Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair 2023–2026-cı illər üçün Dövlət Proqramı”nda əhalinin bütün həssas qruplarına göstəriləcək sosial xidmətlərin kəmiyyət və keyfiyyətinin artırılması, xidmətlərə əlçatanlığın təmin edilməsi və sosial səmərəlilik prinsiplərinin gerçəkləşdirilməsi ilə bağlı tədbirlər öz əksini tapıb.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) İqtisadi təhlil şöbəsinin müdir müavini Elnur Ələkbərov “Azərbaycan Respublikasının 2023‒2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın icrasına töhfə verəcək mühüm Dövlət Proqramı çərçivəsində nəzərdə tutulan tədbirləri “X.Q”ya şərh edib:
– 2026-cı ilə kimi ölkəmizdə sosial xidmətin inkişafı sahəsində kifayət qədər ciddi işlər planlaşdırılır. Həmin proqram qəbul olunmazdan əvvəl də ölkədə sosial dövlət və inklüziv cəmiyyət prinsipləri əsas götürülərək əhalinin sosial cəhətdən həssas təbəqəsi, o cümlədən cəzaçəkmə müəssisələrindən azad edilmiş, valideynlərini itirmiş, valideyn himayəsindən məhrum olan xüsusi internat məktəblərini bitirmiş şəxslərin sosial müdafiəsi diqqət mərkəzində olub və bu istiqamətdə ardıcıl məqsədyönlü tədbirlər həyata keçirilib. Lakin Dövlət Proqramında da qeyd edildiyi kimi, son illərdə ölkədə ahıl, sağlamlıq imkanları məhdud şəxslərin, valideyn himayəsindən məhrum olan uşaqların sayının çoxalması sosial xidmətlərə tələbatı da yüksəldib. Sosial xidmətlərin sayının artmasına baxmayaraq, bu artım daha sürətlə baş verir.
Dövlət Proqramında 7 məqsəd və 7 prioritet qeyd edilib. Proqramın əsas məqsədlərindən biri sosial xidmətlərin təşkilində vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığın davam etdirilməsi və sosial xidmət sahəsində dövlət-özəl tərəfdaşlığının genişləndirilməsidir.
Eyni zamanda, layihə çərçivəsində hamı üçün bərabər iştirak imkanını təmin edən sosial xidmətlər sisteminin formalaşması, çətin həyat şəraitində olan şəxslərə göstərilən sosial xidmətin əhatəsinin genişlənməsi və əhalinin göstərilən xidmətlərdən məmnunluq səviyyəsinin artması, sosial xidmətlərin ünvanlılığının və keyfiyyətli xidmətlərə əlçatanlığın təmin edilməsi və sosial xidmət sahəsində ixtisaslı kadr potensialının formalaşması hədəf indikatorları müəyyən edilib.
Qəbul olunmuş Dövlət Proqramı sosial xidmətlərin əhatəsinin genişlənməsi və keyfiyyətinin yüksəldilməsi baxımından olduqca əhəmiyyətli sənəd hesab oluna bilər və proqramın icrası bu sahədə bir çox müsbət dəyişikliklərin yaranmasına gətirib çıxaracaq. Dövlət Proqramı çərçivəsində sosial xidmət müəssisələrinin fəaliyyətinə nəzarətin vahid mexanizminin müəyyən edilməsi və sosial xidmət sahəsində fəaliyyətin əlaqələndirilməsi məqsədilə Koordinasiya Şurasının yaradılması nəzərdə tutulub. Həmçinin proqramın icrası nəticəsində 2026-cı ilə kimi sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş 400 məzunu mənzillə təmin ediləcək, 6 şəhər və rayonda ahıl şəxslərin cəmiyyətə inteqrasiyasını hədəfləyən layihələr həyata keçiriləcək. Bundan başqa, azı, 120 uşağın himayədar ailəyə verilməsi və 220 uşağın ailəyə qaytarılması istiqamətində iş aparılacaq, ailədaxili mübahisələrin həlli ilə bağlı mediasiya xidmətlərinin tətbiqi genişləndiriləcək, dövlət sifarişi ilə sosial xidmət sahəsində həyata keçirilən layihələrin sayının hər il 10 faiz artmasına nail olunacaq”.
Dövlət Proqramının icrası nəticəsində sosial xidmət sahəsində normativ hüquqi bazanın təkmilləşdirilməsi və sosial xidmətin göstərilməsinə nəzarət mexanizminin müəyyən edilməsi də hədəflənir.
Qeyd edək ki, Prezidentin sərəncamına əsasən, Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqi və qiymətləndirilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən həyata keçiriləcək.
“Xalq qəzeti”

