Cənub Qaz Dəhlizinin iqtisadi səmərəsi artır

post-img

Avropanın enerji xəritəsini zənginləşdirən Cənub Qaz Dəhlizi Azərbaycan qazını “köhnə qitə”yə çatdıran etibarlı enerji marşrutudur. XXI əsrin nəhəng qaz ixracı marşrutunun idarəetməsini həyata keçirən “Cənub Qaz Dəhlizi” Qapalı Səhmdar Cəmiyyəti (SGC) 2023-cü ilin ilk yarısını 726 milyon 601 min ABŞ dolları xalis mənfəətlə başa vurub.

Bu barədə məlumat səhmdar cəmiyyətinin maliyyə hesabatında öz əksini tapıb. Hesabata əsasən, cari ilin ilk 6 ayında “Cənub Qaz Dəhlizi”nin  əməliyyat gəlirləri 1 milyard 391 milyon 42 min dollar, satışının maya dəyəri 245 milyon 119 min dollar, ümumi-inzibati xərcləri 164 milyon 254 min dollar, nəqletmə xərcləri 69 milyon 165 min dollar, digər gəlirləri isə 27 milyon 944 min dollar təşkil edib. Eyni zamanda, hesabat dövründə SGC-nin faiz gəlirləri 46 milyon 169 min dollar, asılı müəssisələrdən gəlirləri 34 milyon 811 min dollar, maliyyə xərcləri 284 milyon 79 min dollar, məzənnə fərqindən gəlirləri 2 milyon 746 min dollar, mənfəət vergisi ödəmələri isə 13 milyon 161 min dollar olub. 

Hesabatda, həmçinin qeyd olunur ki, 2023-cü il iyulun 1-nə qurumun aktivləri 14 milyard 704  milyon 831 min dollar, o cümlədən öhdəlikləri 8 milyard 274  milyon 476 min dollar, balans kapitalı isə 6 milyard 430 milyon 355 min dollar təşkil edib. 

 Xatırladaq ki, “Cənub Qaz Dəhlizi” Qapalı Səhmdar Cəmiyyəti Azərbaycan Prezidenti İlham Əliyevin “Şahdəniz qaz-kondensat yatağının istismarının II mərhələsi və “Cənub Qaz Dəhlizi”nin yaradılmasına dair digər layihələrlə bağlı bəzi tədbirlər haqqında” 25 fevral 2014-cü il tarixli sərəncamı ilə “Şahdəniz” qaz-kondensat yatağının tam miqyaslı istismarı, Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) genişləndirilməsi, Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) və Trans-Adriatik Boru Kəməri (TAP) layihələrində dövlətin iştirak paylarının birləşdirilməsi, idarə edilməsi və maliyyələşdirilməsi məqsədilə təşkil olunub. Qurumun nizamnamə kapitalı 2 milyard 415,8 milyon ABŞ dollarıdır. Şirkətin səhmlərinin 51 faizi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə, 49 faizi isə Dövlət Neft Şirkətinə (SOCAR) məxsusdur.

“Cənub Qaz Dəhlizi”nin əsas məqsədi “Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsi çərçivəsində hasil edilən təbii qazın genişləndirilmiş Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP vasitəsilə Türkiyəyə və Cənubi Avropaya ixracını təmin etməkdir.

Qeyd edək ki, 2011-ci ildə Avropa Komissiyası və Azərbaycan Xəzərdən Avropaya birbaşa qaz nəql edən marşrutların yaradılmasını dəstəkləyən Birgə Bəyanat imzalayıblar. Sözügedən sənəd TANAP və TAP-la bağlı hökumətlərarası sazişlərlə birlikdə uzunmüddətli qaz satış müqavilələri üçün zəmin yaradıb. Bir il sonra isə Azərbaycan və Türkiyənin dövlət başçıları Trans-Anadolu Qaz Boru Kəməri ilə bağlı müqaviləyə imza atıblar. 

Cənub Qaz Dəhlizinin təməli 2014-cü il sentyabrın 20-də Bakıda Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə qoyulub. “Şahdəniz” qaz-kondensat yatağının tammiqyaslı işlənilməsi, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi, Trans-Anadolu Boru Kəməri və Trans-Adriatik Boru Kəməri layihələri Cənub Qaz Dəhlizinin əsas seqmentləri sayılır. XXI əsrin nəhəng enerji dəhlizinin açılışı isə 2018-ci il mayın 29-da  Bakıda baş tutub. 

Cənub Qaz Dəhlizinin ilk seqmenti olan “Şahdəniz-2” layihəsi Azərbaycan qazını Avropa və Türkiyəyə çatdıran nəhəng enerji layihəsidir. Sözügedən layihə “Şahdəniz” yatağının birinci işlənmə mərhələsi çərçivəsində hasil olunan illik 10 milyard kubmetrdən əlavə daha 16 milyard kubmetr qaz hasilatını nəzərdə tutur. 2006-cı ilin sonlarında istismara verilmiş “Şahdəniz” yatağının ilkin balans ehtiyatı 1 trilyon kubmetrdən artıq təbii qaz və 2 milyard bareldən artıq kondensat həcmində qiymətləndirilib. “Şahdəniz-2” layihəsi Avropa bazarlarının “mavi yanacaq”la təchizatına, bir sıra ölkələrin enerji təhlükəsizliyinə mühüm töhfələr verir. 

Cənub Qaz Dəhlizinin yaradılması, ilk növbədə, 2006-cı ilin sonlarında istifadəyə verilmiş Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi zərurətini yaradıb. Bu məqsədlə marşrutun Azərbaycan ərazisindən keçən hissəsində yeni boru kəməri inşa olunub. Bununla da, illik ötürmə qabiliyyəti 7,4 milyard kubmetr təşkil edən Cənubi Qafqaz Boru Kəmərinin gücü 24 milyard kubmetrə çatdırılıb. Gələcəkdə isə lazım gəldiyi təqdirdə kəmərin illik ötürmə qabiliyyəti 34 milyard kubmetrə çatdırıla bilər.

 “Şahdəniz” qazını Türkiyənin dərinliklərinə nəqlini həyata keçirən  TANAP-ın təməlqoyma mərasimi 2015-ci il martın 17-də Türkiyənin Qars şəhərində keçirilib. Bununla da, boru kəmərinin inşasına start verilib. 12 iyun 2018-ci il tarixində isə Əskişəhərdə Cənub Qaz Dəhlizinin mühüm hissəsi olan Trans-Anadolu Boru Kəmərinin açılışı olub. Həmin ayın 30-da ilk kommersiya qazının bu kəmərlə Türkiyəyə nəqlinə başlanılıb. Noyabrın 30-da isə TANAP-ın Avropa ilə birləşən hissəsinin açılış mərasimi keçirilib. Uzunluğu 1850 kilometr olan TANAP-ın illik ötürmə gücü hazırda 16,2 milyard kubmetr təşkil edir. Azərbaycanın zəngin qaz ehtiyatları, eləcə də Avropada “mavi yanacağa” tələbatın artması ilə əlaqədar gələcəkdə sözügedən kəmərin illik ötürmə qabiliyyətinin 30,7 milyard kubmetrədək artırılması gözlənilir.

 Cənub Qaz Dəhlizinin son seqmenti olan Trans-Adriatik Boru Kəməri Xəzər regionunun qazını Avropaya  nəql etmək məqsədilə inşa edilib. Adıçəkilən kəmərin təməlqoyma mərasimi 2016-cı il mayın 17-də Yunanıstanın Saloniki şəhərində keçirilib və tikinti işlərinə başlanılıb. Qeyd edək ki, uzunluğu 880,8 kilometr olan kəmərin 551,5 kilometri Yunanıstan, 215,9 kilometri Albaniya, 105 kilometri Adriatik dənizi, 8,4 kilometri isə İtaliya ərazisindən keçir. Hazırda kəmərlə il ərzində 10 milyard kubmetr qaz nəql olunur. Lakin yaxın illərdə Avropaya qaz tədarükünün artması ilə əlaqədar olaraq bu həcmin 20 milyard kubmetrədək artırılması nəzərdə tutulur. 

TAP kəməri 2020-ci il noyabrın 15-də istismara verilib və kommersiya fəaliyyətinə başlamağa hazır vəziyyətə gətirilib. Həmin il dekabrın 31-də isə Azərbaycan kommersiya qazının TAP vasitəsilə Avropaya tədarükünə başlanılıb. Bununla da, ölkəmiz Avropanın bazarının mühüm qaz tədarükçülərindən birinə çevrilib. Yeri gəlmişkən, 2021-ci ildə 8,2 milyard kubmetr, 2022-ci ildə isə 11,4 milyard kubmetr təbii qaz Azərbaycandan Trans-Adriatik Boru Kəməri ilə Avropaya daxil olub.

 

Mirbağır YAQUBZADƏ 
XQ

 

İqtisadiyyat