Böyük Britaniya Azərbaycan iqtisadiyyatının ən böyük investorudur

post-img

Böyük Britaniyanın Biznes və Ticarət Departamentinin Azərbaycan üzrə direktoru, Şərqi Avropa və Mərkəzi Asiyada energetika üzrə aparıcı mütəxəssisi Coel Con Derbişir Beynəlxalq Ticarət Həftəsi çərçivəsində keçirilən vebinarda son otuz ildə ölkəsinin Azərbaycanda ən böyük fərdi investor olduğunu bildirib. 

O, 1995–2022-ci illər ərzində Böyük Britaniyanın respublikamıza yatırdığı  iinvestisiyaların 84 milyard dollar təşkil etdiyini vurğulayıb. Coel Con Derbişir 1994-cü ildə Azərbaycan hökumətinin BP şirkəti ilə məşhur “Əsrin müqaviləsi”ni imzaladığını və bununla Azərbaycanla Böyük Britaniya arasında möhkəm ikitərəfli investisiya tərəfdaşlığının təməlinin qoyulduğunu qeyd edib.

Direktor sözlərinə həmçinin, 2022-ci ildə iki ölkə arasında ticarətin həcminin 1,2 milyard funt sterlinq olduğunu və Azərbaycanda 400-ə yaxın Böyük Britaniya şirkətinin aktiv fəaliyyət göstərdiyini əlavə edib.

Coel Con Derbişir çıxışının sonunda  Azərbaycanın Avropa, Mərkəzi Asiya və Yaxın Şərqdən keçən ticarət yollarının kəsişməsində yerləşdiyini, əsrlər boyu ölkəmizin Şərqdən Qərbə uzanan məşhur İpək Yolunun bir hissəsi olduğunu, hazırda coğrafi mövqe baxımından  Xəzər dənizindan keçən və Çinlə Avropanı birləşdirən Orta Dəhlizin inkişafı üçün geniş imkanlar açdığını vurğulayıb.

XQ

 

İqtisadiyyat