Azərbaycan düyünü niyə kənardan gətirir?

post-img

Son 1 əsrdə ölkədə çəltik əkini 30 dəfə azalıb

Son vaxtlar dünya mediasında ən çox diqqətçəkən məsələlərdən biri düyü ixracının məhdudlaşdırılması ilə bağlı olub. Əvvəlcə Hindistan, daha sonra isə Birləşmiş Ərəb Əmirlikləri və Rusiya bu məhsulun ixra­cını dayandırmağı qərara alıb.

Bu vəziyyəti ekspertlərin fikrincə, düyü istehsalçısı olan Tayland və digər ölkələrdə havaların quraq keçməsi, daşqınlar, musson yağışları şərtləndirib. Tayland Düyü İxracatçıları Assosiasiyasının məlumatına görə, bu ölkənin ağ düyüsünün qiyməti 5 faiz artaraq 1 ton üçün 648 dollara çatıb. Bu da 2008-ci ilin oktyabrından indiyədək ən yüksək göstərici kimi qeydə alınıb. Beləliklə, son bir ildə bu məhsul üzrə qiymət artımı, təqribən, 50 faiz yüksəlib.

Təbii ki, əsas ərzaq mallarından biri və buğdanın əvəzedicisi sayılan düyü qıtlığının qarşısının alınması üçün yeganə yol bu məhsulun istehsalının genişləndirilməsidir. Bununla bağlı bəhs etməzdən əvvəl ölkəmizin düyü idxalındakı vəziyyətinə qısa nəzər salaq. Azərbaycanın Dövlət Gömrük Komitəsinin məlumatına görə, cari ilin ilk yarısında respublikamıza 32 milyon 506 min dollar dəyərində 36 min 430 ton düyü gətirilib. Bu dövrdə 1 ton dü­yünün orta idxal qiyməti isə 892 dollar təşkil edib. Keçən ilin uyğun dövründə isə 1 ton düyünün orta idxal qiyməti 842 dollar olub. Beləliklə, cari ilin əv­vəlindən düyünün orta idxal qiyməti 50 dollar yüksəlib.

Ölkəmizdə düyü istehsalının artırıl­masına gəldikdə isə deyə bilərik ki, son illər bu məsələyə xüsusi diqqət yetirilir, çəltikçilik ölkənin ərzaq təhlükəsizliyi zəncirində prioritet istiqamətlərdən biri kimi dəyərləndirilir. Azərbaycanda çəl­tikçiliyə ənənəvi sahə kimi daim mü­hüm önəm verilib. Respublikamızda çəltik bitkisi qədimdən becərilib. Ölkə­mizin ərazisində keyfiyyəti ilə müxtəlif müsabiqələrdə dəfələrlə fərqlənən “Ağ ənbərbu”, “Vilgəri”, “Yetim”, “Lənkəran sədrisi”, “Ağ qılçıqlı” və digər yerli sort­lar becərilib. İqtisadi şəraitlə əlaqədar çəltiyin əkin sahəsi illər üzrə müxtəlif olub. Çəltik sahəsi 1913-cü ildə 47 min hektar, 1927-ci ildə 54 min hektar, 1937-ci ildə 25,3 min hektar,1964-cü ildə 12,3 min hektar təşkil edib, sonra­dan tərəvəzçiliyin inkişafı ilə əlaqədar 1,8 min hektara qədər azalıb. Yalnız 1995-ci ildən başlayaraq çəltik əkinlə­ri genişləndirilib, 1996-cı ildə 2,4 min hektar sahədə çəltik əkilib, hər hek­tarın orta məhsuldarlığı 38,7 sentner olub. 

Lakin hazırda çəltikçiliyin inkişafı diqqət mərkəzindədir. Aqrar Subsidi­ya Şurasının qərarına əsasən, bu gün çəltik becərilən sahənin hər hektarına görə, fermerlərə 360 manat əkin sub­sidiyası verilməsi də bunun bariz ifa­dəsidir. “Azərbaycan Respublikasında çəltikçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı”nın qəbul edilməsi, bu sənədə əsaslanaraq çəl­tikçilik ənənələrinin yaşadılaraq yeni inkişaf mərhələsinə yüksəldilməsi, düyü ilə özünütəminetmə səviyyəsinin əhəmiyyətli dərəcədə yaxşılaşdırılma­sı, düyünün idxal asılılığın azaldılması kimi məsələlər də son məqsəddən– istehsalın artırılmasından xəbər verir. Dövlət proqramının icrası nəticəsində 2025-ci ildə çəltiyin əkin sahəsinin (10 min hektara qədər) və məhsuldarlığın (hər hektardan 2,5 dəfədən çox – 40 sentnerə qədər) əhəmiyyətli dərəcədə artırılacağı nəzərdə tutulur. 

Çəltikçiliyə dair dövlət proqramı və Azərbaycan Respublikası regionları­nın sosial-iqtisadi inkişafı üzrə dövlət proqramları çərçivəsində ölkəmizin müxtəlif regionlarında dənli və dən­li-paxlalı bitkilərin, o cümlədən çəltik­çiliyin inkişaf etdirilməsi ilə bağlı təd­birlər nəzərdə tutulub, bu istiqamətdə müvafiq işlər həyata keçirilib. “Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında” Azərbaycan Prezidentinin 2007-ci il 23 yanvar ta­rixli sərəncamına əsasən, buğda və çəltik əkini sahəsinin becərilməsində istifadə edilən yanacaq və motor yağ­larına görə dövlət büdcəsinin vəsaiti hesabına hər hektar üçün 90 manat yardım verilməsi, həmçinin son illər kənd təsərrüfatının inkişafı istiqamə­tində həyata keçirilən digər tədbirlər istehsalçılarda bu sahəyə marağı güc­ləndirib.

Respublikamızda çəltikçiliyin inki­şafı məqsədilə hazırlanan proqramla­rın icrası ilə yanaşı, Kənd Təsərrü­fatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutu tərəfindən də çəltiyin yüksək məhsuldar, xəstəlik və zərərvericilərə davamlı sortlarının yaradılması, intro­duksiyası, yerli şəraitə adaptasiyası və toxumçuluğunun təşkili istiqamə­tində tədqiqat işlərinə də başlanılıb. Eyni zamanda, çəltiyin seleksiyası və toxumçuluğuna dair tədqiqat işlərinin aparılması üçün Lənkəran rayonu əra­zisində lazımi infrastruktur qurulub. Bütün bunlarla bərabər, çəltikçiliyin geniş yayıldığı ölkələrdən Azərbayca­na yüksək məhsuldar toxum sortları­nın gətirilməsi də diqqətdə saxlanılıb. Məsələn, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Toxum Fondu tərəfindən Pakistan İs­lam Respublikasından respublikamıza yeni çəltik sortları gətirilib. 

Hazırda Əkinçilik Elmi-Tədqiqat İnstitutunda 2023–2024-cü illər üçün çəltiyin seleksiyasına dair təsdiq olu­nan mövzu planına əsasən Lənkəran bölgəsində seleksiya tədqiqatları hə­yata keçirilir. Bu rayonda hər il 1–1,5 hektar sahədə toxumluq məqsədilə “Avanqard” sortunun superelit repro­duksiyalı əkini aparılır və 2,5-3 ton elit toxumu istehsal edilərək bölgə fermer­lərinə verilir.

Onu da vurğulayaq ki, mövcud sahədə görülən işləri ifadə edən müəyyən rəqəmlərin müqayisəsi də bu sahədə tədrici inkişafa nail olun­duğunu göstərir. Məsələn, respubli­kada ötən ilə qədər çəltik əkini sahəsi 3 min hektar olub, 12 min tona yaxın düyü istehsal olunub. 2022-ci il isə respublikanın 9 rayonunda çəltik əki­ni aparılıb. Çəltik əkinlərinin ümumi sahəsi 3 min 194 hektar təşkil edib. Həmin vaxt ən çox Lənkəran (802,3 hektar), Ağdaş (681 hektar) və Ucar (678 hektar) rayonlarında çəltik əki­lib. Orta məhsuldarlıq hektar üzrə 36,2 sentner təşkil edib. Bu, 2021-ci ilin orta məhsuldarlıq göstəricisindən hektar üzrə 1,4 sentner çox olub. Eyni zamanda, həmin dövrdə respublika­da 2021-ci ilə nisbətən 858 ton daha çox məhsul istehsal olunub. Məlumat üçün qeyd edək ki, cari il respublikada 3 min 171 hektarda çəltik əkilib. Ötən il isə həmin göstərici 3 min 129 hektar təşkil edib.

Mirağa ƏHMƏDOV,
iqtisadçı-ekspert

“Azərbaycan Respublikasında çəl­tikçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı”nın məqsə­di ölkə əhalisinin düyüyə olan tələba­tının daha dolğun ödənilməsi, idxalın əvəzlənməsi, çəltik emalı sənayesinin inkişaf etdirilməsi və kənd əhalisinin məşğulluq səviyyəsinin yüksəldilməsi üçün ölkədə çəltikçilik sahəsinin inki­şafını stimullaşdırmaqdan ibarətdir.

Həmin məqsədə nail olunması üçün çəltik əkini sahələrinin geniş­ləndirilməsi və çəltiyin məhsuldarlı­ğının artırılması, çəltikçilik sahəsində normativ hüquqi bazanın təkmilləş­dirilməsi, çəltiyin yüksək məhsuldar, xəstəlik və zərərvericilərə davamlı, yerli və rayonlaşdırılmış sortlarının toxumçuluq təsərrüfatlarının yaradıl­masının dəstəklənməsi qarşıya mü­hüm vəzifə kimi qoyulur. 

Bütün bunlarla bərabər, çəltikçi­liyin infrastruktur təminatının yaxşı­laşdırılması, çəltik istehsalı və emalı sahəsində innovativ texnologiyaların tətbiqinin dəstəklənməsi, çəltik emalı müəssisələrinin yaradılmasının, düyü məhsulunun rəqabət qabiliyyətliliyi­nin artırılması və ixracının təşviqi, həmçinin çəltikçilik sahəsində elmi təminatın və kadr potensialının güc­ləndirilməsi məhsul istehsalının artı­rılması üçün əsas istiqamətlərdir.

“Azərbaycan Respublika­sında çəltikçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proq­ramı”nda yerli düyü istehsalının daxili bazarın tələbatının 90 faiz ödənilməsi qarşıya mühüm vəzifə kimi qoyulub. Artıq bu istiqamətdə müsbət nəti­cələr müşahidə olunur. Belə ki, ölkə­də bu məhsulun istehsalının artması sayəsində düyü idxalı 2021-ci ildə 18 faiz azalıb.

Düyü əkin sahələrinin artırılması məsələsinə gəlincə, Azərbaycanda bu məqsədlər üçün kifayət qədər ərazi var. Lakin çəltik rütubəti sevən bitkidir və hazırda ölkədə su ehtiyat­ları ilə bağlı çətin vəziyyət müşahi­də olunur. Amma başqa ölkələrin, məsələn, İsrailin təcrübəsini mənim­səyərək yeni suvarma texnologiyaları tətbiq edilsə, çəltik istehsalında daha yüksək göstəricilərın əldə olunması mümkündür. 

Vaqif BAYRAMOV
XQ



İqtisadiyyat