İrəvanın sülhdən yayınma tezisləri

post-img

Siyasi hakimiyyət və ekspert cameəsi nələri qabardır?

Ermənistanın Azərbaycana qarşı yeni müharibə və hərbi hücum niyyətində olmadığını nümayiş etdirmək imkanı var. İrəvan əvvəlki konstruktiv danışıqların ruhuna uyğun dialoq mühitinə üstünlük verməli və sülh müqaviləsi imzalamalıdır. Lakin buna razı deyil, ABŞ-ı və Qərb strukturlarını təminatçı qismində prosesə qoşmaq məramı güdür. İkincilərin isə Cənubi Qafqazla bağlı öz “planları” var. 

Bəli, Ermənistan öhdəliklərindən yayınmaqdadır. Ölkənin baş naziri, xarici işlər naziri və başqa rəsmi şəxsləri bütün platformalarda anti-Azərbaycan ritorikasına üstünlük verirlər. Onların müharibə əleyhinə səsləndirdikləri fikirlər və digər vədlər vaxt udmaqdan başqa bir şey deyil. Vaxt udmaq isə silahlanaraq güclənmək üçündür. Əslində, Qərb dünyasının istədiyi də budur ki, güclü Ermənistan Azərbaycanla danışıqlar müstəvisində yeni şərtlər və reallıqlar ortaya qoymağı bacarsın. Bunu etsin ki, ölkə Cənubi Qafqazdan Rusiyanı sıxışdırmaq planlarında möhkəm dayansın. Möhkəm dayanmağın mükafatına gəldikdə, sirr deyil ki, bu, Azərbaycana qarşı ərazi iddiası və Qarabağ avantürizminin davamıdır. 

Hazırda erməni siyasi isteblişmenti Azərbaycanın guya Brüsseldə görüşlə bağlı təşəbbüsləri rədd etdiyi və Moskva formatına üstünlük verdiyi fikrinin aktiv təbliğatını aparır. Mövcud xüsusda ölkəmizin Ermənistan ərazisinə hücum edəcəyi ilə bağlı iddialar da dövriyyəyə buraxılmaqdadır. Baxın, Qərb mediası da məsələyə köklənib. Təsadüfi deyil ki, İtaliyanın “İn Terris” analitik xəbər portalı Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi, səfir Elçin Əmirbəyova təxminən belə bir sual ünvanlayır: Azərbaycanın yaxın gələcəkdə Ermənistanı işğal etmək niyyəti varmı? Cənab Əmirbəyovun cavabını təqdim edirik: “Qətiyyən yox. Bu, son günlər yayılan, mənşəyini tam dərk edə bilmədiyimiz saxta xəbərlərdir”. 

Məlumdur ki, haqqında söz açılan məsələ digər ərazilərimizi Naxçıvanla birləşdirən quru yolunun ölkəmiz üçün prioritetliyi müstəvisində irəli sürülür. Əslində Ermənistan da bu əlaqənin olmasında maraqlı görünür. Baş nazir Nikol Paşinyan məqsədini “Dünyanın kəsişməsi” layihəsi şəklində qabardır. Lakin o da məlumdur ki, bu layihə və ona İrəvanın verəcəyi hansısa təminat Bakı üçün yetərli deyil. Ona görə də Azərbaycan Naxçıvana quru yolunun İran ərazisindən keçməsi üzərində dayanır. Heç şübhəsiz, belə bir durum Ermənistanı əvvəllər olduğu kimi, yenə də təcriddə saxlayacaq. Paşinyan administrasiyasında aqibəti yaxşı görürlər və anlayırlar ki, obrazlı desək, qatar gedir. Naçar vəziyyətdə olan, ancaq iddialarından daşınmayan, öhdəliklərindən yayınan rəsmi İrəvan və bütövlükdə hakim erməni siyasi industriyası Azərbaycanın Ermənistanı işğal etmək iddiasına güc verməklə, məsələni gündəmdə saxlamaq istəyir. Əslində səfir Əmirbəyovun bildirdiyi də budur: “Ermənistan regionda təcrid olunmuş vəziyyətdə qalacaq və bu, ermənilərin öz seçimi olacaq. Azərbaycanın Ermənistana qarşı heç bir ərazi iddiası yoxdur və bu, çox güman ki, Ermənistan tərəfindən qəsdən yayılıb”.

Qeyd edək ki, E.Əmirbəyovun bu fikirləri Ermənistanda şantaj kimi də qəbul edilməkdədir. Axı, Azərbaycan Prezidentinin nümayəndəsi bildirib ki, “dəhliz termini sırf iqtisadi-nəqliyyat anlayışıdır”. Məsələnin belə qoyuluşu Ermənistana uyğun deyilsə, yol və ya kəsişmə kimi başqa ad seçirsə, deməli, Bakı bunu manipulyasiya kimi qiymətləndirmək hüququna malikdir. Həm də ona görə ki, ortada Ermənistanın baş nazirinin imza atdığı 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanat var. O bəyanat ki, onun doqquzuncu bəndində çox aydın şəkildə Azərbaycanın digər ərazilərini Naxçıvanla birləşdirəcək yola nəzarətin Rusiyanın Federal Təhlükəsizlik Xidməti tərəfindən gerçəkləşdiriləcəyi göstərilib. Yəni, prinsipial məqam budur və buna görə ölkəmiz İrəvan tərəfindən irəli sürülən “Dünya kəsişməsi” ilə razılaşmamaq hüququnu özündə saxlayır. Digər tərəfdən, otuz il işğalçılıq siyasəti yürüdən ölkənin təhlükəsizlik təminatına niyə etibar edilsin ki? Ermənistan ilk növbədə özünü əməli işi və səmimiyyəti ilə təsdiqləməlidir. Amma nə səmimiyyət var, nə də iş. 

Bəli, rəsmi İrəvan Naxçıvanla yoldakı təhlükəsizlik təminatı məsələsinə fərqli don geydirmək yolu tutur. Sanki Azərbaycan Rusiya ilə birləşib Ermənistanı dalana dirəmək niyyətindədir. Ölkənin siyasi dairələri mövcud xüsusda Ukraynadakı müharibə səbəbindən Rusiyanın düşdüyü duruma fokuslanırlar. Onlar elə rəy yaradırlar ki, sanki Bakı inad etməklə Moskvanı acınacaqlı vəziyyətdən çıxarmağı hədəf seçib. Bu baxımdan Rusiyanın Türkiyə ilə quru əlaqəsi yaratmaq üçün dəhliz axtardığı üzərində dayanılır və bildirilir ki, bu, Kremlə Qərbin sanksiyaları altında olan malları Türkiyə və Azərbaycanın dəstəyi ilə idxal etmək imkanı verəcək. Ən əsası isə guya Moskvanın “Zəngəzur dəhlizi”nin Ermənistanın nəzarəti altında olmasının qarşısını almaqdakı məqsədi İrəvanın Rusiyanın sanksiyadan yayınma şəbəkəsinin fəaliyyətinə müdaxilə ehtimalı ilə bağlıdır. Yəni, təxminən belə: Kreml sanksiyalardan yayına bilər, Ermənistan dəhlizə nəzarət etsə, bunun qarşısını alacaq. Göründüyü ki, İrəvanın siyasi dairələri ölkənin vacibliyini əsaslandırmaq üçün hər cür cəfəngiyata baş vurmaqdadır, özlərini Qərbə şirin satmaqdadırlar. Halbuki, üçtərəfli bəyanat imzalananda nə Ukrayna ilə müharibə var idi, nə də Moskva əleyhinə sanksiyalar...

***

Ermənistanın anti-sülh ritorikası ilə bağlı daha bir məqama diqqət yetirək. İstər Azərbaycan Prezidenti, istərsə də ölkəmizin Xarici İşlər Nazirliyi müntəzəm olaraq səkkiz  Azərbaycan kəndinin Ermənistanın işğalı altında olmasını qabardır. Görəsən, qabartmamalıdır? Niyəsə, belə yanaşma İrəvanda ölkəmizin sülhdən yayınması kimi qiymətləndirilir. Halbuki Ermənistan üçtərəfli bəyanata uyğun olaraq həmin kəndləri də sözsüz-söhbətsiz geri qaytarmalıdır. Qaytarmır, əvəzində elə görüntü formalaşdırır ki, Azərbaycanın tələbi Ermənistana hərbi müdaxilə, güc tətbiqi üçün bəhanədir. Əlbəttə, səkkiz kəndin geri qaytarılmayacağı təqdirdə, güc tətbiqi mütləqdir. Necə ki, Qarabağda Azərbaycanın suveren hüquqlarının bərpası üçün antiterror tədbirlərinə gedildi, səkkiz kəndlə də bağlı eyni addımın atılması qanunauyğundur və labüddür. Məsələni əldə bayraq etmək isə reallıqları nəzərə almamaq, mahiyyətdən uzaqlaşmaq və manipulyasiya cəhdidir. Hazırda bunlar Ermənistanın dövlət siyasətinin əsas elementi kimi çıxış etməkdədir. Aİ və bütövlükdə Qərb dünyası isə ölkəni  silahlandırmaqla onun yaramaz dövlət siyasətinin davamlılığına siyasi sərmayə yatırmaqla məşğuldur. Deməli, Qərb Ermənistanı illüziya bataqlığına çəkməkdə israrlıdır. 

***

Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmaması kontekstində erməni siyasi dairələrinin irəli sürdükləri başlıca tezislərdən biri də budur ki, Bakı guya hansısa müqavilə ilə öhdəlik götürmək istəmir. Çünki bu öhdəlik gələcəkdə Ermənistan ərazisini işğal etmək üçün maneçilik törədə bilər. Əslində eyni fikri İrəvana münasibətdə də işlətmək mümkündür. Nəzərə alaq ki, 44 günlük müharibədən sonra Ermənistana barışıq əlini uzadan ölkəmiz olub. İrəvan isə daim sülhdən yayınma yolu tutub. Belə olan halda “Bakı nə üçün Brüssel və ya Vaşinqton formatındakı danışıqları bərpa etmir?” sualı ən azından qoyuluş baxımından yanlışdır. Çünki həmin formatın hazırda ermənipərəstlik klubuna çevrildiyi aşkardır. Belə demək mümkünsə, klubun nizamnaməsi isə bu il oktyabrın 5-də Qranadada rəsmi Parisin patronajlığı ilə keçirilmiş Avropa Siyasi Birliyinin zirvə toplantısında təsdiqləndi. Sənədə N.Paşinyan, Fransa Prezidenti Emmanuel Makron, Almaniya Kansleri Olaf Şolts, ən əsası isə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel imza atdı. Qeyd edək ki, Azərbaycanın imzasının yer almadığı Qranada sənədlərində Ermənistanın Qarabağ avantürasının davamı üçün baza mövcuddur. Məsələnin qoyuluşu belədir: Qarabağ erməniləri yenidən bölgəyə qayıdacaq, onların hüquq və təhlükəsizliyi beynəlxalq təminatlar vasitəsilə həyata keçiriləcək, Qarabağa BMT sülhməramlıları yeridiləcək. Beləliklə, Azərbaycanın suveren dövlət kimi irəli sürdüyü hüquq və təhlükəsizlik məsələləri heçə sayılacaq. Nəticədə Qarabağ erməniləri xüsusi statuslu təbəqə kimi qarşılanacaq, bu isə gələcəkdə Ermənistanın bölgəyə ərazi iddiası irəli sürməsinə etibarlı zəmin yaradacaq. Tam aydındır ki, Azərbaycan sülhün bu şərtini qəbul etməyəcək və hazırkı məqamda masaya əyləşməyin özü Brüssel formatı kimi təqdim edilən Qranada gündəliyinin sırınması ilə razılaşmaqdır. Bakı buna əsla getməz.  

***

Cənubi Qafqazda sülh gözləntisi müstəvisində Ermənistanın irəli sürdüyü manipulyasiyalardan biri də “Qərbi Azərbaycan” ifadəsidir. Məlum olduğu kimi, Azərbaycan Prezidenti, eləcə də dövlətimizin digər rəsmi şəxsləri dəfələrlə bildiriblər ki, Qərbi Azərbaycana qayıdış dinc məqsədli konsepsiyadır. Hətta cənab ­İlham Əliyev bölgəyə tanklarla deyil, minik avtomobilləri ilə qayıtmaq məsələsindən söz açıb. Bu, nə deməkdir? O deməkdir ki, Ermənistandakı dədə-baba yurdlarından zorla qovulan azərbaycanlıların həmin torpaqlarda yaşamaq hüququ təsdiqlənməlidir. Necə ki, Qarabağ erməniləri bölgədə yaşamaq haqqına malikdirlər, azərbaycanlılar da Ermənistanda mövcudluq hüququnu özlərində saxlamalıdırlar. Bu, heç bir halda ərazi iddiası şəklində interpretasiya edilməməlidir. 

Ancaq Ermənistan dövlətinin və siyasi dairələrinin baxışları üçün belə bəşəri məqamlar yaddır. Onlar hər şeyi özlərinin yarımçıq təfəkkürlərinə əsaslanaraq qiymətləndirirlər. Çünki təbiətlərinə işğalçılıq və qəsb elementləri hakimdir. Xarakterlərini heç cür dəyişə bilməyəcək qədər iflicdirlər və bu ifliclik dövlət siyasətinə də təsirini göstərib. Ən böyük həyasızlıq isə budur ki, azərbaycanlıların Qərbi Azərbaycana qaytarılması məsələsini ərazi iddiası kimi qələmə verən erməni siyasilər 1990-cı illərdə gedən azərbaycanlıların guya Ermənistandan təzminat aldıqlarını iddia edirlər. Görəsən, hansı təzminatdan söhbət gedir? Yada salaq ki, həmin azərbaycanlıların hamısını məhv etmək kimi qorxunc daşnak planı olub. Yalnız Spitakdakı dəhşətli zəlzələ bu “niyyətin” gerçəkləşməsinə maneçilik yaradıb...

 

Ə.RÜSTƏMOV
XQ

 

Siyasət