Azərbaycan–Çin: “Ortaq yaşıl gələcək”

post-img

Azərbaycanda həyata keçirilən enerji təhlükəsizliyi siyasətinin əsas hədəflərindən biri bərpaolunan enerji mənbələrinin potensialından səmərəli istifadənin gücləndirilməsindən ibarətdir. Bu baxımdan, ölkə­mizin potensialı olduqca yüksəkdir. 

Son tədqiqatlar Azərbaycanın 27,5 min meqavat həcmində bərpaolunan enerji potensialını təsdiqləyib. Bunun 3 min meqavatı külək enerjisinin, 23 min meqavatı günəş enerjisinin, 380 meqa­vatı bioenerjinin, 520 meqavatı isə dağ çaylarının payına düşür. 

Hazırda ölkəmizin ümumi enerji is­tehsalında bərpaolunan enerjinin payı 17,3 faiz təşkil edir. “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Priori­tetlər”də ölkəmizdə “yaşıl enerji” isteh­salının genişləndirilməsi məsələsinə də xüsusi yer ayrılıb. Belə ki, ümumi enerji istehsalında bərpaolunan enerjinin pa­yının 2025-ci ildə 24 faiz, 2030-cu ildə isə 30 faizə çatdırılması nəzərdə tutu­lur. 

Ötən müddətdə bütün dünyada, o cümlədən Avropada özünü etibarlı enerji tərəfdaşı kimi təqdim etməyi ba­caran Azərbaycan artıq “yaşıl” keçid platformasının da əsas iştirakçıların­dan birinə çevrilib. Eyni zamanda, ölkə­mizin alternativ və bərpaolunan enerji sahəsində zəngin potensialı, eləcə də mövcud əlverişli investisiya mühiti xa­rici şirkətlərin diqqətini getdikcə daha çox cəlb edir.

Təsadüfi deyil ki, hazırda bir sıra ölkələrin tanınmış şirkətləri tərəfin­dən Azərbaycanda bərpaolunan enerji sahəsində mühüm layihələr icra olunur. Bundan əlavə, ölkəmiz əcnəbi şirkətlər­lə 10 qiqavat elektrik enerjisinin hasil edilməsi üzrə anlaşma memorandum­ları və sazişlər imzalayıb. Göründüyü kimi, Azərbaycan bərpaolunan enerji mənbələrinin inkişaf etdirilməsi üçün artıq güclü beynəlxalq dəstək qazanıb.

Ölkəmizin bərpaolunan enerji sahəsin­də zəngin potensialı uzaq Çinə də yaxşı məlumdur. Hazırda Çində ölkəmizlə bu sahədə əməkdaşlıq imkanları nəzərdən keçirilir. Elə Azərbaycanın energetika nazi­ri Pərviz Şahbazov da Çində “Ortaq yaşıl gələcək üçün enerji keçidinin birgə təşviqi” devizi altında keçirilən Beynəlxaq Enerji Keçidi Forumunda onlayn formatda çıxışı zamanı bu barədə ətraflı söhbət açıb. Na­zir bildirib ki, ölkəmizin 2030-cu ilə daha 5 qiqavatlıq layihələrin reallaşdırılması ilə bağlı planları var. Onun sözlərinə görə, Azərbaycan 2027-ci ilədək “yaşıl enerji” güclərinin 3 qiqavatdan çoxunun istismara verilməsini planlaşdırır. Bunun da nəticə­sində elektrik enerjisi istehsalının gücündə bərpaolunan enerji mənbələrinin payı 37 faizdən çox olacaq. 

Energetika Nazirliyindən verilən məlu­mata görə, açılış mərasimində çıxış edən nazir enerji keçidinin həyata keçirilməsində siyasi qərarlar qədər iqtisadi və texnoloji reallıqların da mühüm amillərdən olduğu­nu vurğulayıb. Qeyd olunub ki, hazırkı ke­çidin məqsədi qısa müddət ərzində dünya iqtisadiyyatının enerji əsaslarını tamamilə dəyişdirməkdir: “Halbuki ilk enerji böhranı göstərdi ki, istənilən uğurlu enerji keçidi enerji trilemmasının təhlükəsizlik, əlçatan­lıq və davamlılıqdan ibarət hər üç elementi­ni nəzərə almalıdır. 

Enerji keçidini sürətləndirməklə yanaşı, mövcud enerji sisteminə investisiyalara, aydın baxış və möhkəm əməkdaşlığa eh­tiyacımız var. Ətraf mühitin mühafizəsini və enerji təhlükəsizliyini təmin edə biləcək ədalətli və inkluziv enerji keçidini dəstək­ləməliyik”,– deyə nazir bildirib. 

Nazir region və Avropa ölkələrinin enerji təhlükəsizliyində strateji rol oynayan Azər­baycanın emissiyaları azaltmaqla neft-qaz sektorunun inkişafı ilə bərabər, sürətli “yaşıl enerji” kursunu həyata keçirdiyini diqqətə çatdırıb. Azərbaycan Prezidenti İlham Əli­yevin yüksək siyasi iradəsi və aydın strateji baxışının nəticəsi olaraq “yaşıl enerji”nin 2030-cu ilədək ölkəmizin sosial-iqtisadi in­kişafında, təmiz ətraf mühitə və “yaşıl ar­tım”a nail olmasında həlledici status qazan­dığını diqqətə çatdıran nazir qeyd edib ki, hazırda “China Gezhouba Group Overseas Investment” şirkəti də daxil olmaqla bey­nəlxalq enerji şirkətləri ilə 28 qiqavatdan çox “yaşıl enerji” layihələri üzrə əməkdaşlıq edirik. 

Energetika naziri daha sonra bildirib ki, bütün bunlar Azərbaycanın müxtəlif istiqamətlərdə ixracatçıya çevrilməsinə, “Xəzər–Avropa İttifaqı yaşıl enerji dəhlizi” vasitəsilə avropalı tərəfdaşlarımızın enerji təchizatının “yaşıl” elektrik enerjisi, hid­rogen ilə şaxələndirilməsinə töhfə verəcək. Nazir, həmçinin “Bir kəmər, bir yol” layihə­sinin iştirakçıları, “Orta Dəhliz”in reallaşdı­rılmasına çalışan tərəfdaşlar, dost ölkələr olan Azərbaycanla Çinin “yaşıl enerji” tərəf­daşlığının daha da genişlənəcəyinə inam ifadə edib.

Azərbaycanın iqtisadiyyat naziri Mika­yıl Cabbarovun başçılıq etdiyi nümayəndə heyətinin Çinə səfəri zamanı da bir sıra məsələlərlə yanaşı, ölkəmizin bərpaolunan enerji potensialı və bu sahədə əməkdaşlıq imkanlarının mövcudluğu ilə bağlı fikir mü­badiləsi aparılıb. Xatırladaq ki, səfər çərçi­vəsində M. Cabbarovun Çin Xalq Respubli­kasının kommersiya nazirinin müavini Linq Ci, sənaye və informasiya texnologiyaları nazirinin müavini Sin Quobin, eləcə də “En­vision Energy” şirkətinin vitse-prezidenti Con Li ilə görüşlərində Azərbaycanda “ya­şıl enerji” sahəsində reallaşdırılan və pers­pektiv layihələr barədə məlumat verilib. 

Qeyd olunub ki, iki ölkə arasında bir çox sahələrlə yanaşı, alternativ və bərpa­olunan enerji sahəsində də birgə fəaliyyət üçün böyük potensial və perspektivlər möv­cuddur. O da bildirilib ki, bərpaolunan ener­ji, o cümlədən külək və günəş enerjisinin is­tehsalı üçün lokallaşdırma sahəsində birgə layihələrin reallaşdırılması üçün potensial var və bu istiqamətdə işlər davam etdirilir.

Yeri gəlmişkən, ölkəmizin bərpaolunan enerji potensialı dünyanın bir sıra maliy­yə qurumlarının da maraq dairəsindədir. Məsələn, Beynəlxalq Maliyyə Korporasi­yasının (IFC) Cənubi Qafqaz üzrə regional meneceri İvana Fernandes Duarte deyib ki, Azərbaycanla bərpaolunan enerji sahəsin­də fəaliyyət göstərmək və özəl investisiya­lar cəlb etməklə ölkənin bu sahədə yeni sə­viyyəyə çıxmasına kömək göstərmək üçün yaxşı imkanlar var. Onun sözlərinə görə, IFC və Beynəlxalq Yenidənqurma və İnki­şaf Bankı dənizdə külək enerjisinin inkişa­fının yol xəritəsini icra etmək, o cümlədən tərtibatçılar və özəl investorlar cəlb etmək üzərində Azərbaycan hökuməti ilə birgə ça­lışırlar. 

Neft və qaz hasilatında artımın Azər­baycan iqtisadiyyatının möhkəmlənməsin­də mühüm rol oynadığını vurğulayan regi­onal menecer onu da bildirib ki, enerjinin diversifikasiyası postpandemiya dövründə ölkənin gələcək dayanıqlılığının təmin edil­məsinin açarıdır. Onun fikrincə, neft və qaz­dan şaxələndirməyə keçid dekarbonizasiya üzrə fəaliyyəti sürətləndirməyə kömək et­məklə rəqabət qabiliyyətini artıracaq.

Mirbağır YAQUBZADƏ
XQ



İqtisadiyyat