Ermənistan: Qərb dünyası üçün matah, yoxsa matax?

post-img

Avropanın bu ölkəni Azərbaycanla danışıqlarda güclü tərəfə çevirmək istəyi və ...balaca uşağın odla oynaması

Ermənistan Avropa, ümumən Qərb dünyası üçün əməlli-başlı mataha çevrilib. Erməniləri əzizləmə işinə avropalılar, daha doğrusu, “köhnə qitə”nin aparıcı təşkilatları möhkəm girişiblər. Yəni  əvvəl Fransa öndə idi, hazırda Avropa İttifaqı, Avropa Parlamenti, Avropa Şurası, ATƏT canıyananlıqla məşğuldur. Hələ digər xırda-mırda təşkilatları demirik. Onların hamısının adını sıralasaq, uzun bir siyahı alınar.

Bəli, hazırda dünya üzrə erməni təəssübkeşliyinin fazası həddən artıq yüksəkdir. Görünən budur ki, Ermənistan hakimiyyəti, eləcə də ermənipərəstlər dünyada çəkiyə malik qurumları özlərinin avantürist niyyətlərinə alət etməyi bacarıblar. Amma məsələnin digər tərəfi də var. Əslində Ermənistanınmı, yoxsa Qərb dairələrininmi, hansının yekunda alətə çevriləcəyi maraqlıdır. 

Həmişə, bir qayda olaraq, Ermənistan “istifadə edilib”. Ölkə prinsip etibarilə ancaq itirməklə məşğuldur. Milli ideoloji identifikliyin rəmzi kimi qiymətləndirilən Qarabağ əldən çıxıb. Başqa nə olsun? Sual ritorikdir. Çünki Ermənistan özünün olmayan hər şeyi itirməyə məhkumdur. Deməli, matahlığın mataxa çevrilməsi labüddür. Bəs, matax nədir? Yazının sonunda məsələyə aydınlıq gətirəcəyik.

***

Beləliklə, Avropa İttifaqı Avropa Sülh Fondu çərçivəsində Ermənistana hərbi yardımın göstərilməsi, eləcə də bu ölkənin vətəndaşları üçün viza rejiminin liberallaşdırılması imkanlarını nəzərdən keçirir. Bunu  Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrell Brüsseldə Aİ Şurasının xarici siyasət idarələrinin rəhbərləri səviyyəsində keçirilmiş iclasdan sonrakı mətbuat konfransında deyib. 

***

Məlum olduğu kimi, Ermənistana hərbi yardım məsələsində Fransa daha çox “irəli gedib”. Ölkənin zirehli texnikalarının bir qrupu artıq İrəvandadır. Ancaq görünən budur ki, Aİ məsələyə, belə demək mümkünsə, daha fundamental və sistemli yanaşmanın tərəfdarıdır. Bu istiqamətdə baza da var. Söhbət Azərbaycan-Ermənistan şərti sərhədinin Ermənistan hissəsində fəaliyyət göstərən mülki missiyadan gedir. 

Qeyd edək ki, Aİ-nin sözügedən missiyası ötən ilin yanvarından bölgədədir. Onun tərkibinin pensiyada olan alman və fransız polislərindən ibarət olduğu məlumdur. O da məlumdur ki, hələ lap əvvəldən missiyanı hərbiləşdirmək və sayını artırmaqla əlaqədar fikirlər dolaşmaqdadır. Heç şübhəsiz, bu, bir tərəfdən Azərbaycana qarşı yönəlmiş addımdırsa, digər yandan məsələnin anti-Rusiya təmayülü var. Təsadüfi deyil ki, rəsmi Moskva Aİ-nin müşahidəçilərini bölgədə əlavə qıcıqlandırıcılar kimi qiymətləndirmişdi. Əslində bu fikri işlədən Rusiyanın Xarici işlər naziri Sergey Lavrovun yanıldığını söyləmək mümkünsüzdür. Çünki Ermənistan missiyaya güvənərək şərti sərhəddə çoxsaylı təxribatlar törədirdi. Lakin İrəvanın davranışları yekunda onun üçün sərfəli olmayan durum formalaşdırdı. 

Amma istənilən acınacaqlı vəziyyət Brüsselə Kremlin “dərin narahatlığına” məhəl qoymamağa və hazırda Qərbin Cənubi Qafqazda əsas tramplininə çevrilən Ermənistanda mövqelərini gücləndirməyə qətiyyən maneçilik törətmir. Müvafiq olaraq, proses İrəvanın Moskvadan ardıcıl şəkildə uzaqlaşması ilə müşayiət olunur. Əslində J.Borrelin haqqında söz açdığı məsələ də Aİ-nin Ermənistan üzərindən apardığı anti-Rusiya ritorikasının davamı kimi xarakterizə oluna bilər. Yəni, noyabrın 13-də Aİ Xarici İşlər Nazirləri Şurasının Brüsseldə keçirilmiş iclasının gündəliyi təsadüfən tərtib edilməyib. Məlum olduğu kimi, gündəlikdə iki başlıca məsələ yer alıb. Bunlardan biri Rusiya-Ukrayna müharibəsidirsə, ikincisi Azərbaycan və Ermənistanla bağlı son hadisələrdir. 

Aİ-yə üzv dövlətlərin XİN rəhbərləri ölkəmizin bu ilin sentyabrında həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən sonrakı mərhələdə bölgədə qərarlaşmış vəziyyəti, eləcə də İrəvan və Bakı arasında münasibətlərin normallaşdırılmasına yönələn səyləri müzakirə ediblər. Toplantının Aİ-nin rəsmi saytında yerləşdirilmiş bəyanatında bildirilib ki, “Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel sabit və davamlı sülhə nail olmaq üçün Ermənistan və Azərbaycan liderləri ilə sıx təmasda olmaqda davam edir”. Bundan əvvəl isə tədbirdə haqqında söz açdığımız mülki müşahidə missiyasının genişləndirilməsi planlarından danışılıb.

Maraqlı məqamlardan biri də Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın bildirdikləridir. O deyib ki, Brüsseldə Aİ nümayəndələri ilə danışıqlardan sonra Ermənistan və bu qurum arasında təhlükəsizliklə bağlı yeni sənəd üzərində iş gedir. Deməli, Lavrovun bölgədə “əlavə qıcıqlandırıcılar” kimi qiymətləndirdiyi məsələ daha geniş müstəviyə daşınmaqdadır. Belə bir durum isə istər-istəməz Aİ Şurasının Prezidenti Ş.Mişelin missiyasına zərbə vurur. Çünki onun təmsil olunduğu təşkilat artıq tərəfə çevrilir. Tərəfkeşlikdən söz düşmüşkən, əslində Aİ-nin istər ötən il, istərsə də bu il Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsi istiqamətindəki ilk baxışdan səmərəli təsir bağışlayan missiyasından söz açılmır, sanki təşəbbüsdə sınma anı yaşanıb. 

***

Əminliklə söyləmək mümkündür ki, sınma anı bu ilin oktyabrında yaşandı. Məlum oldu ki, Ş.Mişelin missiyası mahiyyətcə erməni maraqlarına gizli xidmət üzərində qurulub. Doğrudur, Ermənistanın baş naziri Nikol Paşinyan ötən ilin oktyabrında Praqada, eləcə də bu ilin mayında Brüsseldə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edib. Bu, ilk baxışdan konstruktiv hərəkət kimi qiymətləndirilib. Lakin Aİ-nin məsələni yalnız bu nöqtəyə qədər gətirməyi düşündüyü aşkardır. Deməli, qarşılıqlı şəkildə ərazi bütövlükləri tanınacaq, amma Qarabağ məsələsi necə var, eləcə də saxlanılacaqdı. Yəni, mahiyyətcə ATƏT-in Minsk qrupunun manipulyasiyalarına bənzər davranışlar, davamlı danışıqlar və sair. Hər halda avropalıların ölkəmizin lokal xarakterli antiterror tədbirlərini hesablamadıqları aşkar idi. Elə bu tədbirlərdən sonra Aİ-nin və Ş.Mişelin, obrazlı ifadə etsək, mütərəqqilik kürkünə birə düşdü. Əslində oktyabrdakı Qranada sammiti və həmin toplantı çərçivəsində imzalanmış sənədlər də “qaşınmanın” nəticəsi idi. Haqqında söz açdığımız sınma anı da elə budur.

***

Bəli, Aİ Azərbaycan-Ermənistan sülh gündəliyinə yeni paradiqmalar gətirməyə çalışır. Nəzərə alaq ki, N.Paşinyan və erməni iqtidarının təmsilçiləri həmin məqamları açıqlayaraq Qranada sammitindəki sənədləri ehkamlaşdırmaq yolu tuturlar. Doğrudur, Nikol bunu əvvəlcə açıqdan-açığa bildirirdi, hazırda niyyətini pərdələməkdədir. Məsələn, o, ölkənin ictimai televiziyasına müsahibəsində demişdi ki, Ermənistan üçün Qranadada imzalanmış sənədlərin hər hansı şəkildə korrektəsi yolverilməzdir. 

Yada salaq ki, Qarabağ ermənilərinin bölgəyə qayıdışına fokuslanmış həmin sənədlərdə onların hüquq və təhlükəsizliyi məsələsi xüsusi qoyulur və mövcud istiqamətdə ayrıca beynəlxalq mexanizmlərin tətbiqi üzərində dayanılırdı. Faktiki olaraq Azərbaycanın konstitusyon əsasda təklif etdiyi hüquq və təhlükəsizlik meyarları heçə sayılırdı. Bu isə o demək idi ki, Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıması ilə bağlı söylədikləri əhəmiyyətini itirmiş olur. 

***

Aİ-nin, eləcə də Fransanın Ermənistana hərbi yardım ritorikası məhz belə bir şəraitdə meydana çıxmış məsələdir. Deməli, ara-sıra bölgədə sülh gözləntisi ilə bağlı söylənilənlər gözdən pərdə asmaqdan başqa bir şey deyil. Ola bilər, avropalılar sülh üçün müharibə məntiqini əsas götürürlər. İndiki durumda rəsmi İrəvan hesab edir ki, yüz nəfərin daxil olduğu Aİ-nin mülki missiyasının uğurlu fəaliyyəti Ermənistanın dövlət sərhədlərini daha etibarlı hala gətirib. Uğurlu fəaliyyət nədir, bilinmir. Ancaq heç kimə sirr deyil ki, bu missiya Ermənistanın təhlükəsizliyindən daha çox, Aİ-nin geosiyasi maraqlarına xidmət edir. Ona görə Brüssel hazırda onun daha da genişləndirilməsini müzakirə edir. Üstəlik, qurum əsas məqsədinin Ermənistanda mövqelərini gücləndirmək olduğunu gizlətmir. “Biz indi gündəmdəki münaqişəni alovlandıra biləcək və eyni zamanda Ermənistanın müdafiəsini və müqavimətini gücləndirməyə kömək edə biləcək məsələləri həll etməyə çalışırıq”, - deyən Aİ-nin yüksək səviyyəli diplomatının keçən həftə “Azadlıq” radiosunun erməni xidmətinə bildirdikləri fikrimizin təsdiqidir. İndi məlum olur ki, nə üçün Almaniyanın Xarici işlər naziri Annalena Berbok İrəvana səfəri zamanı Ermənistanın sülhməramlı kimi təqdim olunan xüsusi təyinatlılarının təlimini izləmişdi. Prioritet nədirsə, nəzərdən keçirilən də odur...  

***

Qərbin niyyəti nədir? İstər Aİ-nin özü, istər Kanadadan sonra qurumun Ermənistandakı mülki missiyasında təmsilçilik niyyətini ortaya qoyan ABŞ istəyir ki, İrəvanın müdafiə qabiliyyətini və hərbi potensialını gücləndirməklə, onu Azərbaycanla danışıqlar masası arxasında güclü tərəfə çevirsin. Paşinyan administrasiyası üçün güclü olmaq həmin masada əlavə şərtlər irəli sürmək imkanıdır. Elə buna görə də Bakı-İrəvan sülh müqaviləsi yalnız üfiqdə közərməkdədir. Əslində, Qərb məqsədli şəkildə onun imzalanmasını, Cənubi Qafqazdakı vəziyyətin nizama salınmasını ləngidir. Əvəzində Fransa ilə yanaşı Aİ-nin digər ölkələrindən Ermənistana silah tədarükü ilə bağlı məqamlar ön plana çıxır. Onu da bildirək ki, Aİ-nin Ermənistanda hərbi-siyasi mövqelərinin gücləndirilməsi ilə paralel şəkildə İrəvanın Rusiyanın hakim rol oynadığı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və MDB strukturlarını faktiki olaraq boykota məruz qoyması həyata keçirilir.

***

Sonda əvvəldə haqqında söz açdığımız matax məsələsinə aydınlıq gətirək. Yada salaq ki, bu ifadəni Ermənistanın Qərb dünyası üçün mataha çevrilməsi, yəni əzizlənməsi kontekstində işlətdik. Matax erməni apostol kilsəsində Allah naminə nəyinsə qurban verilməsidir. Əlbəttə, qurbanvermə xoş niyyətlər üçün nəzərdə tutulmuş ayindir.  Oxşar məqamlar digər səmavi dinlərdə də icra olunmaqdadır. Ancaq  hazırda Qərbin hərəkətləri Ermənistanı mataxa, yəni qurbana çevirməkdən başqa bir şey deyil və burada hansısa xoş niyyətdən söhbət gedə bilməz. Necə deyərlər, Qərb od verir, İrəvan isə odla oynayır. Ermənistan sanki balaca uşaqdır. Balaca uşaqların isə odla oynaması hansı fəsadlar doğurur, hər kəsə yaxşı məlumdur.

 

Ə.CAHANGİROĞLU
XQ

 

Siyasət