Böyük qayıdışın Laçın qaranquşu

post-img

Müxbirlərimiz Laçından qayıdıblar

 

Birinci yazı

Laçın tarixən Qarabağın Qərbi Azərbaycan səmtdən giriş qapısı sayılıb. Rusiyada Romanovlar səltənətini kommunist düşərgəsinə çevirmiş bolşeviklər əzəli türk torpaqlarında özlərinin Ermənistan oyuncaq rejimini qurmaqla kifayətlənməyib 1923-cü ildə Qarabağın dağlıq hissəsində Azərbaycana tabe olan erməni muxtariyyəti yaradanda bu qapını da DQMV adlanan inzibati qurumun tərkibinə qatmaq istəmişdilər. 

Qarabağın yağı qapısı

O zaman məqsəd Ermənistana bitişik olacaq erməni muxtariyyətinin az sonra bu sovet respublikasına birləşdirilməsi üçün coğrafi arqument yaratmaq olmuşdu. Azərbaycan Xalq Cümhuriyyətinin ərazi çevrəsinin müxtəlif xəyanətlərlə daraldılmasına qarşı dayanan milli qüvvələr belə bir amansız siyasi özbaşınalığa və inzibati zorakılığa qarşı çıxmışdılar. Beləliklə, respublikanın “Nərimanovçu rəhbərliyi”nin səyləri ilə əhalisi bütünlüklə soydaşlarımızdan ibarət olan bu aralıq bölgədə eyni adlı inzibati mərkəzi olmaqla Laşıbn qəzası yaradılmışdı.

Sonrakı 70 illik kommunist diktaturası dövründə erməni millətçiləri dəfələrlə DQMV-nin Ermənistana birləşdirilməsi avantürasını gerçəkləşdirməyə cəhd edəndə Laçın aralıq zonasının azərbaycanlılardan ibarət rayon olması bu qəsdlərin qarşısının alınmasında əsas tutalğalardan  olmuşdu. Yəni Ermənistanla heç bir ortaq sınırı olmayan erməni muxtariyyətinin qonşu respublikaya birləşdirilməsi aşkar bir anneksiya aktı kimi meydana gəldiyindən Azərbaycanın bu xəyanətkarlığa etirazı keçərli olmuşdu.

 DQMV yaradılanda Qarabağın qapısı Laçından əli boşa çıxan ermənilər sovet rejiminin süqutu prosesində bu şəhəri və rayonu işğalçılıq yolu ilə ələ keçirməyə və Xankəndiyə hərbi-siyasi körpü salmağa nail oldular. 1918-ci ildə quldur Andranikin və daşnak hakimiyyətininn hərbi birləşmələrinin aşa bilmədiyi, Aşıq Ələsgərin “qüdrətdən səngərli-qalalı dağlar” adlandırdığı keçilməz bir ərazini Azərbaycandan ərazi və əhalicə 3 dəfəyə yaxın kiçik olan Ermənistanın asanlıqla ələ keçirib Qarabağı işğal edə bilməsinin qısa və aydın cavabı məlumdur: ölkəmizdəki qarışıqlıq və başsızlıq, bundan da artığı – səlibçi Qərb mərkəzlərinin din qardaşlarına hərtərəfli yardımı.

Nəticədə dövrümüzün qeyri-leqal xaç ordeni Qarabağın 30 il erməni işğalında qalmasını təmin etdi.

Ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra qısa müddətdə milli birliyi gerçəkləşdirməsi, ölkəni iqtisadi dirçəliş və tərəqqi yoluna çıxarması, vahid komandanlığa tabe milli ordu quruculuğuna nail olması Ermənistanın işğalçılıq siyasətindən əl çəkməyib uzun sürən sülh danışıqlarını dalana aparmasından sonra Azərbaycanın Qarabağı hərbi yolla azad etməsi üçün ciddi əsaslar yaratdı. Ulu öndərin bu xəttini inamla davam etdirib xalqımızın iqtisadi, hərbi, mənəvi potensialını vahid dəmir yumruğa çevirən Prezident, Ali Baş Komandan İlham Əliyev işğalçı ölkənin yağmaçı hərbi birləşmələrinin darmadağın edilməsini, ərazilərimizin əsarətdən xilas olunmasını misilsiz bir qətiyyətlə gerçəkləşdirdi.

Sol cinahdan Laçının yaşayış məntəqələrinin ələ keçirilməsi, mərkəzdən Şuşanın azad edilməsi və Xankəndinin atəş altına düşməsi, sağ tərəfdən Murov yüksəkliklərinin aşılması düşmənin təslim aktını imzalaması ilə nəticələndi. İşğalçı gücsüzlüyünü anlayıb Ağdam, Kəlbəcər və Laçının yerdə qalan hissəsini də döyüşsüz təhvil verməyə məcbur oldu. Laçının müstəsna strateji önəmini nəzərə alıb onun mərkəzini və sərhəd məntəqələrini məskunlaşdırmış düşmən ölkə onun boşaldılmasını 1 il ləngitdi. 

Qeyrət və hünər marafonu

2022-ci ilin sentyabrında bu yerlərdə nəzarəti ələ keçirən Azərbaycan Prezident İlham Əliyevin xüsusi nəzarəti altında cəmi 8 aya Laçın şəhərini, Zabux və Sus kəndlərini erməni izlərindən tamamilə təmizləyərək bu məntəqələrdə ən yüksək həyat təminatları yaratdı. Laçın şəhərində buradan didərgin salınmış hər ailənin həyətində hər cür şərati olan mənzillər tikildi və əsaslı təmir edildi. 2023-cü ilin 28 mayında – xalqımızın ən ali dövlət bayramı günündə ölkə başçısının iştirakı, xeyir-duası ilə laçınlıların ilk dəstəsi doğma şəhərə qovuşmaq səadətinə çatdı. 

Laçın şəhərinin dirçəldilməsi və məskunlaşdırılması ilə bağlı ölkənin tikinti, xidmət və digər qurumlarının ötən bir ildə göstərdiyi fədakarlıq 44 günlük Vətən müharibəsindəki tarixi rəşadətin mülki cəbhədə davamı sayılır. Prezident İlham 
Əliyevin ən yüksək səviyyədə həyata keçirdiyi bu hünər və qeyrət aksiyası xəyanətkar qonşunun Qarabağa yönəlik niyyətlərinin qarşısında keçilməz sədd yaratmışdır. Laçının belə bir möhtəşəm quruculuqla dünyanın ən gözəl dağ şəhərlərindən birinə çevrilməsi Qarabağ və Şərqi Zəngəzurun qonşu ölkəyə baş qapısının düşmənçilik niyyətlərinə birdəfəlik bağlanması deməkdir. Bütün bunlar ağıllı, uzaqgörən Vətən övladlarının 1923-cü ildə Laçının Qarabağda əsassız olaraq qurulan erməni muxtariyyətinə daxil edilməsinin qarşısını almasının, nəhayət, zəmanəmizin faciəli gerçəklikləri baxımından (biz artıq 30 il bu amansızlıqları dadmış, bu ədalətsizlik məngənəsindən sıyrılıb çıxmışıq) Zəfər yürüşümüzün tamamlanmasıdır.

Bu söylədiklərimiz isə nə mövzuya yorucu girişdir, nə də çağdaş tarix kitabımızın hamıya məlum ağrılı və şərəfli səhifələrinin təkrarlanmasıdır. Bu duyğu-düşüncələr – “Xalq qəzeti” üçün geniş yazı, Xalq TV üçün əhatəli süjet  hazırlamaq üçün Laçına xüsusi tapşırıqla ezam olunan qrupumuzun yol boyu söhbət və təxmin etdiyi iş planının, necə deyərlər, özülünü təşkil edən zəruri bir mətn parçası kimi ərsəyə gəldi. Yəni Laçın adlı bir bölgə tariximizə necə daxil olub, onun başına ötən bir əsrdə nələr gəlib və ən əsası, dünən olduğundan da artıq dərəcədə bu gün bu yağı qapısı  xalqımız üçün hansı önəm daşıyır. 

Önəm isə müstəsnadır, təxirəsalınmazdır, ümummilli mahiyyətdədir. Laçın düşmənə gözdağı olacaq dərəcədə dirçəldildiyi kimi, onun xayalına gətirə bilmədiyi səviyyədə də alınmaz olmalıdır. Azərbaycan artıq buna nail olub. Bu dağlar “qüdrətdən səngərli-qalalı” olduğu kimi, ona əbədi sahibliyimizlə də bir daha aşılmaz, yenidən tapdağadüşməz olmalıdır. Laçını xalqımıza qaytarmış müzəffər Komandan, ümumxalq sevgisi qazanmış lider İlham Əliyev ilk sakinləri doğma evlərinə qayıtmaları münasibətilə təbrik edəndə elə belə də dedi: “Biz bundan sonra bu yerlərdə əbədi yaşayacağıq”.

Köhnə yurdun yeni tarixi

Bəli, biz artıq Laçına qayıtmışıq, onun yüzlərlə ağ sarayını – evini, tikilisini ucaltmışıq. Bütün ölkə, onun yetərli imkanları Laçının sonadək bərpa edilməsinə, genişlənməsinə, daha möhtəşəm olmasına yönəlib. Qrupumuz bu əzəmətli gerçəyi I Qarabağ savaşında azad edilib Arazqırağında abad bir məntəqəyə çevrilmiş Horadizdən Zəngilanın  girişində Qarabağ və Şərqi Zəngəzurun yaxın gələcəyinin pilot məntəqəsi kimi ərsəyə gəlmiş Ağalı qəsəbəsinədək olan, təxminən, 90 kilometrlik məsafənin hər addımında gördü və yəqin etdi. 

Erməni vandalların yer üzündən sildikləri, işğaldan əvvəl Zəngəzur dəhlizinin Azərbaycan səmtdə davamı olan dəmiryol xətti ən yüksək səviyyədə yenidən çəkilib. Bu magistrala paralel olaraq, dəhlizin avtomobil xətti də tamamlanmaq üzrədir. Ara məsafədə hələlik “daşıyıcı arteriya” sayılan çınqıllı yolda ayrı-ayrı şirkətlərə məxsus iri maşınlar fasiləsiz olaraq Laçının bərpa edilən məntəqələrinə material, avadanlıq daşıyır. Xidmət qurumlarının maşınları əhalinin zəruri ehtiyaclarını cavablandıran malları Laçına çatdırmağa can atır.

 Bir sözlə, ölkənin quruculuq nəbzi bu yollarda, Şərqi Zəngəzur və Qarabağın quruculuq işləri aparılan məntəqələrində döyünür. Ən yüksək sürət və Zəfərimizə layiq keyfiyyət bu misilsiz prosesin ana xəttini təşkil edir. Hələlik minik maşınları üçün aşağı sürətlə keçilən çınqıllı yolu aşıb Ağalıda bir balaca dincimizi alanda burada bizim kimi nəfəsini dərən sürücülərlə ayaqüstü söhbət etdik. 

Ölkənin müxtəlif idarə və müəssisələrini təmsil edən bir insanlar aylardan bəri bu yollarda keçən günlərindən heç bir yorğunluq hiss etdirmədən, yüksək əhvalla söz açdılar. Onların dedikləri belə bir ümumi qənaəti ifadə edirdi: “Oğullarımız qan töküb, can verib cənnət torpaqlarımızı düşmən tapdağından azad ediblər, qeyrətimizi ləkədən təmizləyiblər. Hər birimizin borcu bu qeyrətlə torpaqlarımızdan düşmənin murdar izlərini silmək, yurd həsrətli soydaşlarımızı öz yurdlarına qaytarmaqdır”.

Ağalıdan Qubadlı səmtə dönüb, yolumuzun davamında Laçın ərazisinə yaxınlaşdıqca bölgə ilə ölkənin təminat mərkəzləri arasında nəqliyyat körpüsü salmış maşınlarla daha çox rastlaşırdıq. Həkəri çayının kənarı ilə hər iki tərəfdən qayalıqlarla əhatə olunmuş, yenidən qurulmaqda olan ensiz yolda mənzilə tez çatmağa can atan yük maşınlarına yol vermək üçün tez-tez kənara çəkilməli olurduq. 

Ağ libaslı Laçın

Adı tarix kitablarına, şairlərin şeirlərinə düşmüş Hoçazdağın gündoğar səmtində Laçın qayasının və ona bitişik qövsvari yüksəklikərin yamaclarında pillə-pillə ucalan Laçının 1 ildə belə bir təntənəli dirçəlişi qarşımızda möcüzəli bir mənzərə ilə cilvələnirdi. Şəhərin mərkəzini soruşub dolama yolla orta hissədən yuxarıya doğru qaldıq. Bu yerdə ağ örtüklü iri köşk dərhal diqqətimizi cəlb etdi. 

Bu yer telekanllarda yayımlanmış və qəzetimizdə də dərc olunmuş şəkillərdən bizə bəlli olan ünvan – Prezident İlham Əliyevin bu il avqustun 26-da Laçın Şəhər Günündə şəhər sakinləri ilə görüşdüyü məkan idi. Bu həmin yerdir ki, Laçının xilaskarı, şəhəri ən yüksək tələblərlə ucaltdıran dövlət başçısı həmin gün bir daha dünyaya bəyan etdi: “Laçının işğala məruz qalması böyük faciə idi, həm laçınlılar üçün, həm bütün Azərbaycan xalqı üçün. Hər bir kəndin, şəhərin işğala məruz qalması böyük faciə idi, amma Laçının işğalı strateji nöqteyi-nəzərindən böyük bir sınaq idi, böyük bir fəlakət idi. Çünki beləliklə, Ermənistanla keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti arasında coğrafi əlaqə yaradılırdı və bizim sonrakı itkilərimizin başlanğıcı məhz Şuşa və Laçının itirilməsi idi. Bu gün biz həm Şuşada, həm Laçında toy-bayram edirik, həm də sakinlər qayıdıb, həyat qayıdıb. Hər bir laçınlı, hər bir keçmiş məcburi köçkün bu gün qürur hissi ilə yaşayır. Hər bir azərbaycanlı, Azərbaycanın hər bir yerində bütün Azərbaycan vətəndaşları, dünya azərbaycanlıları qürur hissi ilə yaşayırlar ki, biz tarixi Zəfər çalaraq bütün dünyaya Azərbaycan xalqının gücünü, iradəsini göstərdik və öz doğma torpağımıza qan tökərək qayıtmışıq”. 

Bax, bu öyünclü gerçəyin çağdaş tariximizə həkk edildiyi ünvanda – Laçın şəhərinin sığındığı mərkəzi yüksəkliyin orta hissəsində açıq səma altında amfiteatra bənzəyən bu yerdən sağa və sola, aşağı və yuxarıya şəhərin ümumi mənzərəsi ovuc içi kimi görünür. Maşından düşüb taxta məhəccərlə əhatələnmiş bu təbii eyvandan foto və video çəkilişlər aparmağa başladıq.

Doğrudan da, qarşımızda açılan mənzərə bənzərsizliyi ilə bizi heyran qoyurdu. Ağ rəngə boyanmış, kirəmidi damlarla örtülmüş, biri digərinə bənzəməyən fərdi evlərin, müxtəlif sosial-mədəni obyektlərin və ofislərin təzə-tər, ürəkaçan görkəmi burada keçmişin heç bir qəlbağrıdan nişanəsinin qalmadığından xəbər verir. Bəli düşmən bu yerlərdən rüsvaycasına qovulduğu kimi, onun murdar izləri də son zərrəsinədək silinib atılmaqdadır.

Biz öz aramızda bu öyünclü təəssüratımızı bölüşdüyümüz anlarda qonşuluqdakı son tamamlama işləri aparılan xüsusi arxitekturalı bina tərəfdən bir nəfər qrupumuza yaxınlaşıb kimliyimizlə maraqlandı. Mərkəzi mediadan xüsusi tapşırıqla gəldiyimizi bildirdik. Həmin adam özünü təqdim edib bildirdi ki, şəhərdə irimiqyaslı abadlıq-bərpa işləri aparan “Bakı Abadlıq Xidməti” MMC-nin nəzdində yaradılmış “Laçın Abadlıq Xidməti” İdarəsinin rəis müavini Elnur Abdullayevdir. Öz ayağı ilə gəlib çıxmış bu arzuedilən adamla müsahib olmaq fürsətini qaçırmadıq. Amma ilk sualı o verdi: “Xüsusi tapşırığınız nədən ibarətdir?”. 

Bildirdik ki, laçınlıların köhnə yurda yeni sakin kimi qayıtdıqları şəhərdə özlərini necə hiss etmələri, uzun ayrılıqdan sonra müvəqqəti məskunlaşdıqları yerlərdən qayıdıb yeni tipli bir şəhərdə yaşayışa necə uyğunlaşmaları, psixoloji adaptasiya mərhələsini necə keçmələri, qarşıdan gələn qış qayğıları barədə geniş yazı və videosüjet hazırlamalıyıq.

Məmnunluq, şükranlıq

Elnur Abdullayev şəhərdə aparılmış xüsusi bərpa-quruculuq işlərinin nəticələrinin hərtərəfli rahatlığa və ümumi məmnunluğa xidmət etdiyindən söz açdı:

– Laçınlılar Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən həyata keçirilən tədbirlərdən, dövlət qayğısından hədsiz razıdırlar. Hazırda Laçın şəhəri, Zabux və Sus kəndlərində 712 tikilidə işlər davam etdirilir. Bunlardan 9-u çoxmənzilli binadır. Aparılan abadlıq tədbirləri çərçivəsində qeyri-yaşayış obyektləri və kommunikasiyalarla bağlı da genişhəcmli işlər görülüb. Şəhərdə 75 qeyri-yaşayış obyekti, həmçinin kommunikasiya xətlərinin hamısı – təbii qaz, su, işıq və rabitə xətləri tamamilə yenidən çəkilib. Bundan əlavə, ümumi kanalizasiya sisteminin inşası başa çatdırılıb. Şəhər bütünlüklə işıqlandırma sistemi ilə təchiz edilib. Ümumilikdə şəhər infrastrukturu ilə bağlı işlərin 80 faizi tamamlanıb.

Laçında görülən işlər çərçivəsində buraya köçürülən ailələrin əsas məşğuliyyəti və əmək fəaliyyəti də diqqət mərkəzindədir. Bu istiqamətdə bəzi sahələr üzrə işlər yekunlaşmaq üzrədir. Belə ki, rayonun Zerti kəndi ərazisində yaradılan aqroparkda 50-yə yaxın fabrik və müəssisənin yaradılması nəzərdə tutulub. “Bakı Abadlıq Xidməti” tərəfindən inşa olunan bu sənaye müəssisələrində laçınlı ailələr daimi işlə təmin olunacaqlar. Artıq aqroparkda mebel və yun emalı müəssisəsi daxil olmaqla, 5 fabrik fəaliyyətə başlayıb. 50-yə yaxın müəssisənin istismara verilməsi ilə 1200–1300 nəfər Laçın şəhər sakini işlə təmin olunacaq. Hazırda fəaliyyətə başlayan müəssisələrdə 430 nəfər Laçın sakini işləyir.

 Zerti Aqro və Sənaye Parkında yerləşən “Zootopia” qoyun və keçi saxlama məntəqəsi, “Fəyaz bağı” istixanaları, “Gusto” ət kəsimxanası, “Həkəri" balıqçılıq təsərrüfatı, “Aydınoğlu” mebel fabriki fəaliyyət göstərəcək. Laçın dağlıq ərazidə yerləşdiyi üçün burada havaların tez soyuması nəzərə alınaraq, əhalinin qış istilik ehtiyatı artıq təmin edilib. Üstəlik, Laçın şəhəri noyabrın 8-dən etibarən təbii qazla təmin olunub. İndi “mavi yanacağın” evlərə giriş və çıxış xətləri quraşdırılır. Sakinlərin istifadəsinə verilən evlərə kombi istilik sisteminin quraşdırılması da nəzərdə tutulub. Evlərdə və binalardan istilik sistemləri əvvəlcədən çəkilib, otaqlarda qızdırıcılar quraşdırılıb.

Qeyd edək ki, Laçın şəhərinə indiyədək 315 ailə, yəni 1205 nəfər köçüb. Bu ay Laçına daha 75 ailənin qayıtması gözlənilir. Zabux kəndinə 94 nəfərlik 21 ailə geri dönüb. Ümumilikdə Laçın rayon ərazisinə 336 ailə, yəni 1299 nəfər köçürülüb. Bütün evlərdə bərpa və əsaslı təmir işləri yüksək keyfiyyətlə aparılır və bu zaman sakinlərin arzu və istəkləri də nəzərə alınır. 

Reza Deqatinin hədiyyəsi

Müsahibimizin bu ümumi məlumatından sonra nisbətən yuxarıda yolun kənarında 5–6 metr enində və hündürlüyündə, kubvarı, dörd tərəfində müxtəlif millətlərdən və irqlərdən olan uşaq şəkillərinin əks olunduğu nəhəng fotokompozisiya ilə maraqlandıq. 

Elnur Abdullayev bildirdi: 

 – Bu uşaqlar məşhur mühacir soydaşımız Reza Deqatinin dünyanın müxtəlif yerlərində lentə aldığı uşaqların fotolarıdır. Onların arasında Laçına köçmüş ilk uşaların fotoları da yer alıb. Bizim uşaqların şəkilləri ayrıca pannolarda şəhərin müxtəlif yerlərini də bəzəyir. Müəllif onlara “Laçınlı uşaqların məmnunluğu” adı verib. Bu şəkillər Azərbaycanın  başına gəlmiş bəlaları inkaredilməz görüntülərlə dünyaya yayan  Reza bəyin laçınlılara hədiyyəsidir. O bu töhfəsi ilə müxtəlif taleli uşaqların timsalında dünyanın gələcəyini Laçına, bu şəhərin sabahını dünyaya təqdim edir. Təkcə siz deyilsiniz, şəhərə gələn qonaqlar hamısı bu orijinal təbliğat əsəri ilə maraqlanır və çox duyğulanırlar. Şübhəsiz, tezliklə Laçın da ölkənin fəal turizm marşrutuna qoşulacaq və təkcə bu görüntü ötən 31 ildə müsibətli günlər yaşamış, bugünkü xoşbəxtliyinə can atmış laçınlıların sülh, əmin-amanlıq, qardaşlıq çağırışlarını dünyaya yayacaq.

 

Tahir AYDINOĞLU,
ƏLİ NƏCƏFXANLI,
Səbuhi MƏMMƏDOV
XQ

Bakı–Laçın–Bakı 

 

 











Sosial həyat