Azərbaycanın Avropada enerji tərəfdaşları çoxalır

post-img

Bu il 22 ölkəyə 15 milyard dollarlıq neft ixrac edilib

Dövlət Gömrük Komitəsi dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalara görə, bu ilin yanvar – noyabr aylarında Azərbaycan 545 milyon  459 min dollar dəyərində 886 milyon 803 min ton neft məhsulları ixrac edib. Hesabat dövründə ölkəmizin ixrac etdiyi neft məhsullarının dəyəri 2022-ci ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 26,2 faiz, həcmi isə 35,5 faiz artıb. Xatırladaq ki, ötən il Azərbaycan 527 milyon 356 min dollar dəyərində 770 milyon 816 ton neft məhsulları ixrac edib.

Magistral neft kəmərləri ilə 33 milyon 108 min ton neft nəql edilib. Nəqletmənin 76 faizi Bakı–Tbilisi–Ceyhan neft ixrac kəməri ilə həyata keçirilib və cari ilin yanvar–oktyabr ayları ərzində bu kəmər vasitəsilə 25 milyon 172 min ton neft ötürülüb.

Dövlət Gömrük Komitəsinin məlumatında, eyni zamanda, cari ilin yanvar–noyabr aylarında neft göndərilən ölkələrin həcm üzrə sıralaması da yer alıb. Belə ki, hesabat dövründə Azərbaycandan İtaliyaya 6 milyon 659 min dollar dəyərində 10 milyon 446 min ton neft ixrac edilib. Bununla da adıçəkilən dost ölkə  respublikamızın ümumi neft ixracında birinci yerdə qərarlaşıb.

Azərbaycanın ixrac olunan neftin həcminə və dəyərinə görə, ikinci yeri tutan İsrailə hesabat dövründə 1 milyon 382 min dollar dəyərində 2 milyon 246 min ton neft satılıb. Neft ixracı üzrə siyahıda üçüncü yeri isə Hindistan tutub. Yanvar-noyabr aylarında bu ölkəyə 919 min dollar dəyərində 1 milyon 508 min ton neft ixrac edilib.

Məlumata əsasən, qeyd olunan göstəricilərdə hesabat dövründə gömrük orqanlarında rəsmiləşdirilməsi başa çatdırılmış ixrac olunan neftin dəyərinə dair məlumatlar nəzərə alınıb. Siyahıdan göründüyü kimi, yanvar-noyabr aylarında 22 ölkəyə 15 milyard 101 milyon dollarlıq 24  milyard 200 milyon ton neft ixrac edilib.

Neftin kəmərlərlə ötürülməsinə gəldikdə isə qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 10 ay ərzində Bakı-Tbilisi-Ceyhan  (BTC)  ilə nəql edilən neftin 83  faizini və ya 20 milyon 902 min tonunu Azərbaycanda hasil edilən neft, 17  faizini və ya 4 milyon 270 min tonunu isə Türkmənistan və Qazaxıstandan daxil olan neft təşkil edib. 

Yeri gəlmişkən, magistral qaz kəmərləri ilə 32 milyon 964 min kubmetr qaz nəql edilib və əvvəlki ilin müvafiq dövrünə nisbətən 4  faiz artım müşahidə olunub. Qazın nəqlinin 55,2 faizi Bakı–Tbilisi–­Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib və 18 milyon 210 min kubmetr qaz ötürülüb.

Cari ilin ilk üç rübü ərzində BTC üzrə əməliyyat xərclərinə, təxminən, 86 milyon dollar, əsaslı xərclərə isə 25 milyon dollar vəsait xərclənib. BP cari ilin üçüncü rübünün yekun hesabatına istinadən bildirir ki, 2006-cı ilin iyun ayında istismara veriləndən cari il sentyabr ayının sonunadək 1768 kilometr uzunluğunda olan bu boru kəməri vasitəsilə, ümumilikdə, təqribən 554 milyon ton (4,2 milyard barel) xam neft nəql edilib və Ceyhanda 5482 tankerə yüklənərək dünya bazarlarına göndərilib. Bu, ötən ilin göstəricilərindən 30 milyon ton və ya 5,72 faiz çox olub. BTC-nin, ümumilikdə, 4 milyard barel neft ixracına nail olması əlamətdar bir uğur kimi, cari il yanvarın 18-də qeyd edilib. 

Qeyd edək ki, hazırda BTC boru kəməri əsasən, Azərbaycandan “Azəri-Çıraq-Günəşli” nefti və “Şahdəniz” kondensatı daşıyır. Bundan əlavə, bu kəmər vasitəsilə Xəzərin digər regional xam neft və kondensat həcmləri (Qazaxıstan və Türkmənistan) də nəql olunur.

Azəri-Çıraq-Günəşli (AÇG)  üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin podratçı tərəfləri adından “BP Exploration (Caspian Sea) Limited” şirkətinin məlumatına əsasən, 2023-cü ilin birinci yarısında AÇG strukturunda hazırda istismarda olan neft yatağının altındakı dərin qaz layları haqqında məlumat toplamaq məqsədilə yeni bir qiymətləndirmə quyusu qazılıb. Quyunun qazılmasına 7 fevral 2023-cü il tarixində başlanıb və quyu bu ilin aprel ayında tamamlanıb.

2023-cü ilin birinci yarısında AÇG-dən sabit hasilat təhlükəsiz və etibarlı şəkildə davam edib. İlk altı ay üçün AÇG-dən ümumi hasilat gündə orta hesabla 375 min barel və ya ümumilikdə təxminən 68 milyon barel, yəni 9 milyon ton olub. İkinci rübün sonunda AÇG-də, ümumilikdə, 137 neft hasilat quyusu, 44 su injektor quyusu və 7 qaz injektor quyusu istismar edilib.  

Mütəxəssislərin sözlərinə görə, bu il “Şahdəniz” yatağından hasilat ən yüksək sabit səviyyəyə çatdırılıb, bu mərhələdə yatağın ildə təxminən 26 milyard kubmetr qaz hasil edəcəyi, bununla da regional və Avropa bazarları üçün enerji təchizatının təhlükəsizliyinə və diversifikasiyasına əlavə töhfə veriləcəyi bildirilib. 

Hazırda “Şahdəniz” yatağından gündəlik 73 milyon kubmetr qaz hasil olunur və hasilatın tədricən artırılması davam etdirilir. “Şahdəniz” layihəsi demək olar ki, 100 faizə çatan fenomenal əməliyyat səmərəliliyinə malikdir. Eyni zamanda, BP yeni qaz mənbələri axtarır. Bu ilin əvvəllərindən başlayaraq “Şahdəniz”də istismarda olan məhsuldar layların altında daha çox qaz tapmaq üçün yeni kəşfiyyat quyusunun qazılması da həyata keçirilir və burada işin yaxın vaxtlarda ye­kunlaşdırılacağı nəzərdə tutulur.

Azərbaycanın təbii qaz ixracının indiki vəziyyətini əks etdirən yuxarıdakı rəqəmlər  ölkəmizin enerji sahəsinin inkişafının neft hasilatından təbii qaz istehsalına uğurla keçidini göstərir. Prezident İlham Əliyevin “Euronews” televiziyasına müsahibəsində dediyi aşağıdakı fikirlər də  bunun bariz ifadəsidir: “Bizim enerji sahəsinin inkişafı neft hasilatından təbii qaz istehsalına keçid edib. Bununla yanaşı, bizim neft hasilatımız və ixracımız hələ də bir çox ölkənin enerji təhlükəsizliyinin bir hissəsidir. Üç il öncə 3500 kilometr uzunluğunda inteqrasiya edilmiş qaz boru kəmərlərindən ibarət olan Cənub Qaz Dəhlizinin başa çatdırılması Azərbaycana özünün qaz təchizatının coğrafiyasını genişləndirmək imkanı yaratdı. Bu gün biz Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, İtaliya və Rumıniyaya qaz ixrac edirik. Həmçinin biz Macarıstan və Serbiya ilə müqavilələr imzalamışıq. Bununla yanaşı, Albaniya da bizim qazın paylanılmasına dair planlarımıza daxildir”.

Dövlətimizin başçısı fikrini davam etdirərək, Avrasiyada və əsasən də Avropada enerji  tərəfdaşlarımızın sayının getdikcə çoxaldığını və Azərbaycan qazına olan tələbatın artdığını bildirib. Həmçinin ölkəmiz Rusiyaya qarşı sanksiyalara görə, Avropa qitəsinə qaz təchizatının artırılması ilə bağlı Avropa Komissiyasının müraciətinə müsbət cavab verib və bunu əməli fəaliyyətində təsdiqləyib. Bu cür işgüzar əlaqələrin bundan sonra da davam etdiriləcəyi nəzərdə tutulub. 

Ölkə rəhbəri həmin çıxışında hazırda Azərbaycanın  neft-qaz sənayesinin inkişafını diqqətlə saxlamaqla yanaşı, bərpaolunan enerji layihələrinə də mühüm önəm verdiyini xatırladıb. Dövlət başçısı, həmçinin Xəzər dənizində nəhəng potensiala malik ölkə olduğumuzu, artıq 10 qiqavat həcmində külək və günəş enerjisi layihələrinə dair müqavilə və anlaşma memorandumları imzaladığımızı bildirib və bunun respublikamıza yanacaq enerjisindən bərpaolunan enerjiyə rahat keçid imkanı yaratmasından, bununla da Avropa istehlakçılarının da “yaşıl enerji” ilə təmin ediləcəyindən bəhs edib. 

Vaqif BAYRAMOV 
XQ

 

İqtisadiyyat