.
Zümrüd xanım 1970-ci ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsinə sənəd verəndə ondan qəbul imtahanını unudulmaz şairimiz Bəxtiyar Vahabzadə götürür. O, imtahanda şairin “Qiymət” poemasını əzbər söyləyir. Bundan xüsusi zövq alan Bəxtiyar müəllim: “Qızım, sən milliyyətcə avar olsan da, diksiyanda bu, qətiyyən hiss olunmur. Odur ki, mən məsləhət bilirəm, sən radioda qalıb işləyəsən.”.
Bax, beləcə böyük şairin sözü onun həyat yolunu müəyyənləşdirir. Və Zümrüd xanım yuxarıda qeyd etdiyimiz kimi, 25 ilə yaxın Balakən radiosunda çalışır. Ömər İsayev adlı bir nəfərlə ailə qurur. 3 övladı dünyaya gəlir. Oğlu Rizvan Dağıstanda Kənd Təsərrüfatı Akademiyasını, qızı Rəna Dağıstan Dövlət Universitetini bitirir, Könül isə Musiqi Məktəbinin məzunudur. Rizvan Tumendə yaşayır. 2 övladı var. Oğlu İsa güləş üzrə beynəlxalq yarışların qalibidir. Hazırda Yaponiyada oxuyur.
Söhbətin şirin yerində qapı açıldı. Zümrüd xanımın qızı Rəna övladları–Səadət və Səbinə ilə içəri girdilər. Əllərində də bu yerlərin ən əziz qonağı üçün bişirilən maxara.
Zümrüd xanım nəvələrini bağrına basdı. Səkkizinci sinifdə oxuyan Səadət neçə-neçə şeir müsabiqələrinin qalibi olub. Qarabağ, Şuşa haqqında o qədər şeir bilir... Bir dəfə rus dilində söylədiyi şeir sosial şəbəkələrdə o qədər paylanılıb ki, Dallaqyan familiyalı bir erməni yazıb ki, balaca, sən heç vaxt Şuşanı görməyəcəksən.
Sən demə, biz getdiyimiz gün Könülün ad günü imiş. Axşam bütün qohumlar ora yığışacaqlar. Zümrüd xanım bildirir ki, Könül həm də əsgər anasıdır. Oğlu Nihad hərbi xidmətdədir. Antiterror əməliyyatlarında fəal iştirak edib. Nümunəvi əsgər kimi də evə buraxmışdılar.
Bax, beləcə bir avar ailəsinin ocağının işığına yığışmışdıq. Xeyli söhbət etdik. Hər şeydən danışdıq. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan uğurlu qələbədən də, Azərbaycanın böyük inkişaf yoluna qədəm qoymasından, onlara göstərilən diqqətdən, qayğıdan. Zümrüd xanımın bibisi, vaxtilə bu bölgədə böyük nüfuz sahibi olmuş Səfiyyə Dibirovanı da xatırladıq.
Zümrüd xanım ümummilli lider Heydər Əliyevin Səfiyyə xanımla görüşlərini əks etdirən fotoları göstərəndə nə qədər həyəcan keçirdiyini, gözlərinin dolduğunu görməmək mümkün deyildi. Heydər Əliyev uzun illər Oğuz, Zaqatala, Qax, Balakən rayonlarına rəhbərlik etmiş Səfiyyə Dibirovaya həmişə xüsusi diqqət, qayğı göstərib. Bu, təbii ki, başqa söhbətin mövzusudur. Gələcəkdə bu qapını hələ çox döyəcəyik. Yaxşısı budur, Zümrüd xanımı yoldan saxlamayaq. Axı, o, qızı Könülün ad gününə getməlidir.
İlqar HƏSƏNOV,
XQ-nin bölgə müxbiri
Balakən rayonu