Dövlət dəstəyi ərzaq bolluğuna təminat yaradır

post-img

Son 20 ildə ölkəmizdə həyata keçirilən aqrar islahatlar nəticəsində ərzaq təhlükəsizliyi prioritet elan edilib, sektorun dayanıqlı inkişafı üçün etibarlı zəmin yaradılıb. Bunun sayəsində mühüm növ kənd təsərrüfatı məhsullarının istehsalı artıb, əsas ərzaq məhsulları ilə özünütəminetmə səviyyəsi xeyli yüksəlib, istehsal həcmi real ifadədə 2 dəfədən çox yüksəlib. Ötən müddətdə qeyri-neft sektorunda yaradılan əlavə dəyərin orta hesabla 10 faizi aqrar sahədə gerçəkləşdirilib. 

Ərzaq təhlükəsizliyinin təmin olunması məqsədilə reallaşdırılan tədbirlər nəticəsində cari ilin ötən dövründə kənd təsərrüfatı üzrə inkişaf dinamikası qeydə alınıb, yanvar-sentyabr aylarında sözügedən sahədə 3 faiz artım əldə edilib. Bu dövrdə bitkiçilik sahəsində 2003-cü illə müqayisədə meyvə və giləmeyvə istehsalı 2,2 dəfə, kartof, tərəvəz və bostan məhsullarının istehsalı 1,6 dəfə yüksəlib. Eyni zamanda, 2003-cü ildən sonra ət və süd məhsulları istehsalında artım sürətlənib. Başqa sözlə, əhalinin tələbatının daha yüksək olduğu ət və ət məhsulları üzrə özünütəminetmə səviyyəsi 2022-ci ildə 86 faizə, süd və süd məhsulları üzrə isə 83,3 faizə çatdırılıb.  

Bütün bu rəqəmlər aqrar sahəyə dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsi və çoxşaxəli dəstək sisteminin yaradılması, kənd təsərrüfatı istehsalçılarına verilən birbaşa subsidiyaların əhatə dairəsinin genişləndirilməsi ilə əldə olunub. Başqa sözlə, kənd təsərrüfatında müsbət dinamika yanacaq və motor yağlarına, mineral gübrələrin, pestisidlərin satışına, toxum və tinglərin istehsalına və satışına, buğda və çəltik əkinlərinə, təkrar əkinlərə, pambıq və şəkər çuğunduru satışına görə subsidiyaların verilməsi ilə başlanılıb.

Yeri gəlmişkən, son illərdə aqrar islahatların daha da sürətlənməsi üçün    bir sıra texnika və texnoloji avadanlıqlar idxal rüsumundan azad olunub, satışı subsidiyalaşdırılıb. Məsələn, fermer tərəfindən texnikanın ilkin dəyərinin 20 faizi ödənildikdə büdcə vəsaiti hesabına idxal dəyərinin 40 faizi həcmində güzəşt edilir. Bununla yanaşı, müasir suvarma sistemləri dəsti və avadanlığının, soyuducu anbar və avadanlıqlarının alışına dövlət büdcəsi hesabına 40 faiz güzəşt tətbiq olunur.

Ötən müddətdə istehsalı yüksək iqtisadi səmərəliliyə malik olan meyvə bağlarının genişləndirilməsini stimullaşdırmaq üçün dövlət tərəfindən intensiv bağların salınmasına lazımi dəstək göstərilib, böyük məbləğdə birdəfəlik subsidiyalar verilib. Bu tədbirlər nəticəsində sitrus, o cümlədən çəyirdəkli meyvələrin və  narın ixracı dəfələrlə yüksəlib. Məsələn, 2022-ci ilin yanvar-sentyabr ayı ilə müqayisədə cari ilin müvafiq dövründə sitrus meyvələrinin ixracı 10 dəfədən çox, nar ixracı isə 3 dəfə artıb. 

Yuxarıda sadalananlarla yanaşı, torpaq-iqlim potensialından və su ehtiyatlarından daha səmərəli istifadəni stimullaşdırmaq, ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsini yüksəltmək üçün Azərbaycan Prezidentinin 2022-ci il iyulun 9-da imzaladığı “Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında” Fərmanla respublikada yeni dəstək mexanizmi yaradılıb. Bu mexanizmə görə, artıq bu ildən pivot suvarma tətbiq edilməklə istehsal olunaraq Dövlət Ehtiyatları Agentliyinə və un dəyirmanlarına təhvil verilən ərzaqlıq buğdaya görə məhsul subsidiyasının da ödənilməsinə başlanılıb. 

Beləliklə, aqrar sahəyə ayrılan subsidiyaların və güzəştlərin həcmi 2007-2022-ci illər ərzində 10 dəfəyə yaxın artaraq 450 milyon manat olub. Nəticədə, texnika parkının yenilənməsi və aqrotexniki xidmətlərə əlçatanlığın, toxum, gübrə və pestisid kimi istehsal vasitələri ilə təminat səviyyəsi yüksəlib, kənd təsərrüfat sahəsinin infrastruktur və təchizat bazası genişlənib.

Aqrar sahədə diqqətdə saxlanılan tədbirlərdən biri də dövlət dəstəyi ilə aqrar sığorta mexanizminin yaradılmasıdır. Bu mexanizmin tətbiqi ilə  hesablanan sığorta haqqının 50 faizinin dövlət tərəfindən ödənilməsi nəzərdə tutulub. Belə bir aqrar sığorta mexanizminin işə salınması sayəsində əkin sahələri çoxsaylı risklərdən, o cümlədən təbiət hadisələrindən–dolu, donvurma (şaxtavurma), leysan yağışları, subasma, qasırğa, fırtına və s. hallardan sığortalanıb, əhatə dairəsi isə ildən-ilə genişlənib.

Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, son 20 ildə səmərəli idarəçiliyin təmin edilməsi və innovasiyaların geniş yayılmasının dəstəklənməsi prinsipləri əsasında çevik inkişaf mexanizmləri formalaşdırılıb, institusional quruculuq yeni səviyyəyə yüksəlib, idarəetmə strukturları təkmilləşdirilib. Aqrar sahədə göstərilən xidmətlərin səmərəliliyinin və keyfiyyətinin artırılması məqsədilə Azərbaycan Prezidentinin müvafiq fərmanına əsasən, 2020-ci ildən dövlət tərəfindən göstərilən baytarlıq xidmətləri özəlləşdirilib, 1600-dən çox dövlət baytarlıq işçisi özəl baytar kimi fəaliyyətə başlayıb. Bununla da, xüsusi təhlükəli heyvan xəstəliklərinə qarşı peyvəndləmənin büdcə hesabına maliyyələşdirilməsi dövlət sifarişi əsasında özəl baytarlarla müqavilə bağlamaq yolu ilə reallaşdırılıb.

Bu gün aqrar sahədə həyata keçirilən institusional islahatlar çərçivəsində respublikada yeni yaradılan dövlət aqrar inkişaf mərkəzlərində kənd təsərrüfatı məhsullarının istehsalçılarına və emalçılarına “vahid pəncərə”, operativlik və şəffaflıq prinsipləri əsasında aqroservis, aqrokimyəvi, informasiya-məsləhət kimi 70-dən artıq xidmət göstərilir.

Bütün bunlarla bərabər, aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi və institusional islahatların sürətləndirilməsi ilə bağlı son illərdə həyata keçirilən mühüm tədbirlər sırasında aqroparkların yaradılması da xüsusi yer tutur. Azərbaycan Prezidentinin müvafiq fərmanı ilə dövlət-özəl tərəfdaşlığı mexanizmləri əsasında ölkəmizdə kənd təsərrüfatı məhsullarının istehsalı, ilkin emalı və satışının mütərəqqi forması kimi aqroparkların yaradılması getdikcə vüsət alır. Aqrar sahədə bu tip müəssisələrin formalaşdırılması və fəaliyyəti çərçivəsində aqrobiznes sahələrinə investisiya qoyuluşları həm müvafiq infrastrukturun yaradılmasına dövlət tərəfindən investisiyaların qoyulması, həm də güzəştli kreditlərin verilməsi ilə stimullaşdırılır.

Vaqif BAYRAMOV 
XQ

 

İqtisadiyyat