Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası sentyabrın 5-də davam etdirilib.
Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclası təqsirləndirilən şəxs Levon Balayanın cinayət işi üzrə ibtidai istintaqa verdiyi ifadələrin və ona aid elan olunan digər sənədlərin səsləndirilməsi ilə davam etdirilib.
Onun ibtidai istintaqa verdiyi ifadələrə əsasən, 1995-ci ilin yanvarında hərbi xidmətə yollanıb, 1998-ci ilədək Şuşada, Xankəndidə və Xocalıda yerləşən, nömrələrini xatırlamadığı hərbi hissələrdə əsgər kimi xidmət edib. O, 44 günlük müharibənin ilk günlərində, yəni, sentyabrın 27-dən oktyabrın 2-dək Suqovuşan qəsəbəsi ərazisində dislokasiya olunmuş “3-cü müdafiə xətti”ndə silahlı birləşmənin tərkibində döyüşlərdə iştirak edib. L.Balayan 2023-cü il mayın 1-də Azərbaycanın həmin vaxt işğal altında olan ərazilərində Ruben Vardanyan tərəfindən yaradılmış və maliyyələşdirilən silahlı birləşmələrdən birinə qoşulub. Sentyabrın 20-də Azərbaycan hərbçiləri tərəfindən saxlanılıb.
Daha sonra məhkəmə prosesinə sədrlik edən hakim təqsirləndirilən şəxslərin hamısının – 15 nəfərin ibtidai istintaqa ifadələrinin elan olunmasının başa çatdığını bildirib. O, təqsirləndirilən şəxslərə ibtidai istintaq və məhkəmə istintaqında verdikləri ifadələrində ziddiyyətlərin olub-olmadığı, elan edilən ifadələrlə razılaşıb-razılaşmamaları barədə sualların ünvanlanacağını deyib.
Təqsirləndirilən Levon Balayan, Melikset Paşayan, Qurqen Stepanyan kiçik istisnalarla ibtidai istintaqdakı ifadələrini təsdiqlədiklərini deyiblər. Madat Babayan və Qarik Martirosyan ibtidai istintaq zamanı verdikləri ifadələri tam təsdiqləyiblər. Qurqen Stepanyan, Davit Allahverdiyan, həmçinin Erik Qazaryan və Vasili Beqlaryan məhkəmə istintaqı zamanı verdikləri ifadələrini təsdiqlədiklərini bildiriblər. Davit Manukyan məhkəmə istintaqı zamanı verdiyi ifadəsinin nəzərə alınmasını xahiş edib.
Təqsirləndirilən Arkadi Qukasyan da onun ibtidai istintaqda deyil, məhkəmə istintaqı zamanı verdiyi ifadəsinin nəzərə alınmasını xahiş edib. Levon Mnatsakanyan elan olunan ifadəsinin müəyyən hissələri ilə razılaşmadığını qeyd edib. Bako Saakyan və Arayik Harutyunyan da məhkəmə istintaqı zamanı verdikləri ifadələrinin əsas götürülməsini hakimlər kollegiyasından xahiş ediblər. David Babayan müdafiəçisi ilə konfidensial görüş keçirdikdən sonra elan olunmuş və ibtidai istintaqda verdiyi ifadəsinə növbəti məhkəmə prosesində münasibət bildirməyə şərait yaradılmasını xahiş edib.
Məhkəmə iclasına sədrlik edən hakim təqsirləndirilən şəxsin vəsatətini nəzərə alaraq, növbəti prosesdə ifadəsinə münasibət bildirmək üçün ona imkan yaradılacağını bildirib.
Məhkəmə prosesi sentyabrın 8-də davam etdiriləcək.
XQ