SOCAR ilə Qətərin "UCC Holding"i arasında Suriyada və beynəlxalq enerji bazarlarında uzunmüddətli əməkdaşlığı nəzərdə tutan anlaşma memorandumları imzalanıb.
Azərbaycan Respublikasının iqtisadiyyat naziri, SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarovun, "UCC Holding"in sədri Mutaz Al-Xayyatın və digər yüksək səviyyəli rəsmi şəxslərin iştirakı ilə keçirilən tədbirdə sənədləri SOCAR-ın prezidenti Rövşən Nəcəf və "UCC Holding"in prezidenti Ramez əl Xayyat imzalayıblar.
Anlaşma memorandumları enerji dəyər zəncirinin bütün istiqamətləri, o cümlədən neftin və qazın kəşfiyyatı, hasilatı, nəqliyyat və saxlanma infrastrukturunun inkişafı, emal və neft-kimya layihələri, xam neft, neft məhsulları və aviasiya yanacağının ticarəti və təchizatı, həmçinin yüksək səmərəliliyə malik kombinə edilmiş qaz turbinli elektrik stansiyalarının tikintisi sahələri üzrə əməkdaşlığı əhatə edir.
Azərbaycan və Qətər hökumətlərinin dəstəyi ilə Suriya Ərəb Respublikasında enerji sektorunun bərpasının sürətləndirilməsinə dair imzalanmış sənəd Suriyanın ümumi inkişafı üçün mühüm əhəmiyyət daşıyır. Tərəfdaşlıq Suriyanın əsas enerji infrastrukturunun müasir təcrübələr və standartlar əsasında yenidən qurulmasına töhfə verəcək.
XQ