Borrel kimin dili ilə danışır?

post-img

Avropa İttifaqı Cənubi Qafqazda yeni reallığı qəbul etməkdə sancı çəkir 

Azərbaycanın 2020-ci ildə 44 günlük müharibədə, 2023-cü ildə 23 saatlıq antiterror tədbirində qazandığı qələbələri gözü götürməyənlərin sıraları getdikcə genişlənməkdədir. Sözdə sülh vasitəçiliyini yerinə yetirdiyi görüntüsünü yaradan Avropa İttifaqının, onun ardınca ABŞ-ın son vaxtlar bu sırada xüsusi canfəşanlığı  nəzərdən yayınmır.

Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali komissarı Jozep Borrellin son bəyanatı “köhnə dünya”nın ermənipərəst dairələrinin Azərbaycanın Cənubi Qafqazda yaratdığı yeni reallığı qəbul etməkdə çətinlik çəkdiklərinin bariz təzahürüdür. Otuz illik işğal dövründə Azərbaycan dövlətinin və xalqının iradəsini sındırmağı bacarmayan həmin dairələr indi buna gecikmiş və nəticəsiz cəhdlər göstərməkdədir. Onların ali komissarları Borrellin dili ilə söylədikləri rəsmi Bakı üçün hansısa əhəmiyyət yükünə malik deyil. 

Jozep Borrellin bəyanatını Aİ-nin “mülki müşahidəçi” adı altında Ermənistan ərazisinə göndərdikləri kəşfiyyatçı-desant fəaliyyətinin məntiqi davamı kimi qəbul etmək daha doğru olar. Borrell Aİ Şurasının Brüsseldə keçirilmiş toplantısından sonra bəyan edib ki, onlar Ermənistana Avropa Sülh Fondundan yardım edilməsi ilə bağlı imkanları araşdıracaqlar. Ardınca isə reallıqdan uzaq, qeyri-obyektiv, qərəzli açıqlamasında Azərbaycana Ermənistanın ərazi bütövlüyünün və suverenliyinin pozulmasının qəbuledilməz olması ilə bağlı xəbərdarlıq edib. Hətta bunun Bakı üçün yaxşı nəticələnməyəcəyini deməyə də özündə cəsarət tapıb. Siyasi təhdid göz qabağındadır. 

Fransa başqa olmaqla, Aİ-yə üzv bir çox ölkələrin irqi, dini, etnik ayrı-seçkilikdən əziyyət çəkdikləri bir yana, erməni separatizmini dəstəkləmələri, sadəcə, heyrət doğurur. 

Əslində, Aİ-nin xarici siyasət qurumunun başçısının öz başlarına çarə qılmaq əvəzinə Cənubi Qafqazda separatizmi qızışdırmaq cəhdlərinin arxasında hansı ssenarinin gizləndiyi məlumdur. Ermənistanı silahlandırmağa girişən Fransanın bölgədə sönmüş müharibə ocağını yenidən alovlandırmaq planı da artıq gizli deyil. Okeanın o tayından Kanadanın ardınca ABŞ-ın da bu “beynəlmiləl missiyaya” qoşulmaq arzusu, Aİ-nin Sülh Fondunun Ermənistanda fəaliyyətə başlaması Qərbin Cənubi Qafqazda vəziyyəti gərginləşdirmək cəhdlərinin aşkar təzahürləridir. Deməli, Avropanın bölgədə yarımçıq qalmış işləri varmış. Bu işləri tamamlamaq vəzifəsini boynuna götürənlərin başında məhz Makron Fransasının durduğu hamıya gün kimi aydındır.

*** 

Azərbaycan XİN Avropa İttifaqının ali nümayəndəsinin bəyanatına cavab verib. XİN-in şərhində deyilir ki,  Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrell tərəfindən Brüsseldə Xarici Əlaqələr Şurasının iclasından sonra keçirilən mətbuat konfransında Azərbaycan əleyhinə səsləndirdiyi, regiondakı reallıqları qəsdən təhrif edən ittihamları tamamilə qeyri-adekvat və qəbuledilməzdir. Azərbaycan XİN-in yaydığı açıqlamada qeyd edilir ki,  Aİ-nin 30 ilə yaxın müddətdə ölkəmizin suveren ərazilərinin Ermənistan tərəfindən hərbi təcavüzə məruz qalmasına biganə yanaşması, azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti və insanlıq əleyhinə cinayətləri, 1 milyondan çox azərbaycanlının məcburi köçkün və qaçqın vəziyyətinə düşməsi faktını qınamaqdan çəkinməsi fonunda, Ermənistana ifadə olunan dəstək və Azərbaycana qarşı təhdid dolu ifadələr bu qurumun qərəzli siyasətinin və ikili standartlarının bariz nümunəsidir.

Azərbaycan baş diplomatiya idarəsinin şərhində daha sonra deyilir ki, Ermənistanı beynəlxalq hüququn norma və prinsiplərinə uyğun hərəkət etməyə təşviq etmək üçün heç bir addım atmayan Aİ-nin nümayəndəsinin səsləndirdiyi ittihamlar Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı təhdiddir: “Bir daha xatırladırıq ki, istər 44 günlük Vətən müharibəsi, istərsə də cari ilin sentyabr ayında 24 saatlıq antiterror tədbirləri ölkəmizin suveren ərazilərində həyata keçirilib. Azərbaycan beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində legitim üsullarla öz suverenliyini bərpa edib. Aİ tərəfinin Ermənistanı silahlandırmaq və bununla bölgəmizdə sülh və sabitliyə mane olan məkrli hərbiləşmə siyasətini dəstəkləmək səyləri, bölgəmizdə yeni qarşıdurmalara sürükləyən siyasətin təşviq olunmasıdır. Bunun məsuliyyəti eyni zamanda Aİ-nin üzərinə düşür. Bu məqsədlə, digər sahələrlə yanaşı, hərbi potensialın gücləndirilməsini nəzərdə tutan Avropa Sülh Təşəbbüsündən istifadə edilməsi planları bölgədə gərginliyin artmasına xidmət edir”.

Azərbaycanla təhdid dili ilə danışmağın qəbuledilməz olduğunun vurğulandığı XİN-in açıqlamasında, eyni zamanda, hər hansı qeyri-dost hərəkətin müsbət nəticələnməyəcəyi ilə yanaşı, adekvat şəkildə cavablandırılacağı da xüsusi olaraq qeyd olunub.

Bəli, Aİ strukturlarının son vaxtlar aşkar ikili standartlı davranışı Qərbin Cənubi Qafqazda sülhə və sabitliyə qarşı yönələn təxribatçı davranışlarından xəbər verir. Bakıya təhdid və xəbərdarlıqlar “seriyası” da bu niyyətlə edilir. Amma  Azərbaycanla təhdid dili ilə danışmaq olmaz. Çünki bunun acı aqibətini Hayastan son üç ildə azı üç dəfə dadıb. Deyəsən, indi onun arxalarında gizləndiyi Qərbin uğursuz missionerləri də həmin faydasız yola düşməyə çalışırlar. Cəhd etsinlər, amma adekvat cavablarını alacaqlarını da unutmasınlar.

Nə qədər paradoksal səslənsə də, Ermənistan düşdüyü indiki durumunda da özgələrin ətəyindən yapışaraq, qonşusuna təzyiq göstərmək xəyalına düşüb. Bu, onun üçün heç də təzə yol deyil. Onlar iki əsr “xidmətində” durduqları Rusiyaya arxa çevirib, indi Avropadan imdad diləməklə məşğuldurlar. Bu fakt həm də onu deyir ki, bu toplum heç vaxt müstəqil yaşamağı ya bacarmayıb, ya da istəməyib.  

 

İ.HƏSƏNQALA 
XQ

 

Siyasət