Azərbaycan dünyanın dinamik inkişaf edən ölkəsidir

post-img

“Fitch Ratings” beynəlxalq reytinq agentliyi bunu bir daha təsdiqləyib

“Fitch Ratings” beynəlxalq reytinq agentliyinin hesabatında bu il ölkəmizdə iqtisadi artımın 1,8 faiz təşkil edəcəyi, qarşıdakı 2 il ərzində isə qeyri-neft sektorunda əldə olunan müsbət göstəricilər hesabına orta hesabla 2,3 faiz olacağı proqnozlaşdırılıb.

Agentlik, həmçinin respublikamızın xarici valyutada uzunmüddətli emitent defolt reytinqini də müsbət proqnozla “BB+” səviyyəsində təsdiqləyib. 

Hesabatda bildirilib ki, reytinq və müsbət proqnoz çox güclü xarici ba­lans, ən aşağı dövlət borcu və iri ma­liyyə ehtiyatları ilə dəstəklənir. Bu müs­bət amillərlə bərabər zəif idarəetmə göstəriciləri, yüksək maliyyə dollarlaş­ması, karbohidrogenlərdən ağır asılılıq və geosiyasi risklər kimi məsələlər də proqnozlaşdırmada nəzərə alınır. 

“Fitch Ratings”in hesabatına əsasən, neft qiymətlərinin aşağı düş­məsinə baxmayaraq (neft-qaz gəlirləri ümumi ixracın 90 faizinə bərabərdir) 2024–2025-ci illərdə ikirəqəmli profisit gözlənilir. Buna görə də cari il xarici valyuta vəsaitlərinin 68 milyard ABŞ dollarına çatacağı, bunun da 82 faizi­nin ARDNF-də olacağı proqnozlaşdı­rılır. Agentlik tərəfindən Azərbaycanın xalis suveren vəsaitləri 14 faiz artmaq şərtilə 2023-cü ildə ÜDM-in 63 faizinə və 2025-ci ilə qədər isə 72 faizinə çata­cağı gözlənilir. Bu isə ölkəmizin təmsil olunduğu qrupda ən yüksək göstərici sayılır.

Sözügedən agentliyin hesabatın­da respublikamızla bağlı diqqətçəkən bir məqamı da xatırlatmaq istərdik. Belə ki, sənəddə illik inflyasiya mana­tın Türkiyə və Rusiya kimi əsas ticarət tərəfdaşlarına nisbətən nominal effek­tiv bahalaşması və dünya ərzaq qiy­mətlərinin ucuzlaşması ilə dəstəklənir. Buna baxmayaraq, ərzaq və əsasən xidmətlər üzrə təzyiqlər güclü olaraq qalır. Agentlik isə belə bir şəraitdə illik inflyasiyanın 2023-cü ilin sonuna qədər Azərbaycan Mərkəzi Bankının hədəf diapazonunun tavanına (4±2%) yaxın­laşacağını proqnozlaşdırır. Beləliklə, orta inflyasiyanın 2023-cü ildə 10,1 faizə, 2024-cü ildə isə 6 faizə enəcəyi gözlənilir. 

Agentliyin hesabatında ölkəmizlə bağlı müsbət proqnozları şərtləndirən amilləri nəzərdən keçirərkən, ilk növ­bədə, bəzi göstəriciləri xatırlatmaq istərdik. Belə ki, son 20 ildə respublika iqtisadiyyatı 3 dəfədən çox artıb, valyu­ta ehtiyatları 65 milyard dollara çatıb, ümumi daxili məhsulun (ÜDM) nominal həcmi 22 dəfə yüksələrək 133,8 mil­yard manat olub, əhalinin gəlirləri isə 13,7 dəfə çoxalıb. 

Ümumiyyətlə, bu dövr ərzində uğurla həyata keçirilən islahatlar nəti­cəsində Azərbaycan dünyanın ən di­namik inkişaf yolu keçən iqtisadiyyatı kimi tanınıb, özünün nadir iqtisadi in­kişaf modelini təqdim edib. Ölkəmizin maliyyə imkanları tarixi maksimuma çatlıb. Respublikamız Cənubi Qafqa­zın və ətrafın iqtisadi coğrafiyasını də­yişdirməyə qadir möhtəşəm layihələrin təşəbbüskarı missiyasını qətiyyətlə öz üzərinə götürüb.

Ötən illər ərzində iqtisadiyyatın orta artım tempi dünya üzrə orta səviyyə­dən 4 faiz yüksək olub və Azərbaycan yuxarı orta gəlirli ölkəyə çevrilib. Neft gəlirləri uğurla sosial-iqtisadi inkişafa transformasiya edilib, iqtisadiyyatın fi­ziki və texnoloji infrastrukturu tamamilə müasirləşdirilib. Sürətli artım sayəsin­də əhalinin həyat səviyyəsi əhəmiyyətli şəkildə yüksəlib, yoxsulluq səviyyəsi xeyli azalıb.

Bu müddətdə regiondakı liderlik mövqeyini davamlı şəkildə möhkəm­ləndirən Azərbaycan özünü etibarlı tərəfdaş kimi təsdiq edə bilib, Şərq–Qərb və Şimal–Cənub nəqliyyat dəh­lizləri qovşağına çevrilib. Beləliklə, Pre­zident İlham Əliyevin qarşıya qoyduğu müasir dövlət, dayanıqlı iqtisadiyyat və inklüziv cəmiyyət hədəfləri artıq günü­müzün reallığına çevrilib.

“Fitch Ratings” kimi nüfuzlu bey­nəlxalq agentliyin ölkəmizin xarici val­yutada uzunmüddətli emitent defolt reytinqini müsbət proqnozla “BB+” səviyyəsində təsdiqləməsi haqqında danışarkən isə xatırlatmaq lazımdır ki, reytinq ölkəmizin çox güclü xarici balansı, müvafiq ölkələr qrupunda ən aşağı dövlət borcu və suveren fond aktivlərindən maliyyələşmə çevikliyi ilə dəstəklənib.

Azərbaycanın xarici dövlət borcu­nun davamlı olaraq azaldılması dövlə­tin beynəlxalq maliyyə institutlarından asılılığının minimuma enməsinə gətirib çıxarıb. Xarici borc əsasən dövlət istiq­raz emissiyası vasitəsilə aşağı salınıb. 

Respublikamızda istiqraz bazarı son illər sürətlə inkişaf etməkdədir və dövlətin bazarı stimullaşdırmaq üçün atdığı əhəmiyyətli addımlar əhalinin vəsaitlərini bu yöndə investisiya etmə­sinə imkan yaradır. Xarici dövlət bor­cunun Maliyyə Nazirliyinin istiqrazları vasitəsilə azaldılması da dövlət istiq­razları bazarına müsbət təsir göstərir. Fiziki şəxslərin bank depozitlərinin faiz gəlirlərinin vergiyə cəlb olunması isə əmanətçiləri bu bazara yatırım etməyə həvəsləndirir. Çünki dövlət istiqrazları­nın faiz gəlirləri vergidən azaddır. Bank əmanətinə alternativ maliyyə aləti olan istiqrazların bir çox üstün konturları da var. Bank əmanəti vaxtından əvvəl gö­türülən zaman yığılan faizlər əmanət­çiyə verilmir, lakin dövlət istiqrazlarına vəsaitini yerləşdirən əmanətçilər pulla­rını istədikləri vaxt yığılan vəsaitlə bir­likdə geri götürə bilirlər.

Son illər ölkəmizin daxili və xari­ci dövlət borcunun idarə edilməsi is­tiqamətində ölkə başçısının rəhbərliyi ilə davamlı tədbirlər həyata keçirilib. “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” və “Azərbaycan Res­publikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya”da qarşıya qoyulan vəzifələr uğurla reallaşdırılıb. Bundan sonra da həmin sənədlərdə dövlət borcalmaları üzrə müəyyənləşdirilən strateji hədəflərə çatmaq üçün bir sıra prioritet layihələrin gerçəkləşdirilməsi nəzərdə tutulub. Prezident İlham Əli­yevin 4 avqust 2023-cü il tarixli sərən­camı ilə “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi in­kişaf Strategiyası”nda bir sıra dəyişik­liklər edilməsi də məhz bu məqsəddən irəli gəlib. 

Xatırladaq ki, sözügedən strategi­yanın “Dayanıqlı artan rəqabətqabiliy­yətli iqtisadiyyat üzrə strateji çərçivə” bəndi üzrə 2026-cı ilin sonuna ümumi dövlət borcunun ÜDM-də payının 30 faiz, o cümlədən xarici dövlət borcunun 10 milyard ABŞ dollarını üstələməməsi qərara alınıb. 

Mirağa ƏHMƏDOV,
iqtisadçı-ekspert

“Fitch Ratings” beynəlxalq rey­tinq agentliyinin hesabatında öz əksini tapan bir məqama toxunmaq istərdim. Bu, inflyasiya bağlı proq­nozun verilməsi ilə bağlıdır. Belə ki, hesabatda ölkəmizdə illik inflya­siyanın 2023-cü ilin sonuna qədər Azərbaycan Mərkəzi Bankının hə­dəf diapazonunun tavanına (4±2%) yaxınlaşacağının proqnozlaşdırıl­dığı, orta inflyasiyanın 2023-cü ildə 10,1 faizə, 2024-cü ildə isə 6 faizə enəcəyi gözlənilir. Bu, əlbəttə, tə­sadüfi rəqəmlər deyil, ilk növbədə, ölkədə bu istiqamətdə həyata keçi­rilən islahatların nəticələrinə və ha­zırkı inflyasiya göstəricisinə əsasla­nır.

Yeri gəlmişkən, son illər respub­likada mövcud inflyasiya xarici təsir­lərdən qaynaqlanıb. Qobal maliyyə sistemində sabitliyin pozulması, bir sıra inkişaf etmiş ölkələrdə resessi­ya təhlükəsinin mövcudluğu və ge­osiyasi gərginlik müxtəlif kanallarla ölkəmizin inflyasiya proseslərinə təsir göstərib. Bununla belə son ay­larda xarici inflyasiya təzyiqlərinin zəifləməsi, eləcə də ötən ildən bəri qəbul edilən pul siyasəti və makrop­rudensial siyasət qərarlarının təsiri ilin qalan dövründə inflyasiya proq­nozunun azaldılmasına şərait yara­dıb.

Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin yan­var-avqust aylarında istehlak qiy­mətləri indeksi 2022-ci ilin eyni dövrü ilə müqayisədə 111,7 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 113,4 faiz, qeyri-ərzaq məhsulları üzrə 110,6 faiz, əhaliyə göstərilmiş ödənişli xid­mətlər üzrə 110,2 faiz təşkil edib. Bu ilin avqust ayında isə istehlak qiy­mətləri indeksi əvvəlki aya nisbətən 99,6 faiz, ötən ilin avqust ayına nis­bətən isə 108 faiz olub. 

Beləliklə, inflyasiyanın tədricən aşağı enməsi, tərəfdaş ölkələr üzrə orta çəkili inflyasiyanın nisbətən azalması, dünya əmtəə bazarların­da qiymətlərin aşağı düşməsi, bey­nəlxalq yükdaşıma xərclərinin pan­demiyadan əvvəlki səviyyədə qeydə alınması, profisitli tədiyə balansı şəraitində valyuta bazarında tarazlı­ğın qorunması və manatın nominal effektiv məzənnəsinin möhkəmlən­məsi, eləcə də pul siyasəti qərarları ilə illik inflyasiya tempinin azalması müşahidə olunur.

V.BAYRAMOV
XQ





İqtisadiyyat