Azərbaycan iqlim dəyişikliyinə qarşı mübarizənin ön cəbhəsində

post-img

Respublikamızın bərpaolunan enerji potensialı əsasında istehsal edilən “yaşıl sərvət”in ixracının tezliklə həyata keçirilməsi, ölkəmizin bu sahədə   genişmiqyaslı uğurlu layihələr reallaşdırması Azərbaycanın enerji strategiyasında yeni eranın başlanmasından xəbər verir. Bu eranın əvvəlində  Azərbaycanın COP29-a evsahibliyi hüququ qazanması həm ölkəmizə etimad göstəricisi kimi diqqət çəkir, həm də qarşıya qoyulan vəzifənin2030-cu ilədək elektrik enerjisinin qoyuluş gücündə bərpaolunan enerji payının respublikamızda 30 faizə çatdırılmasının gerçəkləşdiriləcəyi əminliyini ifadə edir.

Xatırladaq ki, ətraf mühit, iqlim məsələləri milli sərhədlər tanımadığı, ümumbəşəri mahiyyət daşıdığı üçün ölkəmizdə keçiriləcək tədbirdə on minlərlə xarici qonağın iştirak edəcəyi gözlənilir. Bax, elə buna görə də  COP29-un Azərbaycanda gerçəkləşəcəyi ilə bağlı qərar verilən ilk günlərdən Azərbaycanda bu əlamətdar hadisəyə hazırlıq  görülür. Ölkəmizin hər bir vətəndaşı bununla əlaqədar bütün dünya ilə eyni hiss və həyəcanı bölüşür, müxtəlif  dövlətlərdən gələn qonaqların isə müasir Azərbaycanı dünyanın  hərtərəfli inkişaf edən tərəqqipərvər, sülhpərvər, tolerant bir ölkə kimi tanımaları baxımından mühüm önəm daşıyır.

Bütün bunları nəzərə alan XQ COP29-un əhatə dairəsinə daxil bütün mövzularda, o cümlədən neft-qaz ölkəsi olan Azərbaycanın “yaşıl enerji” növlərinin yaradılması və “yaşıl enerji”nin dünya bazarlarına nəqli,  həmçinin respublikamızın “yaşıl enerji” siyasətinə qlobal dəstək–COP29-un Bakıda keçirilməsi qərarı ilə bağlı məsələlərə həsr olunan davamlı səhifələr verməyi, “dəyirmi masa”lar təşkil etməyi planlaşdırır. Bu sayımızda isə ilk belə səhifəni oxucularımızın diqqətinə yönəldiririk.

Beləliklə, gələn il bütün postsovet məkanında ilk dəfə Azərbaycan Respublikasının  mötəbər qlobal tədbirə evsahibliyi edəcəyi ölkəmizin tarixi uğurlarından biri olmaqla, eyni zamanda, beynəlxalq aləmin vahid mövqedən çıxış edərək COP29-un paytaxtımızda keçirilməsinə qərar verməsi respublikamızın dünyada  getdikcə güclənən mövqeyinin, artan nüfuzunun əyani göstəricisidir.

Beynəlxalq birliyin belə bir qlobal tədbirə evsahibliyini məhz Azərbaycan dövlətinə etibar etməsi ölkəmizin bu sahədə zəngin təcrübəyə malik olmasından, eyni zamanda, BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlüyü zamanı 155 ölkənin, Qoşulmama Hərəkatına sədrliyi zamanı isə 120 ölkənin dəstəyini qazanmasından və etimadı tam doğrultmasından, Prezident İlham Əliyevin irəli sürdüyü qlobal təşəbbüslərin beynəlxalq ictimaiyyət tərəfindən daim rəğbətlə qarşılanmasından, habelə dünya səviyyəsində dövlətimizin başçısının yürütdüyü siyasətə göstərilən güclü dəstəkdən irəli gəlir.

Azərbaycanın COP29-a evsahibliyi etməsinə etimad göstərilməsini bir sıra digər məqamlar da şərtləndirir. Əvvəla, bu, Prezident İlham Əliyev tərəfindən aparılan məqsədyönlü siyasət nəticəsində Azərbaycanın yüksək sosial-iqtisadi inkişaf və möhkəm ictimai-siyasi sabitliyə nail olması ilə bağlıdır. Vətən müharibəsində qazanılan parlaq qələbədən  sonra ölkəmizin dünyada daha güclü dövlət kimi tanınması da bu məsələdə önəmli rol oynayır. Dövlət başçısının uğurlu xarici siyasəti nəticəsində ölkəmizin beynəlxalq səviyyədə nüfuzu günbəgün artmaqdadır. Azərbaycan BMT-dən sonra ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatına uğurla sədrlik edir və  Prezident İlham Əliyev adıçəkilən müşavirədə bununla bağlı deyib: “Biz Qoşulmama Hərəkatına dörd il ərzində uğurla sədrlik edirik və burada da bizim sədrliyimiz 120 ölkənin dəstəyi ilə mümkün olmuşdur, hətta sədrliyimiz bir il uzadılmışdır. Bu, artıq böyük bir göstərici idi. Dünyanın 120 ölkəsi Azərbaycana öz dəstəyini ifadə etmişdir. Bu dəfə isə bütün dünya ölkələri bu dəstəyi göstərmişdir”.

Ölkəmizin COP29-a evsahibliyi etməsinə etimad göstərilməsini şərtləndirən amillərdən biri də respublikamızın qlobal xarakterli mötəbər tədbirləri yüksək səviyyədə təşkil etmək bacarığını dəfələrlə nümayiş etdirməsi, Azərbaycanda müasir infrastrukturun mövcudluğu  və təhlükəsizliyin ən yüksək səviyyədə təşkili ilə bağlıdır. Bütün bunlarla bərabər, Azərbaycanın ətraf mühitə verdiyi önəm də beynəlxalq aləmin diqqətini çəkir. Bu, statistik göstəricilərdən də aydın gürünür. Belə ki,  Azərbaycan 1990-cı illə müqayisədə 2030-cu ilə qədər istixana qazlarının həcmini 35 faizə və 2050-ci ilə qədər isə 40 faiz azaltmağı qarşıya mühüm vəzifə kimi qoyur.    

Onu da bildirək ki, erməni faşizminin işğal dövründə xarabalığa çevirdiyi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları dövlətimizin başçısı tərəfindən “Yaşıl enerji” zonası elan edilib. Eyni zamanda, həmin  ərazilərin dayanıqlı kənd təsərrüfatı, ekoloji cəhətdən təmiz nəqliyyat, “ağıllı” şəhərlər, “ağıllı” kəndlər kimi innovativ yanaşmalara əsaslanmaqla və minlərlə hektar sahədə meşələri bərpa etməklə 2050-ci ilədək “Netto sıfır emissiya” zonasına çevrilməsi nəzərdə tutulub.

Belə bir  tədbir Azərbaycanın iqlim dəyişikliklərinə qarşı mübarizədə həyata keçirdiyi layihələrin beynəlxalq aləmdə  tanınmağına və bu sahənin sürətli inkişafına yeni investisiyaların cəlb olunmasına əlverişli imkan yaradır. Respublikamız  neft-qaz ölkəsi olmaqla yanaşı, iqlim dəyişiklikləri ilə bağlı çağırışlara da yüksək səviyyədə  reaksiya verir. Belə ki, 2030-cu ilə qədər istilik effekti yaradan qazların həcminin ölkəmizdə 35 faizə qədər azaldılması nəzərdə tutulur. O cümlədən, sürətlə bərpaolunan enerji sahələri yaradılır və 2030-cu ilə qədər istehsal edilən elektrik enerjisinin 30 faizinin “yaşıl enerji” üzərinə keçirilməsi ilə bağlı könüllü öhdəlik diqqətdə saxlanılır. Bu məqsədlə günəş və külək elektrik stansiyalarının yaradılması ilə bağlı layihələr davamlı olaraq  reallaşdırılır. Ölkəmizdə “yaşıl enerji” sahələrinin genişləndirilməsi ilə əlaqədar təcrübəsi olan dünyanın aparıcı şirkətləri ilə sazişlər imzalanır.  

Göründüyü kimi, neft-qaz ölkəsi olan Azərbaycan “yaşıl enerji” növlərinin yaradılmasını və onun dünya bazarlarına nəqlini hazırda enerji siyasətinin yeni prioritet istiqaməti kimi müəyyənləşdirib. COP29-un Bakıda keçirilməsi qərarının verilməsi, habelə beynəlxalq aləmdə razılıqla qarşılanması da məhz vurğulanan siyasətdən qaynaqlanıb. Şübhəsiz ki, bu zaman Prezident İlham Əliyevin bu sahədəbərpaolunan enerji potensialının gerçəkləşdirilməsi ilə bağlı məqsədyönlü fəaliyyəti də əsaslı rol oynayıb.  

Prezident İlham Əliyev dekabrın 15-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasınınCOP29-un gələn il ölkəmizdə keçirilməsi ilə əlaqədar keçirilən müşavirədə COP29-un gələn il respublikamızda reallaşması qərarını ölkəmizin növbəti böyük uğura imza atması, eyni zamanda, dünya dövlətlərinin  Azərbaycana bir daha böyük etimad və hörmət göstərməsi kimi dəyərləndirib. Dövlətimizin başçısı daha sonra deyib: “Biz buna layiqik, biz apardığımız siyasət nəticəsində dünya miqyasında çox güclü mövqelərə sahib olmuşuq. Azərbaycana beynəlxalq aləmdə olan hörmət günbəgün artır və biz bu hörməti öz əməlimizlə, işimizlə, siyasətimizlə qazanmışıq”.

Ölkə rəhbərinin müşavirədəki nitqində COP29-un indiyədək respublikamızda keçirilən tədbirlərlə müqayisəyə gəlmədiyi, hətta Avropa Oyunlarından çox diqqət çəkəcəyini də diqqətə çatdırıb: “Həmin vaxt Azərbaycana 5 min idmançı və onları müşayiət edən, təqribən, 3 min qonaq gəlmişdi. Ancaq COP29-da 10 minlərlə xarici nümayəndə ölkəmizə gələcək, iki həftə ərzində Bakı dünyanın mərkəzi olacaq. Müəyyən ehtimallara görə, təqribən 70-80 min xarici qonaq bu müddət ərzində ölkəmizdə olacaq”.

Beləliklə, COP29 sülhə, əmin-amanlığa yol açır, rifaha xidmət edir. Azərbaycan ilə Ermənistan arasında vasitəçisiz, birbaşa kommunikasiya əsasında COP-la bağlı əldə edilmiş razılaşma bu qlobal tədbirin sülhpərvər mahiyyətini bir daha nümayiş etdirir. COP mövzuları bəşəriyyəti, müxtəlif dövlətləri, dövlətlər qrupunu, düşərgələri ümumi məqsəd naminə səfərbər edən, birləşdirən qüvvədir. COP həmrəylik, qlobal məsuliyyəti bölüşmək və əməkdaşlıq platformasıdır. Bir sözlə, COP29 beynəlxalq konfrans kimi məsuliyyətli bir tədbirdir. Məsələ ilə bağlı ilk iclasın dövlətimizin başçısının rəhbərliyi ilə keçirilməsi də bu fikrin parlaq ifadəsidir.  

Vaqif BAYRAMOV

XQ

İqtisadiyyat