Keşişlərin əlində alətə çevrilən dövlət – Ermənistan

post-img

Şovinizm, faşizm erməni-qriqorian kilsəsinin xislətindədir


“Mənim hesabatımın bütün məqsədi “artsax”ın simasını, onun mahiyyətini və şəxsiyyətini qoruyub saxlamaqdan ibarətdir”. Bunu “artsax” erməni eparxiyasının yeni başçısı yepiskop Vrtanes Abramyan bəyan edib. Əgər hərtəfəli və ciddi iş aparılmasa, bunun “çox çətin proqram olacağını” deyən Abramyan bu halda ermənilərin identikliyini itirəcəklərini bildirir, buna yol verməmək üçün “artsax eparxiyasının” buraxılmasının yolverilməz olduğunu önə çəkir.    

Azərbaycana qarşı geniş cəbhədə “xaç yürüşü”nü təşkil etməyə çalışan Ermənistanın kilsə dairələri bu məkrli niyyətlərini reallaşdırmaqdan ötrü yeni təxribatlara əl atmaqdadırlar. Yuxarıda qeyd etdiyimiz kimi, “artsax eparxiyasının” qorunub saxlanmasından danışan yepiskop Abramyan bundan sonra onun funksiyasında dəyişiklik aparılacağını bəyan edib.   

Dövlətə meydan oxuyan katolikoslar 

Bəli, erməni-qriqorian kilsəsi Ermənistanın siyasətinə çox böyük təsirə malikdir. Onun bu təsirini orta əsrlərdə Avropa dövlətlərində kilsənin, kardinalların dövlətin siyasətini yönəltməsi ilə müqayisə etmək mümkündür. Sadəcə fərq ondadır ki, o ­dövrdə kilsə hakimiyyətlə xalq arasında körpü rolunu oynayırdı, erməni “din xadimləri” isə şovinizmin, faşizmin təbliğatı kimi zərərli fəaliyyətlə məşğuldurlar. Əgər Eçmiədzin Qarabağın işğalı dövründə yaradılmış “artsax eparxiyasının” qorunub saxlanması barədə qərar qəbul edirsə, bu, o deməkdir ki, rəsmi İrəvan Azərbaycana qarşı ərazi iddialarından əl çəkməyib. Yəni, erməni kilsəsi “fatihəsi oxunmuş” məlum münaqişəni uzunmüddətli formaya keçirmək təşəbbüsünü irəli sürür. Mahiyyət etibarilə kilsə Ermənistan dövlətinin Qarabağla bağlı siyasi xəttinə qarşı çıxır, bir növ ona meydan oxuyur. Bu kontekstdən yanaşanda ortaya maraqlı sual çıxır. Ermənistan Azərbaycanla sülh müqaviləsini imzalayandan sonra həmin kilsə “xadimləri” hansı mövqeyi tutacaqlar? Bəlkə ikitərəfli sülh dialoqunun sonunda erməni diplomatlar qriqorian kilsəsinin təbəələri kimi sazişə imza ata bilmədiklərini bəhanə gətirəcəklər?

Şübhə doğurmayan həqiqət odur ki, “Eçmiədzin taxt-tacı”nın sahibləri iki əsrdir ki, imanla, xoş məramla bir araya sığmayan əməllərlə məşğuldur. Bu sıraya onların Alban kilsəsinin əmlakını oğurlamaları, milli-mənəvi irsini mənimsəmələri və gürcü kilsəsini “özəlləşdirməyə” çalışmaları da aiddir. XIX-XX əsrlərdə “Hnçak”, “Daşnaksütyun” kimi terrorçu partiyalara yalnız ruhani dəstəyi deyil, həm də hərbi yardım göstərən məhz erməni kilsəsi olub. 

QEYD: Erməni-qriqorian kilsəsi “könüllü ianələr” hesabına bu terrorçu qrupları hər cəhətdən maliyyələşdirirdi. Erməni terrorizminin “zirvəsi” sayılan ötən əsrin yetmişinci illərində kilsə ABŞ-da, necə deyərlər, “iş başında” həlak olmuş erməni terrorçularının “anım mərasimlərini” həyata keçirirdi. Allahdan qorxmayan həmin apostol və katolikoslar dünyanın müxtəlif ölkələrində türk diplomatlarının qətllərinin sifarişçisi və sponsoru qismində çıxış edirdilər.      

Ermənistanda bu barədə ucadan danışmağı xoşlamırlar. Fakt ondan ibarətdir ki, sabiq sovetlər dönəmində Eçmiədzin qaçaqmalçılığa qurşanan mərkəzlərdən biri olub. Xaricdəki zəngin dindaşlarından daxil olan yardım bağlamaları daha sonra bazarlarda satılırdı. Bu gün İrəvanda baş kilsənin gümbəzini bəzəyən nəhəng qızıl xaçın məhz SSRİ dövründə qaçaqmal yolu ilə gətirilmiş qızıldan töküldüyü, həmin qızılın böyük qisminin isə mənimsənildiyi heç kəsə sirr deyil. 

“Müharibə “fitili”ni kilsə yandırdı

Erməni kilsəsinin Azərbaycana qarşı yeni təxribatlara start verdiyi göz önündədir. Erməni Apostol Kilsəsinin (EAK) erməni şovinizminin və revanşizminin başında durduğu yaxşı məlumdur. Bu mənada onun növbəti dəfə “parlaq” anti-Azərbaycan istiqamətini nümayiş etdirməsi qətiyyən təəccüblü deyil. Qarabağın tamamilə Azərbaycanın tərkibinə qayıtmasına, marionet separatçı qurumun varlığına son qoyulmasına baxmayaraq, EAK bu təxribata əl atıb. Məlumatda həmçinin deyilir ki, Ali ruhani şura beynəlxalq platformalarda “Bakının erməni abidələrinə, ziyarətgahlarına və qəbiristanlıqlarına qəsd etdiyi barədə” ittihamlar səsləndirməyə çağırıb. Məqsəd “Qarabağda erməni mədəni-tarixi irsini qoruyub saxlamaq” imiş. Əslində, burada təəccüblü heç nə yoxdur. Ona görə ki, Azərbaycana qara yaxmaqdan ötrü erməni tərəfi bütün üsullardan istifadə edir. Bunun növbəti nümunəsi ötən həftə təhsil, elm, mədəniyyət və idman naziri Janna Andreasyan tərəfindən Ermənistan parlamentinin daimi komissiyasının iclasında baş verdi. Janna bəyan etdi ki, İrəvan “Dağlıq Qarabağda (?) erməni mədəni-tarixi irsini qorumaq məqsədilə Azərbaycana beynəlxalq təzyiqin gücləndirilməsinə” nail olacaq. 

2023-cü ilin mayında EAK rəsmi İrəvanı “məğlubiyyət düşüncəsindən imtina etməyə və ümummilli məsələlərlə bağlı müstəqil qərarlar qəbul etməməyə” çağırdı. Yəni, kilsə Qarabağı geri qaytarmaqdan ötrü hökumətə “milləti səfərbər etməyi” tövsiyə edirdi. Bununla bağlı EAK-ın məlum müraciətində deyilirdi: “Bu taleyüklü məqamda xalqımıza və milli strukturlarımıza müraciət edərək, ümummilli maraqlarımız naminə bir yerdə və dözümlü olmağa, “artsaxın öz müqəddaratını təyinetmə hüququnu” reallaşdırmağa çağırırıq”. Fikrimizcə, bunun əlavə şərhə ehtiyacı yoxdur.     

Xatırlatma: Ermənilərin Azərbaycan torpaqlarına köçürülməsinin əsas təşkilatçılarından biri olan A.S.Qriboyedov Rusiya imperatoruna yazırdı: “Əlahəzrət, olmaya mərkəzi rus torpaqlarında ermənilərin məskunlaşmasına icazə verəsiniz. Onlar elə tayfadırlar ki, bir neçə on il yaşadıqdan sonra dünyaya hay-küy salacaqlar ki, bura bizim qədim dədə-baba torpaqlarımızdır”.

İbrət məqamı  

Bu məqamda tarixə qısa səyahət etməyimiz yerinə düşər. Vaxtilə Çar Rusiyası erməni kilsəsi ilə sövdələşməyə gedərək Cənubi Qafqazın dini-etnik mənzərəsində məqsədli şəkildə dəyişiklik yaratdı. Xüsusilə Azərbaycanın tarixi torpaqlarında bilərəkdən gəlmə erməniləri məskunlaşdırdı. XIX əsrdə Çar Rusiyası, Fransa və İngiltərə regionda strateji planlarını həyata keçirmək üçün erməni kilsəsindən vasitə kimi istifadə edirdi. “Böyük Ermənistan” xülyası ilə zəhərlənmiş erməni millətçiləri XIX əsrin sonlarında qriqorian kilsəsinin xeyir-duası ilə mütəşəkkil fəaliyyətə başladılar.

İndi, XXI əsrin çağdaş dünyasında istənilən dinin əsas missiyasının sülhə, xoşgörüyə çağırışın olduğunu tamamilə unutmuş EAK rəiyyətini qonşuları ilə qarşıdurmaya, sonda özləri üçün faciəyə çevriləcək revanşist cəhdlərə təhrik etməkdədir. Digər tərəfdən, beyinləri “miatsum” xəstə ideologiyası ilə zəhərlənmiş millətlə manipulyasiya etməkdən çəkinməyən erməni kilsəsi açıq-aydın Ermənistanı Azərbaycanla yeni müharibəyə sürükləyir. Bu zaman nə ötən əsrdə, nə də bu yüzillikdə başlarına gələnlərdən ibrət dərsi almağı ağlının ucundan da keçirmir. Nə etməli, din adına danışan bu dinsiz-imansız qurumun mayasında başqa dövlətlərin, ilk növbədə Azərbaycanın ərazisində separatizmi və terrorizmi körüklənmək dayanır.     

QEYD: 1885-ci ildə yaradılmış “Armenakan” adlı təşkilatın əsas məqsədi Vanda və onun ətrafında yaşayan müsəlman-türk əhalisinə qarşı terror və təxribatlar törətmək idi. 1886-cı ildə qurulan “Hnçak” (“Zəng”) təşkilatı Osmanlı dövlətinə qarşı terror vasitəsilə mübarizə aparacağını elan etdi. 1890-cı ildə təsis edilən Daşnaksütyun Partiyası isə “Böyük Ermənistan” mifini reallaşdıracağını bildirərək Azərbaycana və Türkiyəyə qarşı çoxsaylı terror hadisələri törədib.

Nə yazıqlar ki, erməni kilsəsi özünün dağıdıcı ideologiyasını bu gün də ermənilərin şüuruna yeritməklə məşğuldur. Bununla o, cəmiyyətdə reavnşist əhval-ruhiyyəni gücləndirmək və bölgədə sülhün bərqərar olmasının qarşını almaq məqsədini daşıyır.  

Revanşist çağırışlar davam edir 

Azərbaycan yeri gələndə erməni-qriqorian kilsənin ideoloji cəhətdən zərərli, təxribatçı fəaliyyətinə özünün narazılığını bildirib. Bu sıraya ölkəmizdə fəaliyyət göstərən müxtəlif dini konfessiyaların Eçmiədzinə etirazlarını da aid etmək olar.  Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə cari ilin sentyabrın 12-də Yunanıstanın Azərbaycandakı səfiri Xristos Kapodistriası qəbul edərkən təəssüflə bildirib ki, Erməni Apostol Kilsəsi sülh deyil, yenidən müharibəni təbliğ edir, revanşizm ideyalarını körükləyir. Halbuki, sülhü tərənnüm etmək, xalqlar arasında qarşılıqlı anlaşma mühiti yaratmaq dini liderlərin mənəvi borcudur. A.Paşazadə həmçinin keçən il Türk Dövlətləri Təşkilatına üzv ölkələrin müsəlman dini liderlərinin Şuşada keçirilmiş 3-cü görüşündə çıxışı zamanı deyib: “Erməni Apostol Kilsəsi erməni revanşizminin önündə gedir, qisas təbliğatı, beynəlxalq müstəvidə Azərbaycana qarşı qarayaxma kampaniyası aparır. On illər ərzində erməni separatçıların cinayətkar əməllərinə mənəvi haqq qazandıran kilsə rəhbərliyinin Xankəndiyə səfərlər edərək revanşist bəyanatlar səsləndirməsi böyük təəssüf doğurur. Həyata deyil, ölümə, dinc birgə yaşayışa deyil, işğala, zora xeyir-dua vermək dini dəyərlərlə bir araya sığmır. Onların erməni xalqına vəd etdikləri səadət əvəzinə, yeni faciələr gətirməkdədir. Buradan, azad Şuşadan erməni kilsəsinə, Eçmiədzinə səslənirəm – revanşizmə, nifrət və təxribatlara son qoyun. Uca Yaradan qarşısında mənəvi borcunuzdan çıxış edərək ölümə, yeni müsibət və faciələrə deyil, həyata çağırın! Yalan vədlər deyil, məhz həqiqətləri demək sizin erməni xalqı qarşısında ən böyük tarixi xidmətiniz olar”.

44 gün davam edən Vətən müharibəsinin gedişində də erməni katolikosu II Qaragen fitnəkar çağırışları ilə “yadda qaldı”. Ancaq, həmişə olduğu kimi, onun fitnə-fəsadı bu dəfə də iflasa uğradı. Çünki Azərbaycan haqqın və ədalətin tərəfində durmuşdu. Şərə, şeytana qulluq göstərən, din pərdəsi altında dinsizlik edən katolikos, apostol və keşişlərin isə gec-tez layiqli cəzalarını alacaqları qaçılmazdır. Həm bu dünyada, həm də o dünyada.     

Gündüz İSMAYILOV, 
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini 

Ermənilər indiyə qədər Azərbaycanda, Anadoluda, eləcə də Güney Azərbaycanda dəfələrlə qətliamlar, vandalizm aktları törədiblər, qırğınlar həyata keçiriblər. Bu vəhşilikləri törədərkən həm arxalarında dayanan, həm də prosesləri idarə edən əsas qüvvələrdən biri erməni-qriqorian kilsəsi olub. Beynəlxalq terrorizmdə “erməni terroru” deyilən bir anlayış var. “Erməni terrorizmi”nin tarixi XIX əsrin sonlarına qədər gedib çıxır. İlk erməni terror təşkilatları “Armenakan”,  “Hnçak”, daha sonra “Daşnaksütyun” Osmanlı dövründə Şərqi Anadoluda yaranıb. Ermənilərin bu cür təşkilatlanmasının arxasında, təbii ki, böyük imperialist qüvvələr dayanırdı. Bu prosesin ideoloji generatoru funksiyasını erməni-qriqorian kilsəsi yerinə yetirirdi. İstər Osmanlı Anadolusunda, istərsə də XX əsrin əvvəllərində, 1905, 1918-­1920-ci illərdə Şimali Azərbaycanda, Qarabağda, Bakıda, Qubada, digər bölgələrdə, o cümlədən Qərbi və Güney Azərbaycanda türklərə və azərbaycanlılara qarşı həyata keçirilmiş soyqırımı aktlarının icrasında “ən böyük xidməti” məhz qriqorian kilsəsi göstərib. Eyni aktların 1988-ci ildən başlayaraq Qərbi Azərbaycanda, o cümlədən Qarabağda azərbaycanlılara qarşı törədilməsinin şahidi olduq. Hətta Sovet dövründə ermənilərin müxtəlif terror təşkilatlarının, həmin ASALA-nın törətdiyi aktların sifarişçisi erməni kilsəsi olub. Bir faktı qeyd edək: Bakıda fəaliyyət göstərən erməni-qriqorian kilsəsinin keşişi 1990-cı ildə Azərbaycandan gedəndə Qazaxda Gürcüstanla sərhədimizi keçərkən Qırmızı körpünü partlatmağa cəhd etmişdi. Amma bu, baş tutmamış, qumbara keşişin əlində partlamış və özü xəsarət almışdı. Daha sonra, işğal illərində Qarabağda keçirdikləri hərbi paradlarda, silahlı toqquşmalarda erməni keşişləri, kilsənin rəhbərliyi xalqını türklərə qarşı vandalizmə çağırırdılar. Təəssüf ki, erməni-qriqorian kilsəsi bu gün də öz ampluasındadır. Yenə də türklərə, azərbaycanlılara qarşı nifrət, ədavət, kin-küdurət püskürür. Bu prosesdə Eçmiədzinlə yanaşı, Türkiyədəki, Livandakı və Qüdsdəki erməni kilsələri də iştirak edirlər. Livanda yerləşən Kilikiya erməni kilsəsi, onun patriarxı I Aram xüsusi canfəşanlıq göstərir. Görünən odur ki, erməni dini mərkəzlərinin mahiyyətində, bütün dinlərdə olduğu kimi sülh yox, şovinizm, faşizm elementləri dayanır. Bu, erməni-qriqorian kilsəsinin xislətinə çevrilib. Son üç ildə Qarabağda baş verənlərin nəticəsində sülhün onlar üçün də ən doğru seçim olduğunu anlamalıydılar. Bunu anlamaq istəyənlərə mane olan məhz erməni kilsəsidir.          

 

İmran BƏDİRXANLI
XQ ­

 



Siyasət