Azərbaycan “yaşıl inkişaf” ölkəsinə çevrilir

post-img

Azərbaycan artıq uzun illərdir ki, beynəlxalq aləm­də özünü nəhəng neft-qaz layihələri ilə bağlı üzərinə düşən öhdəlikləri uğurla gerçəkləşdirən ölkə kimi ta­nıdıb. İmzalanmış müqavilələrdə heç bir bənd belə dəyişdirilməyib. Respublikamızın “Əsrin müqavilə­si” ilə qazandığı etibarlı tərəfdaş mövqeyi “Yeni Əs­rin müqaviləsi”, Cənub Qaz Dəhlizi, TANAP, TAP kimi layihələrlə daha da güclənib.

Sirr deyil ki, ölkəmizin iqtisadi inkişa­fının təməlində uğurla həyata keçirilən neft strategiyası dayanıb. Bu istiqamət­də həyata keçirilən qlobal təşəbbüslər, imzalanan kontraktlar, atılan düzgün ad­dımlar respublikamızı indiyədək üzləşilən iqtisadi böhranlardan minimum itkilərlə çıxarıb. Eyni zamanda, həmin strategiya əsasında gerçəkləşdirilən layihələr Azər­baycanın gəlirlərini artırıb, bununla da iqtisadiyyatın qeyri–neft–qaz sektorunda inkişafa nail olunub, sosial mühit getdik­cə yaxşılaşıb, bütün bunlarla yanaşı, res­publikamızın dünyada etibarlı tərəfdaş mövqeyi davamlı şəkildə möhkəmlənib. 

Beləliklə, Azərbaycan “Əsrin müqa­visəsi”ndən indiyədək ötən müddətdə energi siyasətini yüksək səviyyədə real­laşdırıb. Nefi–qaz layihələrində olduğu kimi, bərpaedilən enerji təşəbbüslərinin gerçəkləşməsinə də uğurla başlayıb. Yeri gəlmişkən, “Azərbaycan 2030: So­sial-İqtisadi İnkişafın Milli Prioritetləri” sənədində “Təmiz ətraf mühit və “yaşıl inkişaf” ölkəsi” 5 milli prioritetdən biri müəyyənləşdirilib. “Azərbaycan Respub­likasının 2022-2026-cı illər üçün Sosi­al-İqtisadi İnkişaf Strategiyası”nda da bu prioritetlə bağlı qarşıya önəmli vəzifələr qoyulub. Belə ki, ölkəmizdə quraşdırılan gücün bərpaedilən enerji mənbələrinin payının 2030-cu ilə qədər ən azı 30 fa­izə çatdırılması planlaşdırılıb və işğalçı­dan təmizlənən ərazilərdə sıfır emissiyalı “Yaşıl enerji zonası”nın yaradılması əsas məqsəd kimi nəzərdə tutulub. 

“Azərbaycan 2030: Sosial-İqtisadi İn­kişafın Milli Prioritetləri”nə əsasən, res­publikamızın “Təmiz ətraf mühit və “yaşıl inkişaf” ölkəsi”nə çevrilməsi üçün güclü potensial mövcuddur. Bu potensial isə daha çox Xəzər dənizi ilə bərabər, “ya­şıl enerji” zonası kimi təsdiqlənən Qara­bağ–Şərqi Zəngəzur iqtisadi rayonunda yerləşir. 

Beynəlxalq Enerji Agentliyi (IEA) də Azərbaycanı həm daxili istifadə, həm də ixrac üçün bərpaolunan enerji mən­bələri baxımından mühüm potensiala malik ölkə kimi dəyərləndirir. Bildirir ki, respublikamızda Avropaya ixrac məqsə­dilə “yaşıl hidrogen” istehsalının reallaş­dırılmasını şərtləndirən resurs və lazımi infrastruktur mövcuddur. Avropanın “yaşıl hidrogen” üzrə hədəflərinə çatmaq üçün məhdud daxili potensialını nəzərə alsaq, onun idxala ciddi ehtiyac duyduğu açıq görünür. Bu isə respublikamızın qarşısın­da əlverişli imkanlar açır. 

Ekspertlər tərəfindən daxili qaz isteh­lakının bərpaolunan enerji mənbələri ilə əvəzlənəcəyi təqdirdə qaz həcmlərinin ixracdan azad olunacağı bildirilir və eyni zamanda, ölkəmizdə bu yolla Avropaya 20 milyard kubmetrdək qaz ixracı üçün kifayət qədər “mavi yanacaq” hasilatı­nın reallaşdırmasının mümkünlüyü vur­ğulanır. Artan qaz həcmlərinin tədarükü məqsədilə TAP-ın imkanlarının genişlən­dirilməsi avropalı idxalçılardan uzunmüd­dətli sazişlər bağlamağı da tələb edir. 

Qeyd edək ki, son illərə qədər bu məsələnin həllinə inamsızlıqla yanaşılsa da, hazırda Avropanın hələ uzun müddət qaza ehtiyacı olacağı getdikcə daha çox anlaşılır və buna görə Qətər və ABŞ-dan tədarükçülərlə maye təbii qaz idxalı üzrə uzunmüddətli sazişlər imzalanır. Azər­baycan bu fürsətdən yararlanaraq Av­ropaya qaz tədarükünü artıracağına və etibarlılığına zəmanət verir. Bu məqsədin gerçəkləşməsi nəticəsində isə lazımi inf­rastrukturun böyük hissəsini, Cənub Qaz Dəhlizi ilə genişləndirmə layihəsini həya­ta keçirmək daha asandır. Yeganə tələb isə qaz tədarükü üzrə uzunmüddətli sa­zişlərin bağlanmasıdır. 

Azərbaycanın bu ilin yanvar-iyul ayla­rında təbii qaz ixracı ilə bağlı göstəriciləri də ölkəmizin Avropanın qaz təchizatında xüsusi yer tutduğunu təsdiqləyib. Belə ki, cari ilin ilk yarısında ölkəmizin qaz ixracı 8 milyard 29 milyon 189 min dollar dəyərlə 10 milyard 956 milyon 188 min kubmetr olub. İxracın 55 milyon 511 min dollarlıq 326 milyon 532 min kubmetri Rusiyaya, 179 milyon 204 min dollarlıq 445 milyon 189 min kubmetri Bolqarıstana, 206 mil­yon 140 min dollarlıq 1 milyard 186 mil­yon 478 min kubmetri Gürcüstana, 436 min dollarlıq 11 milyon 460 min kubmetri İrana, 5 milyard 306 milyon 509 dollarlıq 4 milyard 438 milyon 130 min kubmetri İtaliyaya, 171 milyon 247 min dollarlıq 184 milyon 287 min kubmetri Rumıniya­ya, 1 milyard 557 milyon 374 min dollarlıq 3 milyard 973 milyon 219 min kubmetri Türkiyəyə, 552 milyon 772 min dollarlıq 390 milyon 895 min kubmetri Yunanıs­tana reallaşıb.

Rusiyaya min kubmetr qazın ixracı 170 dollara, Bolqarıstana 402,5 dollara, Gürcüstana 173,7 dollara, İrana 38 dol­lara, İtaliyaya 1196 dollara, Rumıniyaya 929 dollara, Türkiyəyə 392 dollara, Yu­nanıstana 1414 dollara həyata keçirilib.

Azərbaycanın qaz ixrasında fəaliyyəti ilə fərqlənən ölkələrdən biri də Macarıs­tandır. Bu ölkənin xarici işlər naziri Pe­ter Siyartonun mətbuata müsahibəsində bildirdiyinə görə, Budapeşt və Bakı ara­sında imzalanan sazişə əsasən, Azər­baycan qazının ölkəsinə nəqlinin həcmi, təqribən, 1 milyard kubmetrə çatdırıla­caq.

Peter Siyartonun sözlərinə görə, cari ilin dördüncü rübündə Macarıstanın Azərbaycandan 100 milyon kubmetr qaz alması planlaşdırılır. Nazir vurğulayıb ki, ölkəsi uzun müddətdir ki, Azərbaycanla əməkdaşlığı inkişaf etdirir və imzalanan saziş qaz tədarükünün daha da artırılma­sını– bir milyard kubmetrə çatdırmasını nəzərdə tutur. O, həmçinin Macarıstan rezervuarlarında 50 miyon kubmetr Azər­baycan qazının saxlanmasına dair razı­laşma əldə olunduğunu da bildirib.

Macarıstanın xarici işlər naziri sonda ölkəsinin qaz tədarükünün şaxələndiril­məsi üzərində işlədiyini və Ekvadordan neft idxalı imkanlarını nəzərdən keçirdi­yini xatırladıb.

Qeyd edək ki, bir müddət bundan əv­vəl Macarıstanın “MVM CEEnergy” enerji şirkəti ilə Azərbaycanın neft-qaz şirkəti SOCAR arasında 2023-cü ilin sonuna qədər bu ölkəyə ildə 2 milyard kubmetrə qədər mümkün artımla 100 milyon kub­metr qaz tədarük edilməsi haqqında sa­ziş imzalanıb.

Hüseynqulu QULİYEV,
iqtisadçı-ekspert

Azərbaycanın Avropaya maye tə­bii qaz ixracı ilə yanaşı, “yaşıl enerji” tədarükü də diqqətdə saxlanılır. Təbii ki, bu amil ölkəmizdə mövcud siyasi sabitlik və davamlı iqtisadi inkişafla bərabər, güclü bərpaolunan enerji potensialı ilə əlaqədardır. Faktlar da bunu təsdiqləyir. Məsələn, dövləti­mizin başçısının çıxışlarının birində bildirdiyi kimi, respublikamızın quru­da külək və günəş enerjisinin həcmi 27 qiqavatdan çoxdur, Xəzər dənizi­nin Azərbaycan sektorunda isə külək enerjisi 157 qiqavat təşkil edir.

Ölkə rəhbəri 2027-ci ilə qədər 3 qiqavat külək və 1 qiqavat günəş enerjisinin istehsal olunacağının plan­laşdırıldığını və həmin göstəricilərin 80 faizinin ixraca yönəldiləcəyini, ümumiyyətlə, 2037-ci ilə qədər, ən azı, 6 qiqavatlıq əlavə güclər yara­dılmasının nəzərdə tutulduğunu söy­ləyib: “Təkcə bir qlobal enerji şirkəti Azərbaycanda 10 qiqavat yaşıl ener­jinin istehsalına yatırımlar etməyi planlaşdırır. Azərbaycanın Energetika Nazirliyi imzaladığı qlobal enerji şirkəti ilə çərçivə sazişinə əsaslanaraq Azər­baycanda 12 qiqavata qədər külək və günəş enerjisinin istehsalına sərmayə qoymağı planlaşdırır. Beləliklə, Azər­baycan ixracının birinci mərhələsində, ən azı, 3 qiqavatlıq əlavə ötürmə gücü yaradılacaq”.

Xatırladaq ki, Dünya Bankı Qru­punun təşəbbüsü olan “Enerji Sekto­runun İdarə Edilməsinə Yardım Proq­ramı”nda da Azərbaycanın dənizdə külək enerjisinin texniki potensialı 157 GVt olaraq qiymətləndirilir. Belə bir göstərici isə hazırda ümumi quraşdırı­lan, təqribən, 8 GVt güc ilə müqayisə­də çox böyük göstəricidir.

Azərbaycan Energetika Nazirliyi, Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası (IFC) tərəfindən dərc edilən “Azərbaycanda dənizdə külək enerjisinin yol xəritəsi” ölkənin 2040-cı ilədək dənizdə ümumi quraşdırılmış gücü 7 GVt olan külək elektrik stansi­yası quraşdırmaq potensialına malik olduğundan xəbər verir. Bu, 69 min insan ilindən çox tam məşğulluğu və yerli səviyyədə 7 milyard ABŞ dolları­nadək ümumi əlavə dəyəri təmin edə bilər.

Vaqif BİNYATOĞLU,
“Xalq qəzeti”



İqtisadiyyat