Suda boğulan saman çöpü də tapmır...

post-img

Ermənistan hökumətinin son aylarda Rusiyadan, o cümlədən Müstəqil Dövlətlər Birliyi və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı kimi qurumlardan uzaqlaşmaq xətti götürdüyü artıq heç kim üçün sirr deyil. Nikol Paşinyanın 2018-ci ilin mayında hakimiyyəti uzurpasiya etməsindən sonra İrəvan-Moskva münasibətlərində vaxtaşırı soyuq küləklər əsirdi. Ancaq həm 2021-ci ilin mayında baş verən və “Qaragöl insidenti” kimi tanınan hadisələr, həm də həmin ilin noyabrın 16-da və 2022-ci ilin sentyabrında sərhədyanı zonada yaşanmış silahlı toqquşma zamanı KTMT-dən umduğu dəstəyi ala bilməməsi Ermənistanın üzvü olduğu hərbi-siyasi blokdan və Rusiyadan uzaqlaşmasına gətirib çıxardı. Nəticədə baş nazir Nikol Paşinyan KTMT-nin ali orqanı olan Kollektiv Təhlükəsizlik Şurasının 2022-ci ilin noyabrın 23-də İrəvanda keçirilən iclasının yekun sənədlərini imzalamaqdan imtina etdi.

Azərbaycanın sentyabrın 19-da Qarabağ iqtisadi rayonunun bütün ərazisində suverenliyinin bərpası məqsədilə başlatdığı və cəmi bir sutka davam etmiş lokal xarakterli antiterror tədbirlərinə Rusiyanın, rus sülhməramlılarının reaksiyası Ermənistanı əməlli-başlı narazı saldı. Təbii ki, Ermənistanın Rusiyadan və KTMT-dən narazılığı əsassızdır. Çünki Paşinyan hökumətinin üzvlərinin “Azərbaycan  təcavüz edir” deyə haray-həşir saldıqları hadisə əslində, ölkəmizin öz sərhədlərinə sahib çıxması idi. Ermənistan tərəfinin həmin iddialarına ən tutarlı cavabı Prezident İlham Əliyev vermişdi. Dövlətimizin başçısı 2021-ci il avqustun 16-da Kəlbəcər rayonuna səfəri zamanı etdiyi çıxışında bildirmişdi ki, biz Kəlbəcər və Laçın istiqamətində dövlət sərhədimizi möhkəmləndiririk: “Bu sərhəd 30 ilə yaxın müddət ərzində ermənilərin əlində idi və biz may ayında qarlar əriyəndən sonra bu sərhədlərə çıxmışıq, öz mövqelərimizi tutmuşuq, Zəngəzurda yerləşmişik və orada möhkəmlənirik. Bu, bizim torpağımızdır. Ermənistan tərəfindən səslənən fikirlər tamamilə əsassızdır. Biz öz torpağımızdayıq, Qaragöl də bizimdir, başqa yerlər də bizimdir. Biz gəlmişik. 30 il bu ərazi ermənilərin əlində idi. Əgər o sərhəd onların dediyi yerdən keçirdisə, durardılar o sərhəddə. Durardılar, deyərdilər ki, sərhəd budur. Nə oldu bəs? Biz gələndən sonra, durandan sonra dedilər ki, yox, biz düz yerdə durmamışıq. Biz düz yerdə durmuşuq, harada lazımdır, orada durmuşuq və əgər istəsək, harada lazım bilsək, orada da duracağıq. Bunu heç kim unutmasın”.

Lokal xarakterli antiterror tədbirləri isə beynəlxalq hüquqa uyğun aparılıb. Həmin tədbirlər zamanı mülki insanların yaşadıqları ərazilərə və infrastruktur obyektlərinə zərbələr endirilməyib. Bundan əlavə, Azərbaycan Qarabağ ermənilərinə reinteqrasiya planı təqdim edib. Bu planı qəbul etmək istəməyənlər öz xoşları ilə, könüllü şəkildə çıxıb Ermənistana gediblər. Amma Qarabağda qalan ermənilər də var. Onlara heç kim dəyib-dolaşmır. Ərazidə Beynəlxalq Qırmızı Xaç Komitəsinin əməkdaşları və Rusiya ­sülhməramlıları qalmaqda və fəaliyyət göstərməkdədirlər. Əgər hansısa hadisə baş versəydi, həmin faktlar dərhal ictimailəşərdi.

İrəvanda onu da unutmamalıdırlar ki, Azərbaycan antiterror tədbirlərini dünya birliyi tərəfindən tanınmış suveren ərazisində keçirib. Hətta, Ermənistanın baş naziri də Avropa Siyasi Birliyinin 2022-ci ilin oktyabrında Praqada keçirilən I sammitində 86,6 min kvadratkilometrdə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edib. Bu ilin mayın 23-də İrəvanda mətbuat konfransı keçirərkən həmin əraziyə Qarabağın da daxil olduğunu bəyan edib. Belə olan təqdirdə hayların Rusiyanın nəyə etiraz etməsini gözlədikləri, yaxud istədikləri anlaşılmır. Bu yerdə müdrik atalarımızın dediyi “pişiyin könlü samanlıqda idi, tazı da qovdu, saldı samanlığa” sözlərini xatırlatmaq, zənnimizcə, yerinə düşər. Məlum olur ki, mahiyyətcə Qərbpərəst olan, milyarder Corc Sorosun yardımı ilə “rəngli inqilab” edərək hakimiyyətə yiyələnmiş Nikol Paşinyan Rusiya ilə ən azı siyasi əlaqələrin səviyyəsini aşağı salmaq üçün bəhanə axtarırmış. İndi isə axtardığı bəhanələri tapıb.

Paşinyanın Rusiyadan uzaqlaşmaq yolunda sonuncu addımı KTMT Kollektiv Təhlükəsizlik Şurasının noyabrın 23-də Minskdə keçiriləcək iclasında iştirakdan imtinasıdır. Dünən Belarus tərəfinin təşəbbüsü ilə Nikol Paşinyanla Prezident Aleksandr Lukaşenko arasında telefon danışığı baş tutub. “Baş nazir Paşinyan Belarus Prezidentinə sessiyada iştirak edə bilməyəcəyi barədə məlumat verib və ümid etdiyini bildirib ki, KTMT tərəfdaşları bu qərarı başa düşəcəklər”, – deyə Ermənistan hökumətinin açıqlamasında bildirilib.

Onu da deyək ki, N.Paşinyan oktyabrın 13-də Bişkekdə keçirilən MDB Dövlət Başçıları Şurasının iclasında iştirakdan da boyun qaçırmışdı. Bir sıra siyasi ekspertlər KTMT sammitində iştirakdan imtinanı Ermənistan hökumətinin Rusiyaya qarşı növbəti demarşı kimi qiymətləndirirlər.

Bütün bunlara paralel olaraq, Ermənistanın Qərb dövlətləri və qurumları (Avropa İttifaqı, Avropa Parlamenti, Avropa Şurası və onun Parlament Assambleyası) ilə əlaqələri getdikcə möhkəmlənir. Ermənistan baş nazirinin, xarici işlər, müdafiə nazirlərinin, təhlükəsizlik şurası katibinin Qərb ölkələrinə səfərləri intensivləşir. Həmçinin Qərbdən Ermənistana edilən səfərlərin sayında da nəzərəçarpacaq artım müşahidə olunur. Noyabrın 6-da Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisi, general-leytenant Edvard Asryan Ştutqartda ABŞ-ın Avropa Komandanlığı komandanının müavini, general-leytenant Stiven Başamla görüşmüşdü. Ermənistan müdafiə nazirliyindən bildirilmişdi ki, görüşdə Ermənistan-Amerika hərbi əməkdaşlığının inkişafı ilə bağlı məsələlər müzakirə olunub.

Yunanıstan, Kipr və Ermənistandan olan xüsusi təyinatlıların noyabrın 6-dan 10-dək birgə keçirdikləri hərbi təlimlər də İrəvanın Qərb ölkələri ilə hərbi əməkdaşlığı genişləndirmək istiqamətində atdığı addımlardandır. Nəzərə alaq ki, Yunanıstan 1952-ci ildən NATO-nun üzvüdür. Kipr Respublikası isə alyansa üzv olmasa da, Avropanın bütün qurumlarında təmsil olunur. O cümlədən Avropa İttifaqının üzvüdür.

Yunanıstan Müdafiə Nazirliyinin Baş Qərargahının yaydığı məlumata görə, üç ölkənin xüsusi təyinatlılarının əməliyyat hazırlığını təkmilləşdirmək məqsədi daşıyan təlimləri paytaxt Afina yaxınlığında yerləşən Attika vilayətində keçirilib. Qurumun saytında yerləşdirilən məlumatda qeyd olunub ki, üçtərəfli birgə təlimlər Yunanıstan, Kipr və Ermənistanın baş qərargahının planları, həmçinin beynəlxalq əməkdaşlıq çərçivəsində baş tutub.

“Yunanıstan, Kipr və Ermənistan arasında 2023-cü il üçün Birgə Fəaliyyət Planının (JAP) bir hissəsi olan birgə təlim iştirakçılarının qarşılıqlı anlaşma səviyyəsinin artırılmasına və onlar arasında nou-hau mübadiləsinə, habelə onların əməliyyat imkanlarının gücləndirilməsinə imkan verib”, – deyə məlumatda qeyd olunub. Təlimlərdə döyüş atışları icra edilib, snayperlərin texnika və taktikası, qapalı məkanlarda manevrlər, əməliyyatların planlaşdırılması işlənilib.

Qeyd edək ki, Ermənistan bundan öncə də Yunanıstan və Kiprlə hərbi əməkdaşlıq həyata keçirmişdi. Əlbəttə, hansısa ölkənin digəri ilə belə əməkdaşlığı inkişaf etdirməsi onun suveren hüququdur. Ancaq burada tərəflərdən birinin Azərbaycan ərazilərini 30 ilə yaxın işğal altında saxlayan, bu gün də silah arsenalını durmadan artıran Ermənistan, digərinin isə Azərbaycanın ən yaxın strateji müttəfiqi Türkiyə ilə ciddi problemlər yaşayan Yunanıstan olduğu diqqətdən yayınmamalıdır. Əgər Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı bölgədə sülhə, əmin-amanlığa xidmət edirsə, Ermənistan–Yunanıstan hərbi əməkdaşlığı hərbi təxribatların baş verməsinə, dağıdıcılığa, işğalçı niyyətlərə yönəlib. Bu baxımdan Ermənistan–Yunanıstan–Kipr hərbi əməkdaşlığı bölgədə yeni gərginlik yaradan amildir. Ancaq Azərbaycan Ordusunun hazırkı gücü, imkanları və döyüş əzmi istənilən təxribatların qarşısını almağa hər an hazırdır. Ordumuzun hazırda üç il əvvəlki dövrlə müqayisədə daha güclü olduğunu Ali Baş Komandan İlham Əliyev də bildirib. Ermənistan, onun himayədarları və bölgədə yeni təxribat havasında olanlar bunu unutmamalıdırlar. İrəvanın özü kimi ölkələrlə keçirdiyi hərbi təlimlər isə “suda boğulan saman çöpündən yapışar” zərb-məsəlini xatırladır. Ancaq artıq həmin çöplər də tükənir...

Üzeyir CƏFƏROV, 
ehtiyatda olan polkovnik

– Ermənistan Rusiyanın təsir dairəsindən uzaqlaşaraq bəzi ölkələrlə müəyyən hərbi təlimlər keçirməyə, yeni ittifaqlar qurmağa çalışır. Bu da İrəvanın qarşıdakı dövr üçün məqsədlərindən irəli gəlir. Üçtərəfli hərbi təlimlərə də mövcud kontekstdə baxmaq lazımdır. Erməni hərbçilər Yunanıstandan, yaxud Kiprdən müəyyən vərdişlər, bilgilər əldə etmək üçün təlimlərə qatılıblar. Adi təlimlərdən biridir. Hər halda düşünürəm ki, bu təlimlər Hayastan ordusunun döyüş qabiliyyətini əhəmiyyətli dərəcədə artırmağa kömək etməyəcək. Digər tərəfdən, təlimlərdə şəxsi heyətin sayının azlığı da diqqəti çəkir.

Qeyd etdiyim kimi, Ermənistan Rusiyanın və KTMT-nin təsir dairəsindən uzaqlaşmaq üçün son vaxtlar bəzi ölkələrlə nəzəri və praktiki təlimlərə qatılır. Təlimlərdə Yunanıstandan başqa hansısa digər NATO qüvvələri və ya ölkəsi iştirak etmir. Bundan əlavə, təlimlərdə xüsusi təyinatlılar iştirak etsələr də, atəş hazırlığı, snayper hazırlığı kimi mürəkkəb olmayan elementlər həyata keçirilir. Həmin elementləri adi quru qoşunları da gündəlik təlimlər zamanı həyata keçirirlər. Bunun özü də təlimlərin aşağı səviyyəsini göstərən amillərdən biridir.

 

Səxavət HƏMİD 
XQ

 



Siyasət